Sim-sim.az Mehman Qaraxanoğlunun “Mənim sevimli hekayəm” layihəsinə qəbul edilmiş hekayələr haqda beşinci yazısını təqdim edir.
Birinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-27-hekay%C9%99-haqqinda-54-abzas/
İkinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-ii-yazi/
Üçüncü yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-iii-yazi/
Dördüncü yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-iv-yazi/
Elçin – “Parisdə avtomobil qəzası”
Baxış bucaqlarımızın “illüzor” yerdəyişmələrindən asılı olmayaraq, ədəbiyyatımızdakı “universal Paris”ə görə hamımız dahi Mirzə Fətəliyə borcluyuq. Virtouz hekayə ustası Elçin də Mirzə Fətəliyə öz minnətdarlıq borcunu Parisin “partladılması” qədər “absurd” olan “avtomibil qəzası” ilə cüzi də olsa, ödəmək istəyir. Komediyadan gətirilən və hekayənin “manşeti”nə çıxarılan çoxüzlü “sitat” da birbaşa öz iti şüalarını sözügedən hekayənin daxilinə tuşlamaqla yanaşı, həm də fərqli diskursların (komediya ilə hekayənin!) alqoritmliliyini fokuslandırmaq baxımından çox maraqlıdır; mentalitetdə oturuşmuş arxetiplər itmir, sadəcə, gərəkən zamanlarda fərqli bir şəkildə zühur edir – hətta işarələr, sözlər, pauzalar da bu prosesdən kənarda qalmırlar. Baxaq: “Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə apara!..” Bunu 170 il əvvəl Şəhrəbanuxanım deyib. “- Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar”. Bunu da çağımızın Nuridəsi deyir. Şəhrəbanuxanım Hətəmxan ağanı fəndgirliklə cümlənin “qaranlığı”na niyə “itələdiyini” çox əla bilir. (Sonra da durub Şəhrəbanulara gerilik, nadanlıq, avamlıq damğası vururuq). Nuridə xanıma gəlincə, o da “məsləhət donu”nu “çoxdan”, hələ qardaşıgilə gəlməmişdən əvvəl tikib, hələ üstəlik onu söküb də, amma təzə məkanda onu “bərpa” edib, yeni “format”da “gülzari-cəmiyyət”ə sırımaq istəyir. Nuridə xanım özünə inanır, ona görə də daha Paris söhbətini eləmir. Çünki “bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək”. Hekayədəki digər qadınlar “işləklər”inin əmsalına görə ondan nicbətən zəifdirlər. Abdullanın Nuridənin dördüncü əri olması, ondan gələn ucuz kişi ətrindən arvadının çimçəşməsi və çeşməyinin qabında gizlətdiyi “5” manat bizə çox gizli mətləblərdən xəbər verir, həm də bu detallar yetər ki, Nuridənin “köhnədənqalma” bir “tip” olduğunu anlayaq və onun portretinin “tökülmüş” yerlərini restavrasiya edə bilək. Yazıçı qadın fitrətindəki təbii “sərvətlər”i – yalançılığı, riyakarlığı hiyləgərliyi, bicliyi, istənilən situasiyalara uyğunlaşa bilmə məharətlərini (buqələmunluğu) zərgər dəqiqliyi ilə, incə və zərif işlənmələrlə verir. Kiçik bir hekayədə fərqli psixoloji cizgi və ştrixlərə malik çox sayda personajlar yaratmaq, Paris macərasını çoxlaylı bir oyuna çevirmək, mətnə hüdudsuz ideya-estetik funksiyalar və gözə “görünməyən” ironik kolorit yükləmək heyrətamizdir.
Elçinin əksər hekayələrində predmet metaforasına xüsusi önəm verilir. Rəssamlarda olduğu kimi, predmetlərin “vizual” təsvirləri sürreal effekt yaratmaqla, ovqata və ekstremal vəziyyətə uyğun olaraq tez-tez dəyişir, hətta mətnin struktur və stixiyasının tələbi ilə onların tədricən “insanlaşması” posesi də baş verir; Kərim müəllim – Zənbil, Göy Zənbil və Köhnə Göy Zənbil… Hekayədəki digər predmetlər də öz vəzifələrini “layiqincə” yerinə yetirirlər; yuxu, it, qarpız, qağayı, körpənin oyaq gözləri, metaforik şıdırğı yağış və s. Sonuncu “təyinata uyğun” haldan-hala şəkildən-şəklə düşür… Yazıçının dili üstündən sükutla keçmək günahdır; Elçin dilimizin ən emosional, impulsiv və ritmik bir möcüzəsidir; uzun, ağır, məşəqqətli bir yol gələn dilimiz, sadəcə, Elçində dincini alır. Belə görünür ki, bizim Parisə getməyimiz bu dəfə də alınmadı. Özü də “zəif” və zərif hesab elədiyimiz qadınların hesabına. Düşünməyə dəyər…
Mövlud Süleymanlı – “Şapkamı geyinən…”
Qadının haqlı qısqanclığının sərhədsizliyi fonunda ailədaxili münasibətlərin nazilib, nazilib qırılma halına gəlməsi, birgə yaşanan əlli illik ailə həyatının qəlb deşən şübhələr hesabına mənasız dedi-qodu səviyyəsinə enməsi, çıxış yolunun olmaması, olsa da, bunu yatdığı qadınların yanına təkrarən dönüşdə görən personajın “tragikomik” bir vəzəiyyətə düşməsi təsvir olunur. Oxucuda belə bir qənaət hasil olur ki, hekayənin qəhrəmanı (özü də yazıçı!) yüngülxasiyyətli birisidir.
Mətn hansı ciddi ideyanı oxucuya ötürür, məlum deyildir. Absurd səslənsə də, müəllif demək istəyir ki, belə situasiyalarda ən doğru yol heç nəyi ciddiyə almamaqdır. Maşında sənin böyründə oturan “yad” qadının ətraf tanımasın-deyə hətta sənin şapkanı başına keçirməsi də məqbuldur. Şərqdə şapkanın kişilik rəmzi olduğunu nəzərə alsaq, deyəsən, evin şapkası da uçub gedib…
Azad Qaradərəli – “Süd gölü”
Azad Qaradərəli sanki işğalda olan Vətəninin ən uca xəyali nöqtəsindən həyata baxan, qələmdaşlarının deyə bilmədiyi və ya deməyə tərəddüd etdikləri reallıqları ədəbiyyata gətirən, həyatdan gələn səslərə əlüstü cavab verən, ağrı-acılardan “çıxıb” daha “demokratik” ağrılara yuvarlanan, bir sözlə, həyatın dibini yazan müstəsna sənətkarlardan biri, bəlkə də birincisidir. Fikrimiz bir qədər də aydın olsun-deyə hekayələrindən birinin adını çəkmək istəyirik: “Dua edirdim ki, anam tez ölsün”. Əslində, adla mətnin stixiyası tərs mütənasibdir; hekayənin qəhrəmanı xəstəliyin gözəl anası üzərində öz hakimiyyətini tam bərqərar etməsini görməmək üçün Tanrıya yalvarır… “Süd gölü” də belə gözlənilməz daxili metamorfozlarla müşaiyət olunur. Nəhs, uğursuz tale yaşayan, sabaha heç bir ümidi olmayan ailənin birdən-birə “çiçəyi çırtlayır”; aclıqla üz-üzə olan ana iki ciyərparasını ölümdən qurtarmaq üçün qonşuluğa təzəcə köçən gənc uşaqsız ailənin evində qulluqçu kimi işə girir və dərisi süd rəngli sahibə pul əvəzinə ona hər həftəsonu bir bidon süd verir və onlar da həmin südü həm süd, həm də qatıq kimi satıb aclıq və səfalətdən qurtarırlar. Günlərini bir günü evə döndüyü zaman anasının süd vannasında çimdiyini görən oğul nə edəcəyini bilmir, məlum olur ki, həmin süddə öncə “ağappaq pambıq kimi” olan sahibə, sonra da şeytanın təhriki və qadın marağının şiddətindən anası çimir… Yazıçı demək istəyir ki, harınlıq, qudurğanlıq, haram yollarla pul qazanmağınn sərhədi olmur, bu bir süd gölüdür, özləri bulaşmaları cəhənnəm, təmiz, pak, halal adamları da bulaşdırırlar. Müəllif həm də “kasıbın qudurmağı pis olar” ata sözümüzə də bir simvolik körpü atmış olur. Amma biz daha çox kasıbı “qudurğanlığ”a çəkən sosial-siyasi və psixoloji səbəblər haqqında düşünür və Ananın bu səhvini Həvva nənənin günahına bağışlayırıq…
Hekayənin əvvəlində epiqraf kimi verilən aşağıdakı sözlər qəribə səslənsə də, sanki oxucuya ünvanlanıb, mətni ona göstərib, düz gözlərinin içinə deyir: “Məni görənə lənət, görüb oxumayana lənət, oxuyub əməl etməyənə lənət!” “Lənətlik olmaq” istəmirsinizsə, hekayəni hökmən oxumağı məsləhət görərdim…
Nəriman Əbdülrəhmanli – “Yelçəkən”
Nəriman Əbdülrəhmanlının ədəbiyyat və incəsənətin müxtəlif sahələrindəki səbr, təmkin və həm də qaçaqaç tələb edən geniş fəaliyyətini gördükdə istər-istəməz düşünürəm: Bu adam bunları necə çatdırır?! Görünür, hərəkətverici ideyalar göndərən uca Allah onları həyata keçirmək üçün ardınca da gözəgörünməz mistik yardımçılar – sevgi, güc, səbr, dözüm də göndərir… “Yelçəkən”, müəllifi fərqli stil və ampluada göstərən bir mətndir. Nədir bu fərqliliklər? 1. Total basqı və senzura qadağalarının götürüldüuyü bir zamanda, necə deyərlər, günün günorta çağı biz möhtəşəm bir alleqoriya ilə tanış oluruq. Bəzilərinin hələ də alleqoriyanı yalnız daşlaşmış klassik bir janr kimi qavramı təəssüf doğurur. Unutmayaq ki, alleqoriya həm də simvollarla danışmağın ən qısa yolu, bir sənətkarlıq jesti, özəl üslubi bir məziyyətdir. 2. Yaşı əllini ötmüş, yalnız yazı-pozu haqda düşnüb evlənməyi də “unudan”, bütün qapılarda “sevgi” ilə qarşılanıb, sürəkli “sevgi” ilə yola salınan Azərbaycan yazarının bədbəxt və miskin halı heç bir mətndə bu qədər real, dəqiq və “yumşaq” bir qəddarlıqla təsvir olunmayıb. 3. Deqredasiyaya uğrayıb pozulmuş, həqiqətin susduğu, yalanın həqiqət kimi danışdığı və heç bir kişinin öz dilinin altından çıxmadığı (Həzrət Əli) bir cəmiyyətdə alleqorik işarələr və simvollar çalağan dəstəsi kimi özləri dilə hücum edir və onu zəbt edirlər. Hekayədə olduğu kimi… 4. “Gecələr dünyanı yelini içinə çəkən”, səhər o yelin canından çıxması üçün özünü “oda-közə vuran” qəhrəmanın bir neçə saatlıq “hərəkət cədvəli”nə, olduğu məkan və görüşdüyü adamların sosial status və davranışlarına diqqət etdikdə hər şey bəlli olur: Dostu, Qəmsiz Cavan, Tanışı, Cavan Qadın, Can Dostu, Yetik Xanım, Köşəyazan Dostu, Susatan Tanışı, Uzunsaçlı Şair, Bəyazüzlü Şair, Solğunbənizli Nasir, “arkadaşı” Öndər, Şümür Oğlu, İşbaz Dostu. Sonuncu ilə kafedə yeyib içəndən sonra evin açarını da unudub qoyur orda. Bəlkə də simvolik açarını…
Ədəbiyyatın bir missiyası da “yatmışlar”ı oyatmaqdır. Bugün ədəbiyyat məkanında özünü aldadıb “könüllü” yuxuya verən, özləri üçün absurd qum piramidalarının yalançı eskizlərini quran, sözün üst qatında sayrışan kölgələri zərli kəpənək bilib uşaq kimi onlarla oynayan, iddiaları onlara güc gələndə özünü “yekə” göstərən, monoton həyat keçirən, bir sözlə, mənasız “yelçəkənlər”ə çevrilən çox sayda yazarlarımız vardır. Təəssüf…