Şərh, ağılın sənətdən aldığı qisasdır.
Suzan Sontaq
Bobby Neel Adams adi, sıradan günlərin birində əlində fotoalbom, cırıltılı çarpayısına uzanır, əski fotoşəkilləri vərəqləyir. Ağ-qara şəkillərdə solğun və alatoran çöhrənin dürüst cizgilərinə incələyən nəzərlərlə baxarkən uzun-uzun seyr etməkdən daha zövq almadığını, onun yerinə ağlında başqa bir şeyin yarandığını hiss edir. Fotolardakı həmin üzlə hazırkı (o zamanlar yaşı 36 idi) yaşının üzü arasında fərqin yox deyiləcək qədər az olduğuna fikir verir ilk dəfə. Beləliklə, ağlında yeni bir düşüncə seli hərəkətə keçir: uşaqlıq və indiki vaxtının fotolarını birləşdirmək. İlk baxışdan əylənmək üçün edilən bir hərəkət kimi görünəcək bu düşüncə zamanla keçmişi bu günə, bu günü isə keçmişə sorğuladan bir “hərəkat”ın başlanğıcını qoyur. “Photoshop” proqramının olmadığı bir zamanda ağla gələn bu ideya üçün alternativ üsul ən təzə fotoları ortadan şaquli yırtaraq altı yaş fotosunun sağ hissəsinə üsulluca yerləşdirmək olmalı idi. Və sənətçi bunu eynən edir. Sonralar insan fotoları ilə yanaşı heyvan fotoşəkillərini də bu metodla yan-yana gətirən Adams, tək bir görüntü əmələ gətirmək üçün birləşdirdiyi fotoları “Yaş xəritələri” (“AgeMaps”) silsiləsinə daxil edir. Bu kompozit fotolarda fiziki görünüşlər, yaşlanma müddəti və cinsiyyətlərarası oxşarlıq və fərqliliklər analizə cəlb edilir. O, istər-istəməz illərin yaratdığı fizionomik dəyişikliklər, bədənin özünüqoruma instinkti və duyğudan-duyğuya adlayan insan faktorunu bir kompozit foto üzərindən müşahidə edərkən, hər şeyə nəzarət mexanizminin əlində olduğuna dair yanılğıya qapılan instinktin buyruğuyla varlıq haqqında insanın özünə daha dərin suallar verməsinin vacibliyini dərk edir və bizlərə də etdirir. Mövcudluğumuzun milyon illərlə saya vurulma şansı yoxdur deyə ortalama yaşını nəzərə alaraq insandakı dəyişilmələri müşahidə etmək daha uyğundur. Sontag yazır: “Bizim üçün bir daşın aşınmasından ziyadə dərimizin köhnəlməsini izləmək daha maraqlıdır. İnsanların necə yaşlandıqlarını ən məhrəm və ən narahatedici şəkildə fotoşəkillər vasitəsilə təqib edə bilərik”.
[Fotoşəkil, kəşf edilmiş bir anın əksetməsidir]
XX əsrin ilk çərəyinin külrəngi Bakı fotosumu, Xəzərin Bibiheybət suları üstündə bol-bol görünən gümüşü qağayıların görüntüsümü, yoxsa iş yerindən tələb olunan 4 ədəd 3×4 sənəd üçün fotoşəkilmi fotoqrafiya sənətinin önə çıxarılası bariz bir örnəyidir? Fotoşəkillər başgicəlləndirici sürətlə dəyişilənləri cibimizdə dondurulmuş halda gəzdirə biləcəyimiz vəziyyətə salır. Sontag’a görə, işığahəssas bir material səthində əksetməyə dəyəcək bir pitoresk görüntünün razısalma münbitliyini əmələ gətirməsi birinci şərtdir. Mənzərənin ruhuyla, onu fotoaparatanın dairəvi sonsuzluğuna həkk edən şəxsin ruhundakı qəribəliklər, təlaşlar, qorxular və zəfər hissi üst-üstə düşdükdə düz mütənasiblik yaranır və çəkilmiş fotoşəkilə rahatlıqla “alınıb” deyə bilirik. Bunu insanın öz həqiqətinə etdiyi turistik səfər sayır Sontag. Oxucu vəziyyəti mistik və mücərrəd cümlələrlə izah edərək “yola verdiyimi” zənn etsin istəməzdim, adətən, qarşımızdakı mükəmməl bir işə “qəlbimiz rahatlıq tapsın” deyə mükəmməl sözlərlə tərif verməyə çalışarkən istər-istəməz hamımızın düşdüyü bir situasiyadır bu, fəqət mənim etdiyimin əksinə, Sontag ağlasığmaz dərəcədə möhtəşəm bir dillə, konkret cümlələrlə fotoşəkillərin əsrarəngiz nəsnələr olduğunu izahetmə bacarığı nümayiş etdirir. Kitabı fotoqrafiya sənətiylə yanaşı daha çox bir fotoşəkilin, bəlkə, dünyada yeganə nüsxəsi qalmış bir fotonun səthinə, rənginə və rəngsizliyinə baxaraq onun fəlsəfəsini və simmetriyasını çözərcəsinə yazıb.
1973-77 aralığında Sontag, bir az da oxucu diqqətini çəkməz təlaşıyla fotoqrafiya haqqında dağınıq müşahidələrini cəmləşdirərək orijinalları The New York Review of Books‘da yayınlanan altı irihəcmli esse yazır. Bunlar: “Platonꞌun mağarasında”, “Fotoşəkillərdə gördüyümüz dumanlı Amerika”, “Melanxoliya nəsnələri”, “Baxış bucağındakı qəhrəmanlıq”, “Fotoşəkillə gələn müjdələr” və “Görüntü dünyası”.
New York Times‘a verdiyi bir intervüdə hər bir məqalə üçün təqribən altı ay sərf etdiyini söyləyib. Modern fotoqrafiya polemikaları üzərində qurulan və 1977-də yayınlanan kitabın nəşr prosesi hələ də eyni narahatlıq və əndişəylə müşayiət olunur. Kitaba olduqca sadə bir sərlövhə seçir: “Fotoqrafiya haqqında”. Sözügedən kitab barəsində yazılmış ilkin review’larda başlıqlar, az qala, tipətip eyniydi: “Hər bir ciddi fotoqrafın oxuması vacib olan bir kitab”. Vacib kitabları hansı cəhətlərinə görə ayırırıq? Bütün böyük və dərin kitablar həyat və dünyadakı yerimiz haqqınızda mühüm suallar verməyi bacaran və zamanı sorğulayan kitablardır. Sontag’ın isə bu kitabda, həqiqətən də, etmək istədiyi şey daha çox zamanın dəfələrlə kiçildilmiş və dondurulmuş bir anını sorğulamaqdır.
Kitab yunan başsındıranı Platonꞌun “mağara” alleqoriyasıyla fotoşəkillərin təbiəti arasındakı mümkün oxşarlıqlarla başlayır. Alleqoriya, antik dövrün ən önəmli imgələrindən biri olaraq qəbul edilir. Bu, Platonꞌun “Dövlət” əsərinin yeddinci kitabında Sokratesꞌin dilindən verilən bir hissədən gəlir. Hadisəyə görə, mağarada məhkumluq həyatı yaşayanlar divarlarda əks olunan kölgələri həqiqətin özü hesab edirlər və inanırlar buna, halbuki bunlar sadəcə gerçəyin əksetmələridir. Sontag fotoşəkillərin də insan üçün eyni funksiyanı daşıdığını düşünür. Hətta fotoşəkillərin üzərində min cür oyun oynamaq mümkündür: ölçüləri dəyişdirilir, kənarları qırpılır, kəsilir, retuşlanır, rəngləndirilir, montaj edilir və köhnəlir. Saxtalığın parlaq məğlubiyyəti!
[Fotoqrafın “tanıqlığı” (şahidliyi!) daha çox elmi elementlərlə dolu baxış bucağı üzrə hərəkət edir]
Sontag birbaşa yazmasa da, dolayısıyla bir fotoşəkil müəllifinin bir sənətçi sifətiylə dəyər görmək üçün digər incəsənət sahələriylə müqayisədə daha çox baş yormalı olduğu qənaətindədir. Bir yazarın yazısından, bir tablo rəssamının ekstra tonlarından onun iç dünyasının qaranlığına enə bilirik, bəs fotoqrafın xarakterini anlaşıqlı qılan, bir az da irəli gedərək qabaca “üslub” deyə biləcəyimiz individual ipucularını fotoşəkilin içinə yerləşdirmək nə qədər rahat və mümkündür? Sintetik rahatlıqlar və “saf olmayan həzlər” bir fotoşəkili nə dərəcədə sənət müstəvisində mövzu edə bilər? Problemi daha da qəlizləşdirən nöqtə bunu təbiiliyi, “görüntü”nü korlamadan, gözgörəsi müdaxilələr etmədən bacarmağın qəlizliyidir. Təbiiliyi qurban vermədən estetizmə yol açan örnək əmələ gətirmək və kriteriyalar təqdim etmədən təqdim olunanı sevmək! Flaubert’in çox sevdiyim bir fikrini fikrimə dəstəkləyici kimi bura əlavə eləmək olarsa, edim, yazım. Çoxdan oxuduğum həmin parlaq fikri bu sətirləri yazarkən xeyli axtarsam da tapa bilmədim, fəqət o fikirlərin ruhunu yaxşı xatırlayıram, yaza bilərəm. Düşünürəm ki, yazı-pozu adamlarına stimul verəcək bu qənaət eyni zamanda fotoqrafiya sənətçiləri üçün də keçərlidir. Flaubert’ə görə, istənilən bir situasiyanı təsvir edəcək tək bir cümlə var və nə olur olsun o cümləni yazarkən heç bir təmtəraqlı, Hemingway’in Faulkner’in mətni haqda iynələyici janrda dediyi təbircə desək, (sözsüz ki, Flaubert Hemingway’dən yazmayıb, bunu mən əlavələdim) 10 dollarlıq cümlələrə yenik düşmək olmaz.
[Fotoşəkillər, mənsub olduğu fotoqrafiya sivilizasiyasında ölçüsüzlüyü ölçülü etmə ehtiyacını “ödəyir”]
Fransalı avanqard fotoqraf Jean-Eugene August Atgetꞌin ünlü “Paris vitrinləri” silsiləsini incələyən Sontag mağazaların küçəyə baxan şüşəsində əksi görünən küçələri, küçədəki ağacların kəskin siluetini, adamsız səkilərin asudə duruşunu süni, yapmacıqlı deyil, içində həqiqisiylə üz-üzə gələcək qədər güclü bir enerji və əlavə mənalar daşıdığını yazır. Təbii ki, istər siyasi, istərsə də sosial eyhamlar sezdirərək bizi düşündürdən, fotoşəkillər deyil, Atgetꞌin standartdan kənara çıxaraq etdiyi yansıma ustalığıdır. Çünki yansımalar əsli mənzərədə gözümüzdən yayınmağı bacaran nəsnələrə nəzərimizi daha da intensivləşdirərək iki-üç dəfə fikirləşmək haqqı tanıyır bizə. Fotoşəkilləri diqqətlə seyr edənlərə. Nabokov bir eksperimental mətn olaraq qələmə aldığı, çox sevdiyim “Solğun alov” (“Pale Fire”) romanında ilk misralara yazdığı şərhə görə, (təbii ki, misralarla şərhlərin müəllifi məhz Nabokovun özüdür!) bir ardıcquşu (əsərin ingiliscə orijinalında yazılan adıyla “bombycillia”), axşam əməlli-başlı çökərkən çölündəki qaranlığı həyəcanla qanad yellədiyi asimanın davamı zənn edərək pəncərə şüşəsinə çırpılır. Atgetꞌin öz silsiləsində etmək istədiyi şey də bizi bir quşun yanıldığı kimi yanılaraq yaxşı tanıdığımızı zənn etdiyimiz “həqiqətə çırpmaq”dır.
[Fotoşəkillər bizdə yeni bir adam olma şüurluluğu, təzələnmə üçün instinkt qazandırır]
Ədəbi mətnlərlə fotoqrafiyanın təbiətini eyni tərəziyə qoyduqca Sontag bir çox hekayə və romanla üzləşdirilərkən nəqletmə lüksünə daha az malik olan fotoqrafiyanın qaneedicilik xüsusiyyətini də çıxdaş etmir. Kitabdan götürülmüş bu pasaj, müəllifin mozaikliyə aşırı ciddi yanaşdığını, zərrəciklərə parçalanmışlığın birlikdə əmələ gətirdiyi mənzərə bütövlüyünün etibar aşılayan hərarətliliyinin önəmini əks etdirir:“Fotoşəkillər həqiqəti hissələrə ayrılmış olaraq yansıtdığı üçün genişhəcmli təhkiyə mətnlərindən daha həqiqi, daha səhih görünürlər”.
Birbaşa qavranılası, dərk ediləsi bir dünya təqdim etməyən sənət anlayışı, həm də estetik istehlak üçün uyğun olmalıdır. Bu zaman “çeynənmiş” texnikalar yada düşür. O ana qədər gördüyü və analiz etdiyi bütün fotoşəkillərdən tək bir fotoşəkilmiş kimi bəhs etməsinə və heç bir qayda-qanun, məhdudlaşdırılma tanımayan sənətin bariz örnəklərindən, sanki bəlli bir önhazırlığı, texnikası mövcudmuşcasına təhlillər verməsinə rəğmən, “Gülümsə, şəklini çəkim” deyən fotoqrafla gördüyü detalı öz perspektivində verməyə hazırlaşan fotoqrafı qarşılaşdırarkən üstünlüyü öz dizayn idealının axtarışında olana verir və o idealı yaratmaq üçün də texnikanın həmişə kömək etmədiyi fikrini də müdafiə edir. Şübhəsiz, bunu ikili standart adlandırmaq müəllifin köklü qərarsızlıq içində olduğunu demək qədər uyğunsuz səslənər. Kitabın sonuna əlavə edilən fotoqraf, tənqidçi və filosoflardan seçilmiş fikirlər də müəllifin məsələyə daha humanist və anlayışlı yanaşmasını əks etdirir.
[Fotoşəkillər bizə humanizmi xatırladır]
70-ci illərin sonuna doğru qələmə alınsa da Sontag əsrimizi təhdid altında qoyan bir həqiqəti də kəşf etmiş kimi görünür: cib telefonlarıyla gündəlik həyatımızda hər şeyi çərçivəyə sala bilmək potensialımızın artmağıyla yanaşı fotoşəkilləşmiş hadisəyə qarşı verəcəyimiz reaksiyaların ikinci plana atılması. Xilas etməklə şəklini çəkmək arasındakı qorxulu dilemma anında yanımızda daşıdığımız “fotoaparatların” həkketmə düyməsini sıxan yerdə tapırıq özümüzü bəzilərimiz. Sontag bu mənada fotoqrafiya sənətçisinin özü ilə hər yerə apardığı bir “yırtıcılıq” qüdrətini də istisna etmir.
Yazır: “İndiyə qədər heç kəs çirkinliyi və murdarlığı fotoşəkillər vasitəsiylə kəşf etməyib. Amma bir çox insan fotoşəkillər sayəsində gözəlliyi kəşf edib. Sənədləşdirmək xaricində insanları fotoşəkil çəkməyə istiqamətləndirən instinkt gözəl bir detalı tutmaq istəyidir. Fotoşəkillər dünyanın özünü deyil “gözəl olan”ın standartlara çevrildiyi dünyanı gözəlləşdirməkdə çox uğurlu bir rol oynayıb”. Kitabında Sontag tənqidçi kimi çıxış edərkən formalistlərsayaq təhlillər təqdim edib dəyərləndirmə standartlarını “yuxarıdan aparsa da”, kitabın bəzi yerlərində fotoqrafiyadan az-çox məlumatlı olan oxucunun yerinə keçərək, oxucunun onsuz də asanlıqla bildiyi şeylərə onu yenidən razı salmaqla məşğul olduğunu şüurlu şəkildə bildiyini yazaraq, fotoşəkillər diqqət etmədən fərqinə varmış olduğunuz şeyləri fərqinə vardırmaqla məşğuldur kimi bəsitləşdirmələr də edir. Yaxşı və ya pis fotoşəkil yoxdur, bunların hansı kriteriyalar üzrə bu cürə kateqorizə edildiyini müəyyən etmək mümkünsüz görünür: sadəcə və sadəcə kifayət qədər bəşəri olmayan fotoşəkil var. Mövzuların gözəlliyi və çirkinliyi heç vaxt fotoqrafiya üçün problem olmayıb, bu, bir yanılğıdır. Çünki hərəkətsiz fotoşəkillər həmişə içində bir nikbinlik və duyğusallıq daşıyır: hüznlü bir hadisə fotolanmışsa, bu, artıq davam edən bir şey deyil, bu, fotodur və daha yaşanıb-bitib mesajını zamanın donmuş və geridə qalmış biçimiylə zehnimizə yeridir və ikincisi, fotoşəkillər gizlidən-gizliyə zamanla münasibətlərimizə daha realist, “əllə tutulan” yanaşma haqqı tanıyır.