Sim-sim.az Qabriel Qarsiya Markesin “The Paris Review”ə verdiyi müsahibənin ikinci hissəsini təqdim edir.
Böyük intellektual sayılmadığım üçün çıxış nöqtəsini böyük əsərlərdə yox, gündəlik həyatdakı kiçik şeylərdə tapıram…
“Gedişatı əvvəlcədən planlayırsınız, yoxsa mətn proses zamanı yaranır?”
“Əvvəl gedişatı müəyyənləşdirirdim. Bəzən sürprizlər məni yoldan çıxarırdı. Cavanlıqda aldığım ən yaxşı nəsihətdir: “İndi dünya boyda ilham mənbəyin var, ancaq bu işin texnikasını öyrənməlisən. İlham tükənəcək, texnika ehtiyacın yaranacaq, onda çətinlik çəkəcəksən…”
Əgər vaxtında öyrənməsəydim, indi hekayənin strukturunu əvvəlcədən müəyyənləşdirməyi bacarmazdım. Hörgü tamamilə texniki məsələdir və onu erkən yaşlarda öyrənməsən, əsla öyrənməyəcəksən.”
“İntizam vacibdir?”
“Son dərəcə intizamlı olmasan, keyfiyyətli əsər yaza bilməyəcəksən.”
“Süni stimullaşdırıcılar barədə nə deyirsiniz?”
“Heminquey yazırdı ki, yazmaq onun üçün boks kimidir. Bu sətirlərdən çox təsirlənmişdim. Sağlamlığına və daxili dincliyinə həmişə diqqət edərdi. Folkner əyyaş kimi ad qazansa da, müsahibələrində deyirdi ki, mən sərxoş olanda bir sətir belə yazmıram. Heminquey də eyni şeyi demişdi. Pis oxucular bəzi əsərləri yazanda narkotikin təsirində olub-olmadığımı soruşurlar. Təbii ki, bu da onların ədəbiyyat və narkotik barədə məlumatlı olmadıqlarını göstərir. Yaxşı yazıçı olmaq üçün zehin açıq, sağlamlıq yerində olmalıdır. Romantik ədəbiyyat anlayışına qarşıyam. Mən inanmıram ki, iqtisadi şərtlər, emosional vəziyyət pis olanda, yazı yaxşı olur. Emosional vəziyyət və fiziki sağlamlıq yüksək səviyyədə olmalıdır. “İtirilmiş Nəsil” bunu anlamışdı. Onlar həyatı sevirdilər.”
“Bles Sendrarsın fikrincə, yazmaq imtiyazdır və yazıçılar dərdlərini şişirdirlər. Bu barədə nə düşünürsünüz?”
“Yazmaq çətindir, amma çətinlik hər iş üçün keçərlidir. İmtiyaz – sevdiyin işlə məşğul olmaqdır. Mən özümə də, başqalarına da həddindən artıq məsuliyyət yükləyirəm, xətaları qəbul etmirəm. Məncə, mükəmməl iş böyük imtiyazdır. Yazıçı meqalomandır, lakin, görəndə ki, təyyarə pilotu məndən məsuliyyətlidir, sevinirəm.”
“Necə işləyirsiniz? Xüsusi iş planınız var?”
“Mənim üçün ən böyük problem iş proqramı oldu. Jurnalist olduğum üçün gecə işləməli olurdum. Qırx yaşım var idi. İş proqramıma əsasən səhər doqquzdan günorta ikiyə, – oğullarım məktəbdən gələnəcən çalışırdım. Ağır iş şərtlərinə öyrəşdiyimə görə, ancaq səhərlər işlədiyim üçün özümü günahkar hiss edirdim. Günortadan sonra işləməyə cəhd etdim, ancaq gördüm ki, günortadan sonra yazdıqlarımı səhəri gün təzədən yazmalı oluram. Ona görə ancaq səhər doqquzdan ikinin yarısına qədər işləməyə və həmin vaxt başqa heç bir işlə məşğul olmamağa qərar verdim. Başqa problemim də var. Mən ancaq tanış məkanlarda, işləməyə öyrəşdiyim yerlərdə işləyə bilirəm. Otel otaqlarında, müvəqqəti yerlərdə, bir də borca götürülmüş yazı maşınları ilə işləyə bilmirəm. Təbii ki, insan həmişə daha az işləmək üçün bəhanələr axtarır. Şərtləri yerinə yetirmək həmişə çətin olur. Vəziyyət necə olur-olsun, ilhamın gələcəyinə ümid edirsən. Romantiklər bu sözü çox istismar ediblər. Mənim Marksist mübarizə dostlarım bu sözü qəbul etməkdə çətinlik çəkirlər. Adına nə deyirsiniz deyin, bilirəm ki, asanlıqla və axıcı yaza bildiyiniz xüsusi bir ruh halı var. Onda bütün bəhanələr yoxa çıxır. Sanki o an və o ruh halı doğru mövzunu və o mövzunu necə işləyəcəyinizi tapanda yetişir. Və işinizi sevməlisiniz, çünki sevmədiyiniz işi görməkdən pis heç nə yoxdur. Ən çətin mərhələlərdən biri ilk paraqrafdır. İlk paraqrafı yazmağa aylar sərf edə bilərəm, onu yazandan sonra arxası rahat gəlir. Onsuz da kitabdakı bir çox problem ilk paraqrafda həll olunur. Əsərin mövzusu, üslubu, dili… Mənim üçün ilk paraqraf tanıtım videosu kimidir.
Əlbəttə, hekayə yazmaq roman yazmaqdan daha çətindir. Hər hekayə üçün yenidən başlamalısan.”
“Yuxuların mühüm ilham mənbəyi olduğunu düşünürsünüzmü?”
“Əvvəl yuxulara xeyli diqqət edərdim. Sonra həyatın ən böyük ilham mənbəyi olduğunu gördüm. Yuxular həyat adlanan nəhəng dənizin bir parçasıdır. Lakin yuxular və onların yozumları haqqındakı fərqli faktlarla maraqlanıram. Adətən yuxuları həyatın bir parçası kimi görürəm, həqiqət daha zəngin olur. Bəlkə də, mənim yuxularım çox rəngsizdir.”
“İlham və intuisiya arasındakı fərq nədir?”
“İlham həqiqətən sevdiyiniz, istədiyiniz mövzunu tapanda işin asanlıqla irəliləməsini təmin edir. İntuisiya isə (o da roman yazanda vazkeçilməz olur) elmi araşdırmaya və ya xüsusi təhsilə ehtiyac duymadan həqiqəti anlamağa yarayan xüsusiyyətdir.
Məsələn, yerin cazibə qanunu intuisiya ilə daha asan başa düşülür. Bu, mübarizəyə ehtiyac duymadan təcrübə qazanmağın bir yoludur. İntellektual yanaşma həyatda ən sevmədiyim şeydir. İntuisiya ya var ya yoxdur. Üstünlüyü kvadrat dəliyə yumru açar uydurmağa çalışmamağındadır.”
“Nəzəriyyəçilərdən xoşunuz gəlmir?”
“Qəti. Əvvəla, təbii ki, onları başa düşmədiyim üçün. Buna görə bir çox şeyi lətifələrlə danışıram, abstraksiyanı bacarmıram. Çox tənqidçi mənim mədəni olmadığımı düşünür: kifayət qədər sitat gətirmirəm.
Məncə, tənqidçilər intellektuallığın ən uğurlu məhsullarıdır. Birinci yazıçının tərifini verən nəzəriyyələr uydururlar, sonra yazıçını bu modelə uyğunlaşdırmağa çalışırlar. Uyğun gəlməsə, modelin sərhədlərini zorlayırlar. Bu mövzuda ancaq sizin sualınızı cavablamaq üçün danışıram. Tənqidçilərin haqqımda nə düşündüyü maraqlı deyil, illərdir yazdıqlarını oxumuram. Öz öhdələrinə oxucu ilə yazıçı arasında vasitəçi vəzifəsini götürüblər. Mən həmişə açıq və səliqəli işləyən yazıçı olmağa çalışmışam və tənqidçilərin vasitəçiliyinə ehtiyac duymadan oxucuya birbaşa toxunmağa cəhd etmişəm.”
“Tərcüməçilər haqqında nə düşünürsünüz?”
“Xüsusi qeydlərdən istifadə edənlərdən savayı – Belələri yazıçının istəmədiyi şeyləri oxucuya açıqlamağa cəhd edirlər və oxucu da bunu qəbul etməyə məcbur olur – bütün tərcüməçiləri dəyərləndirirəm. Tərcüməçilik haqqı tam verilməyən və az gəlir gətirən çətin işdir. Yaxşı tərcümə əsəri başqa dildə yenidən yaratmağa bərabərdir. Buna görə Qreqori Rabassaya böyük heyranlıq duyuram. Qeydlə açıqlama verməyən yeganə tərcüməçidir. Kitablarımın ingilis dilində yenidən yazıldığını düşünürəm. Elə bil, tərcüməçi əsərdən əxz elədikləri ilə təzə kitab yazıb. Buna görə tərcüməçilərə pərəstiş edirəm. Onların intellektuallıqdan çox intuisiya gücünə malik olduqlarını demək olar. Naşirlər onların yeni əsər yaratdığını görmür. İspan dilinə tərcümə etmək istədiyim bir neçə kitab var, ancaq onları tərcümə etmək öz kitablarıma sərf etdiyim qədər iş gücü tələb edir. Üstəlik, dolanışıq üçün kifayət qədər pul qazana bilmərəm.”
“Tərcümə etmək istədiyiniz kitablar hansılardır?”
“Malronun bütün əsərləri. Konrad və Sent-Ekzüperinin kitablarını da tərcümə etmək istərdim. Bəzən bir kitabı oxuyanda dərhal tərcümə etmək istəyi yaranır. Böyük klassiklər istisna olmaqla, əsəri orijinal dilində oxumağa çabalamaq əvəzinə, pis-yaxşı tərcüməsini oxumağa üstünlük verirəm. Başqa dildə oxuyanda rahat olmuram, çünki hiss etdiyim yeganə dil ispancadır. Amma italyanca və fransızca danışıram, ingiliscəni də iyirmi ildir özümü Times* jurnalı ilə zəhərləyəcək qədər yaxşı bilirəm.”
“Artıq Meksikada özünüzü evinizdəki kimi hiss edirsiniz? Böyük yazıçı icmasının bir parçası olduğunuzu deyə bilərsiniz?”
“Ümumiyyətlə, yazıçılarla və ya sənətçilərlə ancaq peşələrinə görə dost olmuram. Müxtəlif ixtisaslı dostlarım var, aralarında yazıçılar və sənətçilər də var. Latın Amerikasındakı istənilən ölkənin bir hissəsi ola biləcəyimi hiss edirəm. Latın amerikalılar yaxşı rəftar gördükləri tək ölkənin İspaniya olduğunu düşünürlər, ancaq mən özümü oralı kimi hiss etmirəm. Latın Amerikasında sərhəd hissini itirirəm. Bir ölkə ilə o biri arasındakı fərqləri görsəm də, ağlımda və qəlbimdə hamısının yeri eynidir. Ən çox Kariblərdə özümü evimdəki kimi hiss edirəm. Fransız, holland və ya ingilis adaları – fərq etmir. Branqilada təyyarəyə minəndə mavi paltarlı bir xanım pasportumu möhürlədi, Camaykada təyyarədən enəndə yenə mavi paltarlı qara dərili xanım pasportuma möhür vurdu, amma ingilis dilində danışırdı. Dilin böyük fərq yaratdığını düşünmürəm, ancaq dünyanın başqa yerində özümü yad hiss edirəm və bu hiss inamımı sarsıdır. Bu, şəxsi duyğudur, səyahətdə özümdən uzaqlaşdıra bilmirəm. Azlıq vicdanı daşıyıram.”
“Latın amerikalı yazıçıların bir müddət Avropada yaşamalarını vacib hesab edirsiniz?”
“Perspektiv üçün, inkişaf üçün, əlbəttə! İyirmi ildir, düşünürəm ki, Avropaya gedən amerikalılar haqqında qısa hekayələr yazım. Adətən, gedənlərin qalmaq niyəti olmur. Avropada qarşılaşdığım bütün meksikalılar növbəti həftə qayıdır.”
“Sizcə, Kuba inqilabı Latın Amerikası ədəbiyyatına necə təsir etdi?”
“İndiyədək mənfi. Siyasi məsuliyyət daşıdıqlarını düşünən yazıçılar özlərini yazmaq istədikləri yox, yazmalı olduqlarına inandıqları hekayələri yazmağa məcbur hiss edirlər. Nəticədə intuisiya ilə heç bir əlaqəsi olmayan, bir növ hesablanmış ədəbiyyat yaranır. Kuba Latın Amerikasında uzun illər var olan ədəbiyyatın dünyaya yayılması üçün körpü oldu. Kuba inqilabı ABŞ-da Latın Amerikası ədəbiyyatı partlayışına səbəb oldu. O nəsildəki Latın amerikalı yazıçılar iyirmi ildir ki yazırdılar, amma bu əsərlər avropalı və amerikalı naşirlərin diqqətini çəkməmişdi. İnqilabdan sonra Kuba və Latın Amerikası diqqət mərkəzinə çevrildi. İnqilab bir istehlak vasitəsinə çevrildi. Latın Amerikası dəbi başladı. Tərcüməyə layiq Latın Amerikası romanları kəşf edildi.”
“Sizin xüsusilə bəyəndiyiniz, ancaq az tanınan latın amerikalı yazıçılar varmı?”
“Ağlıma heç kim gəlmir. İndi Latın ədəbiyyatı sıçrayışının gətirdiyi ən böyük dəyişiklik Kortazardır. Onu qaçırmamaq üçün naşirlər pusquda durub. Təəssüf ki, bir çox gənc yazıçı öz işini görmək əvəzinə, məşhurluq arzusundadır. Tuluza Universitetində Latın Amerikası Ədəbiyyatı haqqında yazan fransız professor var. Bir çox gənc yazıçı ona yazıb ki, Markesdən daha çox tanınmağa ehtiyacı olan gənc yazarlar var, onlar haqqında yazsa, yaxşı olar. Lakin yaddan çıxardıqları bir şey var. Mən onların yaşında olanda tənqidçilər məndən yox, Migel Anxel Asturias haqqında yazırdılar. Sizin yazdıqlarınız haqqınızda yazılanlardan mühümdür. İstəyirəm, ədəbi karyeramla bağlı əsas məqamı biləsiniz: qırx yaşımadək (o vaxta qədər beş kitabım çıxmışdı) bir qəpik belə müəllif haqqı almamışam. Şöhrət hər yaşda pisdir. Kitablarımın bir növ ticari məhsula çevrildiyi kapitalist ölkələrdə ölümümdən sonra tanınmaq istərdim.”
“Son vaxtlar sevdiyiniz əsərlərdən başqa nə oxuyursunuz?”
“Çox qəribə şeylər oxuyuram. O gün Məhəmməd Əlinin xatirələrini oxuyurdum. Brem Stokerin “Drakula”sı əla kitabdır. Bəlkə də, illər əvvəl bu kitabı vaxt itkisi hesab edərdim. Ümumiyyətlə, etibarlı bir adam məsləhət görməsə, heç bir kitabı oxumuram. Artıq roman yox, xatirə və sənəd oxuyuram, sənədlər saxta olsa da, fərqi yoxdur. Və ən sevdiyim kitabları yenidən oxuyuram. Yalnız ədəbi əsərlər oxumaq fikrindən imtina etmişəm. Nə olsa oxuyuram. Aktual hadisələri izləməyə çalışıram. Bütün ciddi və mühüm xəbərləri oxuyandan sonra həyat yoldaşım oxumadığım, eşitmədiyim şeylər haqda xəbər verir. Deyir, gözəllik salonundakı bir jurnaldan oxumuşam. Dəb jurnallarını, bütün qadın jurnallarını, hətta dedi-qodu jurnallarını belə oxuyuram.”
“Sizcə, şöhrət yazıçıya zərərdir?”
“Xüsusilə şəxsi həyatı işğal etdiyi üçün. Dostlarınızla keçirəcəyiniz, iş vaxtınızı aldığı üçün. Bir də insanı həqiqi dünyadan təcrid edir. Yazmağa davam etmək istəyən məşhur yazıçı özünü şöhrətin gətirdiklərindən və apardıqlarından qorumalıdır. Bilirəm, səmimiyyətimə inanmayacaqlar, həqiqətən kitablarımın ölümümdən sonra nəşr edilməsini istərdim. Beləcə, şöhrət deyilən şeylə və möhtəşəm yazıçı faktı ilə məşğul olmağa ehtiyac qalmazdı. Mənim üçün şöhrətin yeganə üstünlüyü onun siyasət müstəvisində işə yaramasıdır. Digər tərəfdən çox narahat edir. Günün iyirmi dörd saatı məşhursan: “filan yerdə, filan saatda məşhur yazıçı olmayacam!” – demək mümkün deyil. Təbii ki, Nobelə layiq olmaq istərdim, amma Nobelin şöhrəti mənim üçün problem yaradar…”
“Yüz ilin tənhalığı”nın fövqəladə uğurunu əvvəlcədən hiss etmişdiniz?”
“Dostlarımın digər yazılarımdan daha çox bəyənəcəyi bir kitab olacağını bilirdim. Ancaq ispan naşirim səkkiz min nüsxə çap edəcəyini deyəndə, nitqim tutulmuşdu, çünki digər kitablarım yeddi yüzdən çox satılmazdı. Mən naşirə dedim ki, ehtiyatlı olsun, ancaq o dedi ki, səkkiz min nüsxə mayla dekabr arasında satılacaq.
Səkkiz min nüsxə elə birinci həftə Buenos Ayresdə satıldı. Mənim fikrimcə, məşhurluğunun əsas səbəbi kitabın latın amerikalıların şəxsi həyatı barədə olmasıdır. Əslində, romanın ilk adı “The House” idi. Sonra adını dəyişdim. Başqa bir açıqlamaya görə, roman ona görə böyük uğur qazanıb ki, əsərdəki obrazlar oxucuların tanışlarıdır. İstəmirəm bu romanın əsasında film çəkilsin. Filmdəki obrazlar tamaşaçının tanışlarına bənzəməyə də bilər.”
“Film çəkmək istəyənlər olub?”
“Bəli, menecerim onları fikirlərindən yayındırmaq üçün bir milyon dollar qiymət qoydu. Bəzi təkliflər bu rəqəmə yaxınlaşanda qiyməti üç milyona qaldırdı. Gərək oxucu ilə kitab arasındakı şəxsi əlaqə pozulmasın. Mən yaxşı roman əsasında çəkilmiş yaxşı filmə baxmamışam, ancaq pis romanlar əsasında çəkilmiş xeyli yaxşı film saya bilərəm.”
“Özünüz film çəkməyi düşünmüsünüzmü?”
“Film rejissoru olmaq istədiyim dövr olub. Roma Rejissorluq məktəbinə getmişdim. O vaxt kinonu hər şeyi mümkün qılan ünsiyyət vasitəsi hesab edirdim. Amma kinoda böyük bir əngəl var, kino sənaye sənətidir, özlüyündə bir sənayedir. Fikri kino ilə ifadə etmək çox çətindir. “Nə onunla, nə də onsuz” – kino ilə əlaqəmi belə təsvir edə bilərəm. Bir film şirkəti qurmaqla bir jurnal çıxarmaq arasında seçim etməli olsam, təbii ki, jurnal çıxarmağı seçərəm.”
“Hazırda üzərində işlədiyiniz Kuba kitabı barədə nə deyə bilərsiniz?”
“Əslində, kitab Kubadakıların ev işləri, qıtlıq və yoxsulluq haqda uzun qəzet məqaləsi kimidir. Son iki ildə Kuba səyahətlərində gözümə dəyən embarqonun bir növ “ehtiyac mədəniyyəti” yaratmasıdır. Bu, insanlara bəzi şeylərlə yaşamağı öyrədən sosial fenomendir. Mən bu embarqonun insanların düşüncə tərzinin dəyişməsində necə rol oynadığını anlamağa çalışıram. İstehlak əleyhdarı cəmiyyətlə istehlak istiqamətli cəmiyyətlərin konflikti ilə qarşı-qarşıyayıq. Əsər indi elə mərhələdədir ki, mən qəzet məqaləsi desəm də, qalın və qarışıq kitab olmağa doğru irəliləyir.
Ancaq bunun əhəmiyyəti yoxdur, çünki mənim bütün kitablarım belə yaranıb. Bu kitab tarixi həqiqətlərin əsasında Kariblərin “Yüz ilin tənhalığı”ndakı qədər fövqəladə olduğunu sübut edəcək.”
“Nədən peşmansınız?”
“Kaş, bir qızım olaydı…”
Piter H. Stoun – 82-ci nömrə, 1981
Tərcümə etdi: İlahə Əkbər