Ədəbi təxəllüsü Multatuli (Latınca: Çox əziyyət çəkən) olan böyük Holland yazarı Edvard Douves Dekker 1820-ci ildə Amsterdam şəhərində anadan olmuşdur. Hollandiya klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan Multatuli radikal ideyaları, təravətli düşüncələri, Holland müstəmləkə siyasətinə qarşı açıq-aşkar müxalif mövqeyi və bu mövqeyini çəkinmədən ifadə etməsi ilə məşhurdur. XIX əsr Holland ədəbiyyatında dəbi müəyyənləşdirən Multatuli Holland hökümətində müxtəlif yüksək postlar da tutmuşdur. 1856-cı ilədək Holland hökümətində çalışan Multatuli həmin il ölkənin İndoneziyadakı baş konsulunun müavini vəzifəsindən istefa vermişdir. Səbəb isə yerli əhalini təzyiqlərdən, soyğunçuluqdan, cüzi əmək qarşılığında işləməkdən qorumaq istiqamətində göstərdiyi səylərin Holland höküməti tərəfindən dəstəklənməməsi olmuşdur. Postundan istefa verən yazıçı-siyasətçi Avropaya dönmüşdür.
Dahi Holland yazarı Multatuliyə dünya şöhrətini “Valter Pieterse” (1890) romanı gətirmişdir. Qismən avtobioqrafik hesab edilən “Valter Pieterse” romanında Holland istismarçıların ölkənin müstəmləkəsi olan İndoneziyada törətdiyi qanunsuz əməllər, müstəmləkənin acı nəticələri, ölkənin təbii sərvətlərinin vəhşicəsinə talan edilməsi təsvir edilir. Ədib əsəri elə bir quruluşda yazmışdır ki, o, həm İndoneziyada, Yava adasında ədalətin bərqərar olunması üçün çağırışlar edir, həm də Holland orta sinfinin mentallığını amansızca və ustalıqla ifşa edir. Bu danışıq tərzi, bu yumor, yazıçının istifadə etdiyi satirik tərz, həmin dövrdə Holland ədəbiyyatında heç də geniş tətbiq edilmirdi. Yazıçı bununla dövrünü xeyli qabaqlamış, beləliklə, Holland ədəbiyyatında uzun müddət en vacib hadisə hesab edilən və müzakirə edilən əsər yaratmışdır.
“Valter Pieterse” əsərində Holland hökümətinin İndoneziyanın Yava adasında təmsilçisi olan, gələcək vəd edən, hörmət sahibi baş qəhrəmanının qarşısına inanılmaz görünən, icrası demək olar qeyri-mümkün vəzifə qoyulur. Holland müstəmləkəçilik siyasətinə qarşı gəlməli, əzilən, pulu, malı, canı, əmlakı talan olunan yerli əhalini müdafiə etməli, eyni zamanda, Amsterdamla da münasibətləri korlamamalı, kralın gözündə nüfuzdan düşüb vəzifəni itirməməli – bunlar onun başlıca həyat prinsipləridir.
Dünya ədəbiyyatı tarixində müstəmləkəçilik əleyhinə yazılmış ən qüvvətli əsərlərdən hesab edilən “Valter Pieterse” çap olunanda müəllif Holland hökümətində tutduğu yüksək vəzifədən qovulmuş, ona qarşı təzyiqlər, represiyalar başlamışdı. İlk illərdə əsərin satışını heç bir kitabxana açıq şəkildə həyata keçirə bilmirdi.
Lakin əlahəzrət zaman hər dəfə olduğu kimi doğru qiymətini vermiş və illər sonra kitab Holland ədəbiyyatında layiq olduğu zirvəyə, şedevr statusuna yüksəlmişdir.
Multatulinin “Valter Pieterse” əsəri dünyanın 22 dilinə tərcümə edilsə də, müəllif Azərbaycanlı oxucularla ilk dəfə görüşür.
Ümid edirik ki, dostluq, ikiüzlülük, xəyanət, cəsarət, qorxmazlıq, müstəmləkə dövrünün amansız həyat tərzindən bəhs edən “Valter Pieterse” Azərbaycan oxucuları tərəfindən də layiq olduğu qiyməti alacaqdır.
Qeyd edək ki, kitabı dilimizə orijinaldan Anar Rəhimov tərcümə edib.