Sim-sim.az Pablo Nerudanın müsahibəsini təqdim edir
Argentinalı jurnalist Rita Quibert 1960-cı illərin sonunda Latın Amerikalı yeddi yazarla olan müsahibəsini “Yeddi Səs” adını verdiyi bir kitabda toplayıb. Borxes, Oktavio Paz, Xulio Kortasar, Qabriel Qarsia Markes, Kabrera İnfante, Migel Asturiasla birlikdə yeddi yazardan biri də Pablo Neruda idi. “The Paris Revıew”da yayımlanan həmin müsahibəni ixtisarla təqdim edirik:
– Adınızı niyə dəyişdirdiniz? Niyə Pablo Neruda?
– Həqiqətən, yaxşı xatırlamıram. O zaman 13-14 yaşlarındaydım. Atamın yazar olmağıma qarşı olduğunu xatırlayıram. Deyəsən, yazar olmağımın ailəm üçün də, mənim üçün də yaxşı nəticələnməyəcəyini, yaramaz bir adam olacağımı düşünürdü. Yazar olmağıma ailə daxili səbəblərə görə qarşı idi, amma bu səbəblərin mənim üçün bir önəmi yoxuydu. Özümü qorumaq üçün atdığım ilk addım adımı dəyişdirmək oldu.
– Neruda soyadını Çex şair Yan Nerudadanmı götürdünüz?
– Çex şairinin adını eşidib eşitmədiyimə əmin deyiləm. Amma o günlərdə qısa bir hekayəsini oxumuşdum. “Mala Strana Hekayələri” adlı kitabında Praqanın Mala Strana məhəlləsində yaşayan yoxsullardan bəhs edən hekayələri vardı. Bəlkə də, Neruda soyadını həmin vaxt götürmüşdüm. Dediyim kimi, çox zaman keçdi, yaxşı yadımda deyil. Amma çexlər məni özlərindən biri olaraq görürlər.
– Şeirlərinizi həmişə əllə yazırsınız?
– Bir qəzada barmağım qırıldı, aylarla yazı makinasından istifadə edə bilmədim. O zaman gənclik vərdişimə geri qayıtdım, yenidən əllə yazmağa başladım. Sonralar barmağım sağalanda da əllə yazısının daha həssas olduğunu,mətni tez redaktə edə bildiyimin fərqinə vardım. Gördüm ki, əl də bu prosesin bir parçasına çevrilir. Məncə, şeir əllə yazılmalıdır. Yazı makinasının şeirimlə aramdakı məhrəmliyi yox etdiyini, əlimin isə bu doğmalığı özümə qaytardığını anladım.
– Gündə təxminən neçə saat işləyirsiniz?
– Hər gün çox oxuduğumu və yazdığımı deyə bilmərəm. Əslində, sabahdan axşama qədər yazmaq istərdim, amma bir düşüncəni, deyimi yerli yerinə oturtmaq, ya da xəyalımdakı qarışıq düşüncələri ifadə edə bilmək bəzən bütün günümü, enerjimi alır. Qaldı ki, həyatı bütün gün iş otağımda oturaraq keçirməyəcək qədər çox sevirəm. Sabahdan axşama qədər oturmaq mənlik deyil, həyatda olanlarla, siyasətlə, evimlə, təbiətlə maraqlanmağı çox sevirəm. Amma günün hansı saatında olursa olsun, harada oluramsa olum, yazdığım zaman tamamilə şeirimə köklənə bilirəm. İzdihamlı bir yerdə olsam, ətrafımda onlarla adam danışsa, mübahisə etsə belə.
– Səni maşında yazarkən görmüşdüm.
– Harada və necəliyindən asılı olmadan həmişə yazıram.
– Nəsr yazmağı çox da ciddiyə almadın.
– Nəsr… Bütün ömrümcə şeir yazmağın önəmli olduğunu hiss etmişəm. Nəsrlə çox da maraqlanmıram. Bəzi fikirlərimi ifadə etmək üçün nəsrdən istifadə edirəm. Həqiqət budur ki, nəsr yazmaqdan imtina edə bilərəm. Sadəcə müvəqqəti olaraq yazıram.
– Əsərlərinizi bir yanğından qorumalı olsaydınız hanısı seçərdiniz?
– Yəqin ki, heç birini. Onlara nə üçün ehtiyacım var? Bir qızı qorumağı seçərdim… ya da detektiv hekayə kolleksiyasını… Bu məni öz əsərlərimdən daha çox əyləndirərdi.
– Borxeslə aranızda gərginlik olduğunu deyirlər.
– Borxeslə aramdakı gərginlik ciddi deyil. Bəlkə də, düşüncələrimiz fərqlidir. Şübhəsiz, anlayışla müzakirə edə bilərik. Mənim düşmənlərim başqalarıdır, yazarlar deyil. Mənim düşmənlərim imperialistlər, kapitalistlər və Vyetnama bomba atanlardır, Borxes yox.
– Borxesin əsərləri haqqında nə düşünürsünüz?
– Borxes böyük yazıçıdır. İspanca danışan bütün xalqlar onun varlığıyla qürur duyurlar. Xüsusən də Latın Amerikalılar. Çünki Borxesdən əvvəl Avropalı yazıçılarla müqayisə edə biləcəyimiz çox az ədibimiz var idi. Böyük yazıçılarımız vardı, amma onun kimi bəşəri bir yazar dünyada azdır. Onun “ən böyük” olduğunu deyə bilmərəm, amma Avropanın diqqəti və intellektual marağının bizim ölkələrimizə yönəlməsi onun sayəsində oldu. Bütün deyə biləcəyim bu qədər. Hamı Borxeslə mübahisə etməyimi istəyir deyə onunla mübahisə etməyəcəm. Əgər o bir dinozavr kimi düşünürsə, bunun mənimlə əlaqəsi yoxdur. Mən onun modern dünyada baş verən heç bir şeyi anlamadığını düşünürəm, o da mənim heç bir şey anlamadığımı düşünür. Demək, anlaşırıq.
– Bazar günü argentinalı gənclərin gitaranın müşayiəti ilə Borxesin bir milonqasını oxuduqlarını gördük. Bu sizi məmnun etdimi?
– Hər şeydən əvvəl belə bir hermetik, sofistik və intellektual şairin doğru bir münasibətlə kütləvi mövzuya çevrildiyinə görə Borxesin milonqasını bəyəndim. Latın Amerikalı şairlər onu təqlid etməlidirlər.
– Heç Şili xalq mahnısı yazmısınızmı?
– Bu ölkədə məşhur olan bir çox mahnılar yazmışam.
– Lorkanın ölümündən əvvəl yazdığınız “Federiko Qarsia Lorkaya ithaf” şeirinizdə onun faciəli sonunu öncədən görmüşdünüz.
– Bəli, o şeirin belə qəribə bir tərəfi var, ölümünü təxmin etmişəm…. Qəribə deyirəm, çünki Federiko çox xoşbəxt, çox şən biriydi. Onun kimi çox az insan tanıdım. Sanki həyat eşqi onda cismləşmişdi… Həyatın hər anının dadını çıxardır, ətrafındakılara xoşbəxtlik bəxş edərdi. Bu səbəbdən öldürülməsi faşizmin ən bağışlanmaz günahlarından biridir.
– Yaradıcılığınızın fərqli mərhələləri varmı?
– Bu məsələ haqqında düşüncələrim qarışıqdır. Əslində, mənim mərhələlərim yoxdur, onları ədəbiyyatşünaslar kəşf edirlər. İnsan mərhələlərlə yaşamaz. Ya da bir dönəmin nə zaman başlayıb nə zaman bitdiyini heç kim bilə bilməz. Mənim şeirimin bir məziyyəti varsa, o da orqanizm olmasıdır; şeirim orqanikdir və mənim bədənimdən çıxar. Uşaqkən şeirlərim də uşaqdı, gənckən şeirlərim gənc, ağrılı dönəmlərimdə laqeyd, müharibəyə getməyə məcbur qaldığımda isə təcavüzkar oldu. Bu gün yazdığım şeirdə hələ də bu təmayüllərin təsiri var. Bu barədə əlavə deyəcəyim bir sözüm yoxdur. Hər zaman daxildən gələn bir ehtiyacla yazdım, məncə bu bütün yazıçılar, xüsusən bütün şairlər üçün keçərlidir.
– Şeirlərinizi oxuyanda insanlar necə reaksiya verirlər?
– Məni çox sevirlər. Bəzi yerlərə girə bilmirəm, ya da çıxanda çətinlik yaşayıram. Məni izdihamdan qoruyan xüsusi insanlar var, çünki insanlar ətrafıma toplaşıb qarışıqlıq yaradırlar. Bu hər yerdə olan bir şeydir.
– Əgər prezident seçilsəniz, yazmağa davam edəcəksiniz?
– Mənim üçün yazmaq nəfəs almaq kimi bir şeydir. Nəfəs almadan yaşaya bilməyəcəyim kimi yazmadan da yaşaya bilmərəm.
– Əgər prezident olmaq və Nobel mükafatı arasında qalsaydınız, hansını seçərdiniz?
– Bunlar xəyali şeylərdir, bu suala cavab verməyim çətindir.
– Bəs bu saat prezidentliyi və ya “Nobel”i bu masanın üstünə qoysalar?…
– İndi onları tam önümə, bu masaya qoysalar, gedib bir başqa masada əyləşərdim.
Tərcümə edən: Ramil Əhməd /artkaspi.az/