Enli pəncərənin yanında yellənən kresloya çöküb bayırda lopa-lopa yağan qara baxa-baxa əynindəki tumanını çıxarır, anadangəlmə halda siqaret yandırır. Siqaretin közərən işığı altında qıçlarının arasına baxır.
Dodaqlarını çeynəyə-çeynəyə, dizini qaşıya-qaşıya bir qədər beləcə oturur.
Bu məşğuliyyəti onu azacıq da olsa əyləndirir.
Məni görüb nə fikirləşirsə, tumanını təkrar geyinir.
Daxili narahatlığı get-gedə artır. Vəziyyəti aydınlaşdırmaq üçün:
– Nə olub? Nə yaman fikrə getmisən?- deyirəm.
Hannan-hana başını qaldırıb gözlərini mənə zilləyir.
Deyəsən, sualım onun yarasını qanadır.
Zabitəli və hökmlü səslə danışmağa başlayır:
– Mənə qulaq as. Düşünüb qərara gəlmişəm ki, səndən ayrılım, çünki məni sevmədiyinə əminəm…
Sadəcə sənin məni görən gözün yoxdur.
– Doğrudan? – deyib, içimi çəkirəm.
Yalnız indi başa düşürəm ki, ipə-sapa yatmayan ərim nə fikirləşir və dilim topuq vura-vura ona etiraz etməyə cəhd göstərirəm.
Fikrimi öyrənmək üçün gözlərini üzümə dikib.
Çaşqın halda, əlimdəki süfrə bezini əzişdirə-əzişdirə:
– Necə izah edim, bilmirəm. Birini sevmədiyini söyləyə bilərsən, amma başqasının səni sevib- sevməyəcəyinin qərarını sən əsla verə bilməzsən!- deyirəm.
O, bir yandan mənə qulaq verərkən, o biri yandan sol əli ilə siqaret tüstüsünün burumlarını var gücü ilə kənara qovmağa çalışır.
– Sənə elə gəlir ki, həyatında çox ciddi, çox böyük sevgi olmayıb. Sənin sevmək məsələsində bəxtin gətirməyib. Bəxtinə sevmək düşsə də, sevilmək düşməyib. Kökündən səhv fikirləşirsən. Bu, olduqca zərərli düşüncədir!- deyirəm.
Dediklərimin heç biri ona yaxşı təsir etmir.
Gözlərindən amansızlıq qarışıq bir kimsəsizlik yağır. Hər nə qədər çalışsam da, onun baxışlarındakı bu ifadəni zərrəcə dəyişdirə bilmirəm.
– Mənə sevgini sübut etmək üçün bir şeylər et! -deyir.
Nə etməyimi istəyir?.. Nə?
Təkcə onu deməyi kifayətdir.
Zarafata salıb fikrini dağıtmaq istəyirəm, olmur. Göz vururam, lağlağı edirəm, acığı tutur.
– Bəsdir! Məni ələ salma.
Səsini qaldırır.
Dərindən nəfəs alıb sözlərinin axırını uda-uda mızıldanır:
– Belə deyək də, kitabımız bağlanır.
Düşünməyə başlasan, yaxşıdır.
– Ciddisən? – deyirəm.
O, başını yellədir və ayağını ayağının üstünə aşırır.
Bütün varlığımı sarsıdacaq qədər güclü bir kimsəsizlik və tənhalıq hissi mənə hakim kəsilir.
Elə adamlar var ki, istəsən belə onlara heç cür kömək edə bilməzsən. İndi hər hansı təsəllinin, xoş söz söyləməyin, məncə, mənası yoxdur. Bu elə bir mənzərədir ki, dayanıb sadəcə kədərlə baxmağa məcbursan.
Bircə şey keçir könlümdən – ağlamaq.
***
Ağlına da gəlməzdi ki, onun beynindən keçən qəribə fikirlər həyatımızda gözlənilməz, qeyri-adi hadisələrə gətirib çıxaracaq və hər şeyin də baiskarı o olacaq. Bəli, o!..
Bilərəkdən, ya bilməyərəkdən işləri açmaq əvəzinə sanki daha da dolaşdırır.
Nə etsəm də, kələfin ucu ələ keçmir ki, keçmir.
Ayrılıq məsələsi hər şeyi bir az da qəlizləşdirir.
Bilmirəm, bunu sizə necə başa salım. Ərimin, bəlkə də, fərqinə varmadığı şeylər mənə əzab verir və özümdən çıxarır. Təbiətcə zarafatcıl olsam da, indi səssizliyə gömülmüşəm. Özümü tənha hiss edirəm, ürəyim sıxılır. Dəhşətli dərəcədə şənlənmək, əylənmək istəyirəm.
Buna görə də, boş-bekar dayanmayıb, əvvəlcə sarı yun qoftama düşən ləkəni təmizləməyə başlayıram. Ərimin köynəyinin düyməsini qoparıb təzədən tikirəm və nəhayət, pəncərənin qabağındakı divanda əyləşib dırnaqlarıma lak çəkməklə başımı qatıram.
Gözüm ərimin ən sevimli qalstukuna ilişir.
Yeri gəlmişkən, qalustuku səhər yuyub, ütüləyib qurutmuşam.
Ağ köynəklə bu qara qalstuk ona çox yaraşır.
Otağa keçib, qalstuku sinəmə tutub, güzgünün qarşısında dayanıram və deyirəm:
– Necə görsənirəm?!
Doğrudan, pis qalmır a…
Yüngülvarı şam yeməyindən sonra yataq otağımıza çəkilirəm.
Elədiklərindən dolayı onu tənbeh etmək istəyirəm.
Buna görə də məsələni nə qədər tez çürütsəm, bir elə yaxşı olar deyə, düşünürəm.
– Bəs onu hansı üsulla cəzalandırmaq olar?
Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verirəm.
Kətilin üstünə dırmaşıb, qalstukun bir tərəfini tavanın tən ortasına bərkidilmiş çılçıraq asmaq üçün olan qarmağa keçirdib digər tərəfini də boğazıma dolayıb onun yolunu gözləməyə başlayıram.
Bilirəm, o, indi lənətə gəlmiş qəhbələrin biriylədir.
Nəhayət, qapının zəngi səslənir. Çox keçmədən o, cibindəki ehtiyat açarla qapını açıb evə daxil olur.
Dəhlizdə ahəngdar addım səsləri eşidilir.
Başını irəli uzadıb ətrafa boylanır.
Bərəlmiş gözlərini otaq boyu gəzdirir.
Tavandan asılmış vəziyyətdə məni görür. Dəhşət içində gözlərimə baxır, möhkəm bağırır, üz sinirlərinin necə gərildiyini, səsinin necə dəyişdiyini görürəm.
Qapıya tərəf daldalı addımlayaraq huşunu itirib, yıxılır.
Belə tutmaları hərdən olur.
Mən çox qorxuram.
Dəhlizdən gələn ayaq səsləri məni diksindirir.
Bütün binanın həyatı ilə maraqlanan, bir evin söhbətini başqa evdə edən, burnunu soxmadığı deşik qalmayan qapı-qonşum ərimin qışqırığını, yıxılarkən çıxardığı səsi eşidib, evin qapısını açıq görüb içəri keçir.
Divarlar həddən artıq nazik olanda adamı satır, sirr saxlamır.
Ona elə gəlir ki, hansı qonşuda səs-küy eşitsə, başını içəri salıb nə olduğunu soruşmağa haqqı var.
Təəcübblü olsa da, qarşılaşdığı mənzərəni sakitcə seyr edir.
Nə baş verir?
Deyəsən, o, evi soymaq istəyir. Yanılmamışam.
Ay səni qançıq!..
Bütün bunları seyr etmək dözülməzdir.
İndi gəl insanın xislətini başa düş görüm, necə düşürsən! Başımı bulaya-bulaya ona baxıram.
Heç nədən xəbərsiz qonşu qadın gözlərini bərəldə-bərəldə utanmazcasına otaqları gözdən keçirir, əli ilə bir az geri qaçmış yaylığının altındakı saçlarını sığallayır.
Sonra o, rezin şap-şaplarını parket döşəməyə sürtə-sürtə yeriyib yataq otağına keçir, orada bir dəqiqəliyə key kimi karıxıb durur. Sonra çıxıb dəhlizdə bir müddət duruxur. Oradan baxınca gözü servantdakı Madonna servislərə sataşır.
Bütün bunlar azmış kimi cehizliyim olan qapaqlı, Çindən gətirilən fincanı yad əllərdə görmək məni lap əsəbiləşdirir.
O, heç bir sıxıntı hiss etmir, utanc hissi keçirmir.
Deyəsən, bu xəmir hələ çox su aparacaq.
İrəlidə onu nə gözlədiyini bilmir.
Götürdüyü əşyalarla birlikdə aradan çıxan qapı-qonşuma yanımdan keçəndə sağ ayağımla bir təpik ilişdirirəm. Zərbə bərk olur.
Elə bil onu qanacaqsızcasına yuxudan oyadırlar.
Qapı-qonşuma bir az tamaşa edəndən sonra düz gözünün içinə baxa-baxa,
– Axşamınız xeyir! -deyirəm.
Hətta bu cümləni deyib qurtarandan sonra ağzımı bir az da açıq saxlayıram ki, içimi sarmış həyəcan nəfəsimlə bayıra çıxsın.
Həm də burnum həmişə tutulur və məcburən ağızla nəfəs almalı oluram.
Cəsədimin diri olduğunu, hərəkət etməyə başladığını görən qonşumun dizləri qatlanır, özünü ayaq üstə zorla saxlayır. Təravətini itirmiş dolu üzü titrəyir və həyəcandan pörtür.
Sol ayağını zorla çəkə-çəkə, birtəhər özunü pəncərəyə tərəf atıb, şivən qoparır. Bütün məhəlləyə səsini duyurandan sonra çığırmağına ara verir.
Qadının rəngi sapsarıdır. Sifəti dəli adamların sifətinə oxşayır. Əlləri də əsir. O, iki dəfə danışmağa cəhd eləyir, heç nə deyə bilmir.
Sonra əlindəkiləri bir kənara tullayıb, gurumbultuyla yıxılır.
Arxası üstə düşən qonşu qadının başı divara dəyir.
Qadından qəribə bir səs çıxır.
O, xırıldayır və gözləri bərəlir, hədəqəsindən çıxır. Üzündə dəhşətli bir əzab var. Ağzı köpüklənir, bədəni qıc olur, kərtənkələnin kəsilmiş quyruğu kimi çırpınır.
Yarılmış başından qan fışqırır. Qan divarın ağ rəngli aşağı hissəsini qırmızıya bulayır. Bu divarı təzəliklə boyamışam.
Qandan nəinki qorxur, həm də çox iyrənirəm.
Özümü dünyanın ən pis insanı kimi hiss edirəm.
– Nə etməliyəm? Donub qalmışam.
Vəssalam!..
Ərimə etdiyim sarsaq zarafat sərhədlərini aşıb başıma bəla olur, faciəyə çevrilir.
İndi məhkəmə salonundayam, bəraət hökmümü gözləyirəm.
Məni qəhər boğur. Dəhşətdir.
Gözüm pəncərədəki boz kəpənəyə sataşır. O, gah özünü var gücü ilə şüşəyə çırpıb çölə çıxmaq istəyir, gah da sakitcə durub danışanları dinləyir.