Manuel Muxika Laynes (1910-1984) argentinalı yazıçı, esseist və tərcüməçidir. Argentinanın məşhur aristokrat ailəsində dünyaya gəlib. Siyasi, tarixi mövzulu əsərləri, həmçinin, Şekspir, Molyer, Morivo və s. yazıçılardan tərcümələri ilə tanınıb. Borxes onun “Kumirlər” romanını şəxsi kitabxanasına daxil edib. Argentinanın bir çox mühüm ədəbi mükafatlarına layiq görülüb, həmçinin, Fəxri Legion Ordeni ilə təltif olunub. Ölkəsində onun adına fond yaradılıb və mükafat təsis edilib.
Evdən çıxanda pişikləri bir otağa yığıb qapını bağlayırdı. Onları mebellərin altından, pərdələrin qatlarından, kitabların arxasından bir-bir yığıb qucağında yataq otağına gətirirdi. Pişiklər buradakı nimdaş divanda yerlərini rahatlayıb onun qayıtmağını gözləyirdilər. İllərin keçdikcə, bəzi balalardan canını qurtardıqca, dörd, altı, bəzən də yeddi pişiyi olardı, amma hamısı bir-birinə bənzəyərdi – boz, zolaqlı və zilqara.
Serafin pişik sürüsünün əzəmətli böyük güzgünün altındakı komoda dırmaşacağından qorxur, onları arta-arta xudmani bir binaya çevrilmiş köhnə evdəki miskin mənzilinin (bir başında hamamı olan) balaca qonaq otağına buraxmırdı.
Miras qalmış bu güzgü ev sahibinin yeganə dəbdəbəli əşyasıydı. Güzgü çox böyük idi, Yelizaveta dövründən qalma qıvrımlı, qızılı çərçivəsi var idi. Serafin işdən qayıdandan sonra vaxtının çoxunu onun qarşısında keçirirdi. O, komoddan bir az aralıda (həmişə eyni pozada) əyləşərək görkəmli çərçivənin içində görünən təsviri seyr edirdi: oradan ona baxan, müəmmalı üz ifadəsinə, inkarolunmaz gözəlliyə malik oğlanın sol əli yaxasında bir gül kimi açılmışdı, onlar gözlərini bir-birinə zilləyirdilər. Sonra pişiklər yataq otağının qapı aralığından keçərək sakitcə onu dövrəyə alırdılar. Onlar bilirdilər ki, qonaq otağında qalmaqdan ötrü özlərini unutdurmalı, tənha adamın meditasiyasını pozmamalıdırlar. Beləcə, bu məxməri varlıqlar, az qala, bir ruha çevrilərək seyrçinin yan-yörəsində uzanırdılar.
Əvvəllər heç olmasa, kitab oxuyaraq, ya da köhnə fonoqrafda musiqi dinləyərək fikrini dağıdırdı. Artıq bunların yerini də güzgünu seyr etmək almışdı. Serafin həyat şərtlərinin onun boynuna qoyduğu kədərli məcburiyyətlərin öhdəsindən bu yolla gəlirdi. Heç nə – nə ən möhtəşəm kitab, nə ən zövqlü musiqi ona güzgüdəki əksin verdiyi dincliyi, xoşbəxtliyi bəxş edirdi. Yorğun, məyus və yaralı halda gizli sığınacağına qayıdırdı, bu sifətin, yaxasında çiçək kimi açılan bu əlin saflığı isə onu yenidən canlandırırdı. Lakin o güzgüdən aldığı bu həyat enerjisini heç bir şeyə sərf etmirdi. Artıq demək olar ki, otaqları da təmizləmirdi, döşəmənin, mebellərin, divarların üstünü, heç vaxt üstü yığılmayan yatağın yan-yörəsini kir basmışdı. Yeməyi də güclə yeyirdi. İnzivasının yeganə şahidi olan pişiklər üçün gətirdiyi ət tikələrinin qalıqları mənzilin səliqəsizliyinə səliqəsizlik qatırdı, qonşular pis qoxudan şikayətlənəndə isə Serafin sadəcə çiyinlərini çəkməklə kifayətlənirdi, çünki deyilənləri dərk etmirdi; Serafin güzgüsündən başqa heç nəyə əhəmiyyət vermirdi. Güzgü bu xarabalığın və zibil yığının ortasında təntənəylə parıldayırdı. Çərçivə işıldayırdı və sanki orada əks olunan yaraşıqlı oğlanın da içindən işıq yayılırdı.
Bu anlarda pişiklər kölgə kimi var-gəl edirdilər. Bir gecə Serafin yenə güzgü qarşısında əyləşib əsas vəzifəsini yerinə yetirərkən, pişiklərdən biri dəli kimi miyoldayıb komodun üstünə sıçradı. Serafin onu hiddətlə itələdi. Düzdür, pişiklər bir də buna cəhd etmədilər, amma kənardan baxan, onun kimi özünü unudub seyrə dalmayan hər bir kəs onların həyəcanında, gözlərinin parıltısında gizli bir istək sezə bilərdi, bu istək onun tənhalığına şərik olan pişiklərin içini titrədir, tüklərini biz-biz edirdi.
Bir dəfə Serafin özünü hədsiz pis hiss elədi. İşdən qayıdandan sonra burada yaşayandan bəri ilk dəfə idi ki, güzgünün ona hər gün eyni sədaqətlə bəxş etdiyi gizli xoşbəxtlikdən imtina edərək yataqda uzandı. O, nə pişiklərə, nə də özünə yemək gətirmişdi. Bu dəyişiklikdən çaşbaş qalmış pişiklər sakitcə miyoldayaraq onun yatağını dövrəyə aldılar. Saatlar keçdikcə onlar aclığın verdiyi cəsarətlə dişləriylə, dırnaqlarıyla yataq örtüyündən yapışdılar, amma hərəkətsiz sahibləri onlara fikir vermədi. Beləcə, səhər açıldı, günorta keçdi, o, hələ də vəziyyətini dəyişmədən uzanmışdı, əsirləri isə aclıqdan lap məyus olmuşdular. Pişiklər elə bu anı gözləyirmiş kimi qonaq otağına cumub çarəsizcə miyoldamağa başladılar.
Hər şeydən üstün güzgünün əzəməti bu səfaləti inkar edirdi. O, qaranlıqda lampa kimi parıldayırdı. Pişiklər komodun üstünə hoppandılar, nəhayət sərbəst qalmağın sevinci və bir az da qəzəblə güzgünü cırmaqlamağa başladılar. Sonra Serafinin güzgünün başına yapışdırdığı naməlum oğlan şəkili – yəqin ki, məşhur bir tablonun surəti, yaxud hansısa naməlum bir adamın fotosu idi, amma bunu heç vaxt heç kim bilməyəcəkdi, çünki qonşular içəri girəndə yalnız ətrafa səpələnmiş kağız parçaları ilə qarşılaşmışdılar – Serafinin uydurduğu təsvir simulyakrının altındakı şüşədən qığılcımlar çıxaran, cıran, parçalayan, korlayan pəncələrin qəzəbinə təslim oldu.
Sonra pişiklər qorxunc, eybəcər kişinin, ümidsiz Narsistin sol əlini yaxasında çiçək kimi açaraq uzandığı yataq otağına qayıtdılar və onun paltarlarını parçalamağa başladılar.
İspancadan tərcümə edən: İlahə Əkbər