HENRİ MİLLER
Henri Miller “Xərçəng tropiki” əsəri üzərində işləyərkən yazıçı və onun gündəlik yaradıcılıq fəaliyyəti ilə bağlı 11 prinsip və xüsusi gün rejimi hazırlamışdı. Bu prinsiplər sayəsində o, əsərini tamamlaya bildi:
- Bir şeyi bitirməmiş o birinə keçmə.
- Yeni kitaba başlama, “Qara bahar”a fəsil əlavə etmə.
- Həyəcanlanma. Sakitləş, hər şeyi unut və əlində olan materialın üzərində həvəslə işlə.
- Əhvalına görə yox, proqram əsasında işlə. Əvvəlcədən təyin etdiyin vaxtda dayanmağı bacar!
- Yaratmaq mümkün olmayanda, işləmək olar.
- Əsərə yeni şeylər əlavə etmək əvəzinə yazdıqlarını tədricən möhkəmləndir, konkretləşdir.
- İnsan olduğunu unutma! Digər insanlarla görüş, adam arasına çıx, ürəyin istəyirsə, iç.
- Məcbur olduğun üçün yox, zövq alaraq işlə.
- İstədiyin vaxt bu proramdan kənara çıx, ancaq səhəri gün iş rejimini bərpa et. Diqqətini topla. Fəaliyyət dairəni daralt. Artıq şeyləri xaric elə.
- Yazmaq istədiyin digər kitabları unut. Yalnız indi yazdığın barədə düşün.
- “Yazı” hər şeydən önəmli olmalıdır. İncəsənət, musiqi, dostlar və kino sonra gəlir.
Gün rejimi:
Səhər – Gücün yoxdursa, qeydlər et və onları qruplaşdır. Bu sənə ilham verə bilər. Özünü yaxşı hiss edirsənsə, yaz.
Gündüz – Gördüyün işin bir hissəsi qarşındadır. Diqqətini yayındırmadan bu hissəni tamamlayana qədər yaz.
Axşam – Dostlarla görüş, bir kafedə oturub oxu. Yad küçələrdə müşahidələr apar. Hava rütubətlidirsə, piyada, qurudursa, velosipedlə gəz. Kefin yaxşıdırsa, yaz. Boşluq və yorğunluq hiss edirsənsə, şəkil çək. Qeydlər və planlar tərtib et. Onlara düzəliş ver.
Qeyd: Gündüz vaxtının bir hissəsini muzey ziyarəti, cızma-qara və velosipedlə gəzintisi üçün ayır. Kafelərdə, qatarlarda və küçələrdə cızma-qaralar elə. Filmə az bax! Həftədə bir dəfə yoxlama üçün kitabxanaya get.
CON STEYNBEK
Nobel mükafatı laureatı və Pulitser mükafatının sahibi Steynbek 1975-ci ildə The Paris Review jurnalına verdiyi müsahibədə yaradıcılıq sirlərini bölüşüb:
- İşinizin bitəcəyi gün barədə əvvəlcədən düşünməyin. Məsələn, 400 səhifə yazmalı olduğunuzu unudun. Sadəcə gündə bir səhifə yazın. Bir gün əsərin artıq hazır olduğunu görəndə təəccüblənəcəksiniz.
- Ürəyinizdəkiləri kağıza boşaltmaq üçün rahat və bacardığınız qədər sürətlə yazın. Son nöqtəni qoyana qədər düzəlişlər, köçürmələr etməyin. Yazdığını qaralamadan köçürmək irəli getməmək üçün bir bəhanədir. Bu həmçinin azad fikir axınına və iş ritminə mane olur.
- Auditoriyanı unudun. Birincisi, simasız kütlə sizi qorxuda bilər. İkincisi, auditoriya ancaq teatrda olur, ədəbiyyatda yox. Ədəbiyyatda sizin auditoriyanız bir oxucudur. Belə nəticəyə gəlmişəm ki, çox vaxt tanışlardan birini seçib, yaxud personaj uydurub ancaq onun üçün yazmaq hər şeydən yaxşıdır.
- Əgər səhnə və ya fəsil alınmırsa və bundan yaxşısını yaza biləcəyinizi düşünürsünüzsə, onu olduğu kimi saxlayıb yola davam edin. Yazını bitirəndən sonra yenidən həmin hissəyə qayıdın. Çox yəqin mətnin bu hissəsi yerində olmadığına görə işinizdən narazı qaldığınızı aşkarlayacaqsınız.
- Sizə əziz olan, çox sevdiyiniz epizoda mətnin digər hissələri ilə nisbətdə daha ehtiyatla yanaşın. Adətən belə epizodlar əsərin ümumi ab-havasına uyğunlaşmırlar.
- Yazdığınız dialoqu yüksək səslə oxuyun. Ancaq bu zaman dialoq əsl nitq kimi səslənəcək.
KURT VONNEQUT
XX əsrin böyük amerikan yazıçısı və jurnalisti bir video-müsahibəsində yaxşı hekayə yazmaq istəyənlərə məsləhətlər verib:
- Oxucunun – sizə tamamilə yad bir adamın – vaxtını elə təşkil edin ki, o, bir anını belə boşa xərclədiyini düşünməsin.
- Oxucuya özünü eyniləşdirə biləcəyi azı bir personaj verin.
- Hər bir qəhrəman nə isə istəməlidir – bu hətta bir stəkan su da ola bilər.
- Hər cümlə bu iki məqsəddən birinə xidmət etməlidir – ya xarakteri açmaq, ya hadisələri inkişaf etdirmək.
- Nəticəyə mümkün qədər yaxın nöqtədən başlayın.
- Sadist olun. Qəhrəmanlarınızın nə qədər mehriban və məsum olduğu vacib deyil. Qoy, onların başına dəhşətli şeylər gəlsin.
- Ancaq bir adamı razı salmaq üçün yazın. Əgər pəncərəni açıb sevginizi bütün dünya ilə paylaşmaq istəsəniz, hekayəniz pnevmoniyaya yoluxar.
- Oxucuya sıxılmış formada mümkün qədər çox informasiya verin. Cəhənnəm olsun məchulluq! Oxucu baş verənləri anlamalı və tarakanlar kitabın son səhifəsini yesələr də, hekayəni sizin köməyiniz olmadan tamamlaya bilməlidir.
CEK KERUAK
Keruakın “Nəzm və həyat üçün texnikalar, postulatlar”ı ədəbiyyat və ümumilikdə həyat haqqında maraqlı məqamlarla zəngindir:
- Şəxsi zövq üçün tələsik yazılan gizli qeyd kitabçaları və çılğın anlarda maşında yığılan səhifələr.
- Ətrafdakılara həssas yanaşma, dinləmə qabiliyyəti.
- Evdən kənarda sərxoş olmamaq.
- Həyatını sevmək.
- İstənilən duyğu çıxış yolunu və formasını tapacaq.
- Sözün hərfi mənasında qrammatik və sintaktik aspektlərdən azad olmaq.
- İtkini həmişəlik qəbul etmək.
- Beynində qaynayan fikir axınını çatdırmağa çalışmaq.
- Siz həmişə dahisiniz.
Tərcümə edən : İlahə Əkbər