Sim-sim.az Qabriel Qarsiya Markesin “The Paris Review”ə verdiyi müsahibənin birinci hissəsini təqdim edir.
“…Səsinizin yazılması sizi narahat etmir ki?”
“Səs yazılırsa, rəftar dəyişir. Bilmək olmaz, lent yazısı söhbətə necə təsir edəcək. Mənə qalsa, müxbirin qeyd etmədiyi uzun söhbətlər və sonradan müsahiblə danışdıqlarını xatırlayıb söhbətin yaratdığı təəssüratı fərqli sözlərlə kağıza köçürməyi daha yaxşıdır. Digər faydalı üsul isə qeydlər etməkdir. Amma jurnalist söhbəti təhrif etməməlidir. Səs yazısının bir pis tərəfi də var ki, danışdığın hər cəfəngiyyat yazılır. Ona görə, bu cür müsahibələrdə diqqətli olmağa çalışıram, lent yazısı olmayanda isə səmimi və təbii danışıram.”
“Siz müsahibələrinizdə heç vaxt maqnitafondan istifadə etməmisiniz?”
“Jurnalist kimi istifadə etməmişəm. Çox yaxşı maqnitafonum var, amma sadəcə musiqiyə qulaq asmaq üçün istifadə edirəm. Üstəlik, mən jurnalist işləyəndə müsahibə almamışam.”
“Bir məşhur müsahibəniz barədə eşitmişəm, gəmisi batmış dənizçi ilə.”
“O, sual-cavab deyildi. Dənizçi başına gələnləri danışdı, mən də dediklərini elə onun sözlərindən istifadə edərək, – özü yazırmış kimi – birinci şəxsin dilindən qələmə aldım. Yazı qəzetdə iki həftə ərzində hər gün hissə-hissə mənim yox, dənizçinin imzası ilə çıxdı. Oxucular o yazıları əslində, mənim yazdığımı iyirmi il sonra – yazı yenidən nəşr ediləndə öyrəndilər. “Yüz ilin tənhalığı”nı yazana qədər heç bir redaktor bu üslubu təqdir etmirdi.”
“Jurnalistikadan söz düşmüşkən, ədəbiyyatdan sonra jurnalistikaya qayıtmaq necə hissdir? Yəqin, başqa hisslə, başqa gözlə yazırsınız?”
“Həmişə əsl işimin jurnalistlik olduğuna inanmışam. Əvvəllər bu sahədə iş şərtlərini bəyənmirdim. Üstəlik, rəylərimi və fikirlərimi qəzetin mənfəətinə uyğunlaşdırmağa məcbur idim. Maddi azadlıq əldə etdikdən sonra diqqətimi cəlb edən və öz fikirlərimə uyğun mövzuları seçirəm. Hər şey bir kənara, mən həmişə jurnalist kimi möhtəşəm işlər görmək istəmişəm.”
“Sizcə, möhtəşəm jurnalist işi nədir?”
“Con Hersinin “Hirosima”sı[1] nadir nümunələrdəndir.”
“Xüsusilə yazmaq istədiyiniz mövzu varmı?”
“Xeyli. Əslində, çoxunu yazmışam. Portuqaliya, Kuba, Anqola və Vyetnam haqqında yazılarım var. Polşa haqqında yazmaq istəyirəm. İndi orada nə baş verdiyini yazardım və çox keyfiyyətli, faydalı hekayə alınardı. Amma Polşa çox soyuqdur, mən isə rahatlığı sevən jurnalistəm.
Ədəbiyyatla jurnalistkanın kökləri eynidir, material eynidir, mənbə və dil eynidir. Daniel Defonun “Vəba ilinin gündəliyi” möhtəşəm roman olmaqla yanaşı, həm də, möhtəşəm jurnalistika nümunəsidir.
Jurnalistikada bircə səhv bütün işi hökmdən salır. Romanda isə əksinə bir həqiqət bütün işi qanuniləşdirir. Yeganə fərq budur.
Bir romançı inandırdığı müddətcə istədiyi hər şeyi edə bilər. İnandırmaq – bu, işin əsasıdır!”
“Jurnalist işlədiyiniz vaxt daha sürətli yazırmışsınız.”
“Həmin günlərlə müqayisədə indi, həm, roman, həm də, qəzetə yazmağı daha çətin hesab edirəm. Qəzetdə işləyəndə hər yazdığım sözü indiki kimi şüurlu istifadə etmirdim. Boqotada – “El Espektador”da işləyəndə həftədə üç hekayə, üstəlik, iki və ya üç əsas məqalə, film tənqidləri, axşam hamı dağılışandan sonra da roman yazırdım. Linotip yazı maşınlarının səs-küyünü xoşlayırdım, – yağış səsini xatırladır. İndi daha az işləyirəm. Səhər doqquzdan günorta ikiyə-üçə qədər yaza bilirəm. Yazdığım da çox vaxt səhəri gün cırıb atdığım dörd-beş sətirlik paraqraf olur.”
“Bu dəyişikliyin səbəbi əsərlərinizə layiq görülən təriflər, yoxsa bəzi siyasi işlərinizdir?”
“Hər ikisi. Deyəsən, nəzərdə tutduğumdan daha çox adam üçün yazmaq mənə həm ədəbi, həm də siyasi mənada ümumi məsuliyyət yüklədi. Həm də yazdıqlarımdan pis yazmaq istəmirəm.”
“Yazmağa necə başladınız?”
“Karikatura çəkə-çəkə. Hələ oxumağı və yazmağı öyrənməmiş, evdə də, məktəbdə də karikatura çəkirdim. Ən gülməlisi odur ki, liseydə yazıçı kimi şöhrət qazansam da, hələ heç nə yazmamışdım. Broşur və ya ərizə yazmaq lazım olanda müraciət edirdilər, çünki məni yazıçı hesab edirdilər. Universitet vaxtı dostlarımdan daha yaxşı ədəbi keçmişim var idi. Boqotada universitetdə oxuyarkən məni dövrün yazıçıları ilə tanış edən yeni dostlar qazandım. Bir dostum mənə Frans Kafkanın qısa hekayələrini verdi. “Çevrilmə”ni yataqxanada oxudum. İlk sətirdən sonra az qala, yataqdan dik atılam. Çox təəccüblənmişdim. Öz-özümə düşündüm ki, mən ikinci belə yazıçı tanımıram. Əgər tanısaydım, çoxdan yazmağa başlayardım. Beləcə, qısa hekayələr yazmağa başladım. Yazdıqlarım tamamilə təxəyyül məhsulu olan qısa hekayələr idi, çünki onları ancaq ədəbi təcrübələrimə əsaslanaraq yazmışdım. Hələ ədəbiyyatla həyat arasındakı əlaqəni tapa bilməmişdim.
Boqotada “El Espektador”un ədəbiyyat əlavəsində nəşr edilən hekayələrimi uğurlu hesab etmişdilər. Bəlkə də, Kolumbiyada heç kim qısa hekayə yazmadığı üçün… O vaxt əksərən şəhərkənarı və sosial həyat haqqında yazılar yazılırdı. Yazdığım ilk qısa hekayələrdə Coysun təsirini gördüklərini demişdilər.”
“Onda Coysu oxumuşdunuz?”
“Xeyr, oxumamışdım. Buna görə də “Uliss”i oxumağa başladım. İspan dilindəki yeganə nüsxəsini oxudum. Sonralar həm ingiliscə, həm də çox yaxşı fransızca tərcüməsini oxuyanda, ispancaya tərcüməsinin çox pis olduğunu başa düşdüm. Ancaq növbəti yazılarım üçün faydalı bir şey öyrənmişdim: daxili monoloqun dinamikası. Eyni şey Vircinia Vulfda da var və onun bu fəndi Coysdan daha yaxşı istifadə etməyini bəyənirəm. Hərçənd, sonra bu daxili monoloqu yaradanın “Lazarillo de Tormes”i yazan naməlum bir yazıçı olduğunu öyrəndim.”
“Yazmağa təzə-təzə başlayanda təsirləndiyiniz yazıçılar kimlər idi?”
“Qısa hekayələrimdəki düşüncəyə söykənən yazı tərzindən qurtulmağımda amerikalı “İtmiş Nəsil” yazıçılarının rolu böyükdür. Onların ədəbiyyatının həyatla əlaqəli olduğunun fərqinə vardım, mənim qısa hekayələrimin isə həyatla heç bir əlaqəsi yox idi. Sonra bir mühüm hadisə baş verdi. 9 aprel 1948-də – siyasi lider Qaitan Boqotazoda vurulan gün – boqotalılar hamı küçələrə tökülüşmüşdü, hər yerdə nümayişlər var idi, mağazaları yağmalayırdılar, binaları yandırırdılar. Xəbəri eşidəndə yataqxanada nahar etməyə hazırlaşırdım. Hadisə yerinə qaçdım, artıq Qaitanı taksi ilə xəstəxanaya aparmışdılar. Mən də nümayişçilərə qoşuldum. Günortadan sonra yaşadığım ölkədəki reallıqla üzləşdim, qısa hekayələrimin bu reallıqdan nə qədər uzaq olduğunu anladım. Daha sonra uşaqlığıma – zorla Baranqilaya göndəriləndə fərqinə vardım ki, mənim yaşadığım, tanıdığım və yazmaq istədiyim həyat budur.
Təxminən 1950-1951-ci illərdə ədəbi düşüncəmə istiqamət verən daha bir hadisə baş verdi. Anam doğulduğum, uşaqlığımın bir neçə ilini keçirdiyim Arakatakadakı evimizi satmağa gedəndə, mənim də onunla getməyimi istədi. Ora gedəndə şoka düşdüm, çünki artıq iyirmi doqquz yaşındaydım və səkkiz yaşından bəri orada olmamışdım. Heç nə dəyişməmişdi, amma sanki kəndə baxmırdım, onu kitabda oxuyurdum. Sanki gördüyüm hər şey əvvəllər yazılmışdı, mənim öhdəmə düşən yeganə şey indi oxuduqlarımı, olanları üzündən köçürmək idi.
Praktik səbəblərdən hər şey ədəbiyyata çevrildi: evlər, insanlar və xatirələr. O vaxtlar Folkneri oxuyub-oxumadığımı xatırlamıram, amma gördüklərimi köçürmək üçün Folknerin texnikasından istifadə etdim. Kənddəki atmosferi, tənəzzülü, havanın istiliyini az-çox, Folkner oxuyanda hiss etmişdim.
Cənub-şərq əyalətlərinin yazıçılarında rast gəldiyim, amerikan meyvə şirkətlərində işləyən minlərlə amerikalının qaldığı nəhəng banan plantasiyalarına bənzər ab-hava idi. Tənqidçilər Folknerin ədəbi təsirindən bəhs etdilər, amma bunu təsadüf hesab etmirəm. Yəni qısası, əlimə elə material keçmişdi ki, o materialdan məhz Folknersayaq istifadə edə bilərdim.
O gəzintidən qayıdandan sonra “Yarpaq fırtınası” romanını yazdım. Arakataka gəzintisində anladım ki, yaşadıqlarımın ədəbi dəyəri var imiş və bunu ancaq o zaman qiymətləndirə bildim. “Yarpaq fırtınası”nı yazdığım andan etibarən yazıçı olmaq istədiyimi, heç kimin qarşımda dura bilməyəcəyini, yalnız dünyanın ən yaxşı yazıçısı olmaq üçün çalışmalı olduğunu anladım. Onda hələ 1953-cü il idi və mən ümumilikdə səkkiz kitabımdan beşini yazandan sonra, yəni 1967-ci ildən etibarən qonorar almağa başladım.”
“Sizcə, indiki gənc yazıçılar arasında əvvəllər sizin də etdiyiniz kimi uşaqlıq xatirələrini və təcrübələrini istifadə etmək əvəzinə, düşünərək yazmaq vərdişi çoxalmayıb ki?”
“Bir gənc yazıçıya öyüd verməli olsam, başına gələn hər şeyi yaz deyərdim. Yazıçının başına gələnləri, eşitdiyi və ya oxuduğu hadisəni yazdığını anlamaq çox asandır. Pablo Neruda bir şeirində belə deyir: “Tanrım, mahnı oxuyanda kömək elə ki, özümdən uydurmayım”. Düzü, yazdıqlarımda həqiqətlə əlaqəsiz bircə sətir olmasa belə, kitablarıma tərifləyərkən təxəyyül gücümün xüsusi vurğulanması məni güldürür.”
“O dövrdə kimin üçün yazırdınız? Oxucunuz kim idi?”
“Yarpaq fırtınası”nı mənə kömək olan, borca kitab verən və işlərimi həyəcanla qarşılayan dostlarım üçün yazdım.”
“Deyəsən, ümumiyyətlə həmişə kimin üçünsə yazırsınız…”
“Adətən yazanda düşünürəm ki, bu dostum bunu bəyənəcək, digər dostum bu paraqrafı xoşlayacaq. Həmişə müəyyən dostlarımı nəzərdə tutub yazıram. “Yüz ilin tənhalığı”nda əsas problem bu idi ki, artıq əsəri milyonlarla oxucu arasından kimə yazdığımı bilmirdim. Bu, bir tərəfdən kefimi pozur, digər tərəfdən məni tənzimləyir. Sanki milyonlarla göz sizə baxır və onların nə düşündüyünü bilmirsiniz.”
“Romanlarınızda jurnalistikanın təsirini necə dəyərləndirirsiniz?”
“Bəzən qarşılıqlı təsir olur. Roman yazmağın jurnalist fəaliyyətimə köməyi dəydi, yazdıqlarıma ədəbi rəng qatdı. Jurnalistika da romanlarım üçün çox faydalı oldu, həqiqətdən uzaqlaşmamağıma kömək etdi. İllər keçdikcə, keçmişi xatırladıqca, ədəbiyyatla jurnalistikanın daha çox iç-içə keçdiyini düşünürəm…”
“Yarpaq fırtınası”dan sonra, “Yüz ilin tənhalığı”ndan əvvəlki üslub axtarışından danışaq.”
“Yarpaq fırtınası”nı bitirdikdən sonra böyüdüyüm kənd və uşaqlığım haqqında yazmağa davam etməyin ölkənin siyasi həqiqətləri ilə üzləşməkdən bir qaçış olduğuna qərar verdim. Baş verən siyasi hadisələrlə üz-üzə gəlmək əvəzinə, nostalgiyanın arxasında gizləndiyimi düşünürdüm. Bu, tamamilə səhv fikir idi. Ədəbiyyat və siyasət arasındakı əlaqənin sıx müzakirə olunduğu dövrlər idi. Mən həmişə ikisi arasındakı məsafəni yox etməyə çalışmışam. Folknerdən çox təsirlənmişdim, indi təsirləndiyim yazıçı isə Heminqueydir.
“Polkovnikə heç kim yazmır”, “Şər saatı” və “Böyük ananın dəfn mərasimi” kimi kitabları təxminən eyni dövrdə yazmışdım. Hamısının bir ortaq cəhəti var. Bu kitablarda nəql edilən əhvalatlar “Yarpaq fırtınası” və “Yüz ilin tənhalığı” ilə eyni kənddə yox, heç bir sehri olmayan başqa kənddə baş verir. Jurnalistika elementləri olan ədəbi əsərlərdir. Lakin “Şər saatı”nı bitirəndə, yenidən bütün fikirlərimin səhv olduğunu gördüm. Əslində, uşaqlığım haqqında yazdıqlarımın daha siyasi və ölkənin həqiqətləri ilə daha çox əlaqəli olduğunu anladım. “Şər saatı”ndan sonra beş il heç nə yazmadım. Həmişə görmək istədiyim işlə bağlı müəyyən fikrim vardı, ancaq çatışmazlıq hiss edirdim və düzgün dili – sonradan “Yüz ilin tənhalığı”nda istifadə etdiyim dili – tapana qədər bundan əmin ola bilmədim.
Bu üslub nənəmin nağıl danışmaq üslubudur. Sürrealist və xəyali şeylər danışardı, amma bunu hədsiz təbii edərdi. Ən əsası üzündəki ifadə idi. Nağıl danışanda üzündəki ifadə heç dəyişməzdi və hamı buna təəccüblənərdi. “Yüz ilin tənhalığı”nı inanmadan nəql etməyi sınadım. Daha sonra anladım ki, nəql etdiyim əhvalata inanmalıyam, nənəm kimi dəyişilməz “donuq ifadə” ilə yazmalıyam.”
Nəhayət, istifadə etməli olduğum dili tapandan sonra, on səkkiz ay ərzində hər gün oturub işlədim.”
“Sanki bu texnikada və ya dildə jurnalistikaya xas bir şey var. Xəyali hadisələri elə detallı nəql edirsiniz ki, üslubunuz hadisələrə həqiqilik qazandırır. Bu, jurnalistlik dövründə əldə etdiyiniz yazı manerasıdır?”
“Bu, jurnalistika fəndidir, amma ədəbiyyata da tətbiq edə bilərsiniz. Məsələn, “səmada fillər uçur” desəniz, insanlar inanmayacaq. Ancaq “hazırda səmada dörd yüz əlli fil uçur” desəniz, inanmaq ehtimalları artar. “Yüz ilin tənhalığı” belə xırdalıqlarla doludur. Bax, bu, nənəmin istifadə etdiyi texnikadır. Ətrafında sarı kəpənəklər uçuşan qəhrəman haqqında hekayəni xüsusilə xatırlayıram. Mən uşaq olanda evimizə bir elektrik gələrdi. Nənəm deyərdi ki, bu adam nə vaxt gəlsə, evə kəpənəklər dolur. Amma kəpənəklərin sarı olduğunu yazmasaydım, heç kim inanmazdı. Gözəl Remediosun cənnətə getdiyi hissəni yazanda hekayəni inandırıcı hala salmaq xeyli vaxtımı apardı. Bir gün bağçaya çıxanda evə camaşır yumaq üçün gələn qadını gördüm. Hava çox küləkli idi. Ağları sərir, bir tərəfdən də ağlar uçuşmasın deyə küləyə deyinirdi. Anladım ki, Remedios üçün ağlardan istifadə etsəm, o, asanlıqla göyə ucalacaqdı.
İnandırıcılıq hər yazıçı üçün problemdir. İnanırdıcı olduqca, hamı nəsə yaza bilər.
Edipdən bəri epidemiyalar diqqətimi çəkib. Orta əsrlərdəki epidemiyalar haqqında çox oxudum. Ən sevdiyim kitablardan biri Daniel Defonun yazdığı “Vəba ilinin gündəliyi”dir. Defo jurnalist olsa da, yazdığı təxəyyül məhsulu idi. Uzun illər elə bilmişdim ki, Defo o dövrdə yaşadığı üçün Londonda vəba günləri haqqında kitab yazıb. Sonra anladım ki, bu, adi romandır. Londondakı vəba epidemiyası vaxtı Defonun heç yeddi yaşı yox imiş. Epidemik xəstəliklər müxtəlif formalarda təkrarən müraciət etdiyim mövzulardandır. “Şər saatı”nda epidemik xəstəlik rolunda broşürlər çıxış edir. Kolumbiyadakı siyasi şiddətin vəba ilə eyni metafizik ölçüdə olduğunu düşünürdüm. “Yüz ilin tənhalığı”ndan əvvəl “Şənbədən sonra bir gün” adlı hekayəmdə bütün quşları öldürən epidemiyadan istifadə etmişdim. “Yüz ilin tənhalığı”nda isə yuxusuzluq epidemiyasını – yatmaq xəstəliyinin əksi olduğuna görə, ədəbi fənd olaraq istifadə etdim. Belə baxanda, ədəbiyyat dülgərlikdən fərqlənmir.”
“Bu bənzətməni bir qədər açıqlaya bilərsiniz?”
“Hər ikisi çox zəhmət tələb edir. Yazı yazmaq, ən azı bir stol düzəltmək qədər çətindir. İkisində də əlinizdəki material həqiqidir, taxta qədər sərt, çətin işlənən materialdır. Hər ikisində kiçik fəndləri və texnikanı bilmək lazımdır. İşin əsası bir qədər sehr və əziyyətdir. “Bu işin yüzdə onu ilhamla, yüzdə doxsanı isə alın təri ilə” – deyib kimsə. Deyəsən, Prust idi.”
“Yüz ilin tənhalığı”ndakı banan qızdırması haqqında nə deyə bilərsiniz?”
“Banan qızdırması əhvalatı həqiqətə yaxın yazılıb. Təbii ki, tarixi cəhətdən sübut olunmuş hissələrdə də kiçik ədəbi fəndlərdən istifadə etdim. Məsələn, meydandakı qətliam tamamilə həqiqətdir. Yazdıqlarım şahidlərin ifadələrinə və sənədlərə əsaslansa da, neçə adamın öldüyü heç vaxt bilinmədi. Mübaliğə etdiyim aşkar olsa da, üç min rəqəmini yazdım.
Bir xatirəmdə həmişə bananla yüklü uzun, çox uzun qatarın plantasiyadan çıxması canlanır. Bəlkə də, o qatar dənizə atılacaq üç min meyiti daşıyırdı. Təəccüblüdür ki, bu gün Təmsilçilər Məclisində və qəzetlərdə üç min ölü məsələsini həqiqət kimi qeyd edirlər. Deyəsən, tariximizin yarısı belə yazılıb. Cəmiyyət əvvəl-axır hökumətdənsə, yazıçılara inanmağa üstünlük verir.”
“Patriarxın payızı”ndakı qəhrəmanlar, məsələn, diktatorlar real adamlardan təsirlənərək yaradılıb? Sanki Franko, Peron və Truxilyoya bənzəyirlər.”
“Hər romandakı qəhrəmanlar kollajdır: tanıdığınız, eşitdiyiniz və ya oxuduğunuz fərqli qəhrəmanların kollajı. Ötən yüz ildə və bu əsrin əvvəllərində yaşamış Latın Amerika diktatorları haqqında tapa bildiyim hər şeyi oxudum. Bir də diktatorluq altında yaşamış xeyli insanla danışdım. Proses on il davam etdi. Qəhrəmanım fikrimdə formalaşamağa başlayanda, əslində, baş verməyən müəyyən hadisəni istifadə etmədən, yeni formadan yararlana bilmək üçün, oxuduğum, eşitdiyim hər şeyi ağlımdan silməyə xeyli səy göstərdim. Elə bir məqam yetişdi ki, diktatorluğu yaxından tanımadığımın fərqinə vardım. Kitabı İspaniyada yazsam, diktatorluk altında yaşayaraq ab-havanı tuta bilərdim. Lakin Franko rəhbərliyindəki İspaniya atmosferinin Karib diktatorluğundan çox fərqli olduğunu anladım. Ona görə, kitab bir il gecikdi. Çatışmayan bir şey var idi və bunun hələ nə olduğunu bilmirdim. Bir gecə qəti qərar verdim. Kariblərə qayıtdım və romanımda çatışmayan ünsürləri tapdım.”
“Tez-tez gücün gətirdiyi tənhalıq mövzusunu istifadə edirsiniz.”
“Gücünüz artdıqca kimin yalan, kimin doğru dediyini anlamaq çətinləşir. Sərhədsiz gücə çatdıqda həqiqətlə heç bir əlaqəniz qalmır və bu tənhalığın ən pis halıdır. Diktator nəticədə onu həqiqətdən təcrid etmək məqsədi daşıyan insanlar və öz mənfəətləri arasında ilişib qalır, hər şey onu təcrid etmək üçün harmoniya halında olur.”
“Yazıçının tənhalığı barədə nə deyəcəksiniz? Bu, fərqli tənhalıqdır?”
“Gücün tənhalığı ilə yaxından bağlıdır. Həqiqəti əks etdirmə cəhdi yazıçını çox vaxt həqiqətdən uzağa aparır. O, həqiqəti ötürməyə çalışanda, həqiqətlə əlaqəni itirə bilər. Jurnalistika buna qarşı yaxşı sığorta üsuludur. Ona görə də jurnalistikanı atmamağa çalışmışam. O, xüsusilə də siyasi yazılar və real dünyayla bağlarımın gücünü qoruyur. “Yüz ilin tənhalığı”ından sonra məni qorxudan tənhalıq yazıçının təcrid olması ilə əlaqəli deyildi: daha çox şöhrətin gətirdiyi izolyasiyadan qorxurdum. Bu, gücün səbəb olduğu tənhalığa çox bənzəyir. Dostlarım, həmişə yanımda olan dostlarım məni bundan xilas etdilər. Ömrüm boyu eyni dostlarla əlaqəmi qorumağı bacardım. Köhnə dostlarımdan küsmürəm, onları özümdən uzaqlaşdırmıram. Onların ayaqları həmişə yerdədir…”
[1]Nyu Yorker jurnalında çap olunub.
Piter H. Stoun – 82-ci nömrə, 1981
Tərcümə etdi: İlahə Əkbər