Sim-sim.az Mehman Qaraxanoğlunun “Mənim sevimli hekayəm” layihəsinə qəbul edilmiş hekayələr haqda altıncı yazısını təqdim edir.
Birinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-27-hekay%C9%99-haqqinda-54-abzas/
İkinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-ii-yazi/
Üçüncü yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-iii-yazi/
Dördüncü yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-iv-yazi/
Beşinci yazıya keçid üçün > https://sim-sim.az/mehman-qaraxanoglu-28-hekay%C9%99-haqqinda-56-abzas-v-yazi/
Əkrəm Əylisli – “Ürәk yaman şeydir…”
Əvvala, diskursun adı və stixiyası bugünəcən öz şifrələrini heç bir Tanrı bəndəsinə “doğru-dürüst” açmayıb və heç inanmırıq ki, bizə də açsın. Amma cəhdlər edəcəyik. Birincisi, “ürək yaman şeydir” – alçaqlığın, işverənliyin, satqınlığın ən yüksək dozasında; Teymurdakı ürək! İkincisi, “ürək yaman şeydir” – “dost” deyib dağ kimi durduğuna, xıltsızlıq, sadəlövhlük, təmizlik və paklığına görə; Sərvərdəki ürək! Üçüncüsü, həm yaxşı, həm də yaman – “pis” anlamda; təbiətdən ayrılıb urbanistik bicliklər, “sosial tıxac” və təcridlərlə üz-üzə, iç-içə olan, lakin assimilasiyaya uğramamaq üçün öz ampluasında “solğun” dirəniş göstərən tənha, darıxan ürək – bu, Əjdərin ürəyidir! Hekayə məhz üçüncüsü haqda ən acı və ən kədərli bir elegiyadır… Hələ indi-indi “şəhər və kənd nəsri”, “əyalət və paytaxt yazarı” ifadələrinin arxasında hansı çirkli niyyət və murdar siyasi-ideoloji sifarişlərin durduğu məlum olur; əslində, bu məkri bölgü də avtoritarizmdən gələn iblisanə basqının bir yumşaq növü idi, ayırmaq, parçalamaq siyasəti, “sivilizasiya” mərkəzinin “zəif” kəndə bir əzələ nümayişi idi. Bu gün də şüurlardan izləri getməyən həmin kirli axıntıların qabağına əlli il bundan qabaq müəllifin öz təmiz, pak, dumduru nəsri ilə çıxması bir möcüzə idi. Hekayənin yeni oxusu bir oxucu kimi məni dəhşətli şəkildə sarsıtdı; bu bir tale mətni, avtoportretdir və nədənsə beynimdə mavi gözlü Devin “Nikbin adam” şeirini assosiasiya edir: “Uşaqlıqda milçəklərin qanadını qoparmadı, vedrə bağlamadı pişiklərin quyruğyna, kibrit qutularında həbs etmədi hamam böcəklərini, qarışqa yuvalarını dağıtmadı. Böyüdü, bütün bu işləri onun başına gətirdilər. O ölərkən mən yanında idim, bir şeir oxu, – dedi mənə, Günəşə dair, dənizə dair, atom qazanları ilə süni aylara dair, böyüklüyünə dair insanlığın”.
Adətən, darmacalda belə mətnləri bir sözlə səciyyələndirirlər: Şedevr! Hekayənin sosial-etnopsixoloji, etik-fəlsəfi aspektləri, bədii-sənətkarlıq və estetik prinsipləri haqqında yetərincə danışmaq olsr. Amma biz vədimizə xilaf çıxmadan nəzəri istiqamətləri bir tərəfə qoyub, mətnin aktuallığını şərtləndirən və öncəgörüm səviyyəsində olan intuitiv göndərmələrə diqqətinizi yönəltmək istəyirik. 1. Bizdə bütün başqa sahələrdə olduğu kimi, urbanizasiya prosesinə də barmaqarası baxıldığından və siyasi-iqtisadi, əxlaqi-mənəvi proporsiyalar gözlənilmədiyindən bəzi kəndlərin tamamilə “silinməsi”nə gətirilib çıxarıldı. Biz çağırış tipli “Bakıya gәl… Bakıya gәl… Bakıya… Bakıya… Bakıya…” qarabasmalara heç bir zaman inanmayıb, “astmalı” Əjdərin harayını zamanında eşitməliydik. (Maraqlıdır ki, bu çağırış da Əjdərdən gəlmişdi!) Mətni kənd-şəhər qarşıdurması müstəvisində təhlil etmək yolverilməzdir! 2. Sosial istəklərimizdən asılı olmayaraq, mifoloji təfəkkürdən süzülüb gələn təbiətlə (makrokosmla) insanın (mikrokosmun) əlaqəsi heç bir zaman pozulmamalıdır. Əgər Əjdər bir qədər də “İlanmələşən”də yaşasaydı, iyrənc bir həşarata çevrilən Qriqori Zamzadan (fəlsəfi təyinatları ayrı olsa da) fərqli olaraq xoş bir niyyətlə ən azından, kirpiyə çevrilər və əbədi harmoniyanı təmin etmiş olardı… “Gedәndә Әjdәr tәkcә sırıqlısını götürmüşdü, bir dә kirpini qucağına almışdı. Vә nә qәdәr qәribә olsa da, Sәrvәrә elә gəlirdi ki, Әjdәr kirpini dә Bakıya aparmaq istәyir. Sonra Әjdәr kirpinin yaş burnundan öpüb onu eһmalca yerә qoydu. Sonda Әjdәr Sәrvәri qucaqladı, nәdәnsә Sәrvәrin dә mәһz burnundan öpdü…”. 3. Psixoanalitiklərin fikrincə, darıxmaqlıq hissi insanın özünütəsdiqi ilə sıx bağlıdır. Özünü təsdiq edə bilməyən insan Parisdə, Şəkidə, Bakıda və ya ucqar bir kənddə də olsa, darıxar. Əjdərin həyat tarixçəsi bunu sübut edir. Kənddə darıxan Sərvəri də Bakı çəkir özünə. Düşünür ki, bəlkə orda arzularını gerçəkləşdirə bildi. Amma hər iki personajdan fərqli olaraq, Teymur darıxmır. Çünki yaşadığı məkandan asılı olmayaraq, bu adam alçaq və satqındır. Lap Parisə də getsə, öz murdar peşəsindən əl çəkməyəcək. Hekayənin əlli il bundan əvvəl öngörənliklə şəkilləndirdiyi bəzi sosial-psixoloji və fəlsəfi qənaətlər heyətamizdir. Bu yerdə dahi Aristotelin sözləri özü öz ayağı ilə gəlib girir mətnə: “Ədəbiyyat tarixdən daha fəlsəfidir”.
Mübariz Örən – “Qar Tanrısı”
Əgər yaddaşım naxələflik eləmirsə, “Qar Tanrısı” haqda ilk yazını böyük şövq, zövq və heyrətlə bu sətirlərin müəllifi yazıb. Yer-yatağı ovuc içi kimi bəlli olan o mətnin iç havası bugünəcən başımda olsa da, indi onu özümdən uzaq tutmaq istəyirəm, sadəcə, bilmək istəyirəm, keçən bu müddət ərzində mətnin mənə, mənim o mətnə münasibətim qiymətləndirilmə şkalası ilə götürüləndə nə qədər dəyişilib. Yeni oxudan sonra bir oxucu kimi bir daha əmin oldum ki, yaxşı mətnlər haradasa yaşı yüzü haqlamış qoca Yexiyaya bənzəyir, onlar öz Elburuslarını fəth eləyib, özlərinə qalib gəlməyincə rahat ola bilməzlər. “Qar Tanrısı”nın zirvələrə doğru yürüşünün davam etdiyi bu dəqiqələrdə əsərdəki (ekspedisiyadakı!) iştirakçılar bir-bir gəlib durur gözümün qarşısında; Qəfil könlünə alma düşən və yuxusunda Yesara Dionisovnanı görən Yexiya (Alma, general Emanuelin Yexiyaya qoşulub qaçan qadını Yesaranı simvolizə edir. Yexiya bir dəfə almaya – qadına, günaha yerikləyib Elburusun fəthindən qalıb. Elə bil tale özü bu qurğunu qurmuşdu onun üçün. Yesara da yuxuda ona deyir: “Sənə alma gətirə bilmədim, Yexiya, əvəzində qar gətirdim”. Və həm də onu ümidləndirir: “O zirvə sənindi, Yexiya!” – yuxuda dedi Yesara…” Yexiyanı ölməyə qoymayan məhz o zirvəni fəth eləmək eşqidir. Və Yexiya o zirvəni o yaşda tək fəth eləmir, Yesara ilə bir yerdə fəth eləyir – onun məhəbəti ilə birgə…), arvadının onu və on iki yaşlı qızını qoyub qaçdığı bədbəxt general Emanuel (Əslində, yazıçının yozumunda genaral da öz bədbəxtliyini özü haqq eləmiş olur; çünki gələcək şöhrəti naminə saxta atəşfəşanlıq düzəldib guya Kiların ən uca zirvəni fəth elədiyini bəyan edir: “Bunu ancaq General öz teleskopundan görə bilərdi… İmperatora zirvə gərək deyildi, ortada hamıya sərf edəcək bir biclik vardı. Kilara pul lazım idi, Emanuelə İmperatorun yanında nüfuz, İmperatorun özünə isə Qafqaz lazım idi, bəli!”), ilk uğursuz cəhdindən sonra illər sonra “saç-saqqalı ağarmış” halda geri dönən Duqlas (Bu zaman Yexiyanın yaşı lap çox idi, təbii ki, bu yaşda onu ekspedisiyaya kim götürərdi? Amma Duqlasın birinci yürüşündə əsas bələdçi Yexiya olmuşdu. “Bu səfər Yexiyanı özüylə dağa götürmədi Duqlas”. Əslində, Duqlasla Yexiyanı birləşdirən ortaq nöqtə hər ikisinin ən uca zirvələrə canaatımı, yüksək iradi keyfiyyətləridir), sevgi və ehtiras aclığı ucbatından Yexiyaya qoşulub qaçmaqla öz general əri və on iki yaşlı qızından əbədi qopan Yesara Dionisovna (Hekayədə biz iki Yesara görürük: Birinci Yesaranın əsas ştrixləri budur: “…Ağ-yaşıl paltarında yarıyacan açıq şux, təzə-tər məmələri sinəsinə tökülmüş qızılı saçlar arasından şamma tağdan boylanan kimi boylanırdı”. Və bir də “…bütün bədənini örtən sıx, dümağ tüklərinin altında qadın əmcəkləri açıq-aydın sezilən əcaib-qəraib məxluq kimi peyda” olan Yesara. Yesara öz başlanğıcını günahdan götürüb ikiləşən (iki qola ayrılan!) və dünyanın bütün sularına axıb qarışan möhtəşəm bir qadın obrazıdır).
Mətndə müəlifin çox yumşaq keçidlərinə – “sıçrayışlar”ına diqqət edin: Epiqrafdan “(Göylərdə sizin üçün maraqlı heç nə yoxdu”. Kamal Abdulla) Yexiyanın yuxusuna, Yuxudan Yesaraya, oradan yeni ekspedisiyanın rəhbəri Duqlasa, Duqlasdan Yexiyanın həyatında həlledici məqamı “gerçəkləşdirən” general Emaneula və onun qadını Yesaraya, Lentsin xəstələnməsi ucbatından Yexiyanın geri dönüşünə və oradan isə generalın arvadı Yesaranın qaçırilmasına… Davam etmək olar! Amma demək istədiyimiz əsas fikir ondan ibarətdir ki, bu tip “adlamalar” və ya kadrların belə sürətlə dəyişilməsi mətnin bütövlüyünə zərrəcə xələl gətirmir, əksinə, onu polifonik edir. Hekayədən çıxan fərqli bir fikir də adama lap tərs şillə kimi dəyir: “İnsan öz üzərində qələbə çala bilər, düzdü! Lakin bu fədakarlıq nəyə gərəkdi?”. Cavab çox sadədir: Elə insanın özünə! Necə ki, Yexiyaya gərək olur…
Şərif Ağayar – “İtmiş dünyanın balladası”
Sözlərin necə yaranması haqqında yüzlərlə hipotezalar vardır. Çoxuna inanmaq da olar, inanmamaq da. Amma bir şeyə əminəm ki, kəmiyyət baxımından sözlər tək-tək və cüt-cüt yaranıblar. Tutaq ki, “yazı-pozu” sözü yüz faiz cüt yaranıb. “Yazı”, arxasınca “pozu…” Şərif Ağ haqda düşünəndə nədənsə bu sözün bədii-estetik dəyəri, sosial-fəlsəfi statusu artır. Çünki o, ədəbi cameədə barmaqla sayılacaq nadir yazarlardandır ki, yazdığı qədərincə poza, hətta bəzi hallarda büsbütün “pozu”nun tərəfinə keçib yazdıqlarını tamamən sıfırlaya da bilir. Eyni fikri sözügedən hekayə-pritça haqqında da söyləmək olar. Hətta itlərin, vəhşi heyvanların da azdığı bu sonsuz yola niyə çıxdığını bilməyən yolçuya yalnız bir həqiqət məlumdur: O getməlidir! Mifik, mifoloji təsəvvürlərimizdə, adətən, gediləsi iki yolumuz olur: İşıq gələn tərəf və ithürən tərəf. Amma simvolik nağılçıların ağlına gəlməyib ki, hər iki tərəfin kəsişdiyi bir nöqtə də ola bilər. Əgər biz işıqları itiririksə (nağıl qəhrəmanları niyə bu barədə düşünməyiblər?!), ən azından it hürən tərəfimiz olacaqdı. Hətta yolçu “A”, “U” eləyib öz səsini eşitməyə də razıdır. Amma öz səsi ona yad gəlir. “Axı mən kim idim, hardan gəlirdim, hara gedirdim? Mənə yol göstərən kim idi? Ona niyə inanmışdım? İşıqlarını itirdiyim yer hara idi? Gecənin bu vədəsi, zülmət qaranlığın, qatı dumanın içiylə, üstdən yağa-yağa, palçığı yoğura-yoğura ora nəyə gedirdim?”. Nəhayət, bir balaca daxmadan süzülən işığı görən qəhrəmanın qulağına həm də it səsi gəlir. Deməli, onun itmiş hesab elədiyi dünya tapılıb! Əslində, bu mifoloji ayrıntı – ithürən və işıq gələn tərəflərimiz İç və Dış oğuzlarımız kimi çox dəhşətli və təhlükəli enerjini öz bətnində gizlədir. Onu “xarakiri” eləmək zamanı çatmışdı…
Təkrar da olsa deyirik: Şərif Ağ öz xalqının milli-mənəvi arxeologiyasına, etnopsixoloji laylarına, maddi və mənəvi dəyərər sisteminə, etnoqrafiyasına aşkar və gizli işarələrlə bağlı olan müstəsna qələm adamlarından biridir. Mətn-pritça fikrimizi bir daha təsdiqləyir.