Amerikalı fotoqraf Liza Kristin həyatının iyirmi səkkiz ilini 70 ölkə, 6 qitədə qarşılaşdığı insanların fotolarını çəkərək keçirib. TedxMauidəki çıxışında modern dünyada mövcud olan köləliyə şahidlik etmək üçün çıxdığı səfər və qarşılaşdıqları barəsində danışır. Bizi də müəllifi olduğu fotolar vasitəsilə həmin hekayələrə şahidlik etməyə dəvət edir. Kristin hekayəsinə Qanada qeyri-qanuni fəaliyyət göstərən bir mədəndə qarşılaşdıqları ilə başlayır:
“Qanada 45 metr dərinlikdə qeyri-qanuni fəaliyyət göstərən mədən quyusundayam. Hava dəhşətli dərəcədə isti və tozludur. Nəfəs almaq çox çətindir. Qaranlıqda yanımdan keçənlərin tərini hiss etsəm də, çox şey görə bilmirəm. Ətrafımda danışıqlar eşidirəm, amma ətrafa daha çox öskürən insanların və ibtidai alətlərlə parçalanan daşın yaratdığı gurultu hakimdir… Həmin quyudan çıxıb evə getdim, amma onlar bəlkə də bunu heç zaman edə bilməyəcəklər, çünki artıq köləlik tələsinə düşüblər”.
Liza mədəndən çıxıb yoluna davam edir. Geridə qalanlara edə biləcəyi yeganə yardım isə insanlığın onları unutmaması üçün bu təsirli fotoları yaddaşlara köçürməkdir. Liza bu layihəyə Vankuver Barış Zirvəsində tanış olduğu “Free the Slaves” dəstəkçisinin çıxışına səssiz qala bilmədiyi üçün başladığını bildirir. Həmin çıxış zamanı köləliyi yaxından öyrənməyə başladığını və bundan sonra bəhs olunan layihəni gerçəkləşdirmək üçün getdiyi Hindistan, Nepal, Qana, Himalaylar və Katmanduda şahid olduğu həqiqətləri sadalayır.
“Müasir dünyada təxminən 27 milyon insan kölə olaraq yaşayır. Onlardan çoxu, daha yaxşı təhsil və iş vədləriylə aldadılmış, sonra da qaçmasınlar deyə təzyiq altında işləməyə məcbur olunmuş insanlardır. Bugün kölələr ticarət üçün çalışır. Yəni, əsirlərin istehsal etdiyi məhsulların dəyəri var, amma özlərinin yox. Köləlik həm dünyanın hər yerində var, həm də dünyanın hər yerində qadağandır.
Hindistan və Nepalda kərpic zavodlarına getdim. Əvvəllər qarşılaşmadığım bu qorxunc mənzərəni qədim Misirin və yaxud Dantenin cəhənnəminə girmək kimi tərif etmək olar. 130 dərəcə istilikdə qadın, kişi və uşaqlar, yəni bütün ailə toz buludu içində kərpicləri başlarının üstünə yığırlar. Bir dəfəyə 18-ə qədər kərpici qızğın zavodun içindən keçərək yüzlərlə metr uzaqlıqdakı yük maşınlarına daşıyırlar. Monotonluqdan və yorğunluqdan tükənmiş halda səssizcə eyni işi gün ərzində 16-17 saat təkrarlayırlar. Su və yemək fasiləsi olmadan…
Köləlik deyilən zaman ağıla gələn digər bir sahə geyim sənayesidir. Hindistanda ipək ticarətinin köləsinə çevrilmiş ailələrin olduğu kəndlərə səfər etdim.
Bu bir ailə portretidir. Qaraya boyanmış əllər atanın, mavi və qırmızı əllər isə oğlanlarınındır. Onlar böyük qablarda boyaları qarışdırıb ipəyi dirsəklərinə qədər həmin boyaya batırırlar. Amma bu boyalar zəhərlidir…
Volta gölündə dörd mindən çox uşağın kölələşdirildiyi təxmin edilir. Bura dünyanın ən böyük süni gölüdür. Həmin məkana çatanda əvvəlcə ətrafı nəzərdən keçirməyə getdik. Bir ailə qayıqla balıq tutur deyə düşündüm. İki böyük qardaşla birlikdə balaca uşaqlar. Məntiqlidir,hə? Xeyr… Onların hamısı kölə idi. Uşaqlar ailələrindən alınmış, satılmış və ya yoxa çıxmışdılar. Bu göldəki qayıqlarda saatlarla işləməyə məcbur edilmişdilər, həm də üzə bilmədikləri halda.
Fotodakı oğlan ağlı kəsəndən Volta gölündə işləməyə məcbur edilib. O sahibindən qorxduğu üçün heç vaxt qaçmayacaq. Həyatı boyunca işgəncəyə məruz qaldığı üçün gənc kölələrə də eyni şəkildə davranacaq.
Sizi Kofi ilə tanış etmək istəyirəm. Kofi belə bir balıqçı qəsəbəsindən xilas edilib. Onunla “Kölələrə Azadlıq Təşkilatı”nın, köləlik qurbanlarına kömək etdiyi sığınacaqda qarşılaşdım. Bu şəkildə onu başından aşağı böyük bir vedrə ilə su tökərək quyu suyu ilə yuyunarkən görürsünüz. Yaxşı xəbər isə odur ki, mən burada çıxış etdiyim zaman Kofi artıq öz ailəsinə təkrar qovuşub. Daha da yaxşısı isə ailəsinə həyatlarını davam etmələri və uşaqlarını qorumaları üçün hər cür şəraitin yaradılmasıdır. Kofi mümkünlüyün simvoludur”.
İnsan hüquqları dərnəyi günümüzdə köləliyin aşağıdakı formalarda yaşandığını bildirir:
- Mənəvi və fiziki təzyiq altında işləməyə məcburiyyət
- İnsanların mənəvi və fiziki təhdidlərlə vəzifə sahibi tərəfindən nəzarət altında saxlanılması
- Mal-mülk kimi alınıb satılaraq insanlıqdan çıxarılma
Liza Kristinin şəkillərində və danışdığı hekayələrdə bunların hamısına bir-bir şahid oluruq. Yaş, cins və irq ayrımı olmadan insanların bəlasına çevrilən köləliyi daha yaxından tanıyırıq. Lisa Kristin bu səhnələrin bizləri hərəkətə keçirəcəyinə inanır:“Köləlik ətrafımızdadır. Lakin biz görə bilmirik”. Buna görə də o daha çox insanı şahidə çevirmək üçün dayanmadan əmək sərf edir. Çəkdiyi fotolar nə qədər çox görülsə, bir o qədər çox adamın köləliyə qarşı nəsə edə biləcəyinə inanır.
Türkcədən uyğunlaşdıran: Cahanxanım Seyidzadə