Sim-sim.az Mehman Qaraxanoğlunun “Mənim sevimli hekayəm” layihəsinə qəbul edilmiş hekayələr haqqında ikinci yazısını təqdim edir.
Birinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-27-hekay%C9%99-haqqinda-54-abzas/
Anar – “Mən, sən, o və telefon”
Yazıldığı vaxtdan – 1967-ci ildən bu yana sözügedən hekayənin bizə yolladığı impulsiv və emosional göndərmələrin ardı-arası kəsilmir… Ona görə də mətni sırf məhəbbət hekayəsi kimi təqdim etmək kökündən yanlışdır. Burada məhəbbət olsa-olsa təbii “dekorasiya” rolunu oynayır. “Pərdaraxası kadrlar” isə tamam fərqli şeylər deyir. (Yeri gəlmişkən, hekayədə absurd teatr elementləri də yetərincədir!) Nədir bunlar? 1. Beş dostun içərisində Seymur özünün barışmaz, sərt, həqiqəti “nəm-nüm” eləmədən üzə demək bacarığı ilə seçilir. İşlədiyi idarədə yaranan xoşagəlməz hallar da bunula bağlıdır. Dostları onun başına ağıl da qoyurlar. “Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı” olmağı məsləhət görürlər. Seymurun cavabı da çox maraqlıdır: “– Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm”. Bu yerdə şəhid dahimiz Ziya Bünyadovun cavabı yada düşür: “Mənim radikulitim var, əyilə bilmirəm!” Geniş bucaqdan baxanda, biz hələ də yuxarıdakı bu iki kişi tipi arasında var-gəl edirik… Nəzərə alın ki, Seymur da avtoritar epoxanın “məhsulu”dur və öz apluasında mövcud rejimə bundan artıq etiraz və ya “dirəniş” göstərə bilməzdi. 2. Birinci fikrin nə qədər həqiqət olduğunu bilmək üçün telefon obrazı bizə yardımçı olur. Müəllif özü bildirir ki, hekayədə bir personaj da vardır: Telefon. Təhkiyəçi telefon metaforasından ustalıqla istifadə edir. Özünüz baxın: Məs, yazıçı interpetasiyasında telefon müdirin otağında olarsa, mina, diski rəqəmsiz telefon “kanselyariya”da aciz, köməksiz, təkərsiz bir maşındır. “O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən”. “Telefon avtomatlar – cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi”. Gördüyünüz kimi, mətndə bəs qədər sürreal işarələr vardır. İndi mən sizə sadə bir ədəbi ekperiment təklif edirəm; fərqli telefonlara xas olan keyfiyyətləri ard-arda yazaq: Mütilik, asılılıq, passivlik, təşəbbüssüzlük, cəzasızlıq, məsuliyyətsizlik, özbaşınalıq… Anormal rejimin -avtoritarizmin bütün “özəl” keyfiyyətləri… Total basqıların hökm sürdüyü və “qırmızı çarx”ın qəddarcasına insanları basıb keçdiyi bir zamanda müəllifdən bundan artığını gözləmək sadəlövhlük olardı. “Anlamaq dərdi” essesinin də sözügedən hekayə ilə eyni ildə yazılması bizə daha real ipucları verir…
Seymurun yaddaşında “itən” doqquzu Firuzun arvadı Səmayə xatırlayır. Ardınca da deyir ki, trolleybusumun nömrəsidir. Əgər biz qədim yunan filosofu Pifaqorun rəqəmlər fəlfəsfəsi fonunda mövcud mətndə bir qədər romantik, mistik, sentimental və sürrreal variasiyalar etsək, rəqəmlərin çox böyük magik gücə malik olduğunu görərirk. Mətndə, ümumən, Anarın yaradıcılığında rəqəmlərin gördüyü iş sözlərinkindən az deyildir… Məhz “unudulan” simvolik “9” trolleyebusun dəmir qolları kimi Seymurla Mədinəni əbədi olaraq bir-birinə bağlayır. Hekayədən çıxan ümumbəşəri ideyanın taleyini də məhz Seymurun yaddaşında unudulub Səmayədə tapılan “9” rəqəmi müəyyən edir: İnsanların bir-birini qəddarcasına təkliyə məhkum etməməlidirlər! İnsanın müəyyən saatda tanımadığı bir adamdan zəng gözələməyi belə onun yalqızlığına son qoya bilər! Bir-birimizi bu sevgidən məhrum etməyək!
Mirmehdi Ağaoğlu – “İmamın şəkli”
Hekayənin mətkəzində tarixin real bir kəsimi durur. Amma müəllifin niyyəti o ziddiyyətlli, qarışıq dövrü deyil, heç bunu ondan bir kimsə tələb də edə bilməz, Peyğəmbər şəcərəsinin davamçılarından olan “ağır” bir seyidin inancına kölgə salan xırda, çox da nəzərəçarpmayan bir hadisəni qələmə almaqdır. Oxucu intuitiv hiss edir ki, Ağa obrazı haradasa müəllifə çox doğma olan bir mömünün prototipidir. Amma bu, nə müəllifə, nə də bizə haqq verir ki, həqiqəti deməyək. Həqiqət isə ondan ibarətdir ki, hekayə alınmayıb! Əvvala, imamın şəklinin o taydan bu taya “ekstremal” bir situasiyda keçirilməsi olayının nüvəsində bir primitivlik var, oxucu sora bilər: Burda nə var ki? Bir də iranlıların dedikləri bizimkilər üçün niyə xüsusi önəm daşımalıdı ki? İkincisi, “şəkli üç dəfə öpüb gözünün üstünə qoyan” Ağada qəfildən “kükrəyən” bu dönüşün səbəbi nədir? Anlayırıq, müəllif demək istəyir ki, müqədəslərin surəti olmur. Ağa bunu başa düşüb! Məgər bunu əvvəldə başa düşmək bu qədərmi çətin idi? Lap şəklin onun cibində mozaik hala düşməsinə də bir möcüzə kimi baxaq. Bəs sonra? Ümumiyyətlə, hekayə bizə nə demək istəyir? Hekayənin İşid qurbanlarına həsr olunması da onu xilas edə bilmir. Məgər İşidə imam şəklinə görə qoşulurdular?!
Sonda: Mirhemdinin istedadına az-çox bələd olan bir oxucu kimi əminliklə deyirəm: Bu hekayə incəsənətin müxtəlif sahələri arasında harmonik bağları tapmağa çalışan çox erudisiyalı və zəhmətkeş bir qələm adamının ən uğurlu hekayəsi ola bilməz!
Qismət – “Yaşıl Puma”
Qismətin yaradıcılığında, əsasən, amansız, qəddar sivilizasiya və urbanistik paradokslar bədənə işgəncə ilə döyülən tatular kimi “bərq vurur”. Sən bütün varlığınla bunları hiss eləsən də, bir qaçılmazlıq sindromu içərisində çabalayırsan. Bir fərd olaraq iqtisadi tərəqqi adı ilə bizi zorlayan dünya üçün “məsum” müştəridən başqa bir şey deyilik. Özü də “İnkvizisiya – orta əsr işgəncə alətləri” sərgisindən yenicə qayıdan bir müştəri… Əslində inkivizasiya alətləri həmən-həməndi, sadəcə, onların dəhşət saçan əvvəlki görünüşləri dəyişdirilib, həm də onların cövhərinə elə qatqılar vurulub ki, xoşa gələn qoxuları uzaqdan adama “gəl-gəl deyir”, “gözləri zeytun dənəli” qızın təbəssümü kimi… Və amansız bazar dünyası səni tamam ütüb lütləndirnməsə, səndən əl çəkən deyildir. Hələ bu harasıdır, onların Yerdə bəs qədər filallalrı da vardır, hələ göydə də… “Yaşıl Puma”dan dışa sıçrayan ilkin “qara” təəssüratlardır bunlar…
Mümkün qədər korrektə olunmuş hekayədən çıxan qlobal və aktual ideya da bizə xoş heç nə vəd eləmir: Əvvəllər dünyada qırmız, sarı, yaşıl və s. imperiyalar var idi, indi isə bir əclaf imperiya vardır: Biznes imperiyası! Və ya yeddi nədir, yüzbaşlı, minbaşlı, sonsuzbaşlı bir əjdaha! Əvəllər bizim adlarımız vardı; Dədə Qorqud, Çingiz Xan, Mehman, Qismət və s və ilaxır. İndi isə adlarımız əynimizdən zorla çıxarılıb, hamıya bir ad geyindirilib: Müştəri. Özü də qulağında sırğası olan müştəri. (Deyəsən, əlahəzrət covid-19 üçün də müştəriyik; sırğalı-çipsli…) Qardaş, özünü qoruya bilərsən, buyur, qoru, qoruya bilməzsənsə, daha bizlik deyildir…
Sevda Sultanova – “Gün kremi”
Nədənsə hələ oxumazdan əvvəl intuitiv hiss elədim ki, hekayədə hökmən kino elmentləri olacaq, özü də daha çox fransız filmlərinin… “Niyəsi” azacıq məlumdur; Sevda Sultanovanı peşəkar bir kinoşünas kimi, məncə, ölkədə tanımayan yoxdu… Bəs niyə fransız filmlərinin, bunu izah eləmək çox çətindir. Qadın dünyasına qadın baxışı həmişə maraqlı, gözlənilməz tərəfləri ilə diqqətçəkicidir. Xüsusən, kişi oxucular üçün… Təhkiyəçinin süjetqurma bacarığı çox yüksəkdir. Kadrlar bir-birini sürətlə əvəz edə-edə özünü qısametrajlı bir filmə baxmış kimi hiss edirsən. Süjetdəki dramatizm də öz yerində. Hekayədə yetərincə zərif keçidlər, şərtiliklər və surreal işarələr vardır. Krem metaforası da mətndə öz funksiyasını çox dəqiq yerinə yetirir. O, insanı təkcə günvurmadan deyil, həm də ailədaxili dəhşətli prtlayışlardan, havalanıb dəli olmaqdan, anidən baş verən dərin psixoloji travmalardan qoruya bilir. Maraqlıdır ki, əsərin qəhrəmanın rastına həmin gün yalnız özü kimi bulanıq ovqatlı insanlar çıxır, belə gərgin situasiyada bir-birinə ötürdükləri təsəlliverici impulslar onları xilas edir. Hekayənin oxucuya ötürdüyü əsas ideyanı da burada axtarmaq lazımdır. Ağır, çıxılmaz anlarımızda xırda bir əşya, predmet bizi baş verə biləcək dəhşətli faciələrdən qurtara bilər. Hətta xəyanət edən kişilər də unudular, həyatımızdan biryolluq rədd olub gedəcək, onların izi-tozu da qalmayacaq. Yetər ki, diqqətinizi o predmetlərin üzərinə cəmləyəsiniz… Hekayənin sonluğu da fikrimizi sübut edir. Xəyanətlə üzləşən qadın üçün təzə “mövzu” artıq köhnəlib… Ona görə də rəfiqəsinə: “– Yaşıl çay əladı, qarındakı yağları əridir”.
Mətnin alt qatında bir qadın qıcığı, bir qadın hikkəsi və kişidən intiqam almaq ehtirası sərgərdan-sərgərdan dolaşır. Bu, mətnə də “təsirsiz” ötüşmür, pis mənada: “Qadın istədi tumanını başına çəkib desin ki, onun şeyi mənimkindən şirindir? Özünü zorla saxladı. Yadına köhnə məhəllədəki qonşuları Nanəgül düşdü”. Yada düşən Nənəgül də (“düzəliş” də!) hekayənin əsas qəhrəmanını (özü də “müəllimə”ni!!!) bu vulqarlıqdan qurtara bilməz. Çünki zina şüurdan başlayır. Yarıciddi, yarızarafatla hekayənin qəhrəmanına bir xatırlatma: Heç qırx oynaşlı Boğazca Fatmanın ağlından da belə şeylər keçməyib… (“Yarımçıq Əlyazma”)