Sim-sim.az Məlik Rzanın “Yuxuların yüz ili” hekayəsini təqdim edir.
Yuxuların yüz ili
..başladı
I
Quyuda təkəm. Oyanıram. Hər oyanış ilk oyanış kimi ağırdır. Gözlərimdə qəfil parlaqlıqdan yaranmış küt sancı, başımda buludlanmış bulantı, canımda soyuqluq var. Dilimdə yüz illik röyalar karvanından ayrı düşmüş, seçilmiş yuxuların eşidilmək intizarı. Sanki, yüz ildir yuxularda yaşamışam.
Mənim
sümüklərim… Sızıldadı. Üşüyürəm. Soyuqdur. Suyun üzündə kötük kimiyəm, batmıram. Yuxularımda vücudum vardı, ayıqlıqda isə heç kiməm. Bəlkə küləyə səmt uçarkən qanadını incidib göylərdən quyunun zülmətinə düşmüş quşam, bəlkə də sadəcə ad. Kimsə keçmişlərdə əllərini dodaqlarına sipərləyib xiffətini çəkdiyi adamın adını quyuya qışqırdı. Divarlara hopub əks-səda kimi dondum. Bilirəm, bir
Adım
vardı mənim, unutmuşam. Quyudan əvvəlki həyatımı xatırlamıram. Rəngləri, səsləri isə xəyalımda tanıdım. Amma yuxularımın təhkiyəçisinə çevrilib onları quyuma pıçıldayan səsimi eşidirəm indi. Səsim varsa, demək yuxulardakı vücudum gerçəkdir. Yuxularım gerçəkdir.
Yuxarıda, dairəvi boşluqda insan başı. Yuxularımı dinləyir. Ardındakı parlaqlıq ucbatından üzünü görmürəm. Birincini, bəyənmədi. Hirsli nəfəsinin quyudakı sədasını eşitdim. Halbuki o yuxumda gözlərinə quraqlıq çökmüş xəyalət adamların şeytan səfərlərinin tarixçəsi vardı. İkinci yuxumda əvvəlki gecələrdəki kimi darıxdım. Dağların bitdiyi yerə ömrünün bütün qürublarında baxan adamı xilasla müjdələyən dərviş əhvalatını sonrakı röyalarımda dəfələrlə dinləmişəm. Eyni yuxunu görmək adamı bezdirir.
Başını buladı, yox. Yuxu ovçusu cazibəli ov axtarır. Qalaqlanmış röyalarımın fövqündən üçüncü boy verdi. Üçüncü yuxumda dərisi bürüncləşmiş adamın korluq günlərindəydim. Uzaqlardan xəzan xışıltısına bənzər paslı, xırıltı səs gəldi.
Yuxulardakı səsim.
“Allah dağları yaradanda dağlar ağladı, çox ağladı. “Kimsə gəlməz bu dağlara”, “Bizi niyə belə keçilməz sərtlikdə, əlçatmaz ucalıqda, qarlı, tənha yaradırsan”, “Bizə kim baxacaq?”
Allah dağlara bizləri göstərdi.
“Onlar çarəsizdirlər, onlar kimsəsizdirlər”
“Çölünüzdə tənha oturub sizlərə baxarlar” dedi.
Dağlar ağladı, dağlar gözlədi…
Sonra biz gəldik bu dağlara.. bu sükuta.. bu çölə..
Biz-Üç
Dərviş!”
Ovladı! Əvəzində bir cüt bəyaz qanad! Ovçu mənə xilasımı gətirib. Uçuram. Yuxularımdakı qırmızı şarlar kimi üzü səmaya. Bəlkə, həqiqətən bir quşam?
II
Çöldə dəvəyəm. Ətrafımda qum fırtınası. Çölün canındakı qum topası qanadlanıb havaya qalxdı bir an. Gözəl, uzun kirpiklərlə hədiyyələnmiş gözlərimi yumdum. Ruhum xəyalıma calandı. Göz qapaqlarımın ardından su kimi ilğımların bətnindəki cənnət kəndlərə axıram indi.
Elə, ilk cəhdimdə yetişdim o cənnət kəndə. Xatırlayıram. Xatırlayıram ki, uzun boynumu ağacın gövdəsinə nərdivan kimi dirəyib yaşıl yarpaqlardan, yaş əncirlərdən yeyəndə gözəl gözlü dəvəydim. Yedikcə quraqlaşan vücudumun içində başqa, məhkum varlıq. Sonra, sanki qanadım vardı, yaşıl göllərə uçub onların şirin sularından doyunca içdim. İçdikcə sulardakı əksim bulandı. Bir an… Bir an gördüm ki, şəffaf sularda vücudumu ürküdən heçlik var, əksim yoxdur.
Gözləri çirkli, soyuq yaşıl dərviş vardı. Palçıqlanmış üzünə axan göz yaşları buz qəlpəsinə çevrilən dərviş. Onu çox sevərdim.
İkindi vaxtında əvvəl o, sonra dağlar ağlayardı.
Adam dilindən məhrum mənə danışdıqlarını heç vaxt bilmədim. Üzündə ümidsizlik cücərdi o sirli günlərdə. Belimdə bütün çöl boyu çapan dərviş günlərin birində tərkimdən tənha quyunun zülmətinə yıxıldı. Ağladım, çox ağladım. Quyunun ağzına palçıqlı ayaqlarımla qalxıb zülmətə zillənəndə dilimdən kimsəsiz çölü sirkələyən bağırtı qopdu. Xiffətini çəkdiyim adamın adını tənha quyuya qışqırdım. Dəfələrlə. Dərvişşş! Dərvişşşş! Dərvişşşşşşş!
Ancaq quyusundakı yuxuların zülmətində məni eşitmədi. Röyalarına məst olmuşdu dərviş. Boynumu büküb ləpirlərimin ardınca təkcənələyimə yeridim. İzlərimin bitdiyi yerə yetişəndə heykəl oldum.
Qayıtdım. Ətrafım yenicə aydınlandı. Heykəllikdən qurtulmuş gövdəmi oynadıb qum fırtınasında ətimə millənmiş qum dənələrini yerə tökürəm. Dağların qarı kimi bəyaz tüklərim var. Amma hiss edirəm. Hiss edirəm ki, dəvə olmaqdan çox bu iri vücuda məhkum olmuş qəribəm. Heykəllik günlərimdə yan-yörəmdən şütüyən dəvələrin tərkindəki xəyalətlərə bənzər ruh. Belimdəki təpələr çoxdan əriyib. Susamışam. Dağların bitdiyi yerdən qopub ətəyinə yıxılmış buz parçaları məni özünə çağırır.
Sonra qəfil diz çökürəm. Vücudumdakı varlıq məhkumluqdan xilas olub fövqümə qalxır sanki. Başımı çevirirəm. Belimə ayaqları çəkməli yad xəyalət quş kimi qonur. Ağappaq bədəni dağların qarından yoğrulub. Dağlara baxan kinli, qıpqırmızı gözlərində özümü tapıram, bəyaz, kimsəsiz vücudumu. Gözlərimi yumuram. Yaddaşımın qaranlıq torpaqlarında işıqlanan əvvəlimdə tənha xəyalət görünür. O xəyalət mənəm.
Axı, yuxularımdakı dərviş mənə çox demişdi. Çox demişdi ki, xəyalətlərin əksi olmur.
Biz-Dəvələr! Şığıyırıq. Dəli kimi. Tərkimizdəki xəyalət ordusuyla birgə dağların bitdiyi yerə! Dağlar ağlayır, çox ağlayır. Daşlarını, qayalarını göz yaşı kimi üstümüzə axıdıb dəvələrin palçıqlı ayaqlarına ilişdirdikcə bənzərlərim leşə çevrilib xəyalətlərlə birgə dağın ətəyinə axırlar. Seyrəkləşirik. Mən isə, sanasan, qanad çıxarmışam, canımda rahatlıq, qurtuluş duyğusu var! Özümdə böyüklük hissi! İri, yumru daşların üstündən adlayıb, xilasıma uçuram!
Tərkimdən gözəl, fövqəl vücud düşür orda. Qoltuqları altında bir cüt bəyaz qanad. Ölsə, dünyanın ən gözəl ölüsü! Yaşasa, uzaqlarda dalğalanan maviliyin canına yamanmış əminlik qəbiristanında heykəl! Mənim əvvəlim! Mənim özüm! Getmə! İlahi, necə gözəl olmuşam!
“Canımda əbədiyyət qədər yerim var sənə. Getmə, vücudların heykələ çevrildiyi o sirli maviliyə aldanma. Orda, heç vaxt qürub olmayacaq..”
Göylər, vücudumu sənə əmanət edirəm. Tənha qaldım! Bu parlaq mavilikdən də, dağlardan da, ilğımlara axan çaylardan da bezib qaçıram. Çölümə qayıdıram. Tənhalığıma! Uzaqdakı o yalqız nöqtəyə-adama tərəf…
Başladı. Qum fırtınası başladı. Gözlərim yumulur…
III
Xiffətini çəkdiyim sirrə aldanıb çaparın vəd etdiyi maviliyə yetişəndə içimə calanmış intiqam arzusuyla atamı öldürdüm. Atam daş vücudu toza çevrilib küləklərə uçmamışdan əvvəl “Atamı heç görmədim” dedi. Son sözləri bu oldu.
İndi, qəbiristanda heykələm. Daş bədənimə məhkum ruhumla ömrümü gözlərim önündə dalğalanan mavilik seyrində keçirirəm..
***
Yerin adı yox idi. Mənim adım yox idi. Dağların çənbərində canına quyular yamanmış çöl vardı, çölün tənhalığında adamlar, dəvələr. Uzaqlarda titrəşən, yaşıllıqları, dağların göz yaşlarından-qayalarından, daşlarından tikilmiş evləri öz içinə yığmış ilğımları xatırlayıram. O ilğımlardan çıxan xəyalət adamların qadınlarını qapıma zəncirləməsini, əvəzində tikdiyim çəkmələri geyinib ağ dəvələrin tərkində dağlara çapmasını, orda vücudlaşmasını xəyalım uzaq xatirələr kimi işıqlandırır indi. Dağlar ağlamışdı, çox ağlamışdı. Qayalar, daşlar göz yaşına çevrilib dağların bitdiyi yerdən ətəyinə axdıqca dəvələrin palçıqlı ayaqlarına ilişib onları yerə yıxmış, dəvələr tərkindəki adamlarla birgə dağların qarından çölün tənhalığına top kimi yuvarlanıb əcələ can vermişdi. Üfüqə yetişən adamların sonrasını bilmədim o gün. Dəvələr başlarını qaldırıb xəyalətlərini göylərə əmanət edəndə, göz yaşlarına qoşulub ilğımların içinə axanda bilinməyənin həsrətiylə dağlara baxdım, baxdım… Ağladım. Bilinməyənin dağların bitdiyi yerdən başlamasına inandım.
Atamı görmədim…
Bir anam vardı mənim, mənə çəkməçiliyi öyrədib tənha dağın yamacında başdaşı oldu. Gözlərimi açanda külrəngi saçlarını gördüm, qanı buxarlanmış üzündən öpdüm anamın. Sarımtıl ləkəli boz gözləri korluq günlərimdə görmədiyim yuxularımda eşitdiyim səslərin vahiməsini içimə doldurdu. Sonradan, unudulmuş yuxularımı arxamdakı tənha, qupquru dağdan gəlmiş yaşılgözlü, saçları qürub rənginə boyanmış dərviş çölün soyuq gecəsində mənə danışmaq üçün qapıma zəncirlənəcək, ondan iki gecə əvvəl isə dağlardan susuzluqdan dodaqları çat vermiş bir çapar zülmət atının tərkində evimə gələcəkdi. Qapımda atından inqilablarda dağıdılan heykəllər kimi yıxılıb tirtap uzanacaq, dilində dağların bitdiyi yerdən sonrasını, o maviliyi-dənizi gətirəcəkdi. Sonra mən həmin müdhiş gecədə qərib dərvişi tərk edib xilas vədiylə qapıma gəlmiş çaparın arxasından dağlara çapacaqdım. Geridə bir səs, bir sirr qalacaqdı… Bilmədiyim.
Anam korluq günlərimdə gözlərimin ardına dünya rənglərini calayıb mənə üç şeyi öyrətmişdi. Birinci əllərimi cüt gözə çevirib çəkməçiliyi öyrətmişdi ki, gözlərim açılan kimi ilk çəkmələrimi tikib xəyalət adamlara payladım. İkinci məni özünə zəncirləyib dağın yamacında ilk dəfə orda özümdən xəbərsiz yalın əllərimlə qəbir qazdırmışdı. Torpağın nəm qoxusunu burnuma çəkib yaddaşımı ətirləmişdim. Gözlərim açılan gün anamı fırtınadan sonra yolunu azıb ilğımını itirmiş ağ dəvəyə yükləyəndə ikindiydi, dağın yamacına yetişəndə qürub… Torpağın nəm qoxusu yaddaşımı müjdələyəndə anamla aramızdakı sözsüz vədi qürub mənə xatırlatdı. Anamı sonuncu qürubuna gətirmişdim, mənim ilk qürubuma… Günəş dağların arxasına batanda anam torpaq olmuşdu.
Qayıdanda alatoranda qapıma zəncirlənmiş parlaq gözlü qadınlar gördüm. İsti nəfəslərindən üçüncünü oxudum, zülmət gecələrdə öyrədilən
Üçüncü
Üçüncünü xəyal etdim, üçüncünü istədim, üçüncüyə başladım…
Şəhvət gecələrimdə sevişdiyim qadınların bürünc vücudlarından xəyalıma heç vaxt görmədiyim qadınlar axırdı. İçinə girdiyim vücudların xəyalıma rəsm etdiyi qadınlar. Dəriləri bürünc, gözləri çirkli, soyuq yaşıl rəngli adam ürküdən qadınlar… Xəyalımda onları-qadın qələbəliyini öpürdüm, gözlərimi açırdım-zülmət, zülməti öpürdüm… İçlərinə girib sirlərinin astanasına yetişdiyim məqamları yuxularıma uduzdum o gecələrdə. Hər dəfə bulanıq səması göyləri tutmuş sübhlərə ayılanda qanlı mələfədə ölü vücudlar yatırdı. Ağarmış saçların palçıq rəngi üzlərə töküldüyü, sınmış ayaqların əzilmiş gövdələrə girdiyi, cüt-cüt gözlərə parlaqlıq yığılmış ölü bədənlər. Bir də uşaqlar vardı, biləsən. Yeni doğulmuş, yaşamamış uşaqlar… İlk dəfə onların irinləmiş bədənlərini bir-birinə bərkidib zəncirləyəndə mən, ağ dəvəyə yükləyib tənha dağın yamacında basdıranda dağlar ağladı. Mən göz yaşımla dağları, dağlar xəyalət adamları lənətlədi. Yamacdan qayıdanda qapımda keçmiş gecədə xəyalımda öpdüyüm qadınları gördüm. Tikdiyim çəkmələri isə xəyalətlər aparmışdı.
Beləcə neçə adam basdırdım, bilmirəm. Unutmuşam. Gecələrin sayını daş divarlarıma zəncirlə cızdım. Min gecə. Bir axşam gördüm ki, gözləri yaşlanmayan, çöl kimi quruyan
Mənəm
Bir axşam gördüm ki, dağın yamacında qadın qələbələyindən qəbiristan cücərtmişəm! Bir axşam gördüm ki, min birinci gecədir, evimdə tənha qaraltı… Gəldim, qapıma dərviş zəncirlənib! Ayaqları yalın… Gözləri ardına çevrilmiş… Başında çölün sarı qumlarına bulanmış əmmamə… Əmmaməsinin arxasından bürünc boynuna tökülmüş qürub rəngi saçlar… Gözləri, soyuq, kirli yaşıl… Üzünün ardındakı hər şey tutqunlaşdı, bulandı… Gözlərimi tutdu üzü, arxasındakı bütün mənzərələrinin fövqündə qaldı… Əmmaməsinin bütövlüyündən sıyrılmış ağ parça göz oxşadıqca uzaqlarda küləkləndi. Qurumuş dodaqları bir-birinə aşiqdi sanki, güclə qopdu, ayrıldı. Anladım ki, dərviş neçə qürubdur ki, susuzdur, illərin susqunudur. Heyrətimdən gözlərimi yumdum. Sandım ki, bir yuxudu. Gözlərimi açdım, yenidən vücudlaşdı, danışdı.
İlk sözünü təzəcə eşitmişdim ki, iki gecə əvvəl qapıma yıxılmış çapar zülmət atının tərkində peyda olub barmaqlarıyla məni çağırdı. Elə bil, boynuma zəncir keçirmişdi, bədənim özümdən xəbərsiz uçdu. Ağ dəvəmin tərkinə qalxıb ardınca çapanda dərvişin ləngərli səsindən ancaq “Arxadakı tənha, qupquru dağlardan gəldim” dediyini eşitdim.
İndi, bu qəbiristanda özümə yuxu arzulayıram. Bəlkə, röyalarımda dərvişi görərəm, sirrini eşidərəm… Bilirəm, ömrümün axşamçağındayam. Bir gün daş vücudum atamınkı kimi toza çevrilib küləklərə uçacaq… Məni öldürəcəklər. Mən, olmayacam.
IV
Arxadakı tənha, qupquru dağlardan gəldim. İkinci dərviş mənəm. Sənə xilasını, bütün bu müəmmaların sirrini, tənha dağların əhvalatını gətirmişəm. Pıçıltım bağırtıya çevriləndə məni qucaqla!
Allah dağları yaradanda dağlar ağladı, çox ağladı. “Kimsə gəlməz bu dağlara” “Bizi niyə belə keçilməz sərtlikdə, əlçatmaz ucalıqda, qarlı, tənha yaradırsan?” “Bizə kim baxacaq?”
Allah dağlara bizləri göstərdi.
“Onlar çarəsizdirlər, onlar kimsəsizdirlər”
“Çölünüzdə tənha oturub sizlərə baxarlar” dedi.
Dağlar ağladı, dağlar gözlədi…
Sonra biz gəldik bu dağlara.. bu sükuta.. bu çölə..
Biz-Üç Dərviş!
Birinci dərvişlə ömrümüzü quraq, tənha dağların seyrində keçirdik. Hər qürubda o cənnət günlərin xiffətiylə əvvəlcə biz, sonra dağlar ağlayardı. Amma, heç vaxt o dağları aşıb keçmədik. Axı, ustada söz vermişdik. Söz vermişdik ki, xilqətimizə xəyanət calanmayacaq.
Amma siz, adamlar-üçüncülər bizə xəyanət edib arxadakı, tənha, quraq dağlardan uzaq düşdüz. Çölün tənhalığında dağların göz yaşlarından-daşlarından, qayalarından evlər tikib kəndlər yaradanda yuxu ovçusu gözlərinizi ovsunladı. Bütün ömrünüz yuxu ovçusunun zəbt etdiyi qarlı, uğultulu dağları izləməkdə keçdi. Xilqətinizi xəyanətlə ləkələdiz.
Yaşıl gözlərdən gözəl çöhrəyə, tənha çölə günlərlə göz yaşları yağış kimi yağdı. Ustadımın kövrək qəlbi dözmədi, kirli vücudlarınızı lənətləyib öz nəfəsindən hördüyü gözəl ruhları azad etdi. Azad etdi ki, yaratdıqlarını görüb sizlərə gülümsəsin. Sonra… Sonra quruca, çirkli ruhlarınız göründü göylərdə. Ustadım ağladı, çox ağladı. Hönkürtüsü qarlı dağların bağırtılı gülüşlərində əriyəndə utancından bağrı çatladı ustadımın. Gözlərini yumub xəyanətə bulanmış çölləri tərk etdi, quraq dağların bətnində girib heç oldu! Biz, tənha qaldıq!
O gün yuxu ovçusunun zülmət kölgəsi bütün çölü tutanda Biz-iki dərviş son dəfə yaşıl gözlərimizlə vidalaşıb ayrıldıq. Çapar əllərimizə zəncir vurub bizi yuxu ovçusunun iqtidarına məhkum etdi.
Sizin ləkəli ruhlarınız həmin gün dəvə vücudlarına həbs oldu. Qadınlarınız ilğımlara qovulmuş kəndlərdə həsrətinizi çəkdi. Hər dəfə dəvələr dağlara çapdıqca xəyalətləriniz onların tərkinə çıxar, qadınlarını sənə verib ayaqlarında yuxu ovçusuna çəkmələr aparardı. Çünki, yuxu ovçusu bir zamanlar ustadımın nəfəsi dəymiş çöllərdə yalın ayaq gəzməkdən qorxardı. Qorxardı ki, bu təmas onu ölümünə aparar.
Dağların bitdiyi yerə yetişəndə isə ləkəli ruhlarınız xəyanətdən təmizlənib bir cüt gözəl qanadlı vücudlara çevrilər, sonrasında həsrətini çəkdiyiniz maviliyin sahilində o möhtəşəm bədənlər heykəl olardı.
O gündən birinci dərvişi görməmişəm. Əkiz yüz illərdə mən quyulara məhkum ömrümü yaşayanda O, çöldə vücudlaşıb dərvişə çevrilir. Sonra sizlərdən birinin tərkindən zülmət quyuya yıxılır qürub yoldaşım. Mən yenidən yuxulardan oyanıb çölə qayıdıram. Vücudlaşıram. Bu əbədi təkrarların ilğımlarında yüz illərdir tənhayam.
O quyuda hər şey unudulur. Xatırlanan ancaq yuxulardır. Yuxularımızı danışırıq ona. Gördüyümüz röyalarla yuxu ovçusunun ömrünü uzadırıq. Onun şər ruhu yuxularımızdan bəslənir. Ustad, bizi bağışla!
Quyudan çıxıb dərviş vücuduma qovuşanda hər şeyi xatırlayıram. Ustadımın xilas pıçıltısı qulaqlarımı tutur. Yalın ayaqlarımla tənha, quraq dağlara tərəf addımlayır, ilğım kəndlərdən qaçıb dağların yamacına sığınmış yaşıl gözlü qadınları axtarıb tapır, onlardan birinin bətninə öz pak, təmiz ruhumdan üfürürəm. Sonra, o bətnlərdə xilas ümidim cücərir. Səndən əvvəlki də… Sən də… Sonrakı da… Hamınız mənim ruhumun övladlarısız. Xilqətinizdə xəyanətlə paklığın əbədi mübarizəsi var.
İndi, yenə öz bətnində ruhumdan bir parça dayışan qadınla qapına gəlmişəm. İçəridədir. Mənə qoşul! Ruhumun doğum günü sənin xilasın, mənim ölümüm olacaq! Körpənlə birgə tənha, quraq dağı izlədiyin qürub çağlarından birində xilasla hədiyyələcəksən! Sənə müjdəni birinci dərviş gətirəcək! Ölü vücudumu yanındakı qürub yoldaşımla çiyinləsən, qucağındakı pak ruhumla cənnət günlərinə qədər yolumuz var! Onda ruhun adamlıqdan çıxıb bir başqa olacaq! Bəyaz qanadlarla uçacaqsan göylərə!
Pıçıltım bağırtıya çevriləli çox olub. Sübh düşür. Sübh yelinin nəfəsini duyuram vücudamda. Bilirəm. Bilirəm ki, məni qucaqlamayan qolların artıq o maviliyin sahilində daşdır. Gözlərimi açacam, səndən əvvəlkilər kimi olmayacaqsan.
Amma, mən inanacam. İnanacam ki, öz ruhumdan üfürdüklərimin xilqətindəki xəyanət bir gün həmişəlik susacaq. O gün tənha çöl bizim səmavi göylərdəki uçuşumuzla aydınlananda dağları bizi izləyən bir qaraltının hönkürtüsü tutacaq. O hönkürtü ustadımın bağrında gizlidir.
Bəlkə, sən hələ burdasan. Sadəcə, vücudun heyrətdən donub. Qolların tərpənmir…
Getsən, qürubsuz axşamlarda, heykəllik ömründəsən. Qalsan, xilas uçuşumuza qədər bizi tənha dağın möhtəşəm qürub çağları gözləyir. O ki, ruhumun doğum günü yetişdi… Qalanı yuxu kimi.
İndi, ardına çevrilmiş gözlərim ruhumun seyrindən qayıdır.
Gözlərimi açıram…
Ya sənə…
Ya da ki, tənha çölə…
V
Bir vaxtlar onun iqtidarında xoşbəxt idim.
Qovuldum.
Çaparım qərib torpaqlarda qürub yoldaşım oldu.
Ruhumu quyudakı dərvişlərin sirli yuxularıyla bəsləyib didərgin ömrümü uzatdım.
Mübhəm röyalarla tənha çölləri yuxular aləminə qərq etdim.
Vədimə aldanmış qadınların övladlarının pak ruhlarına şər nəfəsimdən üfürüb üç şey öyrətdim korluq günlərində. Öyrətdiklərimin ustasına çevrilənlər zülmətdən azad gözlərini açanda işıqlı dünyada analarının ölü vücudlarını tapdılar.
Mən yuxu ovçusuyam.
Gen dünyada nə varsa, hamısı yuxudur.
Yüz illərdir ikindi vaxtı ayaqlarımdakı qara çəkmələrlə ustadıma qovuşmaq ümidində tənha, quraq dağların qürub çağına yeriyir, pıçıltılı duamda təkcə mənə məhrəm gözəl çöhrəni xəyalıma gətirib ona qayıdış üçün dua edirəm.
“Onlar xatırlamır, mən unutmamışam o cənnət günlərimi!
Aman Allah, sənsən bağrımdakı xiffətin səbəbkarı!
Sən, məni tənha qoydun!”
***
Quyunun ağzında yuxularımı gözləyirəm… Oyanır… Dərviş oyanır… Cüt gözlərin yaşıl parıltısını gördüm. Dilində yüz ilin bərkimiş, daşlaşmış röyalarının eşidilmək intizarı var.
Beləcə,
Başladı..
Yenidən..
Başladı..
Eşidirəm səsini..
Yuxular…