8 noyabr – Zəfər günü, şanlı qələbəmizin ildönümü münasibətilə təşkil olunan çoxsaylı tədbirlərdən biri də Bakı şəhəri Biləcəri qəsəbəsindəki şəhid Emin Əliyev adına 297 saylı tam orta məktəbdə oldu.
Qocaman təhsil ocağının akt zalı bayraqlar, Vətən müharibəsi şəhidlərinin fotoları, işğaldan azad olunmuş rayonlarımızın adlarının qeyd olunduğu lövhələrlə bəzənmişdi.
Həyəcanları üzlərindən oxunan məktəblilər və onların müəllimləri gah şagirdlərin hazırlıqlarını yoxlamaq üçün səhnə arxasında pıçıltı ilə son məşqlərini edir, gah da salona boylanaraq tədbirin başlayacağı anı gözləyirdilər.
Akt zalında ənənəvi olaraq məktəbin müəllim və şagird heyəti ilə yanaşı başqa qonaqlar da var idi. Bu dəfə Vətən müharibəsinin qəhrəman şəhidlərinin ailə üzvləri, savaşın canlı şahidləri – qaziləri də ön sırada yer almışdılar.
Budur, gözlənən an yetişdi və Azərbaycanın Dövlət himninin səslənməsi ilə tədbir başlanıldı. Alqış sədaları ilə məktəblilər (məktəbin 3 a və r sinif şagirdləri) sıra ilə səhnədəki yerlərini aldılar. Ardınca şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, balacalar ehtiramla təzim etdilər.
Vətənə, torpağa, Vətəni müqəddəs edən şəhidlərə sevgi və sayğı nümayişində sanki, yarışan balacalar bütün bacarıq və istedadlarını göstərdilər. Maraqlı və dolğun kompozisiyanın parçası olan balacalar obrazdan obraza girərək üzərilərinə düşən missiyanı layiqincə yerinə yetirdilər.
Heç qonaq məktəbin – Şabran şəhər Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbin ibtidailəri də onlardan geri qalmırdılar.
Balacalar böyük həvəslə milli və xarici musiqi nömrələrini, xüsusən Azərbaycanda yaşayan azsaylı xalqların rəqslərini, eləcə də Qarabağ, şəhid, Vətən, azadlıq, zəfər mövzusunda şeir və nəğmələri məharətlə ifa etdilər.
Azərbaycan və rus dillərində Qarabağ həqiqətləri, haqq savaşımız, xalqımızın başına gətirilən faciələr və 44 günlük Vətən müharibəmiz haqqında bildiklərini də sərbəst, sistemli diqqətə çatdırdılar.
Balaca ürəklərində bələdikləri böyük Vətən sevgisini titrək səsləri, həyəcanla havada yellənən əl-qol hərəkətləri ilə hər kəsə ötürməyə çalışırdılar. Parıldayan gözlərini zaldakı xüsusi qonaqlara zilləyir, onların könlünü oxşamaq üçün əllərindən gələni edirdilər.
Tədbirdə Vətən müharibəsi şəhidi, leytenant Nurlan Həsənovun valideynləri, övladı da iştirak edirdi. Balacaları diqqətlə izləyən qonaqlara qoşulan şəhid anası Həqiqət xanım, eləcə də qazilər, sağlamlığını Vətən uğrunda itirən əlillər də ürək sözlərini bölüşdülər, təşkilatçılara, məktəblilərə təşəkkür etdilər.
Həqiqət xanım oğlunun qəhrəmanlığından, keçdiyi döyüş yolundan, illərlə vətənə qüsursuz xidmət etməsindən söz açdı. Oğlunun Vətəni bütöv görmək üçün döyüşlərə böyük şövqlə getdiyini və ona Zəfər vəd etdiyini də yada saldı. Ardınca şəhidin yadigarı Nurgül “Cənab leytenant” mahnısını ifa edərək hər kəsi göz yaşına qərq etdi.
Kədər yüklü mənzərəni yenə uşaqlar dəyişdi, Nurgülü yanlarına – səhnəyə dəvət etdilər və birlikdə qələbə, bayram sevinclərini “Qarabağ bizimdir” Qarabağ Azərbaycandır!” nidaları ilə sona yetirdilər.
Hər iki məktəbin rəhbərliyinin, qocaman pedaqoqlarının, zaman-zaman bu məktəbin şagirdi olmuş Vətən müharibəsi qazilərinin çıxışları ilə başa çatan tədbirdə qonaqlara xatirə hədiyyələri və təşəkkürnamələr də təqdim edildi.
Həmidə