Sim-sim.az Mehman Qaraxanoğlunun “Mənim sevimli hekayəm” layihəsinə qəbul edilmiş hekayələr haqqında üçüncü yazısını təqdim edir.
Birinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-27-hekay%C9%99-haqqinda-54-abzas/
İkinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-ii-yazi/
Azər Abdulla – “Gül yağışı”
Qəbir həyatı fonunda gerçəkliklər hiperrealistik, bəzən surreal həssas detallarla, magik realizmə xas olan impulsların “şüur axını” ilə assosiasiya edilərək modern nəsr texnologiyaları ilə verilməsi heyranedici bir effekt yaradır. Əgər desəm ki, nəsrimizdə bu qədər mistik açar və göndərmələri olan nümunələr barmaqla sayılacaq qədərdir, zənnimizcə, mübaliğə etmiş olmarıq. Özüm-özümə sual verirəm: Ölənin yaddından çıxmayan bir şey qaldımı? Oradan bu tərəflər təcridxanada ən əziz adamlarla görüşərkən ortada antiharmonik sədd kimi qəddarcasına dikələn şəffaf şüşə təbəqə arxasından görünür sanki. Sənin vaxtın az olduğundan və ya heç olmadığından çalışmalısan ki, öləri, ötəri cizgilərə əhəmiyyət verməyəsən, sənin üçün ən vacib olanlarını süngər kimi daxilinə çəkəsən. İlahi, gör bizim həyatımızda nə qədər səfeh populist bəyanat, sərsəm, depressiv şüarçı fikirlər, social ağrılara qrafoman yanaşmalar, mənasız sözlər, işarələr və pauzalar varmış… “Qəfildən qəbirdə dirilmək qorxusu” da bu yandan…
Biz həmişə bu qənaətdə olmuşuq ki, yalan-gerçək istənilən yazarı istənilən “izm”ə müncər etmək olar və olunur da! Olsun ki, yazar bir müddət belə “izm”lərin bihuşedici qarışıq qoxusundan məst də olsun. Amma bu “qarışım”ın təsiri gedəndən sonra o nə edəcək?! Birmənalı olaraq realizmin bütün “izm”lərin fövqündə dayanması təkzibolunmaz bir həqiqətdir. Yerdə qalanlar, sadəcə, “qatqı” funksiyasını yerinə yetirir. Sözügedən hekayədə də belədir. Əgər hekayəni dünyanın fərqli insanları oxusa, həyatımızı ağırlaşdıran anormallıqlar və etnopsixoloji elementlərin inandırıcı təsvirlərindən biləcəklər ki, qəbirdə yatan şəxs məhz azərbaycanlıdır. Çünki bizim qədər həm buranı (yalan dünyanı!), həm də oranı (doğru dünyanı, sonsuzluğu!) cəhənnəmə çevirən ikinci bir xalq yoxdur! Müəllif “həyəcan təbili” çalır! Həm də İlahi nizama olan inamı qəlbinə aramlıq gətirir: “Saysız-hesabsız bu qurğu, bu düzülüş, bu nizam, bu ardıcıllıq təsadüfdürmü? Balaca kişinin dediyi – “Yaradan bilər” – qulağnda səsləndi”. Və həm də təhkiyəçi çox ümidlidir; əgər yuxarıda qızılgüllər bitibsə, “qızılgül ləçəklərini qızın başı üstünə havaya atan” öz ağ köynəkli oğlanlar da olacaq….
Saday Budaqlı – “Yağmursuz havalar”
“Dünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşdi ki, bəlkə, özünü öldürsün”. “Arvadı pişikləri xoşlayır, ona görə o, hərdən pişik olur”. Bilərəkdən hekayənin ilk və son cümlələrini yanaşı yazdım. Hər bir cümləni ayr-ayrılıqda psixoloji ənvalı simvollaşdıran nərdivan kimi qəbul etsək, birincidə eniş, daxili-mənəvi çöküş, ikincidə isə dirçəlişi, pişik kimi dırmanış cizgilənir. İkinci cümlənin məchul “x” üzündən dahi N.Hikmətin bir tək misrasının vulkanik həqiqəti qıpqırmızı lava kimi tökülür: “Qadınlardan başqa kimsəyə yalan söyləmədim”. Nə qədər ki, ailədaxili və ya xarici, fərqi yoxdur, münasibətləri balanslaşdıran gerçəkliklərə (şələ-şələ yalan və eşq macəralarına!) Şərqlə Qərb arasında “avaralana-avaralana” dar milli-mentalitet nəfəsliyindən baxırıq, bədən və ruh mədəniyyətinin polemikasına açıq deyilik, hələ çox kişilərimiz nəinki kəmərini bağlaya-bağlaya intihar haqqında düşünər, əksinə, elə həmin kəmərlə də özlərini asacaqlar. Əgər sən həyatınla barışıb, heç olmasa, təhlükəli “qırmızı xıtt”i ömründə bircə dəfə keçməmisənsə, deməli xatırlamağa da bir şeyin olmayacaq və intihar labüdləşəcək. Amma müəllifin yozumunda bu da var, axı: “Kim bilir, bəlkə taleyimizlə barışanda biz elə xoşbəxt oluruq?!”
Hisslərin dinamik metamorfozu üzərində qurulan hekayədə təhkiyəçi “gözləniləməz” dil jestləri ilə ən incə psixoloji nüansları oxucuya çatdırmaq istəyir…
Fəxri Uğurlu – “Ehsan”
Arxeoliji rişəsi zadəganlığa, bəyliyə gedib çıxan və kənddə tarix müəllimi işləyən Toğrul bəy günlərin bir günü elə bir addım atır ki, onu tanıyanların hamısı məəttəl qalır; kişi dünyanın düz vaxtında (ya da əyri vaxtında, fərqi yoxdu), sağ-salamatkən xalqı evinə yığıb, məclisini də özü aparıb, özünə ehsan verir. Açığı, olay vaxtilə kənddəkiləri nə qədər heyrətləndiribsə, deyə bilmərik, amma bugün dünya nəsri, onun avanqard meyilləri ilə iç-içə olan oxucunu, demək olar ki, “tərpədə” bilmir. Müəllifin niyyəti aydındır: Halalığı, sağ ikən necə “ölməyi” və ölümsüzlüyü Toğrul bəyin simasında təbliğ etmək, yaymaq… Amma bunun üçün mətnin bütün ərazilərini “qəddarcasına” işğal etməyə lüzum var idimi? Hələ bu azmış kimi, qəhrəmanını idealizə edib ideallaşdırmaq üçün xatirə-memuar keçidlərindən də istifadə edilir. Fəxri Uğurlunun heyranedici dumduru dili, rahat üslubu da əlavə “yüklənmə”lər hesabına linçə məruz qalır!
Mətni oxuyub qurtarandan sonra özüm-öümə sual verirəm: Toğrul bəy insandır, yoxsa robot?! Biz onun içərisindəki Musanı gördük (əslində, çox işıqlı Müəllifi!), bəs Firon harada qaldı?!
Qan Turali – “Sevda sorağında”
Cəlil Məmməquluzadədən gətirilən epiqrafda, hekayə adında və onun ithaf olunduğu şəxsin baş hərfindəki “S”- lərin yaratdığı qorxunc assosiativ ab-hava hadisələrin xoş bir məcrada getməyəcəyini əvvəlcədən simvolizə edir. Bəzən sözdəki bircə səs də əsl qatil ola bilər. “Siyasət” sözündəki “S” kimi… Onun qurbanlarının sayını bilən varmı?! Hekayə məhz o qurbanlardan – Sənandan (və ya Sebstyandan), Kristinadan, “məcburiyyət üzündən” onları pusub söhbətlərinə qulaq asan barmendən və bir də barmenin xatirəsində əbədi uyuyan Alov Saçlı Qadından bəhs edir.
Modern gəzişmələrə daima meyilli olan müəllif Sənanla Kristina obrazlarını Şərq-Qərb kontekstində – müqayisələr və paralellər müstəvisində canlandırmağa cəhdlər edir. Lakin həmin cəhdlər öz yüksək bədii həllini tapa bilmədiyindən (başlıcası, əhvalarlar bir-birinin içərisində tam əriyə bilmir, posmodernizmə xas olan intertekstuallıq yerinə lazımınca oturdulmur, dil metamorfozlaşmır və s.) elə müəllifin öz fəlsəfəçiliyinə uduzur….
Samirə Əşrəf – “Soyuducumun kölgəsi”
Həyatımızda təkcə hadisələr təkrarlanmır, həm də cümlələr təkrarlanır. Qəribədir ki, cümlə təkrarı hadisə təkrarından heç də zəif olmur, əksinə, bəzən ondan daha güclü zəlzələ effekti yarada bilir. Onun neçə ballıq olduğunu isə mətn özü müəyyən edir. Əgər yazıçı onun titrəyişlərini mətnin bütün ərazilərinə eyni səviyyədə yaya bilirsə, demək o, öz işinin əsl peşəkarıdır. Mətnin əvvəlində Samirə Əşrəfdə belə bir peşəkarlıq gördük. “– Ana, bu yumurtalar donub!” cümləsinin “dağıdıcı” güc və enerjisi təhkiyəçini yuxu ilə oyaqlıq arasında bir-iki saniyə tutub saxlayandan sonra hələ işğalın gəlib çıxmadığı dogma evinə “buraxır”. Məlum olur ki, cümləni də ilk dəfə burada eşidib. Və cümlə kövrək bir müharibə detalına çevrilir. Lakin mətnin növbəti ərazisində diqqətin tamamilə soyuduca yönəldilməsi və bundan dolayı cümlə israfçılığı bu detalın daxilinə yığılmış ağrının şiddətini tədricən zəiflədir… Olsun ki, müəllif iki soyuducu “qarşıdurması”nda social fərqləri simvollaşdırır. Amma bütün sferalarda müəllif “şərhlər”inin mətnin xurcunundan başını qaldırıb oxucuya “gülümsəməyi” doğru deyildir.
Hər hansı mətndə yazıçı ilə oxucunu ayıran arakəsmə nazik şəffaf şüşədən deyil, simvolik beton lövhədən ibarət olmalıdr. Samirə Əşrəfin “izahatları” nəinki arakəsmələri tərpədir, əksinə, bütövlükdə mətni şəffaflaşdırır…
Cavid Zeynallı – “Zəmanəmizin qəhrəmanı”
Hadisələr sürətlə şütüyən taksinin pəncərəsindən (Hekayənin qəhrəmanı “Alatavadan Novxanıya taksi ilə” gedir…) görünən kadrlar kimi tez-tez dəyişir. İlk baxışdan adama elə gəlir ki, bir-birindən fərqli o kadrların ümumi fonla o qədər də əlaqəsi yoxdur. Lakin bu “rabitəsizliy”in axıb töküldüyü nəhrin bizə tanış olması bütün şübhələri alt-üst edir. Bu, on illərlə “mağara”da girayənişin qalan, daima ictimai-siyasi kataklizmlərlə, mənəvi deqredasiya ilə üz-üzə, iç-içə olan narahat, gərgin, XXI əsr insanınının şüuru və qəlbidir… Qırılmış aftafanın qulpundan başqa “heç bir” dərd-səri olmayan Firəngiz xala, aclıq üzündən marketdən çörək oğurlayan uşaq, “fəlsəfədən danışanda çiçəyi çırtlayan, yaşı səksəni keçən, kitablarından savayı heç nəyi olmayan yarımcan” filosof Mizrab kişi, əlacı hər tərəfdən kəsilən və özünü beynində qurduğu xəyali “dekorativ” səhnələrin qəhrəmanı yerində təsəvvür eləməklə, boz, rəngsiz sosiallıqdan qurtulmağa can atan “zəmanəmizin qəhrəmanı” və bir də dünyanın rənggsizliyi içərisindən işıqlı obrazı ağ-qara neqativ kimi canlanan və əbədi olaraq 17-ci mərtəbədə qalan Mövlud… Günümüzün acı reallığı və ya dəhşətli “insan mənzərələri”dir…
Mətndən qulağıma haradasa eşitdiyim qırıq-qırıq, kəsik-kəsik tanış, mərhəm səslər, sözlər, intonasiyalar gəlir. Onların “eşidilməməsi” üçün Cavid Zeynallının güclü dil, üslub və sənətkarlıq potensialı vardır…