Məlik Rza. Qürub uçuşları
Hokku cəhdi. Nəsrdə.
Fərid Edgüyə…
Sum. İkindi. Yaşıl dəftər.
Qarğalar quru, tənha budaqlarda gözləyirlər. Şəhərim Sum.da qarğalar gecə kimi qara, qürub uçuşlarında korluqla hədiyyələnmiş gözləri qar kimi bəyaz, pakdır. Tükləri daim parlaq. Bilirəm, üç yüz il yaşayırlar qarğalar.
Uzaqdan gövdələri qara meyvə, qanadları qara yarpaq təkin görünür gözlərimə. Onlar ki illər əvvəl Şəhərim. Sum-un səmasında yox idi. Boz qarğalar zibillikdə eşələnib dənizin sahilində qarpız qabığı dimdikləyər, sərçələrlə, göyərçinlərlə göyləri bölüşərdilər. Dənizlə torpağın toz olmuş sərhədindən qağayılar boz qarğalara qoşulub şəhərə qərib hayqırtılarını gətirərdilər.Sanki hansısa qaramat nağılın içindən, hər şeyi zəhərləyib solduran, əjdəhalar-nəhənglər ordusunu yer üzünə töküb zülmət məskəni salan əclafın çiyinlərindən uçub gəldilər. Göylərdəki sülh çələnginin çiçəkləri dimdiklənib qəbiristandakı məzarlara atıldı. Üstlərinə yenidən yüksəkliklərə uçmasın deyə caynaqlarından daş parçaları atdılar qara qarğalar. Bozları vurdular əvvəlcə, sonra yedilər sərçələrimi. Göyərçinlərsə damlarda gizləndilər, əbədi. Gecələrimdə mətnimə axdı küsgün səsləri.
Sum. İkindi. Yaşıl dəftər.
Əl içimdə əzizlədiyim ağ sərçəm bu gün qəfəsindən uçdu. Küləkdə sarı sünbüllər üstə uçuşan, sevgiliyə ərməğan edilmiş ətirli, bəyaz yaylıq kimi. Uçuşunu gördüm. Qanadlarını yığdı. Yerə şığıyıb təzədən göyə qalxdı. Sərçəm divara söykənmiş inqilabçı sinəsinə tələsən güllədən sürətli, sərçəm günəşli gündə qar dənəsi. Onu itirdim.
Sum. İkindi. Yaşıl dəftər.
Qara qarğa üç şeyi sevir. Qara daşa çevrilib səmadan yerə yağmaq-qorxaram.
Sanki Allah ona xəyanət etmiş məxluqatın ruhuna qara daşlar üfürür.
Sərçə yeyərlər rəzillər, gecələri eyvanda qurumuş qan damcıları taparam, ağlayaram.
Qüruba uçmaq. Göy üzündə qarğaların səmavi rəqsi. Ruh qardaşlarıma çevrilərlər bir an. Qürubun sirrinə vaqif olmaqçün, məhrəminə varmaqçün uçarıq. Birgə. Onlar qanadlarla, mən röyalarımla. Yerində heykəl olmuş gövdəm xəyalımda bəyaz qanadlarla çiçəklənər. Qanadlarımız yanar, gözlərimiz kor olar orda. Bəzən onların vücudları, mənimsə yuxularım ölər. Fırlanaraq beli üstə qürubdan yerə sərilərlər üç yüz illik qarğalar. Beli üstə düşmək-səmavi rəqsə məst olub günəşi unutmaq, ilahi nakaut, ölüm. Ağlayaram. İkinci dəfə. Çərpələngi məchulluğa itkin düşmüş uşaq kimi.
Sum. Qürub. Yaşıl dəftər.
Günün mübhəm çağı canlarını darıxmaqla müjdələdikdə qara qarğalar ağızlarını göylərə açırlar. Sədaları dua kimi qüruba küləkləndikcə şəhərimdə ölməkçün daim böyüyən günəş yenə böyüyür, üfüqə çökür. Qarğalar qüruba səmt alırlar. Sonra sanki üfüqün altında əzilib leşə çevrilməkdən qorxur günəş, qəfil bağrını yarıb gizlinini gur işığıyla bərabər yer üzünə çiləyir, batır, heç olur. Gözlərimi yumuram. Gözlərimin ardında mənim səmam, mənim qürubum. Ağ Sərçəmlə uçuram.
Sum. Qürub sonrası. Yaşıl dəftər.
Gözlərimi açıram.
Ovucumda parçalanmış ağ sərçəm, qarşımda ağzı qanlı qara qarğa.
Hiss edirəm.
Daş kimi bərkiyib müqəddəs bir ələ yığılıram.
Xilqətinə xəyanət etmiş məxluqa atılmaqçün.
Sum. Günün nabələd vaxtı.
Azan. Atam namaza oyanır.
Atam səcdədə, mən mətndə.
Dua edirik.
Sum. Sübh. Əl içi.
Əl içində ruhum daş kimi ağır yox, çiçək kimi yüngül.
İşıq.
Əl açılır.
Pıçıltım.
Mənəm, ağ sərçə.
bağışladım səni
qara qarğa..
bağışladım.