sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Martin Espada – “Şeir Respublikası…”
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > poeziya > Martin Espada – “Şeir Respublikası…”

Martin Espada – “Şeir Respublikası…”

Published 08/10/2019
Paylaş

Çağdaş Amerikan poeziyasının aparıcı simalarından olan Martin Espada 1957-ci Nyu-Yorkda, Bruklində doğulub. Əslən Porto Rikoludur. Atası “Vətəndaş Hüquqları Hərakatı”nın öncülərindən olub. Buna görə də şair gənc yaşlarından siyasi aksiyalarda iştirak edib. Bar fədailiyindən vəkilliyə qədər müxtəlif işlərdə çalışıb. Viskonsin-Madison Universitetinin Tarix Fakültəsini bitirib. Sonra isə Norsvestern Universitetində hüquq təhsili alıb. Bir müddət hüquqi məsələlərdə  pulsuz kömək edib.  “Nyu-Yorker”, “Nyu-York Tayms Buk Revyu”, “Harpers” kimi jurnallarda şeirləri və yazıları çap olunan Espada, hal-hazırda Massaçusets Universitetində professordur. Latın poeziyası və “Yaradıcı yazı” dərsləri keçir.

Martin Espadanın şeirləri Valt Vitmen ənənəsindən gəlir. Jose Marti, Pablo Neruda kimi bir çox Latın Amerikalı şairə təsir edən Vitmen poeziyasının gücü Espadadan da yan keçməyib. Şair özü deyir ki, Joze Marti, Neruda, Karl Sandberq, Edqar Li Masters, Allen Ginzberq, Ferlingetti, Lenqston Hyuz, Nazim Hikmət kimi şairlər Vitmen poeziya ağacının budaqlarıdır, mən də özümü bu sırada görürəm.

Şeirlərinin dili açıq, birbaşadır.

Espadaya “Şimali Amerikalı şairlərin Neruda”sı deyirlər.

Şair “Çörək mələklərini təsəvvür etmək” adlı (1996) kitabı ilə Amerikan Kitab Mükafatını qazanıb. Aldığı mükafatların arasında “Paterson Poeziya Mükafatı”, “PEN/Revson Poeziya Mükafatı”, “Robert Krili Mükafat”ları var.

Şairin “Mühacir Buzoğlanın rəqsi”, “Təxliyə adalarından gələn boru səsləri”, “Bir sevgilinin barmaqlarının orbitidir üsyan”, “Öskürəklər və Ölü radiatorlar şəhəri”, “Çörək Mələklərini təsəvvür etmək”, “Cəhənnəm mətbəxində Mayalı bir astronom”, “Alabanza: yeni və seçmə şeirlər”, “Poeziya Cumhuriyyəti” kitabları çap olunub. Bundan başqa şair öz şeirlərini səsləndirərək “Mambo rəqsi edəcək indi ölülər” adlı bir diskdə toplayıb.

 

 

Tato “Nyu-York Yankiz” komandasına nifrət edir

Frank Espadaya.

 

1947-ci il idi,

Tato, “Nyu-York Yankiz” komandasıyla

yoxlama oyunu keçirirdi.

 

Rəqib komandada oynamasına icazə verilən

yeganə Porto-Rikolu

həmişə dava edərdi oyundan sonra,

bağırardı, ayaqqabıları meydançada

sürüşəndə.

 

On yeddi yaşlı

qara dərili bir uşaq idi,

iri əlləriylə

hər gün əlcəyini yağlayardı.

Yüz metrdən görə bilərdi

topun üstündəki tikiş izlərini;

uzaqdan vura bilərdi topa

məğlubedilməz hörmətlə.

Vuruş zolağından

güllə kimi uzaqlaşdırmaq üçün topu

reklam bannerində

ağ bir nöqtəni nişan alardı,

ya da zərbəçinin dizlərini.

 

Oyunçu simsarı, ən təbii qövs cızan zərbəni

onun vurduğunu deyərdi Tatoya,

Ted Vilyamsdan bu yana.

 

Bir yoxlama oyunu keçircəkdi yenə

Nyu-York Yankiz komandası ilə,

amma zəngli saat

o səhər zəng çalmamışdı.

 

1947-ci ilin yaz ayları idi.

Amerikan liqasında

qara dərili uşaqlar yox idi.

 

Və Nyu-York Yankiz

bir də yoxlama oyunları keçirmədi;

radiodan elan etdi

vaxtı keçmiş sənədləri,

uduşsuz lotoreya biletlərini.

 

Yenə də beyzbolla məşğul oldu Tato.

Davam etməyə məcbur idi.

Hələ də qövs cızan zərbələr vururdu,

vurmağa məcbur idi hansısa hədəfi.

 

Yarı-profesional oynadı,

sənaye liqalarında,

işlədiyi fabrik komandasının

birinci qapısında,

əla oyun göstərərdi

köhnə-külüş stationda

Cersi Sitinin yaxınlığında –

zərbəçi topu çox uzağa vuranda

o saat üçüncü zolağı tərk edərdi,

qaçardı dördüncü qapıya –

xatırlayır televizordakı oyuna baxanda,

ağ dərili oyunçuların boynunda

qalan butsi izlərini

üst-üstə iki oyuna,

gecəyə on beş dollar,

bir də avtobus səyahəti

sahildəki qəsəbələrə tərəf.

 

O vaxtlar gecə növbəsində

işləyirdi Tato

bir səhiyyə qrupu ilə

Hollandiya Tunelində,

sabunla təmizləyərdi divarlardan ilğımları.

 

Kifayət qədər yaxşı deyildim, deyir bu gün,

amma sözlərlə aldadılır

mərcə pul qoyanlar xəbərdarlıq qeydlərində.

 

Artıq heç kim onu Tato deyə çağırmır,

nifrət edir “Nyu-York Yankiz” komandasına.

 

Gecələr Gördüklərimizlə Yaşayırıq

Atama

 

Porto-Riko dağları alov kimi

parlayarkən sənin xəyallarında

nəmli, yaşıl bir işıqla,

görünəndə bambuk ağaclı yaşıl yamaclar,

Şərqi Harlemin damları,

hələ Teksas baraklarının fərqinə varmamış,

yarımçıq xəyallarda görünən

babanın bir çayın üstündə tikdiyi

körpüdən keçəndə sən,

doğulduğun adanın həsrəti

oyardı, oyardı içini;

otuz ilin sürgünlüyü kimi dərin,

ürək döyüntüləri kimi sürəkli.

 

 

Bu, miras idi mənə

Nyu-Yorkda doğulan oğluna:

Porto-Rikonu görməmişdən qabaq,

Bruklini məhv edən binaların

o tayında xəyal kimi görünən

dağları görmək,

yaşamaq gecələr gördüklərimlə

gözlərim qapalı ikən.

 

Avtobusda yatmaq

 

Necə də topalaşırıq avtobus dayanacaqlarının alatoranlığında,

paltolarımıza bürünüb oturarkən necə də büzülürük,

necə də gözləyirik meqafonun elan etməyini

avtobusların hərəkət vaxtını,

gum-gum necə də yumruqlayırıq içki makinalarını

qəpiklərimizi udduğu üçün,

necə də təəccüblənirik öz üzümüzün görüntüsünə

bəyaz işıqlı tualet güzgülərində.

 

Necə də unuduruq Alabama avtobus dayancaqlarını,

Birmingemlə Montqomeri arası,

necə də atılıblar Azadlıq Səyyahları

davapərəst qrupların önünə, sonra necə də körpəydi üzləri,

necə də büzüşmüşdü o sifətlər çürük meyvələr kimi,

necə də axtarırdı barmaqlar ağızlardakı qırılmış dişləri,

səyyahlar, Afrikanın, Avropanın nəvələri,

necə də davam etmişdilər səyahətlərinə

ovuclarını açıb acı-acı ağlayarkən gettolar

ayrı-seçkiliyin muzeylik qaydalarına.

 

Necə də unutduq on il əvvəlki Biloksini, Missisipini,

heç bir şahidin kameralara danışmadığı yeri,

necə də atılmışdı polis gücüylə avtobusdan

əsgər uniformalı Zənci bir kişi

arxa oturacaqda əyləşmək ənənəsinə qarşı gələndə,

sülh hakimi necə də qərar vermişdi bir həftəlik həbsinə,

sonra qayıtmışdı öz yatağına bir qədəh viski ilə,

necə də yata bilməmişdi qara dərili əsgər

qardiyanların hiyləgər addımlarını eşidərkən,

kart oynayan cəlladların donqultularını,

onun cəlladıydılar bəlkə də.

Adı yox idi siyahıda;

illər boyu ailəsinə başa sala bilmədi.

Mənə necə danışmışdısa, hələ də xatırlayıram.

 

Dimdik necə də mürgüləyirik avtobuslarda,

qulaqcıqlardan gələn cızırtıyla

necə də qarşılayır bizi gecə,

başqa bir nəslin alqışları, nəğmələri

necə də eşidilmir uzaq bir radio kimi,

yol gedərkən alnımız pəncərəyə söykəli şəkildə,

necə də yatırıq, yatırıq necə də.

 

Meksikalı taksi sürücüsünün onu tərk edən arvadına yazdığı şeir

 

Bruklin Körpüsündə

tıxacda gözləyərkən,

bir şeir yazmasını istədim

şairlərdən sənə,

taksimin arxa oturacağında.

 

Ağaclara, yoxsa aya

oxşadığını soruşdular sənin.

 

Xeyr, dedim,

körpü kimidir mənim arvadım,

tıxac böyük olanda

vaxt tapıram

çaydakı qayıqlara

tamaşa etməyə.

 

Şeir Respublikası

Çili üçün

 

Şeir respublikasında

şairlərlə dolu bir qatar

şimala tərəf gedir yağışda,

titrəşir ərik ağacları,

atlar havanı təpikləyir,

yol boyunca

tamaşa göstərir kənd orkestri

melon papaqlarla, şeypurlarla

respublikanın başqanı kimi

əl sıxıb salamlaşırlar.

 

Şeir respublikasında

şeir yazır keşişlər gecə haqqında,

monastır şokoladlarının qutusu haqqında,

yeməkxanalar tərifli qafiyələrdən istifadə edir reseptlərində

ilan balığından ənginara qədər,

azadlıq uğruna yeyir şairlər.

 

Şeir respublikasında

zooparkdakı babuinlərə

şeir oxuyur şairlər, digər ibtidailərə də,

şairlər və babuinlər, nə fərqi var ki, zövqlə çığırışırlar.

 

Şeir respublikasında

vertolyot kirələyir şairlər

dövlət sarayını bombalamaq üçün

kartonlara yazılmış şeirlərlə

sonra, həyətdə kim varsa,

hücum edir səmadan çırpınıb yerə düşən

bir şeiri tutmaq üçün,

ağlamaqdan kor olmuş səmadan.

 

Şeir respublikasında

hava limanındakı məsul şəxs

icazə verməyəcək ölkədən çıxmağınıza

bir şeir oxuyana qədər siz ona

Ah! Nə gözəl, deyənə qədər o sizə.

 

Tərcümə: Qismət

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link
Leave a comment

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?