sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Nədir yataq? Gecə içində gecə” – dünya poeziyasından seçmələr

26/01/2022 - 12:28
A A
Facebookda paylaş

Ənvər Topaloğlu

(Gənc türş şairi)

 

Qara qış şeirləri

 

qar şeirləri yazmışam bu qış

qara qış şeirləri

bəzisi uzundur, bəzisi qısa

yeri gəlmişkən.

 

yazmışam ki,

evlərin üstünü örtdükcə

ağ bir səhifə olur qar

soyuq qış günlərinin dərdini yazdığı.

bir başqa şifrədə

qar yağdı

göründü şəhərin

qaranlıq üzü.

 

indi bir kənd var uzaqda

qarın altında

 

qarmaqarışıq

bir əlyazma kimi.

 

burda

illər sonra öyrəndim ki,

otuz altı əsgəri varmış ana nənəm Məryəmin

hər biri bir hərf olan

otuz altı əsgər

Amma mən tanımırdım heç birini

çox yazığam!

 

bir başqa şifrədə

narmıdır deyə baxıram

sürgün olunanların

budaqların ucunda qalan ruhunu görürəm

yupyumru qırmızı

qaranlıq ekranlardan keçən bir alt yazı

içimin aynasına

barikkadaya çağasının beşiyini qoyan bir xalq yenilməz!

səssiz sui-qəsdlə heç yenilməz!

deyə xəbərdarlıq etmişəm.

 

burada

qış

qışın oğlan çağı

 

ilin son günü

hər yerə qar yağır

diktatorun üstünə uşaq ölüləri

yəqin ondandır bu səssizlik

deyə soruşmuşam.

 

Bu dəfə ağıların səsinə yasa batmışam

 

Türkiyə

Məst olduğum bağça deyil

Ağ dənizə bir madyan başı kimi uzanan

Ölülər evi.

 

Sızlayıb susmuş qəlbim

Dilim qatlanmış ağzımda sanki

Ancaq nə qədər pessimist görünsə də zaman

Biryolluq əl üzməmişəm ümiddən

Bunlar da mənim qoşmalarım, baxın

Bir alça ağacı

Bir mimoza

Bir qışa əvəz

Qışın sonunda yazmışam.

 

Qış bitdi

Zalımlığın diktatorluğun qışı bitdi

 

Bunu ilk müjdələyən çiçəklər və quşlar oldu

Gəlin, çiçəklərə, quşlara və sulara inanaq!

 

Anxel Qonzales

(İspan şairi – 1925-2008)

Dostunun ölümünə xatirə olaraq Joze Saramaqo onun bu şerini öz kitabına

daxil etmişdir. Saramaqo yazır: “Bir il əvvəl, düz 12 yanvarda Madriddəki bir

xəstəxanada öldü Anxel Qonzales. Lanzarottedə onun ölümünə səbəb olana

bənzər bir xəstəlikdən müalicə olunduğum xəstəxanada bu qara xəbərlə bağlı

bir neçə kəlmə dərc etmək istəyən müxbirə müsahibə verdim. Üzüntüm o

qədər böyük idi ki, səsimin tonundan hiss olunacaq dərəcədə bir dostumu,

eyni zamanda İspaniyanın ən böyük şairlərindən birini itirdiyimi söylədim

ona. Dostumun xatirəsini yad etmək üçün onun portuqal dilinə çevirdiyim bir

şerini verirəm”

Joze Saramaqo

 

 

Elə görünür ki…

Ədəbi mübahisələrdə məni realizmdə günahlandırırlar.

Amma qohumlar,

Bunun yanlış əksini söyləyirlər.

Onlar məndə reallıq duyğusundan

əsər-əlamət olmadığını deyirlər.

Onlar üçün şübhəsiz ki, bədbəxtin biriyəm mən!

Bu mətnşünaslar və naməlum qohumlar

Hamısını xəyal qırıqlığına uğratdım;

Görünüşə aldandılar.

Başqa nə gəlir ki, əlimdən?!

Bəzi hadisələrdən danışacağam sizə:

Bir-iki dindar xalanın ürəyi dözmür hərdən

Göz yaşı tökürlər məni görüncə.

 

Südlü aş bişirirlər mənə bir az utancaq olanlar

Uşaqlığımda olduğu kimi.

Qüssəylə gülümsəyib könlümü alırlar;

Maşallah, nə böyük oğlan olmusan,

Heyif, görmədi atan…

Və susub ah çəkirlər, nə deyəcəklərini bilmədən.

Anlamamış da deyiləm,

Təmənnasız jestlərində

Səmimi və çarəsiz bir mərhəmət gizləndiyindən.

Nəmli baxışlarında

Və mərhəmətlə parlayan taxma dovşan dişlərində

Onlar, sadəcə, özləri deyillər.

 

Gecələr

Yaşlı Klotilda xalam çevrilir məzarında

Qollu-budaqlı əllərini yelləyərək sifətimin önündə

Yenidən təkrar etməkçün xəbərdaredici bir tonda:

– Gözəlliklə qarın doymaz! Yaşamağı nə sandın sən?!

Mərhim anama gəlincə,

Zəif və kədərli səslə

üzülərək söyləyir, yəqin ki, budur sonun:

Dəlixanalar, qocalar evi, keçəllik və belsoyuqluğu1

Söz tapmıram deməyə!

 

Sonra öz sükutlarına qayıdırlar bir də.

 

Eynən köhnə vaxtlarda,

Uşaqlığımda olduğu kimi.

Və elə görünür ki,

Sanki, heç vaxt olmayıb ölüm biz tərəflərdə.

 

1 Cinsi infeksion xəstəlik

 

Adonis

(Ərəb şairi)

 

Məna meşələrində gəzmək üçün bələdçi

 

Nədir yol?

Torpaq adlı kağıza yazılmış

Bir səyyah manifesti.

 

Nədir ağac?

Dalğaları hava olan yaşıl göl.

 

Nədir hava?

o bir ruh

Bir bədənə yerləşməyi istəməz.

 

Nədir güzgü?

ikinci bir üz

və üçüncü göz.

 

Nədir müqəddəslik?

Bir maska

əylənə bilmək üçündür dişilərlə.

 

Nədir ölüm?

Qadın bətniyə

yerin bətni arasında

Yük arabası.

 

Nədir göyqurşağı?

buludun bədəniylə qucaqlaşıb

günəşin bədəni

bir əyridə

Yerin bədəni üzərində.

 

Nədir dalğa?

Dənizin ekranında

Film cizgisi.

 

Nədir sahil?

Yorgun dalğalara yastık.

 

Nədir ulduz?

ən gözəl tərəfi qapağı olan bir bir kitab

 

Nədir qocalıq?

Hər iki ucuna böyüyən bitki:

uşaqlığın şəfəqinə

və ölümün gecəsinə.

 

Nədir qaranlıq?

Günəşə hamilə bir bətn.

 

Nədir axan ulduz?

Yaydan çıxmış bir ox ki tək hədəfi var sonunda:

Ortadan sınıb ölmək.

 

Nədir qürub?

Günəşin bədənindən axan tər.

 

Nədir qəsidə?

südü qurumayan döşdən

əmərək yaşayan

bir qız uşağı

 

Nədir fikir?

Xəyala layiq olmaqçün

Gerçəkliyin can atdığı ucalıq.

 

Nədir xoşbəxtlik?

dilin ucundakı bir qəbiristanlıqda

məzar daşı.

 

Nədir ümid?

anlatmaq ölümü

həyatın diliylə.

 

Nədir torpaq?

Bədənin gələcəyi.

 

Nədir axşamüstü?

vida xütbəsi.

 

Nədir gözyaşı?

Bədənin yenildiyi müharibəsi.

 

Nədir ümidsizlik?

Həyatı anlatmaq ölümün diliylə.

 

Nədir yanğı?

Uzaq bir səfərin üzdüyü bədən-

Getdi, gedəcək əldən.

 

Nədir toz?

Küləyin əkizi və ən böyük rəqibi.

 

Nədir yataq?

Gecə içində

Gecə.

 

Nədir təbiət?

Reallığı yazmaq üçün

ağlın dili.

 

Nədir üfüq?

Hərəkətin hüdudsuz kosmosu

 

Nədir təsadüf?

Gözlənilmədən

Küləyin əllərinə düşən

ağacdakı meyvə.

 

Nədir gül?

Kəsilmək üçün sığallanan baş.

 

Nədir gerçək?

Ya suyun bədəninin

ya işığın üzünün

rəsmini çəkmək.

 

Nədir çatışmayan?

Görməyi arzuladığımız bir bir ev ki,

Nifrət edərik

içində oturmaqdan.

 

Nədir göyüzü?

Kimsə çıxmadan

qırılan nərdivan.

 

Nədir gecə?

bir niqab

günəşin üzünə taxdığı.

 

Nədir gözəllik?

bir ölçü ki,

 

ona baxanda görərsən

arxasındakı sirri

bəzən də ilahini.

 

Nədir heçlik?

Xəstəliyın

ən çox yayılanı.

 

Nədir varlıq?

daima yenidən

gözdən keçirilməsi gərəkən.

 

Nədir gerçəklik?

dil çayının dibindəki çöküntülər…

 

Nədir yoxsulluq?

Yer üzündə dolaşan bir məzar.

 

Nədir dostluq?

ikinci bir günəş.

 

Nədir fəhm?

Müəmmanın bədənində gəzən əl.

 

Nədir gecə?

ulduzların kitablarını satan kitabçı.

 

Nədir dua?

sözün suyundan buxarlanan

zahı bulud.

 

Nədir gözyaşı?

ən duru güzgü.

 

Nədir ay?

Günəşin sadiq kənizi.

 

Nədir mütləq?

Zəkanın aybaşısı.

 

Nədir çıplaqlıq?

Bədənin Fatihəsi.

 

Nədir iz?

Yeriməyi tərgidən ayaq.

 

Nədir yaddaş?

bir ev ki

ancaq məskunlaşması üçündür

itən əşyaların.

 

Nədir şeir?

Səfərdəki gəmilərdi və yoxdur limanları.

 

Nədir yastıq?

Gecənin nərdivanındakı ilk pillə.

 

Nədir uğursuzluk?

ömür gölündə üzən yosun.

 

Nədir ömür?

qaranlığa doğru

Bir səyahət,

dincini almadan.

 

Nədir xaos?

Gecənin bədəni üçün başqa bir səliqə-səhman.

 

Nədir xəyal?

Gerçəkliyin ətiri.

 

Nədir tarix?

kor bir təbilçi.

 

Nədir yağış?

 

Düşən bir son yolcu

bulud qatarından.

 

Nədir üz?

gözyaşının köçü üçün ən yaxın liman.

 

Nədir gündüz?

Ən geniş qəfəsi günəş şüalarının.

 

Nədir çöl?

qum falına baxmaqdan

yorulmayan

falcı qadın.

 

Nədir qum?

Acgöz oxucusu tək bir romanın:

Yəni küləyin.

 

Nədir seir?

Ağzıbağlı bir qab

Qapağını açsan sınan.

 

Nədir çığırtı?

Səsdəki kirəc.

 

Nədir toz?

Nəfəs

torpağın ciyərindən qalxan.

 

Nədir barmaqlar?

Bədən okeanlarının ilk sahilləri.

 

Nədir qanad?

kosmosun qulağında pıçıltı.

 

Nədir qəfəs?

içi boş doluluk.

 

Nədir kədər?

Bədənin kosmosundakı

axşamüstü.

 

Nədir şans?

vaxtın əlindəki zər.

 

Nədir fikir?

Həqiqətin qapısını ayaqdan çıxaran

Bir səfil.

 

Nədir qüssə?

 

Nəşə lüğətində

Yanlış bir kəlmə.

 

Nədir sürpriz?

bir quş

Gerçəkliyin əlindən qurtulmuş.

 

Nədir vətən?

dilin kürsülərinə

can atan şey.

 

Nədir dil?

bir qatardır ki

eyni zamanda

Həm yoldur, həm səyahət, həm də son mənzil.

 

Nədir çay?

bir yataq ki, yer üzü yayar onu

məmələrinin arasına

ya da göbəyinin altına.

 

Nədir bağça?

şeirlerini uyuyayaraq yazan

və susaraq oxuyan

şair bir qadın.

 

Nədir mərkəz?

bütün uçların ucu.

 

Nədir yaxın?

Elə bir doğmalıq ki,

yoxdur onu soraqlamaq ehtiyacı.

 

Nədir zaman?

Bir əyin-baş ki

Geyinib yaşarıq heç çıxarmadan.

 

Nədir düz xətt?

Gözəgörünməz

Əyri.

Bütün xətlərin cəmi.

 

Nədir ilğım?

qumu əyninə geyib

suya bənzəməyə çalışan

bir günəş.

 

Nədir su?

Bir cəhənnəm sahibi

 

atəş.

 

Nədir göbək?

yolun yarısı

iki cənnət

arasında.

 

Nədir öpüş?

əllə dərilməsi

gözəgörünməz bir meyvənin.

 

Nədir qaygı?

Düyünlər və qırışıqlar

Damarların ipəyində.

 

Nədir məcaz?

Çırpınan qanadlar

Kəlmələrin sinəsində.

 

Nədir yaradıcılıq?

Təsadüfün barmağındakı üzük.

 

Nədir qucaqlaşma?

Cütlüyün üçüncüsü.

 

Nədir məna?

Mənasızlığın əvvəli

Və sonu.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az