Mariana Enrikes argentinalı jurnalist və yazıçıdır. O, bir neçə roman və hekayə toplularının müəllifidir. Hekayələri bir çox ölkələrin antologiyalarında yer alıb. “Gecənin bizə aid hissəsi” romanına görə “Herralde de Novela” mükafatına layiq görülüb. “Yanğında itirdiklərimiz” hekayələr toplusu isə “Premio Ciudad de Barcelona” mükafatını qazanıb.
Yanğında itirdiklərimiz
Hər şey metrodakı qızla başladı. Birinci ondan danışdılar. Ya da belə deyək, onun gücünü, tək başına çoxlu tonqal qalaya bilməyini müzakirə edənlər oldu. Yeraltından gələn bu qız xütbələrini yalnız şəhər metrosunun altı xəttində səsləndirirdi, onu heç kim müşayiət etmirdi. Onu yaddan çıxarmaq qeyri-mümkün idi. Üzündə və qollarında böyük yanıq izləri vardı; o, dodaqsız ağzını və uğursuz əməliyyatla yarımçıq bərpa olunmuş burnunu gizlətmədən sağalmaq üçün nə qədər vaxt sərf etdiyindən, infeksiyalar, xəstəxanalar və ağrılarla keçən aylardan bəhs edirdi; bircə gözü qalmışdı, digər gözünün yerində isə boş dəlik vardı. Bütün üzü, başı, boynu hörümçək torunu xatırladan qəhvəyi maska kimiydi. Ənsəsində bir çəngə uzun saç qalmışdı (bu, başında alovun toxunmadığı yeganə yer idi) və bu maska təəssüratını daha da artırırdı. Alovun dilləri ona uzadılan pulları yığmaqdan kirlənmiş qəhvəyi əllərinə də çatmamışdı.
O, xeyli cəsarətliydi: vaqonda sərnişin az olurdusa və əksəriyyəti otururdusa, onları öpüşərək salamlayırdı. Bəziləri ikrahla üzünü çevirir, hətta nəfəsini tuturdu; bəziləri öpüşü qəbul edərək vicdanını rahatladırdı; bəzilərinin də tükləri biz-biz dururdu. Yay vaxtı hamı açıq geyindiyi üçün bunu görə bilir, adamların biz-biz duran tüklərini kirli barmaqları ilə sığallayır və yaranı xatırladan ağzına bir təbəssüm qondururdu. Onun mindiyini görən kimi vaqonu tərk edənlər də olurdu. Onu yaxşı tanıyırdılar və bu eybəcər sifətin öpüşünü istəmirdilər.
Metrodakı qız dar cinslər, şəffaf koftalar geyinərdi, hətta lap isti günlərdə dikdaban səndəldə gəzərdi. Boynunu-boğazını boyunbağılar, zəncirlərlə bəzəyərdi. Onun bədəninin şəhvətli olması, izaholunmaz dərəcədə təhqiramiz idi.
Dilənəndə əvvəlcədən açıq-aydın deyirdi ki, pul plastik əməliyyatlar üçün yığmır. Çünki bunun mənasız olduğunu, üzünün heç vaxt əvvəlki kimi olmayacağını bilirdi. Pulu gündəlik xərclər, kirayə və yemək pulunu ödəmək üçün istəyirdi. Axı belə üzlə heç kim ona iş vermirdi, hətta üzünün görünməyə ehtiyac duyulmadığı işlərdə belə. Adətən xəstəxanada keçən günlərindən danışandan sonra onu yandıran adamın adını çəkirdi: əri Xuan Martin Pozzi. Onunla üç il evli qalmışdı. Uşaqları yox idi. Əri aldadıldığını düşünürdü və haqlıydı: o, ərini tərk etməyə hazırlaşırdı. Xuan Martin də buna mane olmaq üçün onun həyatını məhv etmişdi. Ya onun olacaqdı, ya da heç kimin. Qız yatanda üzünə spirt töküb alışqanla yandırmışdı. O, uzun müddət danışa bilmədi, xəstəxanada yatırdı və hamı ölümünü gözləyirdi. Alçaq Pozzi isə mübahisə elədiklərini, onun öz üstünə içki dağıdığını, üst-başının qurumağını gözləməmiş siqaret çəkməyə başladığını və beləcə özünü yandırdığını demişdi.
– Və hamı buna inanmışdı, – metrodakı qız dodaqsız, kərtənkələ ağzı ilə gülümsəyirdi, – Hətta atam da…
Lakin özünə gələn kimi həqiqəti danışmışdı. İndi əri həbsdəydi. O, vaqonu tərk edəndən sonra camaat onun haqqında danışmazdı, hamı susardı. Amma arada relslərin taqqıltısı ilə pozulan sükut onların əvəzinə “nə iyrənc, nə qorxunc idi, bunu heç vaxt unutmayacam, bundan sonra gəl yaşa da” deyirdi.
Bəlkə də hadisələri metrodakı qız tətikləməmişdi, amma Silvina ailəsinin ondan təsirləndiyinə inanırdı. Bir bazar günü günorta anası ilə kinodan qayıdırdılar (bu, nadir hal idi, demək olar ki, heç vaxt birlikdə gəzməyə çıxmırdılar). Metrodakı qız yenə vaqonda camaatla öpüşüb-görüşüb əhvalatını danışırdı. O, sözünü bitirəndən sonra təşəkkür edib növbəti stansiyada düşmüşdü. Lakin bu dəfə ondan sonra həmişəki naqolay, utancverisi sükut çökmədi. Yaşı iyirmidən çox olmayan oğlan bunun necə manipulyativ, necə iyrənc, necə zavallı davranış olduğundan danışmağa başlamışdı; hətta bir az da məzələnmişdi. Silvina hündür boyu, qısa və ağ saçları olan, görkəmindən hökmlü və güclü adam olduğu hiss olunan anasının demək olar ki, büdrəmədən – hərçənd vaqon həmişəki kimi yellənirdi – addımlayıb birbaşa oğlanın yanına getdiyini və onun burnuna qətiyyətli, peşəkar bir zərbə endirdiyini görmüşdü. Oğlan qan içində qalmışdı, “qoca qancıq, sənə nə olub” qışqırırdı. Amma anası nə ağrıdan zarıyan oğlana, nə də təhqir etməklə kömək etmək arasında qalan sərnişinlərə cavab verdi. Silvina anasının ona sakit gözlərlə cəld bir baxış atdığını, sonra qapılar açılan kimi vaqondan qaçaraq düşdüklərini, eskalatorları da qaça-qaça çıxdıqlarını xatırlayırdı. Bu, çox çətin idi, axı Silvina hazırlıqlı deyildi – qaçdıqca öskürürdü, elə anasının da altmışdan çox yaşı vardı. Əslində onları heç kim izləmirdi, amma çölə çıxıb Korrientes və Pueyredon küçələrinin kəsişməsinə çatanadək bundan xəbərləri olmamışdı. Gözdən itmək, arxalarınca düşmüş mühafizəçini, yaxud polisi çaşdırmaq üçün qələbəliyə girmişdilər. Yalnız iki yüz metrdən sonra təhlükəsizlikdə olduqlarını anladılar. Silvina anasının şən-şaqraq qəhqəhəsini hələ unuda bilmir; illərdi ki, onu belə xoşbəxt görməmişdi.
Lakin tonqalların qalanması üçün Lusila və onun başlatdığı epidemiya lazım imiş. Lusila model idi, çox gözəl və füsunkar qız idi. Şüursuz və sadəlövh görünsə də, müsahibələrdə ağıllı və cəsarətli cavablar verirdi, elə buna görə də məşhurlaşmışdı. Ya da yarıməşhurlaşmışdı. Daha sonra “Unidos de Córdoba” klubunun 7 nömrəsi Mario Ponte ilə sevgili olduqlarını açıqlayanda tam mənada məşhurlaşdı. Bu klub ikinci liqada oynasa da, qəhrəmanlıq salnaməsi yazaraq birinci liqaya keçə bilmişdi, üstəlik, əla komanda oyunu və Marionun istedadı sayəsində iki turnir boyu ən yaxşılar arasında yer almışdı. Mario sırf sədaqətini nümayiş etdirmək üçün Avropa klublarının təkliflərini rədd edən qeyri-adi oyunçu idi. Lakin bəzi mütəxəssislər deyirdilər ki, otuz iki yaşında olduğunu və Avropa çempionatlarındakı rəqabəti nəzərə alsaq, Mario üçün yerli əfsanəyə çevrilmək transatlantik biabırçılığa çevrilməkdən daha yaxşıydı. Lusila aşiq olmuşdu. Cütlük KİV-də tez-tez görünsə də, çox diqqət cəlb etmirdi. Onlar mükəmməl və xoşbəxt idilər, münasibətlərində dram yaşanmırdı. Lusila yaxşı reklam müqavilələri imzalayır və bütün dəfilələrin axırında podiuma çıxırdı; Mario isə özünə bahalı maşın almışdı.
Axır ki, gözlənən dram baş verdi. Bir səhər Lusilanı Mario Ponte ilə birlikdə yaşadığı evdən xərəkdə çıxardılar: bədəninin 70%-i yanmışdı, sağ çıxmayacağını deyirdilər. Bircə həftə yaşadı.
Silvina yayımlanan xəbərləri, ofisdə gedən söhbətləri yaxşı xatırlamırdı; Mario onu dava-dalaşdan sonra yandırmışdı. Metrodakı qızın başına gələnlər kimi. Mario bir şüşə spirtli içkini onun başından aşağı boşaltmışdı (Lusila yataqdaydı), sonra da yandırdığı kibriti Lusilanın çılpaq bədəninə atmışdı. Mario bir neçə dəqiqə Lusilanın yanmağını gözləmiş və üstünü adyalla örtmüşdü. Sonra təcili yardıma zəng etmişdi. Metrodakı qızın əri kimi o da Lusilanın özünü yandırdığını demişdi.
Elə buna görə qadınlar özlərini yandırmağa başlayanda heç kəs inanmadı… Silvina bunları düşünərək avtobus gözləyirdi (anasının yanına maşınla getmirdi, onu izləyə bilərdilər). Onların öz kişilərini qoruduqlarına, hələ də onlardan qorxduqlarına, sarsıldıqlarına və həqiqəti deyə bilmədiklərinə inanırdılar. Tonqalları alışdırmaq baha başa gəlmişdi.
İndi hər həftə bir tonqal yansa da, heç kim nə deyəcəyini, bunun qarşısını necə alacağını bilmirdi, sadəcə ənənəvi çıxış yollarından istifadə edirdilər: nəzarət, polis, pusqu. Anoreksiyadan əziyyət çəkən rəfiqəsi Silvinaya “Yeməyə məcbur edə bilməzlər” demişdi. “Edə bilərlər” demişdi Silvina, “katetrlə serum qoşarlar”. “Hə, amma daima nəzarətdə saxlaya bilməzlər. Katetri kəsirsən. Serum da kəsilir. Heç kim günün iyirmi dörd saatı səni pusa bilməz, adamlar arada yatırlar”. Bu, həqiqət idi. Universitetdən tanıdığı bu qız çox keçmədən ölmüşdü. Silvina bel çantasını dizlərinin üstünə qoyub oturmuşdu. Fasiləsiz getdiklərinə görə sevinirdi. Həmişə kiminsə çantasını açıb içindəkiləri görəcəyindən qorxurdu.
Tonqalları yandırmaq üçün çoxlu qadın qurban verməli oldular. Gender zorakılığı üzrə mütəxəssislər qəzet və jurnallarda, radio və televiziyalarda, qısası danışa bildikləri hər yerdə bunun yoluxucu olduğunu izah edirdilər; dediklərinə görə, məlumat vermək çox çətin idi. Çünki bir tərəfdən qadın cinayətləri məsələsi təhlükəli həddə çatmışdı, digər tərəfdən bu cinayətlərin əks-sədası yeniyetmə intiharlarında olduğu kimi yoluxucu şəkildə yayılırdı. Ölkənin hər yerində kişilər öz sevgililərini, arvadlarını, məşuqələrini yandırırdılar. Əksərən Ponte (yəni çoxlarının qəhrəmanı) kimi spirtli içki ilə, bəzən də turşu ilə, xüsusi qəddarlığı ilə seçilənlər isə qadını küçə ortasında fəhlələrin etirazından qalan qızmar şinlərin üstünə atırdılar. Tonqallar alışmamışdan əvvəl verilən son qurbanlardan – Lorena Peres və qızı – sonra Silvina və anası bir-birindən xəbərsiz silahlanmışdılar. Ata intihar etməmişdən əvvəl ana ilə qızını klassik spirt üsulu ilə yandırmışdı. Silvina və anası qurbanları tanımasalar da, görüşmək ümidilə, ya da ən azından qapının ağzında etiraz etmək üçün xəstəxanaya yollanmışdılar. Metrodakı qız da ordaydı.
Lakin artıq tək deyildi. Yanında müxtəlif yaşda qadınlar vardı, hələ ki, heç biri yanmamışdı. Kameralar gələndə qız və ətrafındakılar irəli çıxdılar. O, öz əhvalatını danışdı, digərləri onu dəstəkləyib əl çaldı. Metrodakı qız çox təsirli, amansız bir fikir söylədi:
– Belə davam etsə, kişilər buna öyrəşməli olacaq. Qadınların çoxu ölməsə də, mənim kimi qalacaq. Yaxşıdır, elə deyil? Yeni gözəllik standartı.
Kameralar gedəndən sonra Silvinanın anası metrodakı qıza və onun yanındakı qadınlara yaxınlaşdı. Orada altmış yaşını keçmiş başqa qadınlar da vardı; Silvina onların da gecəni küçədə keçirməyə, səkidə düşərgə qurmağa və plakatlara “BƏSDİR BİZİ YANDIRDIZ” şüarları yazmağa razı olduqlarını görüb xeyli təəccübləndi. Gecəni onlarla keçirdi və səhər yuxusunu almamış ofisə keçdi. İş yoldaşlarının ana ilə qızının yandırılmasından xəbərləri belə yox idi. Yavaş-yavaş öyrəşirlər, düşünmüşdü Silvina. Bəlkə bir azca, lap azca balaca qıza yazıqları gələr, vəssalam. O, bütün günü anasına mesaj göndərmiş, amma cavab ala bilməmişdi. Anası mesaj yaza bilmədiyi üçün çox narahat olmamışdı. Ancaq gecə evə zəng edəndə oradan da cavab gəlmədi. Görəsən hələ də xəstəxananın qapısındadır? Anasını axtarmağa çıxdı. Qadınlar artıq düşərgəni tərk etmişdilər. Yerdə yalnız bir neçə marker və küləklərin fırlatdığı boş peçenye paketləri qalmışdı. Fırtına başlayırdı, Silvina pəncərələri açıq qoyduğu üçün tələsik evə qayıtmalı oldu.
Qızla anası həmin gecə ölmüşdü.
Silvinanın iştirak etdiyi ilk tonqal 3-cü marşrutun üstündəki boş ərazidə qalanmışdı. Həm hökumətin, həm də Yanan Qadınların təhlükəsizlik tədbirləri hələ ki, elementar səviyyədə idi. İnamsızlıq isə yüksək səviyyədəydi. Üstəlik Pataqoniya səhrasında öz maşınının içində yanmış qadın barədə söz-söhbət gəzirdi. İlk araşdırmalar göstərmişdi ki, o, əvvəlcə maşınına benzin töküb, sonra içəri keçib sükan arxasında oturub və alışqanı özü yandırıb. Başqa heç nə. İkinci avtomobil izi yox idi – hərçənd səhrada bunu təyin etmək qeyri-mümkündür – üstəlik ora piyada getmək də qeyri-mümkün idi. İntihardır, deyirdilər, özü də çox qəribə intihar. Yəqin yazıq yandırılan qadınlardan təsirlənmişdi. Başa düşmürük ki, niyə ərəb ölkələrinə, Hindistana xas şeylər Argentinada baş verir.
– Əclaflar! Əyləş, Silvinyita, – anasının rəfiqəsi Mariya Elena dedi. O, şəhərdən uzaqda, ailəsindən qalan köhnə fermada, inəklər və soyalar arasında gizli xəstəxana işlədirdi, – Niyə o qız bizimlə əlaqə saxlamaq əvəzinə belə elədi? Yaxşı, olan-olub, bəlkə də ölmək istəyirdi. Buna haqqı çatır. Bəs o əclaflar niyə qadın yandırmağın ərəblərə və hindlərə xas olduğunu deyirlər…
Mariya Elena əllərini quruladı – o, tort üçün şaftalı soyurdu – və Silvinanın gözlərinə baxdı.
– Yanğınları kişilər törədir, qızım. Onlar həmişə bizi yandırıblar. İndi isə biz özümüzü yandırırıq. Amma bizim ölmək fikrimiz yoxdur, biz öz çapıqlarımızı göstərəcəyik. Tort Yanan Qadınlardan biri üçündür. Yanğından sağ çıxmasının bir ili tamam olur.
Bəziləri tonqaldan çıxandan sonra xəstəxanalarda sağalmağa üstünlük verirdi, lakin əksəriyyət Mariya Elenanın xəstəxanasına bənzəyən gizli mərkəzləri seçirdi. Başqaları da var, amma Silvina sayını dəqiq bilmirdi.
– Məsələ burasındadır ki, bizə inanmırlar. Öz istəyimizlə yandığımızı deyirik, onlar isə inanmırlar. Əlbəttə biz buraya sığınan qızları danışmağa məcbur edə bilmərik, buna görə həbs oluna bilərik.
– Bəlkə mərasimi videoya çəkək, – dedi Silvina.
– Bunu da düşünmüşük, lakin bu qızların şəxsi həyatına müdaxilə deməkdir.
– Düzdür. Bəs kimsə könüllü olsa? Ondan xahiş edərik. Üzünün görünməyini istəmirsə, tonqaldan keçəndə üzünü-gözünü örtən maska taxa bilər.
– Bəs tonqalın harda yandığını anlasalar?
– Ay, Mariya pampada hər yer bir-birinə bənzəyir. Tutaq ki, mərasimi çölün düzündə keçirdik. Hara olduğunu necə biləcəklər?
Beləliklə, Yandırılmasının yayımlanmasını istəyən bir qız tapılanda Silvina düşünmədən video çəkməyi öz öhdəsinə götürdü. Bu təklifdən bir ay keçməmiş Mariya Elena onunla əlaqə saxladı. Yalnız Silvinaya mərasimə elektronik təchizatla qatılmağa icazə vermişdilər. Silvina maşınla gəlmişdi, hələ maşın sürmək təhlükəsiz idi. 3-cü marşrut demək olar ki, boş idi, arabir yük maşınları keçirdi; Silvina musiqi dinləyir, düşünməməyə çalışırdı. Anasını xatırladı. O, Buenos-Ayresin cənubundakı böyük evdə yerləşən digər gizli xəstəxananın rəhbəri idi. Anası həmişə riskə gedən və cəsarətli qadın olub, o anası kimi deyildi, hələ də ofisdə çalışır və qadınlara qoşulmağa ürək etmirdi. Atasını xatırladı. Bu mehriban və bir qədər yöndəmsiz kişi o uşaq olanda ölmüşdü (Bir dəfə fasilə zamanı gizli xəstəxananın həyətində onun gətirdiyi antibiotikləri yoxlayan anası belə demişdi: “Elə bilmə ki, bunları atana görə edirəm ha. Atan əla kişiydi, məni heç vaxt incitməmişdi”). Keçmiş sevgilisini xatırladı. Anasının radikallaşdığını bilən kimi ondan ayrılmışdı, çünki bunun təhlükəli olacağını bilirdi, bundan qaçış yox idi. Görəsən o hərəkata xəyanət edə bilərdimi, bu çılğınlığı daxildən darmadağın edə bilərdimi? Nə vaxtdan diri-diri yandırılmaq hüquq idi? Niyə buna hörmət etməliydi?
Mərasim günəş batanda həyata keçirilmişdi. Silvina fotokameranın video funksiyasını istifadə edirdi: telefon gətirmək qadağan idi, onun isə bundan yaxşı kamerası yox idi, hər ehtimala qarşı yenisini də almaq istəmirdi, birdən izlənərdi. O, hər şeyi çəkdi: qadınlar çöldən yığdıqları nəhəng quru budaqlardan ocaq hazırladılar, alov bir metr hündürlüyünə çatanadək üstünə qəzet və neft atdılar. Onlar boş ərazidəydilər – qarşıdakı ağaclıq və ev mərasimi yoldan keçənlərdən gizlədirdi. Sağdakı yol isə kifayət qədər uzaq idi. Qonşuluqda və yan-yörədə heç kim yox idi. Bu saatda çöldə heç kim qalmamışdı. Günəş batanda seçilmiş qız tonqala doğru getməyə başladı. O, yavaş-yavaş addımlayırdı. Silvina onun peşman olduğunu düşündü, çünki qız ağlayırdı. Qızın öz mərasimi üçün seçdiyi mahnını təxminən on nəfər oxuyurdu: “Bədənin alova yaxınlaşır, bax necə yaxınlaşır. / Alov onu udur, bax toxunmadan udur”. Lakin qız peşman deyildi. O, alovun içinə elə daldı ki, elə bil, hovuza tullanırdı. Tam hazır idi, bunu öz iradəsi ilə etdiyinə şübhə yox idi. Bəlkə də xürafat idi, bəlkə də təhrik olunmuşdu, amma öz istəyi ilə edirdi. Qız cəmi iyirmi saniyə yandı. İyirmi saniyə tamam olan kimi qoruyucu geyimli iki qadın onu alovların arasından çıxarıb gizli xəstəxanaya apardı. Silvina binanı kadra salmadan videonu dayandırdı.
Həmin gecə videonu internetə buraxdılar. Səhəri günə videonu milyonlarla insan izləmişdi.
Silvina avtobusa mindi. Anası daha cənubdakı gizli xəstəxananın rəhbəri deyildi; qadınlardan birinin qəzəbli valideynləri bir vaxtlar qocalar evi olan qədim daş evdə nələr baş verdiyini öyrənəndən sonra oradan çıxmalı olmuşdu. Anası basqından qaçmış – qonşuluqda yaşayan qadın Yanan Qadınların Silvina kimi uzaqdan çalışan aktiv üzvü idi – və Belqranodakı gizli xəstəxanaya tibb bacısı təyin olunmuşdu. Bir il davam edən basqınlardan sonra şəhərin kənar yerlərdən daha təhlükəsiz olduğunu düşünməyə başlamışdılar. Kənd yerində ot və yarpaqları yandırmaq, yanmış ot tayalarına və ocaq yerlərinə rast gəlmək adi şey olsa da, fermanın mərasim yerlərindən biri ortaya çıxmasa da, Mariya Elenanın xəstəxanası da bağlanmışdı. Hakimlərdən axtarış icazəsi almaq asan idi. Bütün etirazlara baxmayaraq artıq ailəsi olmayan, hətta küçədə tək gəzən qadınlara şübhəli kimi baxırdılar. Polislər istədikləri zaman, istədikləri yerdə qadınları saxlayıb çanta, baqaj açdırırdılar. Zorakılıq daha da pis hal almışdı.
Tələbə yoldaşının da Silvinaya dediyi kimi, qadınlar pusqudan yaxşı qaça bilirdilər. Çöllərin ucu-bucağı yox idi, onları həmişə peyklə izləmək də mümkün deyildi. Üstəlik bu dünyada hər kəsin bir qiyməti var. Əgər ölkəyə tonlarla narkotik keçirə bilirdilərsə, deməli bidon-bidon benzinlə dolu avtomobilləri də görməzdən gələ bilərdilər. Qadınlara ancaq benzin lazım olurdu. Çünki çöldə hər yer quru budaqlarla doluydu. Arzu və istəyi isə özləri ilə hər yerə apara bilirdilər.
Metrodakı qız televiziya şousunda çıxış etmişdi:
– Bunun qarşısını ala bilməyəcəklər, – demişdi, – İşə yaxşı tərəfindən baxın. Artıq qadın al-veri də azalır, çünki yanmış bədheybətləri, ya da durduğu yerdə həm özünü, həm də müştərini yandırmağa hazır dəli argentinalıları heç kim istəmir.
Bir gecə antibiotik sifariş verən anasının zəngini gözləyərkən – Silvina Yanan Qadınların üzvlərinin çalışdığı şəhər xəstəxanalarını gəzərək dərmanları toplayırdı – keçmiş sevgilisi ilə danışmaq istədi. Ağzında viskinin dadı, burnunda siqaret tüstüsü ilə qarışıq əbədi furasilin (bunu yanıqlar üçün istifadə edirdilər) və yanmış insan əti qoxusu vardı. Sonuncunu təsvir etmək çox çətin idi, çünki daha çox benzin iyi gəlirdi, amma arxa fonda unudulmaz, qəribə, başqa cür qoxu hiss olunurdu. Silvina özünü saxlaya bilmədi. Onu küçədə başqa qızla görmüşdü. Düzü artıq bunun heç bir əhəmiyyəti yox idi. İndi qadınların çoxu polis təqibindən qorunmaq üçün ictimai yerlərdə tək gəzməməyə çalışırdılar. Tonqallar yanandan bəri hər şey fərqli idi. Bir neçə həftə əvvəl tonqaldan sağ çıxan ilk qadınlar üzə çıxmağa başlamışdılar. Onlar avtobusa minirdilər. Supermarketdə alış-veriş edirdilər. Taksiyə və metroya minir, bank hesabları açır və qəhvə içməyə gedirdilər. Günəşin işıqlandırdığı qorxunc üzlərini gizlətmirdilər. Falanqaları çatışmayan barmaqları ilə çəkinmədən fincan tuturdular. Onlara iş verəcəklərmi? Kişilərin və bədheybətlərin ideal dünyası nə vaxt bərqərar olacaq?
Silvina Mariya Elenanı həbsxanada ziyarət etmişdi. Əvvəllər anası da, o da başqa məhbusların Mariyaya hücum çəkəcəyindən qorxurdu, lakin əksinə ona qeyri-adi dərəcədə yaxşı davrandıqlarını görəndə təəccüblənmişdilər.
– Məsələ belədir ki, mən qızlarla davamlı söhbət aparıram. Onlara qadınların həmişə yandırıldığını izah etmişəm. Əsrlərdir bu belə davam edir! İnana bilmirlər, cadugər damğası vurulan qadınların başına gələnlərdən xəbərsizdirlər! Başa düşürsünüz? Bu ölkədə təhsil pis gündədir. Yazıqlar maraqlanırlar, bilmək istəyirlər.
– Nəyi bilmək istəyirlər? – soruşdu Silvina.
– Tonqalların nə vaxt sönəcəyini.
– Hə, nə vaxt sönəcək?
– Ay, mən hardan bilim, qızım. Mənim üçün onlar heç vaxt sönməyəcək!
Həbsxananın görüş zalı tövləyə oxşayırdı, içəridə masalar və hər masanın yanında üç stul vardı: biri məhbus, ikisi ziyarətçilər üçün. Mariya Elena alçaq səslə danışırdı, gözətçilərə etibar etmirdi.
– Bəzi qızlar deyir ki, İnkvizisiyanın ovladığı cadugərlərin sayına çatanda dayanacaqlar.
– Bu ki, lap çoxdur, – dedi Silvina.
– Baxır da, – anası sözünü kəsdi, – Bəzi tarixçilər yüz mindən, digərləri də qırx mindən dəm vurur.
– Qırx min. Həqiqətən çox imiş, – dedi Silvina.
– Dörd əsri əhatə edən proses üçün elə də çox deyil, – anası cavab verdi.
– Altı əsr əvvəl Avropada bu qədər adam yox idi, ana.
Silvina əsəbdən gözlərinin dolduğunu hiss etdi. Mariya Elena yenə nədənsə danışırdı, Silvina isə artıq qulaq asmırdı. Anası da danışırdı. İki qadın həbsxananın görüş zalının zəif işığında söhbətə davam edirdilər. Silvina arabir dediklərinə qulaq verirdi: Biz çox qocayıq, alovdan sağ çıxmarıq, infeksiya bizi bir göz qırpımında məhv edər, lakin Silvinyita… O, qərarını verəndə çox gözəl yanacaq, əsl alov çiçəyi olacaq.
İspancadan çevirdi: İlahə Əkbər