Sim-sim.az Mehman Qaraxanoğlunun “Mənim sevimli hekayəm” layihəsinə qəbul edilmiş hekayələr haqqında dördüncü yazısını təqdim edir.
Birinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-27-hekay%C9%99-haqqinda-54-abzas/
İkinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-ii-yazi/
Üçüncü yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-iii-yazi/
Etimad Başkeçid – “Veyil dərəsi”
Sənət adamının bir deyil, paralel olaraq bir neçə sahə ilə məşğul olması, “budaqlanması” çox yaxşı bir haldır. Amma müəyyən zaman keçib, budaqlar özünü “tutub”, özünə dolandan sonra, zənnimcə, mütləqdir ki, sənət adamı məhz öz budağını seçib daha çox ona “qonsun”. Uzağa getməyək, bizdə Xudu Məmmədov, Nurəddin Rzayev, Azad Mirzəcanzadə, Rafiq Əliyev, Kamal Abdulla nümunəsi vardır. Sonuncu ədəbi cameədə “yeni amplua və format”da görünənə qədər də məşğul olduğu bütün sahələrədə, əslində, bir yazıçı idi. Gəlin, nə özümüzü, nə də Etimad Başkeçidi yoraq, onun ən parlaq və ən dürüst yeri yazıçılıq “budağı”dır! “Bir budaqda oturub on budağı silkələməyə” məhz belə istedadların haqqı (Çünki istedadlar “geri” çəkiləndə istedadsızlar meydan sulayır), səlahiyyətləri vardır! (Gördüyünüz kimi, ata sözümüzün modern qatı da tədricən öz sahiblərini tapır…)
“Arxipelaq Qulağ”ın kiçik “qardaşı”, vaxtı ilə buraya sürgün olunmuşların törəmələri hesab olunan yetmiş minlik əhalinin öz ömrünü “qaranlıq dünya”da – kömür mədənlərində keçirdiyi və siçovulların insanlarla yanaşı yaşadığı “gözdən uzaq, könüldən iraq” İntada həyat öz axarıyla (əgər buna “axar” demək olarsa) davam edir. Əslən azərbaycanlı olub Gürcüstanda yaşayan və Moskvadan İntaya müxbir kimi işləməyə gələn əsərin qəhrəmanı (avtobioqrafik çalarların olması şəksizdir!), şəhərdə baş verən anormal olayların amansız diktəsi ilə insanların necə “siçovullaşması” prosesini öz gözləriylə görür və onun ictimai-siyasi, mənəvi-psixoloji arxeologiyasını çözüb mənzərəsini canlandırır.. Hadisələr ağılasığmaz dərəcədə real, təbii və dəqiq təsvir edilir: “Tələ onu düz belinin ortasından vurmuşdu, ancaq hələ sağ idi. Az qala adam kimi çığıra-çığıra qabaq ayaqlarıyla döşəməni cırmaqlayır, hərdən qanrılıb tələni dişləməyə çalışırdı. Sonda hətta siçovul var gücünü toparlayıb tələni bir qədər öz arxasınca sürüməyə müvəffəq oldu. Lakin, bu ölüm məngənəsindən qurtulmaq artıq mümkünsüzdü. Bir azdan onun civiltisi tamam kəsildi və o, ağrıdan bir-iki dəfə də sağa-sola bükülərək sakitcə canını tapşırdı”. Ümumən, mətn bizə nə deyir? Əvvala, çox nadir hekayələrimizdəndir ki, oxucuya hörmət, izzət və ehtiramla yanaşmağın klassik formulunu yenidən sərgiləyir. 2. Canlıların bir-birini öldürməsi aktının genezisində bir teatrrallıq, bir oyun elementi olduğundan insan ona çox meyillidir. Lap insan bir-birini vurub öldürsün, fərqi yoxdur, təki baxmağa bir tamaşa olsun. Yerli “İskra” qəzetinin əsas yükünü öz çiyinlərində daşıyan qocaman müxbir Pavel də özünün və dostunun əhvalını qaldırmaq üçün uzaq bir yolu qət edib, siçovulların bir-birini “linç edib”, qətlə yetirilməsi səhnəsinə baxmağa getməsinin kökündə də məhz bu vəhşi amil durur. 3. Amansız “Axipelaq Qulaq”lar ləğv olunsa da, onlar öz işlərini başqa şəkildə, fərqli üslubda davam etdirirlər; tutaq ki, orada yaşayanların xarakteri tədricən “deformasiyaya” uğrayaraq yenə də ilkə, əvvələ qayıdır. Təhkiyəçi xəbərdalıq edir: İnsanın ruhsal və fiziksəl azadlıqlarına qarşı ən məkrli və qəddar “ixtira” olan düşərgələr, əslində, torpağa uzunmüddətli çirkli niyyətlə “basdırılan” elə reaktiv bombalardır ki, “patlayışları”ndan uzun illər keçsə də, fəsadları şüalana-şüalana yayıldığından onların tamamilə zərərsizləşdirilməsi qeyri- mümkündür. Bəlkə də yetmiş minin içərisində yeganə adam əsərin qəhrəmanı olur ki, milli-ruhi-mental dirənişi və əzmi hesabına oradan qurtula bilir. “– Bir-iki xırda-para işlərim olmasaydı mən də səninlə gedərdim, – dedi və dərindən köksünü ötürərək maşını vağzala doğru yönəltdi”. Siz necə düşünürsünüz, Pavelin “xırda-para iş”ləri qurtaracaqmı?!
Rasim Qaraca – “Çaqqala görüş”
Ədəbi oppozisiyası həmişə aydın və şəffaf olan Rasim Qaracanın həm şeir, həm də nəsr yaradıcıığında mistik işarələr, surreal keçidlər, metafizik sezmələr sərt realizmlə (daha çox cod, tikanlı, pırpızlı, eyhamlı realizmlə!) həmişə iç-içədir, qovuşuqdur. Sözügedən mətn də istisna deyildir. Çoxluğun içərisində nadir “tək”lərdən olan və hər nəsnədə gizli bir məna axtaran Professor Azər Ramizov həmin məşum gün qarpız küməciyinə – çoxlu “enerji kürəsi”nə rast gəlməsəydi, başına həmin dəhşətli qəziyyə də gəlməzdi. Amma yazıçı yozumunda, professor öz ölümünü özü haqq eləmiş olur, çünki insanı sosial təcridə, inamının tükədilməsinə, qutsal dəyərlərlə spekulyasiyaya, ruhunu büsbütün deqredasiyaya uğradıb karikaturaya çevirməyə və s. murdarlıqlara sövq edən bir cəmiyyətdə ölüm Ariadna ipindən (xilas, qurtuluş ipi!) başqa bir şey deyildir. Diskursda “yuvarlaq canlının üzərində cızıqlar” məhz bu funksiyanı yerinə yetirmiş olur. Əgər təbiətdəki kiçik bir qarpız lap balacalıqdan bir çaqqal tərəfindən cırmaqlanıbsa və həmin cırmaq izləri qarpızla bir yerdə böyüyübsə, indi gör insan özü ilə nə qədər haqsız zərbələri, mənəviyyatının aşağılanmasına yönəlik yersiz təhqirləri, qlobal ruhi-mənəvi aşınmaları, sonsuz ağrı-acıları özüylə birgə böyüdür, böyüdür və sonda götürə bilmədiyi “yük”ə yenir, təslim olur…
İnsanlardan qaçıb “çaqqallarla görüş”ə can atan professorun dəhşətli taleyinin Azərbaycan və dünya ədəbiyyatından gələn ən avanqard meyillər və təcrübə əsasında, çox xəsis rənglərlə, tərəfsiz, aram və sakit bir intonasiya ilə nəql edilməsi təqdirəlayiq bir haldır və hekayəyə xüsusi bir cazibədarlıq gətirir.
Sahilə İbrahimova – “Qaçırlar”
Hekayə çox ciddi və ağrılı bir problemə – döyüşdə şəhid olduğuna baxmayaraq, üç il qapı-qapı düşüb oğluna şəhid adı ala bilməyən havalanmış bir ananın daxili-mənəvi sarsıntılarının ağ-qara profildə şəkillənməsinə həsr olunmuşdur. Nüvəsində qəddar və depressiv müharibə faktı olan bu mövzunun sərhədlərini müəllif bir qədər də genişləndirərək buraya ictimai-siyasi və sosial problemləri də daxil edir. Hekayənin çox uğurlu tapılmış adı hadisələrin dinamikasına uyğundur. Məlum olur ki, hamı qaçır; gənc jurnalist ana on iki yaşlı qızı ilə şəhidin evinə, şəhid ananın avtobus sürücüsü olan həyat yoldaşı Astaraya (məlum olur ki, jurnalistin özü də vaxtilə onları atıb gedən, üzünü heç bir zaman görmədiyi atası ilə görüşmək üçün Astaraya qaçmalıdır), söhbət əsnasında sürücünün özü də “başı qaçmış” arvadının ucbatından qaçmaq istədiyini deyir, ağzından “Qaçmaq istəyirəm” sözləri çıxar-çıxmaz bunu eşidən yad bir qadın avtobus sürücüsünə: Qamaq istəyirsən, qaçaq, – deyir. Tragikomik bir vəziyyət yaranır. “Anlaşılmaz kədər Arzunun boğazına tıxandı”. Belə çıxır ki, on iki yaşlı Arzu da onları qoyub qaçan doğma atasının dalınca qaçmalıdır…
Bədii əsərin ən böyük dil faktı olması şübhəsizdir. Dil mətndə öncə idarə edən, sonra “idarəolunandır”. Dili “önə” buraxmayan müəllif həmişə dilə məğlub olur. Hazır mətn üzərində yazıçının sonrakı üzüntülü işini – mətni təmizləyib arıtmağını cərrahın səbr və təmkinlə tikiş vurmasına bənzətmək olar. Bir oxucu kimi təhkiyəçinin (cərrahın!) əlində dil alətlərinin (vasitələrinin!) əsdiyini görürəm. Həm də mətndə bu tip “açar” cümlələr xəstənin daxili orqanlarında unudulub qalan cərrah alətlərindən başqa bir şey deyildir: “O, qaçmağı sevirdi. O, elə sürətli qaçırdı. İdmançı olacaqdı… Qaçıb ölümə çatıb…”.
Ayxan Ayvaz – “Sarı göyərçinlər”
Bəlkə də indi söyləyəcəyim fikirlər kiməsə qəribə gələ bilər, amma qoy gəlsin, cümlələr də insanlar kimi çəkili olur (kilo mənasında yox, həm də “hə”), bəzən ən ağırları ən yüngülləri olur, ən yüngüllərini isə yerdən qaldırmaq olmur (kilo anlamında). Ayxan Ayvazın atasızlıq, anasızlıq, ümumən, ağrı-acılarla yüklənmiş cümlələrində qəribə bir yüngüllük, pərvazlanmaq, uçmaq ehtirası vardır. Hətta o dərəcədə uçmağa həvəslidirlər ki, “sarı göyərçinlər” də onlara həsəd apara bilər. Əslində, həmin cümlələrin gedəcəyi nə real, nə də metafizik məkanlar vardır, onlar uçub, uçub özlərini tapmaq istəyirlər… Cümlələr gedib özlərinə yetirlər, amma Ayxan həmişə gecikir. Ona elə gəlir ki, cümlələrin ondan əvvəl gedib özünü tapmaları mümkünsüzdü. (Ağır yazıçılıq fəaliyyəti ilə bağlı tərəddüd və şübhələrinə işarə edirəm). İndi mən bunları ona deməyə tələsirəm, çünki bir azdan qarşımda Ayxanı görəcəyəm, onun cümlələrini yox…
Ayxan Ayvaz bizim ədəbiyyatımızın ən səmimi, ən məsum, ən təbii bir parçasıdır. Lənətə gəlmiş müqayisələr yazıda həmişə düşüncəni hasarlayır, amma nə edim ki, beynimdə Nodar Dumbadze fırlanır… Sözügedən mətndə Ayxan Ayvaz öz atasız çağlarına “adam kimi” enmir, “başı kəsik gözəl” kötük kimi yumalana-yumalana yuvarlanır…
Alpay Azər – “Su, suu!”
Gənc Alpay Azərin əvvəldə verdiyi müəllif “şərhi”nə heç bir lüzum yoxdur. Amma o sözlərdən çıxış edib bir-iki fikrimi bölüşmək istəyirəm: Lap əski çağlardan Şərqdə şeir harmoniyaya, nəsr isə şeytaniliyə canatımı simvollaşdırıb. “Niyəsi” çox uzun söhbətdi, amma ipucu kimi şahların tarixini nəzmə çəkən Firdovsini (Sual olunur: guya nəsrlə yazmaq olmazdı? Əlbəttə, olmazdı. Bəzi ədəbiyyatşünaslar deyəndə ki, “Şahnamə”nin bütün hissələri bədii-sənətkarlıq səviyyəsinə görə eyni deyildir, razılaşırıq, amma tutarlı səbəb gətirə bilmirlər. Bunun əsas səbəbini göstərdiyimiz arqumentdə axtarmaq lazımdır. O məqamlar ki, Firdovsinin ürəyinə yaxındı, məs, Rüstəm Zalla oğlu Zöhrabın dastanı, şair onları yüksək peşəkarlıqla işləyir) və dahi Nizaminin beş mənzum romanını xatırlada bilərik. Özüm də özüm üçün xırda bir “araşdırma” aparmışam; dünyada şairlərdən çox yazıçılar intihar ediblər! Son anda Nizam (şeir) şairləri intihardan saxlayır, Xaos (nəsr, cin yığnağı) isə ölümə aparır. Ona görə də hörmətli Alpay Azər, bunları desən, deməsən də sənə heç kəs “inanmayacaq”. (Ona görə qabıqcığa aldım ki, “inanalar” kütləvi şəkildə üstümə gəlməsinlər!!!) Son cümləmi ciddi qəbul eləməsən də, olar. Amma ciddi olan odur ki, nəsr texnikasına cidd-cəhdlə, özünəməxsus israrla və tədricən yiyələndiyini proqnozlaşdıra bilərik. Kiçik xətaları çıxmaq şərtilə, sözügedən mətndə “Demə, göstər!” prinsipinə mümkün qədər əməl olunmuş, ekstremal situasiyalarda insan psixologiyasındakı qəfil dəyişimlərin göstərilməsinə səylər olunmuşdur.
Gənc Alpay Azərdə diqqətimizi daha çox çəkən mövzunun yeni olub olmaması deyil (əlbəttə, çox işlənmiş əski bir mövzudur), dil manevrləri, keçidlərin bir-birini tutub tumaması, dialoqların təbii və süniliyi, yazıçı mövqeyinin şkala ilə “görünmə” dərəcəsidir. Müəllif bu məsələləri öz xeyrinə həll edə bilib…