Karantin günlərində dünya kitabxanaları öz resurslarını oxucularına virtual rejimdə təqdim edir. Nəşrlərin pdf və e-pub formatlarında paylaşımı daha geniş vüsət almaqdadır. Hazırda internet üzərindən yayım kitabxanaların məsafədən xidmət göstərmək öhdəliyi getdikcə artmaqdadır. Bu eyni zamanda kitabxnaların qarşısına onlayın rejimdə yeni xidmət formalarını tətbiq etmək zərurətini də qoyur… Bunu nəzərə alaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən Mərkəzi Elmi Kitabxana (MEK) da öz iş rejimini mövcud şəraitə uyğunlaşdıraraq, elektron kitabxana və məsdafədən xidmət texnologiyasının tətbiqini daha da genişləndirməklə, istifadəçiləri üçün veb səhifəsi vasitəsiylə fondları ilə tanış olmaq imkanını yaradır.
– Bu günlərdə Mərkəzi Elmi Kitabxana resurslarını oxucularının ixtiyarına verib. E-nəşrlərini istifadəçilərinə təqdim etmək məqsədilə mek.az veb saytı ilə işini sistemli təşkil edib. MEK elektron sənəd-informasiya məhsullarını ictimaiyyətə daha geniş çatdırmaq üçün layihələr planlaşdırırmı?
– Biz çox mürəkkəb bir dövrdə yaşayırıq. Bir çoxları bu dövrü informasiya əsri, yüksək inkişaf etmiş texnologiyalar əsri adlandırır, bəziləri isə informasiya partlayışı kimi xarakterizə edir. Söhbət ondan gedir ki, həqiqətən yaşadığımız dövrdə informasiya ön plana keçmişdir və bütün informasiya mənbələri, istər ənənəvi (kitablar, jurnallar, qəzetlər və s.), istərsə də elektron resurslar oxucuların ixtiyarına verilməlidir. Bu gün kitabxanaların əsas məqsədi oxucuların tələbatını öyrənmək və bu tələbata onların istədiyi səviyyədə cavab verməkdir. Mərkəzi Elmi Kitabxana olaraq biz də oxucularımızın tələbatını öyrənmək və bu tələbatı yüksək səviyyədə ödəmək üçün əlimizdən gələni etməyə çalışırıq. Kitabxanamızın vebsaytı vardır və bu sayta daxil olmaqla istifadəçilər həm kitabxana haqqında məlumat əldə edə, həm də onlara lazım olan informasiya resurslarını tapa bilərlər. Hazırki şəraitdə qarşımızda duran ən böyük vəzifələrdən biri, zamandan və məkandan asılı olmayaraq 7/24 rejimdə oxucular tərəfindən kitabxananın resurslarına əlyetərliyin yüksək səviyyədə təmin edilməsindən ibarətdir. Oxucu auditoriyasını toplamaq və genişləndirmək üçün bizim mükəmməl , işlək elektron resurslar bazamız olmalıdır. Bildiyimiz kimi, MEK ən zəngin fondu olan kitabxanalardan biridir. Fondumuzda XVI əsrdən bu günə kimi çap olunmuş çox qiymətli nəşrlər mühafizə olunur. Kitabxananın unikal nəşrlərlə zəngin Nadir kitab fondu var. Məncə, ilkin olaraq ən zəruri, aktual materiallar seçilərək işlənməli və elektron versiyası yaradılmalıdır ki, oxucu axtarışda əziyyət çəkmədən istədiyi məlumatı əldə edə bilsin. Elə bir tədqiqatçı-alim tapılmaz ki, Ermənistan-Azərbaycan münaqişəsi və yaxud Azərbaycançılıq, Azərbaycan dövlətçiliyi ilə maraqlanmasın. Məhz buna görə də məqsədimiz oxucuların daha çox marağına səbəb olan mövzularla bağlı resursların elektron bazalarını yaratmaq və əlyetərliyi təmin etməkdir. Onu da qeyd edim ki, 2014-cü ildən kitabxanamızda bir sıra innovativ layihələrlə yanaşı, Milli Rəqəmsal Yaddaş layihəsi də ictimaiyyətə təqdim olunmuşdur. Burada məqsəd Azərbaycana aid informasiyaların sistemləşdirilmiş şəkildə qorunub-saxlanılması, Azərbaycan və dünya araşdırıcılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin informasiya müharibəsində üstünlük qazanmaqdır. Milli Rəqəmsl Yaddaşa Azərbaycan tarixinin inkişaf mərhələlərinin əhəmiyyətli faktlarını təsvir və ya təsdiq edən sənədlər toplanır. Bu fəaliyyət çərçivəsində biz nüfuzlu UNESCO-nun aidiyyatı qurumunu MEK-lə əməkdaşlığa cəlb etmişik. MEK-in qeydiyyatlaşdırma və rəqəmsallaşdırma üsulları qurum tərəfindən yüksək qiymətləndirilmiş və standart kimi götürülmüşdür. Bu kimi layihələrimizi gələcəkdə də davam etdirmək arzusundayıq. Bundan başqa, MEK-də vikipediya ilə bağlı təlimlər keçirilir. Layihə çərçivəsində vikipediyanın inkişafı və təbliği istiqamətində uğurlu fəaliyyət aparılır, məqalələrin necə yaradılması haqqında məlumatlar verilir. Təlimləri uğurla başa vuran “viki-könüllüləri”nə sertifikatlar təqdim edilir, bu könüllülər Azərbaycanın tanınmış şəxsiyyətləri, elm xadimləri, tarixi-mədəni abidələri haqqında məqalələr yaradır, redaktəyə ehtiyacı olanları zənginləşdirirlər. Bu yöndə də işlərimiz davam etməkdədir.
– Müasir kitabxanalarda informasiyanın toplanılması, saxlanılması və yayılması ən mühüm şərtlərdəndir. MEK elektron kitabxana işinin öhdəsindən necə gəlir?
– Əlbəttə, kitabxanaların bir informasiya müəssisəsi kimi əsas məqsədi, vəzifəsi daxil olan materialların toplanması, sistemləşdirilməsi və saxlanmasıdır. Məhz kitabxanaları başqa informasiya müəssisələrindən fərqləndirən də budur. Çox vaxt belə sualla üzləşirik ki, əgər internet varsa, kitabxana nəyə lazımdır? Fərq ondadır ki, kitabxanalar informasiyanı təkcə toplayıb saxlamır, həm də sistemləşdirilmiş formada saxlamaqla yanaşı, gələcək nəsillərə ötürür, bununla tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı qorumuş olur. Kitabxana məlumatları yoxlanılmış, dəqiq informasiyalardır. İnternetdə bir suala müxtəlif versiyalı bir neçə cavab ola bilir və hansının düz olmasını dəqiqləşdirmək çətin olur. Bu da bəzən informasiya hay-küyü yaradır. Kitabxanada isə tam əksinə, yoxlanmış və düzgün məlumatlar almaq olar. Biz ilk öncə kitabxana fondunu zənginləşdirmək üçün komplektləşdirməyə diqqət verməliyik. Həm cari, həm də retrokomplektləşdirmə vasitəsilə kitabxanamızın profilinə uyğun nəşrləri toplamalı, həm də elektron daşıyıcıların komplektləşdirilməsini həyata keçirməliyik. Elektron daşıyıcılar xüsusi rejimdə və ümumi fonddan ayrı saxlanmalıdır. Kitabxananın veb saytında “Yeni kitablar”, “Qədim kitablar” rubrikası altında fondumuzun incilərini oxuculara təqdim edə bilərik.
– MEK elmi nəşrlərin ən çox olduğu elmi profilli kitabxanadır. Həmin resurslar haqqında məlumatlar oxucular üçün olduqca maraqlı olardı.
– Mərkəzi Elmi Kitabxana elmi resursların toplandığı ən mühüm müəssisədir. Bildiyimiz kimi, AMEA-nın çoxlu sayda elmi müəssisələri var və o müəssisələrin elmi nəşrləri kitabxanamızda toplanır. Respublikada elmi ədəbiyyatın zənginliyi ilə seçilən kitabxanamızda elmi-tədqiqat əsərləri, monoqrafiyalar, elmi jurnallar, müxtəlif elm sahələrinə aid kitablar mühafizə olunur. Azərbaycan tarixi, Qafqazşünaslıqla bağlı qədim və qiymətli kitablarımız var. Bu elmi əsərlərin populyarlaşdırılması, yayılması çox vacib məsələdir. Ona görə də elmi əsərlərin, jurnal və qəzet materiallarının elektron kartotekasının işlənməsi mütləqdir. Unutmamalıyıq ki, bizim oxucularımız əsasən alimlər, elm adamlarıdır. Hər bir elmi məqalə kartotekada öz əksini tapmalıdır. Təəssüflə qeyd edim ki, son illər bu iş demək olar, aparılmayıb. Tezliklə bu məsələnin öz həllini tapacağına əminəm.
– Kitabxanalarımız öz fondlarını yeni elektron nəşrlərlə ilbəil zənginləşdirirlər. MEK elmi-aktual kitabların elektron versiyasının hazırlanması istiqamətində nə kimi işlər görür?
– Kitabların elektron versiyasının hazırlanması çox çətin, həm də vacib məsələdir. Bu iki yolla həyata keçirilə bilər. Müəlliflər kitab nəşr etdirəndə onun elektron variantını da elektron daşıyıcılarda kitabxanaya təqdim edir və beləliklə, bu kitab kitabxananın elektron bazasına daxil olur. İkinci yolu yüksək sürətli və yüksək keyfiyyətli skaner aparatları ilə skan edərək elektron bazaya daxil etməkdir. Bir məsələyə toxunmaq istərdim, dünya praktikasında belə bir ənənə var ki, bütün fond tam şəkildə elektron daşıyıcıya köçürülmür. Əvvəla, bu çox bahalı prosesdir və milyonlarla kitabın köçürülməsi üçün dövlət böyük vəsait sərf etməlidir. İkincisi isə heç buna ehtiyac da yoxdur. Çünki bütün fond hər gün tələb olunan və aktual deyil. İlk növbədə fondun nüvəsi, özəyi olan kitablar, yəni tez-tez soruşulan kitablar elektronlaşdırılmalıdır. Bir də ölkə üçün, tarix üçün gərəkli olan, həm də öz ömrünü artıq başa vurmaqda olan kitablar köçürülməlidir. Bu iş diqqət tələb edir. Ali Attestasiya Komissiyasının qərarına əsasən ölkə ərazisində müdafiə edilmiş dissertasiya işləri və onların avtoreferatları həm kağız, həm də elektron daşıyıcılarda Mərkəzi Elmi Kitabxanaya təqdim edilir. Bu kitablara da şamil edilsə, gözəl olar və işimizi bir qədər asanlaşdırar.
– MEK kitab mübadilə fəaliyyəti çərçivəsində xarici kitabxanalarla işbirliyini bundan sonra necə həyata keçirəcək?
– Xarici ölkə kitabxanaları ilə kitab mübadiləsi vacib məsələlərdəndir. Məncə, bu işi elektron formada həyata keçirmək daha yaxşı olar. Çünki burada da vəsait tələb olunur. Bilirsiniz ki, poçt xidmətləri çox bahadır. Əməkdaşlıq vacibdir, günün, əsrin tələbidir. Kitabxanamızın bir çox ölkələrin kitabxanaları ilə əlaqələri mövcuddur. Gələcəkdə də müxtəlif elmi kitabxalarla iş birliyi yaratmaq, video konfranslar, birgə tədbirlər həyata keçirmək niyyətindəyik.Həmçinin MEK-in ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə apardığı işlər nəticəsində burada 25 ölkəyə aid diplomatik guşə də yaradılmışdır.
– Ölkəmizdə zəngin elektron resurs bankı olan kitabxana yaratmaq üçün hansı köklü dəyişikliklərə ehtiyac var? Bu sahəyə dövlətin dəstəyindən söz açardınız.
– Bəli, kitabxananın zəngin elektron resursları olmalıdır və hansı yollarla onu da qeyd etdim. Bizdə elektron kitabxana bazasının daha da təkmilləşdirilməsinə ehtiyac vardır və biz elmin müxtəlif sahələrinə aid qiymətli nəşrləri seçib elektron kitabxananı zənginləşdirməliyik. Nəinki kitabxanalarda, bizim həyatımızın bir çox sahələrində informasiyalaşma getməlidir və informasiyalar rəqəmsal daşıyıcılara köçürülməlidir. Bu proses ilk öncə kitabxanaları əhatə edir. Kitabxananın mükəmməl Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) olmalıdır, elektron kataloq və elektron kitabxana yüksək səviyyədə təşkil olunmalıdır ki, oxucularımıza yüksək xidmət göstərə bilək. Sualınızın ikinci hissəsinə gəldikdə isə dövlətimiz kitabxanaların işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, əməyin stimullaşdırılması məqsədi ilə çoxsaylı qərar və sərəncamlar vermişdir. 1999-cu ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanunu, 2007-ci ildə “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncam, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam respublikamızda kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəlmişdir. Biz də bu qərar və sərəncamlardan irəli gələn tədbirlərin həyata keçirilməsində üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə çalışırıq.
– İnformasiya əsrində kitabxanaların oxucularla münasibətini necə dəyərləndirirsiniz və bu modern kitabxana qarşısında hansı vəzifələri qoyur? Sizcə internet vasitəsiylə kitabxanalar öz oxucu kontingentini çoxalda bilərmi?
– Çox vacib və gündəmdə duran məsələdir. Kitabxananın oxucusu yoxdursa, o kitabxana yoxdur. Bizim kitabxanamız ixtisaslaşdırılmış kitabxanadır və oxucu kontingentimiz əsasən AMEA-nın əməkdaşlarından ibarətdir. Bəli, internet oxucu kontingentini çoxalda bilər. Elə kitablar var ki, müəlliflik hüququnun qorunması məqsədilə, müəllifin icazəsi olmadan biz onu elektronlaşdıra bilmərik, yalnız o kitabın ilk səhifələrini, annotasiyasını elektronlaşdırırıq. Oxucu bu məlumatlarla tanış olanda, onda kitaba qarşı maraq yaranır və kitabı əldə etmək üçün kitabxanaya gəlir. Əlbəttə, oxucuya lazım olan, oxucunu maraqlandıran kitabların elektron variantını ona təqdim edə bilsək, oxucu kitabxanaya təkrar-təkrar müraciət edəcək. Bunun üçün oxucu sorğuları, sosioloji sorğular keçirməklə onların marağını öyrənmək olar.
– “Evdə qal” günlərində “mütaliəyə necə alışım” deyənlər üçün tövsiyələriniz.
– Mərkəzi Elmi Kitabxana da koronavirus pandemiyası ilə əlaqədar işini günün tələblərinə uyğun qurur, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir, reallaşdırılan işlərin uğurla nəticələnəcəyinə inanır, üzərinə düşən vəzifələri yerinə yetirir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin qurumda fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisələrin xüsusi əmək rejiminin qaydalarına uyğun olaraq çalışması ilə bağlı verdiyi sərəncama əsasən, kitabxanamız onlayn rejimdə oxucularına xidmət göstərməkdədir. “Evdə qal” günlərində mütaliə etmək arzusunda olanlara demək istəyirəm ki, mütaliəni vərdiş halına çevirmək olar və bu çox vacibdir. Ona görə də vərdiş yaranana qədər qısa mətnli kitablardan başlayın. Get-gedə maraqlarınız formalaşacaq və yeni kitablar axtaracaqsınız. Hər kəsə bu çətin günlərdə səbr, dözüm və mütaliə həvəsi arzulayıram.
Söhbətləşdi: Kərimov Ruslan