Sim-sim.az tanınmış tənqidçi Mehman Qaraxanoğlunun 65 yaşı münasibətilə qələm dostları Zakir Məmmədin, Şərif Ağayarın, Mübariz Örənin, Emil Rasimoğlunun təbriklərini təqdim edir.
Zakir Məmməd – İşıq zolağı…
Yazıçı Mehman Qaraxanoğlunun 65 yaşı tamam oldu. Bu cümlədəki bir neçə ifadəyə ayrıca şərh vermək gərəkir. Bunun biri “yazıçı” kəlməsidir ki, biz adətən, hekayə, roman yazana “yazıçı” deyirik. Əslində “yazıçı” ifadəsinin rəsmi sənədlərdə ümumi anlam kəsb etdiyi ifadə olunubdur. Bir də ki, kiminsə şair, esseist, ya nasir kimi fəaliyyəti ədəbiyyatdakı janr müxtəlifliyi ilə bağlıdır və bu, epizodik səciyyəlidir. Bütün janrları bir termində ümumiləşdirəndə “yazıçı” sözü alınır. Bu üzdən, Mehman müəllim yazıçıdır və öz böyük romanını yazmaqla məşğuldur. İkinci söz “65” rəqəmi ilə bağlıdır. “65” bir insanın həyatda yaşadığı illərin sayını bildirən faktdır. Yəni M.Qaraxanoğlu bu dünyada nə az, nə çox, düz 65 il yaşayıbdır. Məsələ burasındadır ki, dünyada 65 il yaşayan insanların sayı-hesabı yoxdur. Fəqət hər bir faktın, rəqəmin məzmunu eynən hərf və söz kimi, kontekstdə bəlli olur. 65-in barı-bərəkəti, sirri-sehri nədirsə, nə boydadırsa, Mehman müəllim ədədləri, rəqəmləri də bir o qədər əziz tutur. O özü də 65-in “fayda və zərərlərindən” gen-bol yazıb fikirlərini oxucu ilə bölüşübdür. Bu keyfiyyət M.Qaraxanoğlunun qələminin rəqəmsallığı ilə bağlıdır. Qələm adamlarının həyatının rəqəmlərlə tanıdılmasının tarixi qədimdir. Rəqəm, say kontekstində fəlsəfi məna axtarıb tapmaq da ədəbiyyatın vəzifəsidir.
Mehman bəy rəngləri çox sevir, necə deyərlər, sözün də yaxşı mənada rənglisini xoşlayır. Rəngli ekranlar müasir həyatımızın bir əlaməti olduğu kimi, Mehman bəyin də rəng duyumunda müasir həyatımız qaynayıb-daşır. Yazıları ədəbi prosesin içində irəlini aydınladan işıq zolağı kimidir. Bizim bir çox məşhur yazıçılarımız vaxtilə şeir tərəfdən nəsr tərəfə keçiblər və bu tərəfdə qazancları daha çox olubdur. Mehman Qaraxanoğlu ədəbiyyatın sərhədlərini “bu tərəfə” şair kimi keçibdir və onun şeirinin üslub xüsusiyyətləri elədir ki, bu üsul və vasitələrlə daha geniş və rahat əraziyə, üslubların qovşağına yön almağın mümkün olacağı bəlli idi. Məsələn, hələ o zaman onun postmodern estetika sahəsində əldə etdiyi iş praktikası çərçivəni daha da böyütdü, sonrakı tənqid-təhlil mətnlərində poetik aksessuarları bir qədər də təkmilləşdi. Daha çox Kamal Abdullanın mətnlərinə istinad etməsi də bu bədii ehtiyacdan irəli gəlibdir. Ümumən, M.Qaraxanoğlu kimi sənətkarların qələmində janr seçimi və məhdudiyyəti yoxdur. Onun mətninin energetik gücü janrı yox, metodikanı üstün tutmasındadır. O sanki bədii mətnə yeni poetik cərəyan qoşur, əsərin (bədii yaddaşın) uzunömürlülüyünü təmin etmiş olur. “Dünya-mətn” doğru-dürüst M.Qaraxanoğlunun esselərində daha asan oxunur. Söz onun nəzərində bağlı boğçadır. Ona görə onun “sirrinin” açılması həmişə maraq doğurur. Görəsən, içində nə var? Onun nitqi və intonasiyası həm də bu sualın yaratdığı fikir, mülahizə zənciridir. O, bu iplərlə, zəncirlərlə yerin altına xəbər dalınca gedən nağıl qəhrəmanlarına bənzəyir.
Qaraxanoğlu qafiyəni mahiyyətin içində arayan sənətçidir. Təsviri sənət, boyakarlıq, qrafika… sadəcə olaraq, “əşyanın” rəsmi kimi “lallıq” kəsb etsə də, onun anlamı rəssamın fikrindən, boyanın, cizginin “altından yazılacaq” cümlədən asılıdır. Beləliklə, bütün təsvirçilərin uğuru sözün başına fırlanmaqdan keçir. Bir şərtlə ki, söz – adamı (adamını) tanımalıdır. Müasir elektron sistemlərdə cihazlar bir-birini necə tanıyırsa, sənət ortaqlığı sənət adamlarının ümumi iş prinsipi olmalıdır. Mehman müəllimin mətni fikir, təsvir paralelləri ilə boy verir, yazı, cümlə, quruluş və sosial düşüncə komplekslərini dağıtmaqla özünə (mətnə) yol açmağa nail olur. Sənəti ümumi ədəbi-bədii rakursda dəyərləndirməyi, mətnin təhlilində sintetika üsulu ilə işləməyi sevir. Bu onun yaradıcılığının ekfrasis mahiyyətindən irəli gəlir.
Mehman müəllimin mövzu seçimi, təhlil-tənqid sxemləri, bütövlükdə ədəbi külliyyatı müasir dünya ədəbiyyatı, onun bioloji ömrü isə ədəbiyyatın uzunömürlülüyü kontekstində dəyərləndirilməlidir.
Canın sağ, ömrün uzun olsun, əziz Dostum.
Şərif Ağayar – Ucalıq arzusu
Şair deyir, kəpənəklər otların və çiçəklərin bir-birinə sevgi məktubudur. Amma məncə otlar və çiçəklər kəpənəksiz də ünsiyyət qura bilirlər. Kəpənək onlara, sadəcə, öz sevgilərini nümayiş etdirmək üçün lazımdır. Demək, əslində, otlar və çiçəklər kəpənəyi bir-birinə deyil, bizə göndərirlər. Bir növ şeir, hekayə yazır, rəsm çəkir, hətta, desən, mahnı bəstələyirlər. Yazarla tənqidçinin ünsiyyəti də belədir. Şəxsən mən Mehman müəllimə kəpənəksiz də öz ehtiramımı izhar edə bilərəm. Onunla ünsiyyətim üçün mövcudluğu kifayətdir. Bir də görürsən yazmadığım yazıdan danışır, açmadığımız mətləbdən təsirlənirəm. 65 yaşına isə, səmimi deyim, inanmadım. Burda nəsə bir iş var. Ya sənəddə tarix səhv göstərilib, ya da adam gənclik iksirini tapıb. Müdrikliyə qalanda, yaşla əlaqəsi yoxdur. Müdriklik anadangəlmədir. İcazə verin, yazmadığım yazıdan danışdığım, açmadığım mətləbdən təsirləndiyim kimi, inanmadığım yaşdan da şirin bir sovqat istəyim: neçə olur-olsun, ayağı sayalı olsun, öz əfəndisini ucalıqdan əskik eləməsin.
Emil Rasimoğlu – Rəqəmlərə uzaqdan baxan təbrik məktubu
Hazırkı çağımızın ədəbiyyatşünaslarının, tənqidçilərinin əksəriyyətinin yazı müstəvisində ortaq cəhəti mətnə, sadəcə, müəyyən standart, texniki, monoton prinsiplərlə yanaşması, daxili qatlara enə bilməməsi, gerçək bədii məziyyətdən uzaq qalmasıdır. Bu nüansı ədəbi təfəkkürün və müasir dövrün daşlaşmış problemi adlandırsam daha doğru olar…
Ancaq vurğuladığım qəbildən olan az qism imza var ki, onların qələmində belə demək mümkündürsə, posttəfəkkür gücü sayəsində bu kimi boyat problemlər öz həllini birmənalı olaraq tapır.
Bu il yubiley yaşını qeyd edən tənqidçi, ədəbiyyatşünas Mehman Qaraxanoğlu da həmin ismlərdəndir…
Mütəmadi olaraq mətbuatda çıxışlarını izləyirəm. Təbii ki, müəyyən məqamlarda fikir ayrılıqlarımız olsa da, bir böyük dəlil var ki, o, real sənətin mahiyyətinə tapınmaqla az öncə vurğuladığım kütləvilikdən özünü ayıra bilmişdir.
Onun ədəbi düşüncələrində mətnin sərhədsiz fövqünə sirayət etmə potensialı, ədəbiyyatın qandalsızlıq fəlsəfəsinə enmə enerjisi, boz strukturdan imtina cəhdi və buna nail olmaq nöqtəsi özünü daim açıq-aydın şəkildə göstərir. Əslində, Mehman Qaraxanoğlu bəşəri çərçivədə hadisəni müşahidə edən obyektdən hadisəni törədən obyektə çevrilmək prosesini şüuraltı olaraq yaşaya bilir. Şübhəsiz ki, bu onda özündən biixtiyar yox, birbaşa mətnə hökmü ilə baş verir. Çox incələmək olar…
…Rəqəmlər sadəcə görüş yerlərinin ünvanıdır. Əsas yaşamaq haqqıdır. Yaşamaq haqqınız daim əlinizdə olsun, Mehman Qaraxanoğlu! Ömrün sonrakı fəsillərində rastlaşmaq ümidilə…
Mübariz Örən – Mətnlərimizin dostu
Həyatda çox dostarımız, yoldaşlarımız olur; bir yerdə oxuyursan, xidmət edirsən, işləyirsən, nələrisə qazanırsan, nələrisə itirirsən, bərkə-boşa düşürsən, çətinliklərə sinə gərirsən… Sonra elə olur ki, taledi, bir yerdən başqa yerə, ya bir şəhərdən başqa şəhərə köçürsən, həyatında təzə adamlar peyda olur, dostlaşır, doğmalaşır, köhnələr isə, – kədərlidi! – yavaş-yavaş unudurur, yaddan çıxır, heç olmamış kimi… Beş-üç ən yaxın dost həmişə var, təbii!
Atalarımızın da dostları olub. Baxmayaraq ki, o dostları biz qazanmamışıq, amma daha etibarlı, mərd olublar; qələbəmizə seviniblər, məğlubiyyətimizə kədərləniblər, acı göz yaşları axıdıblar.
Bir də var mətnlərimizin dostu, qəribədir; mətnlərimizin bizə qazandırdığı dostlar! Belə şey olmamışdı. Bu dostluğu mən ilk dəfə Mehman Qaraxanoğludan gördüm: əvvəllər heç vaxt görmədiyim, həyatda tanımadığım adam, – lap sonralar Yaradıcılıq Fakültəsində ötəri bir tanışlığımız oldu, düzdü, – bir də baxtım ki, ən yaxın dostlarımdan, xeyirxahlarımdan birinə çevrilib. “Qar Tanrısı” sayəsində, bəli. O hekayəni oxuyub elə şövqlə təhlil eləmişdi ki, bəhs etdiyi mətn belə o təhlilin yanında şil-küt, ruhsuz-qanadsız görünürdü. Sonralar o şövqü başqa müəlliflərin – K. Abdullanın, Ş. Ağayarın, Ataqamın… əsərlərinə yazılan təhlillərdə də gördüm. Ədəbiyyatımızda doğulan ən yaxşı mətnlərə M. Qaraxanoğlu qədər sevinən adamlar azdı. O, əsl söz bilicisi, söz sərrafı olmaqla yanaşı, həm də əsl söz Aşiqidi!
Yaxşı heç bir mətn Mehman müəllimin gözündən, nəzərindən qaçmır, – müəllifinin kimliyindən, nəçiliyindən asılı olmayaraq.
Məəttəl qaldım: bu yaxınlarda yazıçı Şərif Ağayarın “YeniYaz” ədəbiyyat saytında “Ən yaxşı hekayəmiz” layihəsində yer alan hekayələrin, belə məlum oldu ki, hamısından M. Qaraxanoğlu yazıb.
Mehman Qaraxanoğlu bəyəndiyi mətnin müəllifini Müəllim ərkilə dinc oturmağa qoymur, təzə əsrlər təmənnası ilə boynuna əlavə məəsuliyyətlər yükləyir, “təzə xammal” tələb edir.
Bu gün Mehman Qaraxanoğlunun 65 yaşı tamam olur. Bu münasibətlə Müəllimi ürəkdən təbrik edirik, dost ərkilə tələb edirik: “Zəhmət çəkin, yüz yaşayın! “Xammalımıza” yiyə durun!”