Sim-sim.az Mikayıl Rzaquluzadənin “Yeddi gözəl” adlı məqaləsini təqdim edir. Xatırladaq ki, bu məqalə Mir Cəlalın 1940-cı ildə çap etdirdiyi Nizaminin “Yeddi gözəl” əsərinin nəsr variantına önsözdür.
Azərbaycan xalqının böyük mütəfəkkiri və dahi sənətkarı Nizami Gəncəvinin “Xəmsə” (beş əsər) adı ilə bütün dünyaya məşhur əsərlərinin belə bir adla birləşdirilmiş olması, əlbət ki, təsadüfi deyildir. Bu zahiri birləşdirmə əlaməti olmasaydı da, onun bütün əsərləri daxili ideya, məqsəd birliyi ilə bir-birinə möhkəm surətdə bağlıdır.
Nizaminin öz qarşısında qoyduğu böyük ictimai məqsəd – konkret bədii misallar və obrazlar vasitəsilə dövrünün ictimai quruluşunda görüb duyduğu ictimai haqsızlıqları ifşa etmək, keyfcil, xudpəsənd və cahil padşahları, tamahkar, rüşvətxor, xain və zalım vəzirləri, saxtakar və riyakar alimləri və bunların hakim olduqları cəmiyyətin nöqsanlarını açıb xalqa göstərmək, beləliklə də bunların ortadan qaldırılmasına çalışmaqdan ibarətdir. Bunu böyük sənətkar həm mənfi, həm də müsbət obrazlar simasında son dərəcə yüksək bədii bir qüdrət və inandırıcılıqla verə bilmiş və buna görədir ki, onun əsərləri quru sxolastik nəsihətnamələr deyil, əsrlər boyu yaşayan və bədii qüvvət və təravəti getdikcə daha artan ən yüksək bədii əsərlər olmuşdur.
Oxuculara təqdim etdiyimiz “Yeddi gözəl” də bu əsərlərdən biridir. Eyni ictimai məqsəd və idealı böyük sənətkar bu əsərinin də qarşısında qoymuş və bu məqsəd əsərin ana xəttini təşkil etməkdədir.
Əsərin baş qəhrəmanı Bəhram obrazının simasında və əsas süjet xətti ilə yanaşı verilmiş “Xeyir ilə Şər”, “Bəhramın qoca çobanla görüşməsi”, “Bəhramın vəziri cəzalandırması” səhnələrində biz bu ictimai məqsədlərin ən aydın bir şəkildə ifadə olunduğunu görürük.
Məsələn, “Xeyir ilə Şər” hekayəsində iki şəxsiyyət simasında verilmiş bu iki qüvvətin çarpışması, Şərin müvəqqəti qələbəsindən sonra, yenə axırda Xeyrin təntənəsi, onun şahlığa çatması göstərilir. Bu hekayədən çıxarılan məntiqi nəticə budur: şər – haqsızlıq nə qədər hökm edirsə, etsin, xeyir – həqiqət axırda ona qalib gələcəkdir.
İctimai quruluş və saray xadimlərini ifşa nöqteyi-nəzərindən “Bəhramın qoca çobanla görüşməsi” son dərəcə qiymətlidir: qoca bir çoban illərlə ona xidmət etmiş köpəyinin dişi bir qurda uyaraq, xəyanətə başladığını, qoyunları qurda yedirtdiyini görüb, onu
zəncirləyir, azadlıqdan məhrum edib cəzalandırır. Bundan ibrət alan Bəhram da öz vəzirinin xəyanətlərinin üstünü açır və onu ölümə məhkum edir.
Bu çox ibrətli və Nizami üçün çox xarakterik olan hekayədən bir çox nəticə çıxarmaq olar:
Birinci, Nizami çobanın köpəyi simasında göstərir ki, şahların, vəzirlərin vəzifələri xalqın mənfəətlərini güdmək, ona xidmət etməkdən ibarətdir. Bu vəzifəni anlamayan və xalqa xəyanət edənlərin isə xain köpək kimi cəzaya layiq olduqlarını göstərir.
İkinci, bu misalda gözüaçıq və ağıllı çobanın eyş-işrətə dalmış qafil şahdan qat-qat üstün olduğunu göstərir. Bəhramın hələ Nizaminin ağıllı və ədalətli bir şah kimi göstərdiyi bir şahın belə bir çobandan ibrət alması və bunun sayəsində xain vəzirinin xəyanətinin üstünü açmış olması da bunu aydın isbat edir.
Bu cəhət, yəni ağıllı çobanların, zəhmətsevən əkinçilərin, həqiqi alimlərin hətta nisbətən ağıllı şahlardan da çox-çox üstün olduğunu göstərmək Nizami üçün çox xarakterik bir cəhətdir. Belə inandırıcı misallara “İskəndərnamə”də və böyük sənətkarın o biri əsərlərində də çox tez-tez rast gəlmək mümkündür.
Üçüncü, çobanın köpəklə və buna əsasən də şahın vəzirlə rəftarı xəyanətə qarşı amansız olmaq ideyasını təbliğ edir ki, bu da poemanın ən əhəmiyyətli nəticələrindən biridir.
Nəhayət, bu hekayə ilə dərindən bağlı olan “Bəhramın vəziri cəzalandırması” parçasında Bəhramın dindirdiyi yeddi məhbusun göstərişləri yalnız hekayədəki vəzir Rast-Rövşənə qarşı deyil, onun simasında Nizami dövründə sayı az olmayan bütün vəzir və yüksək rütbəli əyan və məmurlara, dövrün ictimai haqsızlıqlarına qarşı çox inandırıcı və çox kəskin, çox cəsarətli bir ittihamnamədir.
Bu mühakimədə xalqın hər təbəqəsindən olan məhbuslar dindirilir. Bunların qısa, lakin çox konkret göstərişlərində edilən haqsızlıq, zülm, cinayətlər və sonra Çin xaqanının məktubunda göstərilən xəyanətlər, satılmış, acgöz, rüşvətxor vəzir və əyanların siması zərrəbin altında olduğu kimi bütün çirkinlik və iyrəncliyi ilə göz önündə canlandırılır.
Hekayədən anlaşıldığına görə bütün bunlar hələ əsl vəziyyətin yalnız bir qismi, yüzlərlə məhbuslar içindən seçilmiş yalnız yeddi məhbusun göstərdikləridir.
Əlbət ki, bu mənzərəni, ictimai haqsızlıq və xəyanətin belə ətraflı, geniş, inandırıcı və eyni qüvvət və şiddətlə ifşaedici mənzərəsini verən sənətkar öz yaradıcılığı qarşısında xalis bədiilik və əyləndiricilik kimi vəzifələr deyil, çox böyük ictimai məqsəd və vəzifələr qoymuş olan dahi bir sənətkardır.
Bu nöqteyi-nəzərdən Nizaminin verdiyi müsbət qəhrəman obrazları da çox xarakterikdir. Onun iki əsərinin müsbət qəhrəmanı olan iki şah – Bəhram və İskəndər heç şübhə yoxdur ki, tarixi deyil, sənətkar tərəfindən öz yaradıcılıq məqsədlərinə, öz ictimai ideallarına uyğun olaraq və bu məqsəd və ideyaları ifadə üçün bədii vasitə kimi yaradılmış obrazlardır. Bu iki şah, bunlarla yanaşı olaraq təsvir edilən cahil, xudpəsənd, keyfcil və səfeh şahlardan tamamilə fərqli və onlarla daban-dabana zidd olan şahlardır.
Bunların o biri şahlarla həm şairin özünün verdiyi, həm də oxucular tərəfindən edilən müqayisəsi, kontrast təşkil edib adi şahların pis cəhətlərini və iyrənc simalarını çox qabarıq və effektli bir surətdə nümayiş etdirir.
O biri şahların əksinə olaraq, bunlar xalqı düşünür, xalq ilə hesablaşır, hətta şahlıq qaydalarını belə xalqdan, xalqın yetirdiyi ağıllı çobanlardan, həqiqi alimlərdən öyrənirlər.
Məsələn, “İskəndərnamə”də (ikinci hissə) İskəndər hər bir hərəkətini alimlərlə məsləhətləşir, onlardan nəsihətnamələr istəyir, Sokratla İskəndər arasında keçən bir mübahisədən sonra hökmdar ona təslim olur və özü üçün ağıllı məsləhətlər istəyir, onun bilici çoban ilə, yoxsul çörəkçi ilə və zəhmətkeş əkinçi ilə rəftarında da bu cəhət çox aydın göstərilir. Burada, “Yeddi gözəl”də isə Bəhramın atası ilə və onun yerinə keçmiş şah ilə müqayisəsində, qoca çoban ilə görüşməsində, nəhayət, xain və zülmkar vəzir ilə rəftarında da məhz bu xalq ilə bağlılıq cəhəti xüsusilə qeyd olunur.
Bu sifət eyni dərəcədə Nizaminin verdiyi əsas tekstlə yanaşı hekayələrdəki müsbət qəhrəmanlarda da vardır. Məsələn, bu əsərdə, slavyan qızının hekayəsindəki müsbət qəhrəman tilsimləri qırmağa gedərkən, özündən çox xalqı düşünür, xalqa istinad edir, ondan kömək istəyir və xalqın rəğbət və hüsn-təvəccöhünü qazanır. Hətta bu xalq ilə bağlılıq o dərəcədə qüvvətlidir ki, əgər şah əhdini pozub qızını haman qəhrəmana verməkdən boyun qaçırmış olsa, xalq üsyan qaldırıb şahı yıxmağı və həmən qəhrəmanı şah qoymağı qərara alır.
Xeyrin şərə, həqiqət və ədalətin zülm və təhəkkümə qələbəsi, ictimai haqsızlıqların, xəyanət və cinayətlərin ortadan qaldırılması, xalq zəkasının üstünlüyü, xalqın bütün müsbət qəhrəmanlıqlar üçün, həqiqi qəhrəmanlıq üçün yeganə və tükənməz bir mənbə olması – budur, Nizaminin “Yeddi gözəl” əsərində ifadə etdiyi böyük tarixi-ictimai həqiqət, əsərin ana xətti və onu dahi sənətkarın o biri əsərləri ilə bağlayan ideya vəhdəti bunlardan ibarətdir.
II
Nizaminin ölməz əsərlərini, onlardakı böyük ideyaları və misilsiz sənətkarlığı ən geniş xalq kütlələrinə çatdırmaq, onların malı etmək bizim bütün ədəbiyyat, nəşriyyat və sair yaradıcılıq, elmi təşkilatlarımız və bütün yazıçılarımız qarşısında çox mühüm, məsuliyyətli və eyni dərəcədə şərəfli vəzifələr qoyur. Bu vəzifələrdən biri də əsərlərin nəsrlə tərcüməsi məsələsidir.
Bu məsələnin əhəmiyyəti öz-özünə aydındır. Məlumdur ki, Nizami öz əsərlərini yad fars dilində yazmağa məcbur edilmişdi. Buna baxmayaraq, Azərbaycan xalqı öz böyük sənətkarlarının yaradıcılığını sevə-sevə mənimsəmiş, ağızdan-ağıza xalq aşıqları və nağıl söyləyənləri bu əsərləri müxtəlif variantlarda xalq içərisinə yaymışlardır.
Ancaq indi, Nizami yenidən bütün əzəmətilə dirilmiş, öz doğma xalqına qaytarılmış və bütün tariximiz boyunca o ilk dəfə olaraq, öz doğma ana dilində danışmaq haqqını al- mışdır. Qarşıdakı vəzifə onun böyük əsərlərini öz doğma dilində bütün incəlikləri ilə öz
doğma xalqına çatdırmaqdır. Bunun üçün ilk və ən mühüm vasitə diqqətlə tədqiq və tərtib edilmiş elmi tekst əsasında həmən əsərlərin poetik tərcüməsini verməkdir. Ölkəmizin ən talantlı və bacarıqlı alim və şairləri bu şərəfli işə girişmiş və əsasən bu işi qurtarmışlar.
Lakin belə adekvat poetik tərcümə ən əsas və başlıca yol olmaqla bərabər bu qiymətli əsərləri xalqa çatdırmaq üçün yeganə yol deyildir. Bizə məlumdur ki, dünyanın bir çox böyük şairlərinin, məsələn, Homer, Rustaveli, Şekspir, Şiller, Bayron və başqalarının əsərləri bir çox xalqların dilinə nəsr ilə də tərcümə edilmiş və bu cür tərcümələr çox populyarlaşmış, ən geniş oxucu və tamaşaçı kütlələrinin dərin məhəbbət və rəğbətini qazanmışdır. O biri tərəfdən bu tərcümələr sənət və ədəbiyyat məsələlərini yaxşı bilən və talantlı adamlar tərəfindən edildikdə, əsər əslindəki bədii dəyərini mühafizə edə bilmişdir.
Böyük Nizaminin şanlı yubileyi ədəbiyyatımızın qarşısında bir çox yeni vəzifələr qoyduğu kimi Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq mənzum əsəri, nəsrə tərcümə məsələsini də ciddi surətdə qoyur.
Poetik əsərin nəsrə tərcüməsi nə deməkdir?
Bu, əlbət ki, adi sətri tərcümə deyildir. Hətta, demək olar ki, burada əsl məsələ bir dildən o biri dilə tərcümə məsələsindən artıq bir ədəbi növdən digər ədəbi növə təbdil məsələsidir. Burada hamıya məlum olan şeir ilə nəsrin xüsusiyyətlərindən və onların fərqindən danışmağa ehtiyac yoxdur. Yalnız bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, şeirin tərcümə ilə birlikdə nəsrə təbdili çox mürəkkəb və bizim üçün tamamilə yeni bir məsələdir. Buna görə də burada nə müəyyən resept vermək, nə də hər hansı müəyyən metod və qanunu tərcüh etmək mümkün deyildir. Bu işdə tərcümə və təbdil edən adamın işə yanaşma tərzi, qarşıda qoyduğu məqsəd, öz bədii zövqü çox mühüm bir rol oynayır.
“Yeddi gözəl”in tərcümə və təbdilində qarşıya qoyulan məqsəd bu əsərin əsas mahiyyətini, ondakı bədii sənətkarlığı, avtorun duyğu və düşüncələrini ən anlaşılan bir şəkildə ən geniş oxucu kütlələrinə çatdırmaqdan ibarət olmuşdur. Əlbət ki, bu əsərin mükəmməl poetik tərcüməsi ilə parallel bir iş deyildir. Poetik tərcümədə əsərin bütün xüsusiyyətləri, ilahiyyatları, lirik və didaktik ricətləri, hətta xarakterik ifadə, ahəng və qafiyə elementləri belə saxlanılmış olmalıdır. Nəsr ədəbi növünün xüsusiyyətləri isə bunların bir çoxunun lazım və əhəmiyyətli olmadığı üçün deyil, nəsr dili və tələblərinə uyğun olmadığı üçün ixtisarını tələb edir. Bu surətlə əsər yığcamlaşdırılmış, əsas süjet xətti və onunla məzmunca bağlı olan təfərrüat saxlanılmış olur ki, bu xüsusiyyət poetik-epik əsərlə mənsur-epik əsərin kompozisiya fərqlərindən irəli gəlir və eyni zamanda onu orta, hətta az hazırlıqlı oxucu üçün də asan anlaşılan bir şəklə salır. Bundan başqa şeirin, xüsusilə bundan səkkiz əsr əvvəlki şeirin, indi bir az qəribə görünən və bir çox hallarda izahsız anlaşılmayan bir çox epitetləri, cinasları, metaforaları və sair bədii vasitələri də nəsr dilinə təbdil edilir ki, bunlar da əsərin geniş oxucu kütlələrinə çatmasına xeyli kömək edir. Məsələn, “Yeddi gözəl”də “Bəhramın əjdahanı öldürməsi və xəzinə tapması” hekayəsində sətri tərcüməyə görə əslində gur belə təsvir edilir:
Axırda dişi bir gur gəldi
Və dünyaya şuriş saldı.
Vicudi ruhani bir xəyal kimi idi,
Gözəlüzlü, açıqalınlı idi.
Beli qızıl şişə kimi hamar
Qarnı şir və şəkərə bulaşmış,
Başdan quyruğunadək müşk rəngli xətt çəkilmişdi.
Başdan dırnağına kimi xal-xal yanına düzülmüş,
Zünnar əvəzinə gül rəngli ipəkdən
Üzünə rübənd çəkilmişdi.
Qaçması yoldaşlarından,
Sağrısı isə bütün bədənindən kos aparmışdı.
Göyərti ilə od qohumluq etmişdi,
O, yoxsul paltarında bir gülüzlü idi.
Baldırı igidlərin oxu kimi hamar,
Qulağı, almaz itilikdə sıyrılmış xəncər kimi idi.
Sinəsi çiyin narahatlığından azad,
Boynu qulağının uzaqlığından asudə;
Onun belinin tiri qara ipək rəngində,
İki yolun arasında dağ kimi idi.
Yerin qaranlığından onun kimxa tükü
Səvadlı1 gümüş kimi idi.
Boynu piy, böyrü isə, qanla dolu idi,
Boynu mirvariddən, böyrü əqiqdən əziyyət çəkirdi.
Qırmızı xəz bədənində toxunmuşdu.
Qanı öz boynunun üstünə düşürdü.
O qanın damarı düz,
Düzlükdə düz xəncər atan zəngi kimi idi… və i. a…
Bütün bu bənzətmə və müqayisələrlə verilən təsvir, şeirdə sözlərin ahəngdarlığı, cinaslar, kontrastlar, səs, rəng, ahəng kombinasiyaları ilə son dərəcə zərif və sənətkaranə olduğu halda, nəsrdə əlbət ki, eyni effektlə verilə bilməz, daha pisi anlaşılmaz bir şey çıxardı. Buna görə də xüsusilə Nizaminin əsərlərində çox tez-tez rast gələn bu kimi hallarda tərcümə, daha doğrusu, nəsrə təbdil edənin qarşısında bunların içindən ən xarakterik olanları seçmək və ifadələri dəyişdirmək vəzifəsi durur.
Bütün bu işləri keçən uzun əsrlər içərisində xalq özü qismən etmişdir. Biz bunun nümunələrini Nizami tekstlərinin el variantlarında qismən görürük və Nizami tekstinin xalqın özü tərəfindən nəsrə çevrilmiş olması faktı, əsərlərin mükəmməl adekvat poetik tərcüməsi ilə yanaşı olaraq, mənsur variantlarının da verilməsinin zəruri olduğunu aydın göstərir.
Ancaq öz-özünə aydındır ki, el variantları bizə Nizami əsərlərinin nəsrə təbdili işində ideal bir nümunə ola bilməz. Mənsur tərcümə və təbdil, əlbət ki, əsl tekstə çox yaxın olmalıdır. Hətta burada ixtisar və təbdil edilən yerlərdən başqa bir çox yerlər əslinə poetik tərcümədən daha uyğun olmalıdır, çünki poetik tərcümədə imkanları məhdudlaşdıran vəzn, qafiyə və sair spesifik tələblər burada yoxdur. Burada tərcüməçi bir tərəfdən əslinə son dərəcə uyğun olmağa, o biri tərəfdən isə, əslində olan spesifik şeir xüsusiyyətlərini tərcümədə verməməkdə daha çox sərbəstdir. Əsl məsələ bu sərbəstlikdən düzgün istifadə etməyi bacarmaqdadır. Əlbət ki, istər poetik tərcümə, istər mənsur tərcümədə əslinə son dərəcə riayət etməyə, adekvat olmağa nə qədər çalışmış olsa da, bunları elmi tekst kimi almaq mümkün və doğru deyildir. Çünki elmi tərcümə ilə poetik və ya mənsur bədii tərcümədə qarşıya qoyulan məqsədlər tamamilə başqa-başqadır.
Poetik əsərin mənsur tərcüməsindən məqsəd əsərin məzmununu, onun mahiyyətini, avtorun vermək istədiyi duyğu və düşüncələri, əsas və başlıca obraz və ümumi mənada ifadə xüsusiyyətlərini saxlayaraq, ən geniş oxucu kütlələrinə anlaşılacaq bir şəkildə, əsəri nəsr növünün vasitələri ilə yenidən ifadə etməkdir.
Burada fikir, duyğu və ümumiyyətlə, məzmundan başqa, bir də tərcümə edilən əsərin öz spesifik bədii xüsusiyyətləri, əsərin ümumi stili və koloriti məsələsi olduqca əhəmiyyətlidir. Məsələn, əslində fantastik, fəlsəfi, lirik və ya satirik olan bir poetik əsəri nəsrə çevirdikdə, onların bu xüsusiyyətlərini saxlamaq həm zəruri, həm də mümkündür.
Çünki bu xüsusiyyətlər şeirdə olduğu kimi nəsrdə də verilə bilər.
“Yeddi gözəl”i nəsrə tərcümə və təbdil edən Mir Cəlal yoldaşın gördüyü iş bu sahədə ilk böyük təcrübədir. Əlbət ki, o öz qarşısında təcrübə etmək məqsədini qoymamış, əsəri olduqca diqqət və ciddi-cəhd ilə nəsrə çevirmişdir. Ancaq belə bir iş bizim nəsrimiz qarşısında həm teoretik, həm də praktiki cəhətdən bütün böyüklüyü və ciddiyyəti ilə ilk dəfə durduğundan, biz bunu çox mühüm bir təcrübə saymalıyıq.
Tərcümədə qarşıda qoyulan məqsədə uyğun olaraq, ilahiyyat hissəsi (müqəddimə), ortada edilən bəzi ricətlər, nəsr növünə uyğun gəlməyən ifadə xüsusiyyətləri qismən ixtisar edilmiş, qismən dəyişdirilmişdir. Stil cəhətindən, xüsusən nağıllarda xalq nağılları janrına çox meyl edilməmişsə də, ancaq əslində olan xarakterik ifadələr, əsas müqayisələr, bənzətmələr və sair bədii vasitələr nəsrdə mümkün olduğu dərəcədə saxlanılmış və beləliklə, əsərin ümumi stil və koloriti mühafizə edilmişdir.
III
Böyük Nizamini bizdən ayıran səkkiz əsrlik uzun bir müddət içərisində həyatla bərabər sənət və ədəbiyyat da, bədii təsvir vasitələri də, bir çox məfhum və müqayisələrin mənaları da olduqca çox dəyişmişdir. Şübhə yoxdur ki, böyük vətəndaşımız ölməz əsərlərini yad bir dildə yazmağa məcbur edilməyib, öz doğma Azərbaycan dilində yazmış olsaydı belə, yenə onun bir çox ifadə və müqayisələrini geniş oxucu kütləsinə çatdırma üçün şərh və izah etmək lazım gələcək idi. Bu gün şairlərimiz tərəfindən bugünki şeirimizin dili ilə edilən tərcümələrə də çox izah və kommentarilər vermək lazım gəlmişdir.
Bu əlbət ki, lazım və zəruridir.
Ancaq mənsur tərcümədə bu ehtiyac nisbətən azalmışdır. Çünki buna ən çox zərurət duyulan yerlər, ilahiyyat hissəsi, bir çox ulduzlar, bürclər və klassik şeirimizə məxsus spesifik ifadə və müqayisələr mənsur tərcümədə yoxdur. Bununla bərabər, saxlanılması zəruri olan bir çox cəhətlər, məsələn tarixi və əfsanəvi qəhrəman adları, qeoqrafik adlar və bəzi mühüm müqayisə və bənzətmələri hər halda şərh və izah etmək lazımdır; bunun üçün kitabın sonuna “İzahlar” qismi artırılmışdır. Burada yalnız ən zəruri ifadələr və ən qısa bir şəkildə izah edilmişdir.
Kitabın bədii tərtibini pozmamaq və oxucunun diqqətini yormamaq üçün bunlara tekstdə çıxış verilməmişdir. Bu izahlar kitabda rast gəldiyi tərtib üzrə düzülmüşdür; oxucu yalnız bu və digər tarixi, əfsanəvi, qeoqrafik məfhum və ya çətin ifadəyə rast gəlib ehtiyac duyduğu zaman, izahlara müraciət etməlidir ki, bunların sayı çox olmadığından asanlıqla tapa biləcəkdir.
Ümid edirik ki, bu ilk böyük təcrübə oxucu və yazıçılarımız tərəfindən layiq olduğu diqqət və ciddiyyətlə qarşılanacaq və bu sahədəki müvəffəqiyyət və nöqsanlarımız mətbuat səhifələrində müzakirə ediləcək və böyük Nizami ilə yanaşı sair dünya klassiklərinin əsərlərindən ediləcək gələcək nəsr tərcüməsi sahəsində faydalı nəticələr verəcəkdir.
23.X.40.