Mario Benedetti (1920-2009) – görkəmli Uruqvay yazıçısı, şairi, jurnalisti, ədəbiyyatşünası. Benedetti Latın Amerikası bumunun ən böyük yazıçılarından hesab edilir.
Sim-sim.az Mario Benedettinin “Eybəcərlər gecəsi” hekayəsini təqdim edir.
1
İkimiz də eybəcərik, özü də hədsiz eybəcər. Səkkiz yaşında keçirdiyi əməliyyatdan sonra onun yanağında çökək qalıb. Mənim fərqləndirici nişanım isə dodağımın kənarında yeniyetməlik dövründən yadigar qalan yanıq izidir.
Heç olmasa, baxışlarımız mehriban olaydı. Bəzən gözlər bir cür üzrxahlıq işığı saçır, beləliklə, eybəcərlik az da olsa, gözəlliyə yaxınlaşa bilir. Biz qəti belə deyilik. Həm onun, həm də mənim incik gözlərimizdə nə qədər çalışsaq da, bədbəxtliyimizlə barışa bilmədiyimizi əks etdirən o ifadə var. Bəlkə də bizi yaxınlaşdıran elə budur. Amma “yaxınlaşmaq” sözü bizə uyğun gəlməyə bilər. Axı söhbət hər birimizin öz üzünə duyduğu amansız nifrətdən gedir.
Biz kinoteatr girişində, ekran gözəlçələrini izləmək üçün dayandığımız növbədə tanış olmuşuq. İlk dəfə orada mərhəmət duymadan, amma eyni qaranlıq həmrəyliklə bir-birimizi süzmüşdük; ilk dəfə orada bir-birimizin tənhalığını anlamışdıq. Növbədə hamı cüt-cüt dayanmışdı: həyat yoldaşları, nişanlılar, sevgililər, nənə-babalar, kim istəsən, vardı. Hamı əl-ələ, qol-qolaydı. Bircə bizim əllərimiz boş, yumruqlarımız sıxılmış idi.
Bir-birimizin eybəcərliklərini diqqətlə, təkəbbürlə, amma maraqsız baxışlarla gözdən keçirirdik. Öz büzüşmüş yanağımın verdiyi əminlikdən güc alaraq gözlərimi onun yanağındakı yarıqda saxladım. O, utanıb qızarmadı. Belə dözümlü olmağı xoşuma gəlmişdi. O da öz növbəsində üstündə saqqal bitməyən parlaq, hamar yanıq izimi nəzərdən keçirmişdi.
Nəhayət içəri keçdik. Müxtəlif cərgələrdə, amma yaxın yerlərdə əyləşdik. O, məni görə bilmirdi, mən isə qaranlıq olsa da, onun qızılı saçlarını, qəşəng biçimli qulağını seçə bilirdim. Bu, sifətinin normal tərəfindəki qulağı idi.
Bir saat qırx dəqiqə ərzində cəsur kişiylə zərif qadının macəralarını heyranlıqla izlədik. Hərçənd, mən həmişə gözəllikdən zövq almağı bacarmışam. Nifrətimi isə həmişə öz sifətimə, bəzən də Tanrıya yönləndirirdim. Bir də digər eybəcərlərin, digər bədheybətlərin sifətinə. Bəlkə də onlara hörmət etməliyəm, amma bacarmıram. Həqiqət budur ki, onlar mənim üçün güzgü kimidirlər. Bəzən düşünürəm ki, görəsən Narsisin üzündə yarıq və ya yanıq izi olsaydı, burnunun yarısı olmasaydı, alnına tikiş atılsaydı, məşhur mifin taleyi necə olardı?
Çıxışda onu gözlədim. Bir müddət birlikdə yeridikdən sonra danışmağa başladım. O ayaq saxlayıb mənə baxanda, sanki üzündən tərəddüd oxudum. Onu bir kafedə və ya şirniyyatçıda söhbətləşməyə dəvət etdim. Dərhal razılaşdı.
Şirniyyatçı dolu idi, amma elə biz içəri girəndə bir masa boşaldı. Heyrət dolu ifadələri və jestləri arxada qoyaraq insanların arası ilə keçdik. Mən düzgün, simmetrik simalı insanların xəstə maraqlarını, şüursuz sadizmini həssas intuisiyamla yaxşı tuta bilirdim. Amma bu dəfə pıçıltıları, öskürəkləri və saxta uğultunu hiss etməyə qulaqlarım bəs etmişdi. Sözsüz ki, tənha, eybəcər sifət həmişə maraq doğurur; amma iki eybəcər sifət birlikdə daha təntənəli tamaşa yaradır; buna tək baxmaq günah olar, mütləq yanında normal dünya sakinlərindən biri olmalıdır.
Əyləşdik, iki dondurma sifariş verdik, o, özündə cəsarət tapıb (bunu da bəyənmişdim) çantasından güzgü çıxardı və saçlarını səliqəyə saldı. Saçları gözəl idi.
– Nə düşünürsünüz? – soruşdum.
O, güzgüyə baxıb gülümsədi. Yanağındakı yarığın forması dəyişdi.
– Onsuz da aşkar olanı, – dedi, – Bir-birimizi yaman tapmışıq.
Uzun-uzun söhbətləşdik. Saat yarım sonra masanı boşuna məşğul etməmək üçün iki qəhvə sifariş etməli olduq. Tezliklə anladım ki, o da, mən də elə acı açıqsözlülüklə danışırdıq ki, tezliklə, bu, səmimiyyəti aşıb riyakarlığa çevrilə bilərdi. Daha dərinə getməyə qərar verdim.
– Siz də özünüzü bütün dünyadan təcrid olunmuş hiss edirsiniz, elə deyil?
– Bəli, – gözlərini məndən çəkmədən cavab verdi.
– Siz də gözəl və normal olanlara heyranlıqla baxırsınız. Sağ tərəfinizdəki qız kimi mütənasib üzə sahib olmaq istəyərdiniz. Hərçənd, görünür ki, siz daha ağıllısınız, onun isə gülüşündən belə hədsiz axmaq olduğu hiss olunur.
-Bəli.
Birinci dəfəydi ki, gözlərini qaçırırdı.
– Mən də bunu istəyərdim. Amma bilirsiniz, sizin də, mənim də bir şansımız var, biz nəyəsə nail ola bilərik.
– Necə yəni?
– Biz bir-birimizi sevə bilərik, yaxud sadəcə birlikdə ola bilərik. Necə istəyirsiniz, elə deyin, amma belə bir şans var.
O, qaşlarını çatdı. Yalançı ümidlər bəsləmək istəmirdi
– Söz verin ki, mənə dəli kimi baxmayacaqsınız.
– Söz verirəm.
– Biz gecəni birlikdə keçirə bilərik. Bu, bizim şansımızdır. Bütün gecəni. Tam qaranlıqda. Başa düşürsünüz?
– Yox.
– Məni anlamalısınız! Tam qaranlıq. Nə siz məni görəcəksiniz, nə mən sizi. Axı bədəniniz gözəldir. Bunu bilmirdiniz?
O, utandı və yanağındakı yarıq dərhal qızardı.
– Mən tək yaşayıram, evim yaxınlıqdadır.
Başını qaldırdı, sual və maraq dolu gözlərlə mənə baxdı, bir diaqnoz qoymağa çalışdı.
– Gedək, – dedi.
2
Mən həm işıqları söndürdüm, həm də ikiqat pərdəni bağladım. O, yaxınımda sakit-sakit nəfəs alırdı. Paltarını soyunmaq üçün kömək istəmədi.
Heç nə, heç nə görmürdüm. Amma eyni zamanda onun hərəkətsiz dayandığını, gözlədiyini hiss edirdim. Ehtiyatla əlimi uzadıb onun sinəsinə toxundum. Bu toxunuş məni həyəcanlandırdı. Onun bədənini əllərimlə görürdüm. O da məni öz əlləri ilə nəzərdən keçirdi.
Həmin an anladım ki, özümü (və onu) uydurduğum bu yalandan xilas etməliyəm. Bir yalanın astanasındaydım. Sanki qəfil beynimdə şimşək çaxdı. Biz bu deyilik. Belə olmamalıdır.
Bütün cəsarətimi bir yerə topladım və bacardım. Əlimi asta-asta qaldırıb onun üzündəki dəhşətli yarığı tapdım, ehtiyatla, inamla, əminliklə sığallamağa başladım. Barmaqlarım (əvvəlcə titrəyən, sonra sakitləşən) onun göz yaşları ilə islandı. Ən gözləmədiyim anda o da əlini üzümə toxundurdu, barmaqlarını qorxunc nişanəmin, saqqalsız yanıq izimin üstündə gəzdirdi.
Sübhə qədər ağladıq. Həm bədbəxt, həm də xoşbəxt idik. Sonra mən qalxdım və ikiqat pərdəni açdım.
İspancadan çevirən: İlahə Əkbər