“Romanın xeyli tərifi var. Siz hansını maraqlı sayırsınız?”
“Alper Canıgüz deyir ki, “Roman qızları ağlatmaq, kişiləri güldürmək sənətidir.” Mixail Baxtin romanı ədəbi növlərin toplusu kimi ifadə edir, deyir ki, roman hələ formalaşmaqdadır, inkişafı davam edən növdür. Baxtin bunları 70-cı illərdə yazıb, Forster isə deyir ki, hər romançı romanı təzədən icad edir. Məncə, bu üç tərif bir-birini tamamlayır.”
“Bəs sizcə roman nədir?”
“Sizə balaca bir hekayə danışım. Meşədə gəzən bir adamı qaplan qovmağa başlayıb. Adam qaçıb bir uçurumun kənarına gəlib. Görüb ki, aşağıda bir budaq var. Aşağı enib o budaqdan yapışıb. Qaplan başının üstündə durub baxırmış, adam görüb ki, aşağıda bir qaplan da var. O ərəfədə iki kəsəyən adamın yapışdığı budağın kökünü gəmirməyə başlayıb. Adam qəfil görüb ki, yapışdığı budaq iki ərik var. Əlini uzadıb o ərikləri qopardıb və yeməyə başlayıb. Bu əriklər həyatında yediyi ən dadlı əriklər imiş. Məncə, roman bu əhvalatdakı əriklərdir.”
“Yəni roman təhlükənin ortasında peyda olan xoş sürprizdir?”
“Daha geniş mənada düşünmək lazımdır. Roman xaosun ortasında qəfildən qapıları açılan və bizi kral otağına çıxaran liftdir.”
“Roman qəhrəmanınız Fu-nun dostu yazıçı Əziz İstanbul deyir: “Sağlam ədəbi hazırlıq bizə insanların ruhunu sezmək, insanlığımıza hakim olmaq, sahib çıxmaq gücü verir. Bir-birimizi həqiqətən tanımağımız, gerçəkdən anlamağımız, dərindən qavramağımız ədəbiyyat sayəsində baş verir.” Siz də belə düşünürsüz?”
“Təxminən. Ədəbiyyat bilgisi, görüb-götürmüşlüyü, tərbiyəsi olmadan dərin düşüncələrə və ifadələrə çatmaq mümkün deyil. Bu mənada ədəbiyyat bizi cəhalətdən və axmaqlıqdan xilas edir.”
“Siz “Uykusuz” karikatura jurnalının karikaturistlərindən Ersin Karabulud ilə işləmisiniz. Romanın bir bölümü komiks texnikası ilə hazırlanıb. Niyə belə bir şey etdiniz? O hissə də mətn kimi yazılsaydı, nə çatışmazlıq olardı ki? Bunun romana qatqısı nədir?”
“Ersin Karabulud azarkeşiyəm. Böyük çıxmasın, düşündüm ki, onunla birgə ədəbiyyat tarixində, ən azından türk ədəbiyyat tarixində bir ilk imza atmaq pis olmaz. “Alisa Möcüzələr Ölkəsində” əsərində belə bir yer var: “İçində şəkil və dialoq olmayan bir kitabın nə faydası var ki?” Fors bir yana, bizimki bir eksperiment idi, amma yoxlamaqdan zövq aldıq. Bunun romana, ya da komiksə qatqısı varmı, bu, bizim üçün maraqlı deyil.
“Türkiyə Yazarlar Birliyinin 2099-cü il Roman Mükafatına layiq görüldünüz. “Ədəbiyyat, Sənət və Kültür Araşdırmaları Dərnəyi” də “Qorxma, mən varam” adlı romanınızı ilin əsəri seçdi. Bu mükafatlar və ümumən mükafatlar məsələsi haqda nə düşünürsünüz?”
“Mən bu mükafatları qazanmaq üçün hər hansı yarışmaya qatılmamışam, müraciət etməmişəm, şəxsən heç vaxt mükafat həvəskarı olmamışam. Mətnin və yazıçının mükafatı əsasən oxucunun dünyasında tapdığı qarşılıqdır. Bildiyim odur ki, konformistlər sağlığında, müxaliflər öləndən sonra müfakatlandırılır.”
“Mükafatları rədd edəcəksiniz?”
“Xeyr, bu mükafatları bir salamı aldığım kimi alacağam.”
“Birinci kitabınız “Quzğunun kölgəsi” şeir kitabı idi. Hələ də şeir yazırsınız?”
“Çox az-az şeir yazıram. Bizim ən qədim və köklü sənətimiz şeirdir. Çox böyük şairlərimiz var: Nəfi, Dadaloğlu, Ziya Paşa, Rza Tofiq Bölükbaşı, Ülkü Tamer… Şeirdə iddialı olmaq üstün zəka, müdhiş bir istedad tələb edir. Düşünürəm ki, türk şeiri mənsiz də ola bilər. Bununla yanaşı, özümə görə, çap edilməyə, oxunmağa layiq bildiyim şeirlərdən ibarət “Qaranti Karantina” adlı balaca bir şeir kitabı çap etdirəcəyəm.”
“Şeirdə iddialı deyilsiniz, bəs romanda?”
“Romanda iddialıyam. Belə deyim: Cüneyt Arkın film çəkir, Orxan Gəncəbay mahnı oxuyur, mən də roman yazıram! (gülür)”
“Doğurdan, romanlarınızın Cüneyt Arkın filmləri və Orxan Gəncəbay mahnıları ilə bir əlaqəsi varmı? Romanlarınız da hər ikisinin adını yad etmisiniz…”
“Zarafat eləyirəm. Mənim Cüneyt Arkınla Orxan Gəncəbaya baxıb düzlənməyim almalarla meteorları toplamaq kimi bir şey olar. Onlar hər ikisi uşaqlığımın sənətçiləridir. İlk gənclik illərimdə “Yeşilçam” filmlərini unutdum, Tarkovski, Berqman, Koppola, Carmuş kimi rejissorları izləməyə girişdim. Klassik qərb musiqisini və roka qulaq asmağa başladım. Fəqət 25 yaşımdan sonra fərqinə vardım ki, 1960-70-ci illərdə Cüneyt Arkınla Orxan Gəncəbayın necə möhtəşəm və bənzərsiz təsiri olub, məncə, bunun kəşf olunası tərəfləri var.”
“Maraqlı gəldi, artıq Berqaman filmlərinə, ya da klassik qərb musiqisinə marağınız yoxdur?”
“Əlbəttə var. Mahlerlə salam-sağolum var, Kubriklə söhbətimiz tutur. Digər tərəfdən, ədəbiyyat əsasən yazıldığı dilə, o dilin danışıldığı ölkəyə aiddir. Həqiqi qazancımız bizim əməyimizin səmərəsidir. Başqa millətlərə bizə aid olmayan, bilavasitə istehsal etmədiyimiz bir şeyi ikram edə bilmərik. Almana Rilke, fransıza Volter, yağsatana yağ… olmaz yəni.”
“Romanlarınız bestseller siyahılarında görünür. Populyarlaşmaq hədəfiniz vardımı?”
“Çox satılmaq niyyəti ilə yazsaydım, inanın ki, daha çox insanın marağına səbəb olacaq mövzular tapmaqda qəti çətinlik çəkməzdim. Yazanda onsuz da beynimə sensansional hekayələr gəlir. O meydana girmirəm.”
“Ədəbi mətnə ülvi bir dəyərmi verirsiniz?”
“Dəyər verirəm, amma ülviliklə əlaqəsi yoxdur. Sənət ülvi olanla bağ quracaq səviyyəyə çatmaq cəhdidir. Ədəbiyyatçısansa, ədəbiyyat oxucususansa, gözəl dua edirsən. Ədəbiyyatın əxlaqi yönünə əsasən gərək ədəbi əsəri ilahiləşdirməyəsən.”
“Sizcə, ədəbi dəyəri yüksək bir mətn ortaya qoymağın əsas şərti nədir?”
“Yazanda özünüzü aşmağa çalışırsınız. Paradoksal olaraq, dırmaşa bilməyəcəyi hündürlüyə çıxan, enə bilməyəcəyi dərinliyə çatan adama yazıçı deyilir. Bunun müqabilində, oxumaq da əsasən yazıçının məqsədlərini, meyllərini aşaraq etdiyimiz şeydir. Yaxşı oxucu müəllifin demədiyi, nəzərdə tutmadığı fikirlərə də çata bilir. Ədəbiyyat belə inkişaf edir: Yazıçı özünün, oxucu isə mətnin ötəsinə keçir.”
“Dörd əsas personaj var “Qorxma, mən varam” romanında: Fu, Qıcırbəy, Şəbnəm və Həyati Təhlükə. Əsas qəhrəmanı romanın son bölümündə ortaya çıxarırsınız. Elə bil ki, başlağıcda qəhrəman kimi təqdim etdiyiniz xarakterləri sonradan hekayənin yan personajlarına çevirirsiniz. Niyə belə bir nəqletmə seçmisiniz?”
“Mənim fikrimcə, maariflənmə qəti bilmədiyimiz bir mövzuda bilgi sahibi olmaqdan başqa, bildiyimizi düşündüyümüz bir mövzuda fikrimizin dəyişməsi ilə gerçəkləşir. Məsələn, düşünə bilərsiniz ki, “reklamın yaxşısı-pisi olmaz.” Amma bir gün belə bir qənaətə gəlirsiniz ki, reklam yaxşı şey deyil, bax bu güclü bir əqli parlaqlıq yaradır. “Qorxma, mən varam”da oxuculara bu cür bir əqli vəziyyəti yaşatmaq istədim. Fu qəribə personajdır, Qıcırbəy ondan daha möhkəm adamdır; üstəlik Şəbnəmi həsəd aparılası bir məhəbbətlə sevir. Mənfi tip kimi tanıdılan Həyati Təhlükə isə pisliklərindən arındırılmadan cazibə qazanır. Bəzilərinin yaxşılıqlarını bağışlamazkən, bəzilərinin pislikləri bizdə təqdir və sevgi oyandıra bilər. Bundan başqa, romanın əsas personajları bir-birlərini ya heç tanımırlar, ya az tanıyırlar, ya da səhv tanıyırlar. Çalışdım oxucular düşünsün ki, “Bu insanlar bir-birlərini tanısaydılar, çox yaxşı dost olardılar.”
“Bu niyyətinizi çatmısınız zatən. Oxucuya sürpriz etməkdən başqa bir məqsədiniz vardımı?”
“Şekspirin “Romeo və Culyetta”sında Romeo göz yaşı tökür və çarəsizlik içində hayqırır: “Mən taleyin əlində oyuncaqmıyam!” Məncə, insan daim taleyin əlindədir. Yüksəlişlər, enişlər qədər, monotonluqlar da taleyimizdir. İradəmiz, iradi olmayan şeylərlə əhatə olunub. Unutqanlıqlar, bilgi nöqsanları, təsadüflər, qəzalar… Maddi olaraq da, mənəvi olaraq da güvəndə deyilik. Həyatda daha çox səhv edirik. Danışmağımız bir səhv, söylədiklərimiz bir ayrı səhvdir. Bu şəhərdə yaşamaq, bu işi görmək, bu adamla eyni damın altında yaşamaq… az qala hamısı səhvdir. Səhvlər haqqında düşünmürük, danışmırıq. Həyat bu cür davam edir. Dahiyanə səhvləri adi səhvlərdən ayırd etmək də qeyri-mümkündür. “Səhvlərdən öyrənmək” deyə bir şey var. Görünür öyrənməyin yeganə yolu budur. Həmişə gecikirik. Zaman da daim bizim əleyhimizə işləyir. Həyat, bunlara baxmayaraq, gözəldirmi, yaşanmağa dəyərlidirmi?”
“Romanlarınızı yeni suallar soruşmaq üçünmü yazırsınız?”
“Niyə də olmasın? Dil sual verməyə yararlıdır. Cavabı donquldanmaqla, him-cimlə, ya da mızıldanmaqla da verə bilərsiniz. Fəqət sual vermək üçün dilə ehtiyac var. Düzgün sual düzgün cavabı doğurur. Sual qarşıdakını şoka salmalı, cavab isə sualı yox etməlidir.”
“Çoxqatlı, xəyal gücü yüksək, rəngli xarakterləri olan, çevik, əyləncəli bir romandır “Qorxma, mən varam”. Demisiniz ki, romanı fəlsəfi bir özülə yerləşdirmisiniz, bəs niyə belə gülməli və hərəkətli bir əsər kimi qurmusunuz?”
“Ustinov deyib: “Mizah, ciddi olmağın gülməli yoludur”. Laubalilik, laqeydlik, boşboğazlıq, şitlik, səthilik… tamamilə mizahdan kənardadır və ondan uzaqdır. Ciddilik adı altında hökm sürən axmaq qaraqabaqlığı və cahil təkəbbürü əsl şitlikdir. Romanın rahat oxunması üçün xeyli zəhmət çəkmişəm. Romanlar avtobmobillərə bənzəyir. Mən romanlarımı saatda 300 km sürətlə gedən avtomobillər kimi qururam. Oxucu istəsə 30 km sürətlə oxuya bilər, istəsə 300-lə gedər. Fəqət saatda 40 km sürətlə gedən bir əsər yazsaydım, oxucunun işi çətin olardı. Burada hər hansı bir qaydadan yox, öz tərzimdən danışıram.”
“Hər yarımbaşlıqdan əvvəlki epiqraflar, Funun dilindən deyilən atalar sözləri, deyimlər, qanqsterlərin müdrik kəlamları… kitab elə bil aforizm quyusudur…”
“Oxucu kitaba verdiyi pulun, kitaba ayırdığı zamanın qarşılığını almalıdır. Düşündüm ki, romanda yadda qalmağa, əzbərlənməyə dəyər cümlələr görmək oxucunu məmnun edər.”
“İki romanınızın da üz qabığında silah var! “Qorxma, mən varam”romanında “Dublyorun dilemması” əsərinizdən daha çox şiddət var. Bu, sizcə, macəra üçün gərəklidir?”
“Məncə, silah roman qəhrəmanlarına yaraşır. Al Kapone deyib ki, “Şirin dil və tabançayla, təkcə tapançayla edəcəyinizdən daha çox iş görə bilərsiniz.” Deyəsən ədəbiyyatda da şirin dilin yanında tapança işə yarayır. (gülür)”
“Romanlarınızda xeyli yarımbaşlıqlar var. Bu həm də strukturu asanlaşdıran formadır?”
“Mən daha çox oxucunun işini asanlaşdırmağı düşünürəm. Strukturda asanlıqdan başqa qısa bölümlər hərəkətlilik, çeviklik yaradır.”
“Xeli qəhrəmanınız oxucu ilə danışır. Məsələn, bir qanqster oxucuya deyir: “Kaş sizin qədər təmiz həyatım olsaydı.” Qəhrəmanlarınız elə bil tez-tez roman oxuduğumuzu vurğulayırlar. Bunu məxsusi şəkildə etmisiniz?”
“Əlbəttə. Ursula K. Le Kuin konkret deyib: “Roman yalandır.” Arada bəzi özgələşdirmə effektlərindən istifadə edərək oxucu ilə zarafatlaşmağı sevirəm. “Dublyorun dilemması”nda Habip Hobo oxucuya deyir: “Qoy danışım, ağzınızdakı saqqız yerə düşsün.” Bir dostum həmin səhifəni oxuyanda saqqız çeynəyirmiş, ağzı açıq qalıb.”
2010.
Tərcümə etdi: Qismət.