Sim-sim.az Kamal Abdullanın “Laokoon…Laokoon…” romanıyla bağlı başlayan müzakirənin üçüncü yazısını – Mehman Qaraxanoğlunun Vüsal Aydına yazdığı cavabı təqdim edir.
İnsanın daxilindəki kin, nifrət, qəzəb, xılt, lehmə qədərindən çox olanda diskursda dırnaqların (qabıqcıqların) sayı da artır. Cenevrədə yaşayan və Sim-sim.az saytının gənc yazıçı kimi təqdim etdiyi Vüsal Aydın elə ilk cümlədən əsl simasını göstərir. “Xalq yazıçısı, akademik Kamal Abdullanın “Laokoon… Laokoon…” əsərini oxudum və o qədər çox “bəyəndim” ki, akademiki “tərifləmək” qərarına gəldim”.
Qardaş, de ki, nifrətimi püskürmək qərarına gəldim.
Əla, nifrət vadisinə xoş gəlmisiniz!
Əslində, mənim Kamal Abdullanı Vüsal Aydından qorumaq niyyətim yoxdur. Mən oxuyub sevdiyim bir əsəri şərdən qorumaq istəyirəm. Ədəbsiz rişxənddən, istehzadan qorumaq istəyirəm. Sözü qorumaq istəyirəm. Nəhayət, tanış və yad sonsuz lüğəti qorumaq istəyirəm.
Amma Vüsal Aydının bu mənasız söz yığınına cavab verməmişdən əvvəl yaddaşınızı bir balaca təzələmək istəyirəm. Hətta cəhdlərimin uğursuz olacağını göz altına alsam belə: Kamal Abdulla 10-15 il bundan əvvəl İsveçrədə Lozanna Universitetində elmi əlaqələr quranda, orada beynəlxalq dilçilik konfransında məruzə ilə çıxış edəndə yəqin ki, onun ağlına belə gəlməzdi ki, zaman keçəcək və Vüsal Aydın adlı gülməşəkər, özü də, deyilənlərə görə, həkim olan bir vətən “oğlu” onun yazdığı mətnə qarşı bu cür istehza və rişxəndlə bir yazı yazacaq. Görünür, füsunkar İsveçrə dağlarına, göllərinə baxmaqla da təmizlənmək mümkün deyilmiş və sən öz xıltını oralara da özünlə aparırsan.
Lap əcəb eləmisən!
Həkimsən, bilməmiş deyilsən, kin adamı ayaqda saxlayır.
Həmişə ayaqda, qardaş.
Bunu da qabaqcadan deyim ki, mən özüm də dırnaqları çox sevirəm. Amma sənin bərq vuran dırnaqlarını görəndən sonra özümə dırnaq göstərməyəcəyimə söz verdim. Səni oxuduqca isə sanki öd bataqlığındayam. Nə isə…
Keçək mətləbə.
Yazırsan: “Şərti şumda kəsək, xırmanda yabalaşmayaq…” Çox əcəb! Sənin qorxun başadüşüləndir. Ürəyini buz kimi saxla, yaba-filan olmayacaq. Onun ardınca da Kamal Abdulla haqqında guya bir-iki xoş söz yazırsan, yəni, nifrətin üçün pedestal hazırlayırsan… Və o pedestal ucalığından yenə də dırnaqları hara gəldi uçurdursan: “Lakin mən akademikin bütün külliyyatı barədə yazmıram, elə bir fikrim də yoxdur, sadəcə “Laokoon… Laokoon…” kitabını oxuduqca “heyrətlənmişəm”, “təəccüblənmişəm” və keçirdiyim hissləri Sizinlə də bölüşmək istəyirəm”.
Mən də heyrətlənirəm: Nə əcəb akademik sözünü dırnağa almamısan? Yaxşı baxsaq, əslində, dırnağa alınmış kimidir. Çünki haqqında dediyin vergüllər kimi sənin xıltın bütün sözlərin üzərinə dağılıb. Özünə təsəlli verirsən ki, guya Kamal Abdullanın külliyatı barəsində yazmırsan. Amma sənə bir müjdə verim: Kamal Abdulla nəsri və ümumən, yaradıcılığı, hətta elmi fəaliyyəti də buraya daxildir, bütöv bir orqanizmdir və ya orqanik aləmdir və yaxud sadə bir dillə desək, toxunma köynək kimidir, bir ipinə dəysən, bütün iplər qaçacaq. Və sən indi özündən xəbərsiz qaçan iplərə ilişib qalmısan, çapalayırsan, çıxışın yoxdur. Sənin kimi içi qurdlunun şakəridir, çıxışı hara gəldi daş tolazlamaqda görür. “Babam mənə kor deyib, hər yetənə vur deyib”. Və daşı hara gəldi, atırsan…
Kamal Abdulladan sonra qarşına ilk çıxan xalq şairi Ramiz Rövşən olduğundan düz onun alnından vurmağa çalışırsan: “Müəllifin köhnə dostu, xalq şairi Ramiz Rövşən kitabda “ön söz” başlığı altında toplanmış tərifnamələrdən birinin müəllifidir və orada qeyd edir ki, bu romanın əsas məzmunu aralarında böyük yaş fərqi olan iki nəfərin – Vaqif və Firəngizin sevgi hekayətindən ibarətdir”.
Bəri başdan bir qeyd edim. Dünyada yazılan bütün önsözlərin mahiyyətində tərif durmur da, nə durur?! Önsöz elə ona görə önsözdür ki, əsərin məziyyətlərini qeyd edib onu oxucuya oxutsun. Amma sənin “tərifnamə” sözün sanki burda nə isə gizli, dərin, əxlaqdan və ədəbdən uzaq bir niyyət olduğuna öz aləmində işarə edir. Vallah, dilimizdə bir “ayıb” sözü var, o gözəl dağların ətəyində uzaqlarda olsan da bu sözü unutma!
Bu cümlə və bundan sonra gələnlər sənin primitiv ədəbi zövqünü (zövqsüzlüyünü!), mətnə haradan gəldi, oradan kobud müdaxilə etmə cəhdlərini (bu hərəkət sənə həkimliyindən qalıb, deyəsən), bir sözlə, daxilindəki ədəbiyyatsızlığı (!) ortaya qoyur. Başlayırsan Firəngizlə Vaqifin yaşını hesablamağa. Bu bilirsən nəyə bənzəyir? Onların intim dünyasını qapının açar yerindən pusmağa. Onların vanna otağına baş çəkməyi də unutmamısan: “Əsərdə “hamam” əvəzinə “vanna otağı” ifadəsi işlədilir”. Bunu irad tutursan və özünü milli hamam cəfakeşi kimi qələmə verirsən.
Təkcə bu məsələlərə bir qapılıq cümlələr həsr eləmisən. Vay bizim halımıza! Gör böyük ədəbiyyat hansı əllərdə qalıb?!
Yenə də Ramiz Rövşəndən sitat gətirirsən: “Köhnə dostum Kamalın bu yeni romanı (onun öz sözüylə desək, “romanabənzər”i, məncə, təxminən, iyirmi il bundan əvvəl məşhur “Yarımçıq əlyazma” ilə başlayan romanlar silsiləsinin son, yekun kitabıdır”. “Düzü, bu cümlə mənə şairin arzusu kimi göründü”.
Sənin bir bacarığın da üzə çıxdı: Başqalarını şərləmək bacarığın… Mübarəkdi!
“Əsərin əsas mahiyyəti budur ki, müəllifin 29-cu səhifədə “hər şeyi gözəl anlayan, başa düşən Vaqif” deyib təriflədiyi obrazı “Kitabi-Dədə Qorqud” dastanını sevgilisi Firəngizə oxutdurur və haqqında roman yazmağa çalışır, adı birbaşa verilməsə də, anlayırıq ki, burada söhbət “Yarımçıq əlyazma” romanından gedir”.
Sənin cümlələrindir. Hamısı da kəlləmayallaq. Səhvlərini deyimmi? Söhbət uzansa onları bir-bir deyə bilərəm.
Qeyd elədiyin detal əsərin əsas mahiyyəti ola bilməz. Mahiyyətin nə olduğunu bilmirsən. Mahiyyət – Yazıdır! O Yazı ki, roman məhz ona həsr olunub. Bəli, Yazıya! Əzablı Yazı prosesinə! Ondan alınan ləzzətə! Alınmayan ləzzətə! Gizlənən ləzzətə! Və hətta mövcud olmayan ləzzətə! (Vaxtın olsa bu linkə baş vurarsan. https://525.az/news/167862-eposun-namelum-boyuna-cevrilen-yazici-resenziya)
Heç kəs heç kəsə məcburi kitab oxutdura bilməz. Vaqiflə Firəngiz arasında “sevirsən, sevmirsən” oyununun ləzzəti, istiliyi azalıb, hər ikisi Laokoon “xəstəliyi”nə yoluxan məqamda, (təbii ki, Firəngiz!) Epos onların dadına çatır.
Nəhayət, sənə bir gözaydınlığı verim. Sənə qədər də Kamal Abdullaya guya dil dərsi keçənlər oldu. O, öyrəncəlidir. Özü deyir ki, onun mətnlərilə bağlı indiyə qədər ağlına gələn ağlına gələni yazıb, ağzına gələn ağzına gələni. Öyrədilib yazanlar da olub, öz “başından” yazanlar da. Sən də ağzına gələni öz başından yazanlardan biri ol. Yazırsan: “Bu yana Firəngiz öz otağında divana uzanaraq hər iki əli ilə bərk-bərk sinəsinə sıxdığı kitabı oxuyurdu” cümləsində qızın kitabı necə oxuduğunu anlamadım. Əvvəla, kitab “bərk-bərk sinəyə” sıxılmaz, ancaq sinəyə bərk-bərk sıxıla bilər, çünki zərf feildən əvvəl gəlməlidir ki, hərəkətin necəliyini bildirsin, kitabdakı halda “bərk-bərk” ifadəsi “sinə” ismindən əvvəl gəldiyinə görə təyin rolunu oynayır və Firəngizin sinəsinin bərkliyini göstərir, bu öz yerində, qaldı, sinəyə bərk-bərk sıxılan kitabı necə oxumaq olar, qızın gözləri sinəsindədirmi, yoxsa kitabı qucaqlayıb yatanda kitabdakılar beyninə yuxusundamı hopur, nədirsə, anlamadım…” Məncə anlamamağın təbiidir. Kitabı sinəyə sıxmaq onu sinəyə sinə daşı kimi sıxmaq deyil, bəlkə baş daşı kimi sıxmaqdır. Bir sınaqdan keçir, gör bu zaman kitabı oxuya bilirsən, ya yox?!
Mən, deyəsən, yavaş-yavaş sənin məkanına yuvarlanıram. Buna isə yol vermək olmaz. Nitsşeni yada salsaq, səhra böyüməməlidir. Gah zərf və feildən, gah da təyindən danışırsan. Qardaş, hər terminin öz vətəni vardır. Onların yuvalarını dağıdıb perikdirmə onları. Zərflik, xəbər və təyindən danışmalıydın. Mətnin canı sintaksisdir. Morfologiyanın bura nə dəxli var?!
Bilirsən, səhvlərinin kökü nədədir?
- Bütün gözəl nəsnələrə nifrət edirsən. Tək deyilsən. Sənin kimilər var. Onlar “hərşeyşünaslıq”la məşğuldurlar. Mirzə Cəlilin sözü olmasın, bülbüllük edirlər. Mədəniyyət, ədəb və ərkan sahibi olan biri kişi kimi yazardı ki, mən bu mətni qəbul etmirəm, bəyənmirəm və s. və i.a. Daha sözləri dırnaqlara büküb hiyləgər baxışların arxasında gizlənərək, bildi-bilmədi mətni və müəllifi rişxənd atəşinə tutmazdı. Ən azından müəllif sənin qələm yoldaşındı. (Yenə də “ayıb sözü yadıma düşdü).
Şəxsən mən iki halda yazmıram; birincisi, kontekst mənə tam məlum olmayanda, ikincisi, əsər mənim əsərimə çevrilə bilməyəndə. Salam, sağ ol, vəssalam… Amma kimə deyirəm?! Bunu mədəniyyət və ədəb sahibi edərdi.
- Mətn haqqında fikir söyləmək istəyən adam gedib özünü rəylərin ağuşuna atmaz. Çünki ən azından, təsir altına düşə bilər. Necə ki, düşmüsən. Canlı mətnlə işləyə bilmirsən. Bu isə elə də asan məsələ deyil. İstər-istəməz deməyə söz tapmayanda küçə xuliqanı kimi təhqirə keçirsən.
Qətiyyətlə deyirəm ki, sənin yazdıqların tək müəllifə yox, onu sevərək oxuyanların, onun haqqında yazanların hamısına qarşıdır. Hər kəs öyrətməyə can atır. Bir sən qalmışdın, sən də Cenevrədən kompüterə “minib” gəldin. Cenevrə demişkən, Kamal Abdullanın 70 yaşına Türkiyədə buraxılan “Ərməğan” adlı kitab var. Bu kitabda Azərbaycan, Türkiyə, dünya alimlərinin onunla bağlı xatirələri, təbrikləri, məqalələri çap olunub. Oxuma, amma dostlarınla bir yerdə o kitabı imkanın olsa bir vərəqlə. O zaman sənə yad sonsuz lüğətin “ədəb” və “ayıb” sözləri bəlkə sənə tanış sonsuz lüğətə doğru gəlməyə başlayalar.
Sonda kitabın redaktor və korrektoru da şər atəşinə tuş gəlir. Amma əsas hədəf onlar olmadığına görə özünə bir əlyeri də qoyursan: “Nəyə görə mən üzərində heç bir təsiri olmadığı kitab barədə Cavid Zeynallını zəif redaktor, Gülər Uğuru bacarıqsız korrektor kimi tanımalıyam?” Ay çoxbilmiş, mətn casusdur, səni ələ verir…
Vaxtımı sənin mənasız yazına həsr etdiyimə görə narahatam. Amma nə edim ki, sən və sənin kimilərə “dur!” deməyəndə haqlı olduğunuzu düşünür, həndəsi silsilə ilə artır və kağız qanadlarla göylərdə pərvaz edirsiniz. Sizə ən yaxşı cavabı Nəsimi verib:
Ey özündən bixəbər qafil, oyan!