sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Məhəmməd Samir. “Gecə nəsə pıçıldayır…”

10/02/2022 - 11:18
A A
Facebookda paylaş

MƏN AĞRINDAN USANMADIM

 

Mən ağrından usanmadım, Allahaqqı, inan ki,

Sənə qaçan ürəyimdə həmişəyaşar dərdin!

Neçə vaxtdır sızıltımdan özümə sığışmıram,

Həm varlığın, həm yoxluğun, hamısı qoşa dərddi!

 

İsinərdi yetim qalan sığallarım telinlə,

Ovuclarım qaynarıydı qovuşanda əlinlə.

Sən özgənin dodağını isidəndə dilinlə,

Mənim burda sızlamağım, inan ki, boşa dərddi!

 

Yalvarıram, geri qayıt bu ac-yalavacına,

Gözlərimi dörd açmışam bizim yol ayrıcına.

Yumruğumun vəhşi kimi genəlməyi – ovcuma,

Öz səbrimi çeynəməyim ağzımda dişə dərddi!

 

Doqquz ayın son günüdür, yenə ağrı duyacam,

Ruhumun övladlarını bircə-bircə sayacam.

Sabah yeni dərd doğulur, adını sən qoyacam,

Xoş gəlirsən, qadınımın özünə oxşar dərdi!

 

Bu dərdi səndən qazandım – bir kimsə qazanmadı,

Mənə dərdlər yazan Allah xoşbəxtlik yazammadı.

Məni öldürdü, öldürdü, bircə an usanmadı,

Kaş ki, ünü sənə çata, zirvələr aşa dərdim!

 

GECƏ NƏSƏ PIÇILDAYIR

 

Gecə nəsə pıçıldayır,

ürəyimdən,

barmaq uclarıma qədər

hiss edirəm səsini

 

nəsə deyir,

eşidirəm,

duyuram…

cavab yaza bilmirəm

 

buludların yerdəyişməsindən,

elə bil deyir ki,

eyni əzabla ruhunu göynətmə,

biraz yerdəyişmə elə

 

Ay da yarımçıqdı,

ürəyim kimi…

Gecə deyir ki,

yarısı ömrün digər günlərində özü çıxacaq,

səbr etməyi bacar

 

Dişlərimi sıxıram ki, gözlərim ağlamasın,

Gecə deyir ki,

ağlama,

ağlama…

biraz buludlar kimi yağış saxlamağı bacar

 

Bilirəm, e,

hiss elədin ki, bu dəqiqə ulduzlara həsəd aparıram

hiss elədin ki, –

sarı işıq dirəklərinə söykənib ağlamaq istəyirəm

ona görə dilləndin

sən vəfalısan!

 

Gecə qardaş, sənə şeirlə cavab yazsam olarmı?

 

BAĞIŞLA

 

Qurban olum gözlərinə, vallah, məni qınama,

Bilirəm ki, düzgün deyil səni oda atmağım.

Mən atamdan öyrənmişəm qəfil çıxıb getməyi,

Mən atamdan öyrənmişəm geri qayıtmamağı

 

Bilirəm ki, qarğışların qurşanacaq ömrümə,

Taleyimə vulkan kimi püskürəcək göz yaşın

Məni ömrün sonunadək gəzə-gəzə axırda,

Qarı düşmən kəsiləcək qarğışın addımbaşı.

 

Nağıllardan öyrənmisiz siz ilk dəfə sevgini,

Neyləyim ki, mən bədbəxtə nağıl deyən olmayıb

Özgələrin payına o qədər xoşbəxtlik düşüb,

Saçlarıma addımlayan bir sığal da qalmayıb.

 

Mən də qaranlıq gecənin təkliyinə sığınıb,

Elə bilirdim xoşbəxtlər gülməlidir, gülməli.

Qurban olum ürəyinə, çalış, məni qınama,

Səni öz tənhalığımdan artıq sevə bilmədim.

 

Sənin kövrək ürəyinə qurban olum, birdənəm,

Vallah, bu naxələfçün göz yaşların hədərdi

Hər şey ötüb, düzələcək, heç vaxt ümidsiz olma,

Qaranlıq gecələrin də bir o yanı səhərdi

 

Görürsən, çıxıb gedirəm, istəsən gəl yola sal,

Məni sən ən yaxşısı tənhalığa bağışla

Mən atamdan öyrənmişəm yolda qoyub getməyi,

Dərdin qurban, bacarırsan atamı da bağışla…

 

ÖZÜN BİLİRSƏN DƏLİYƏM

 

Mən getdiyim yoxuşları addımımdan tanıdın,

İzləyə-izləyə çatdın izinə ayrılığın.

Görürsən də, bizim üçün ürəyi sızıldamır,

Mərhəmətçün qapanmışıq dizinə ayrılığın.

 

Bu bədənin sən tərəfi əzablara oyuqdu,

Göz yaşları alov kimi, xoşbəxtliyi soyuqdu.

Bu şəhərdə it yerinə məni sayan da yoxdu,

Amma ən doğma adamam gözündə ayrılığın.

 

Uzaqlarda itib-batan gözlərim xəyal çəkir,

Ruhum hicran çiçəyindən sevgimizə bal çəkir.

Nəvazişlə sığallayıb, başıma sığal çəkir,

Sığınmışam uşaq kimi köksünə ayrılığın.

 

Sən də elə mənim kimi içindən soyulursan,

Sayanda azalır deyib, dərdlərini sayırsan.

Dodağında mənim üçün dodaq payı qoyursan,

Mən də bizi yaşadıram hüznündə ayrılığın.

 

Elə bil ki, övladıyam, mən ondan çox qorxuram,

Hərdən isti qucağında səninçün darıxıram.

Əlimdən nə gəlir axı, nə olsa da, baxıram

Nümunəvi övlad kimi sözünə ayrılığın.

 

Mürgüləyən ürəyimi sənin üçün oyatdım,

Dizlərimi qurulayıb, yanağımı soyutdum.

Özün bilirsən dəliyəm, bir də gördün, qayıtdım,

Tab gətirirəm hələ ki nazına ayrılığın…

 

BƏLKƏ TƏZƏDƏN BAŞLAYAQ?

 

əllərim sürüşür tutduğum yerdən,

eləcə qollarımı qısıram,

dizlərimin arasına…

sığınmağa şeir axtarıram

 

bir qızın gələcəyi çırpınır unutduğum yerdə

 

ayrılığın ilk günü

küləklərə söyüş atdığım yerdən

başladı nəmli günlərim…

mavi buludlara söykədim başımı,

səhər başım islandı…

sən demə taleyimə yağış yağıbmış

 

ümidlər sürüşür çatdığım yerdən,

gülüşlərim düyümlənir boğazımda…

tüpürürəm o gülüşü,

yeni gülüş axtarıram,

tapmıram…

bircə qəhqəhə çəkirəm göz yaşılı kağızımda

 

heçnə çırpınmır daha şah damarımda,

daha bədənimin də,

mənim üçün can atan bircə çırpıntısı yox…

 

gələcək üçün saxlamağa,

daha heç nəyim yoxdu, Allah

anamın şah əsəriydi, – gen ürəyim…

yoxdu, Allah…

 

daha yollarımda

bir gilə xoşbəxtlik qırıntısı yox…

 

mən nəyi yığım, İlahi?!

sənin istədiyin bəndə ola bilmədim…

Bəlkə təzədən başlayaq?

 

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az