Telepuzik olmaq
“Nizami” küçəsində “Miki Maus” işləyən dostum vardı, yaxşı da qazanırdı. Məmləkətin 2000-ci illərində böyüklərin gözündə Maykl Cekson nə demək idisə, uşaqların gözündə Miki də o idi. Hansı cilddə məhşur olmağın nə fərqi var? Əsas odur, səni tanıyırlar. Tanınmağın da pis tərəfləri var, təbii ki. İnsan əşya kimi olur. Uzaqdan səni işarələyib yanına tələsənlər, toxunmaq, pulunu ödəmək, kimliyinə sahib olmaq istəyirlər. Həmin an hansı vəziyyətdə, sarsıntıda, özəl günündə olub-olmadığın heç kimin vecinə deyil.
Miki dostum aylardır sayını unutuduğu pivə bakalının hesabını ödəyəndə məni də işləməyə dəvət etdi. Hiss etmişdim, çoxdandı vücuduma əşya gözü ilə baxırdı. Böyük ehtimalla belə davam etsə, sayını unutduğum pivə bakalları ciblərinin dibinə daş atacağını yəqin etmişdi. “… Kuklaların içində özünü azad, başqa dünyada, başqa adam kimi tapırsan. Hamı da səni tanıyır, məhşursan. Şəkil çəkdirmək istəyən kim, sığallayan kim…” sözlərindən sonra özümü evin gözəl hissəsində özünə yer tapmış, hamının görüb heyran olduğu “xrustal vaza” kimi hiss etdim. Elə-beləsindən yox, xalis olduğu çırtmadan bilinən “xrustal vaza”.
Telepuzik olmağı özüm seçdim. Tozlu, qaranlıq otaqda miskin görkəm almış pişik Tom, siçan Ceri, dostumun iti Pluto və ya Donald Dak da ola bilərdim. İstəmədim. İçəri daxil olandan balaca nəfəslikdən nəmli otağa süzülən günəş şüası yaşıl rəngli Telepuzikin düymə gözlərində bərq vurduğunu görürdüm. Romantik insanam, belə məzərələrə dözümüm yoxdur. Telepuzik olmaq istədim.
Ruzi olmaq
İnsan olmaq asan deyil. Oval, hər tərəfi su, qan qoxusu gələn zirzəmiyə daxil olub işığı gözləmək işin ən pis tərəfidir. Nə qədər şikayətçi olsam da, yazılmış koddur, dəyişmək mümkün deyil. Ruzi olmağı özüm seçməmişdim. Sistemdə nasazlıq yaranmışdı – Saniyəlik gecikmədən söhbət gedir. Sonuncu dəfə belə gecikmədə gecə-gündüz işlədiyimizi xatırlayıram. Yaradan gedişatın hesaba uyğunlaşmadığını hiss edib “ Mehdi” üçün bir saniyəlik fikirləşmişdi. Zatən heç kimə ümid qalmamışdı. Davam etməyin nə mənası?! Bir saniyə vəba epidemiyasına, atom bombasına, dünya müharibələrinin milyonlarla insanın canına bədəl oldu. Mehdi işinin hələ tez olduğu qənaətinə gəlinəndə işimiz seçimlərlə yox, təsadüfi aparıldı. Yaranmış insan boşluğunu doldurmaq lazım idi. “Təsadüf sistemi” tətbiq ediləndən bəri insanın tüfeyli, məqsədsiz, əyləncəyə meyilli bədən olmaları üçün dua edib qəpik atıram. Çox zaman da şəkilli hissə düşür – istəmədiyim tərəf. Hoşeanı canlandıranda başıma nələr gəldiyini hələ də unutmuram. O, müdrik, dünya malına tamarzı olmayan, yalan danışmayan, için yox, çölün əhəmiyyət daşıdığını düşünən bədən idi. Belə məğrur bədəni hərəkətə gətirmək, çörək, pul, dolanışıq uğrunda varlığını fəda etməyəni canlandırmaq gözəl olsa da, darıxdırıcı, adrenalini olmayan iş idi. Xatırlayanda gülümsədiyim insanlardan ilki isə Hu Hudur. Bir tikə ət üçün günlərlə acı-susuz Bizon dalınca qaçan, ayağına tikan batan, yem tapmaq uğruna girişdiyi savaşda özü yem olan Hu Hu. Biçarə, bədbəxt bədən.
Bir az Hoşea haqqında
Kermal dağının bəstəboy ağaclarını, kol çiçəklərini heç vaxt sevmədim. Taxta döşəməli dəhlizin enli, zərif qapıları şərqdən əsən isti mehə qucağını açdığı gündə Hoşea məndən əvvəl oyanmışdı. Adına kəhanət də deyə bilərəm. Bundan öncə, min illər boyu, ilk dəfə idi ki, mən kimdənsə yox, kimsə məndən çıxmışdı (Bu gir-çıx gələcəkdə saniyəlik yubanmaya işarə verən sistem xətası da ola bilərdi).
Ac adam burnuna gələn yemək qoxusunun izinə düşdüyü kimi, Hoşea uzaqlardan gələn ağrının, mən isə onun ardınca yola düzəldim. Göz yaşı, əlacsızlıq, kömək üçün inildəyən ürək ağrısı Hoşeanı Kermal dağının qotur düşmüş ala-bula yaşıllıqlı yamacına gətirib çıxartdı. Paltarı torpaq rəngindən seçilməyən qadın “Gül üzlü balamı oğurladılar”, “Bəxtsiz balamı qul elədilər”, “Kimsəsiz qadına rəhm etmədilər”, deyib ağlayırdı. Hoşea qadının önündə diz çöküb oğlunun hara aparıldığını bilib-bilmədiyini soruşdu. Qadın barmağı ilə uzağı göstərərək titrək səslə “Hebrona, qul bazarına apardılar”, dedi.
Küçələri dar, bazarı kirli, hay-həşirli Hebronda Hoşea qulların alınıb-satıldığı məntəqəyə gələrək özünü satdı. Aldığı pulu bazar qapsının tozlu daşlarına söykənib ağlayan qadına verərək “Gec olmadan oğlunu satın al”, deyib yeni sahibinin yanına qayıtdı.
Hoşea sahibinin arxasınca addımlaya-addımlaya insanlığın düşdüyü vəziyyətə ağlayanda Hu Hunu yenə xatırladım. Qoca Bizonun izinə düşüb yemək gətirmək istəyi ilə özü yemə dönən Hu Hu. Biçarə, bədbəxt bədən.
Telepuzik olmaq
Telepuzik olmağımdan uzun zaman keçir. Hiss edirəm, cismim indiki, fikrim keçmiş zamanda yaşayır. Belə yaşamağın adı Xaylıqdır. “Nizami” küçəsində kukla olub, canlanmağı imitasiya edəndən sonra, içimdə başlanan dəyişikliyin səbəbini bir neçə dəfə dosta, tanışa izah etdim. Fayda – sıfır. Adımı “Xay” qoyub, izahlarımı küfr saydılar. Ruhun necəliyini əzizlərindən gizlədən yaradanın sirrinə izah gətirməyim günümüzün təhqiri, orta əsrlərin edam hökümünə bərabər idi. Fəqət kim deyə bilərdi ki, yaşıl rəngli yumuşaq arxama dəyən dəcəl uşaq təpiyi məni bir santi irəli, həqiqətin tən ortasına itələyəndə, boğazıma keçəcək əcəl halqasına gülümsəyəcəyəm. Bir santi irəlidə məni gözləyən həqiqətə hoppananda anladım ki, götümüzə dəyən təpiklərin bəzilərindən iki əlli yapışıb nirvanaya da çatmaq mümkündür. Hər şeyi pis qəbul etmək olmaz. “Telepuzikin tötünə təpik vurdun sən”, deyib fərhlənən atanın saçını qırxdırıb, Tibet dağlarında ac saxlasan da, ondan heç bir şey çıxmaz. Bəlkə Hu Hu çıxdı.
Bəyan edirəm;
Gördüyünüz mən, mən deyiləm. İki əlli, iki ayaqlı bu bədən əynimə geyindiyim Telepuzik oyuncağı kimi maskadır. Uşaqları əyləndirən yaşıl bədheybətin içində olan varlıq – yəni mən – kimə bəllidir? Heç kimə. Fəqət məsələ bu deyil. Düşündüyüm daha ciddi mövzular var. Dalıma dəyən təpikdən sonra anladım. Yaşıl, yöndəmsiz bədən balaca, zülmət, nimdaş otaqda cansız, soyuq, hərəkətsiz durduğu halda, Ruzi olaraq hərəkətlənirsə, Ruzi olaraq canlanıb həyat tapan Telepuzik olursa, ana bətnində ət parçası olan Ruzini canlandıranın içindəki kimdir? Telepuzikmi?
Ruzi
Telepuzik olmağımdan uzun zaman keçir. Şəkil olan hər şeyə nifrət edirəm. Kəhanətdir, qarabasmadır, nədirsə Telepuzikin içindən çıxandan bəri özümü hər şeyə yad hiss edirəm. Edəcəyim heç nə yoxdur. Həyatın ritualına boyun bükə bilmirəm. Yuxularımda daha öncə görmədiyim, tanımadığım, bəstəboy ağaclar, kol çiçəkləri ilə dolu olan təpəlikdə veyillənirəm. Adı “Çörək pulu” olan yaşamın bir parçası kimi gündəlik rutin üçün oyanmaq, üz yumaq, ətli oyuncaqların əhatəsinə atılmaq, qul kimi işləyib, sahib kimi satılmaq, evə qayıtmaq, yenidən yatmaq… Heç kim görməsə də, hər birimizin arxasınca paltarı torpaq rəngində olan qadın ağlayır.
Adımı “Xay” qoyduqları üçün etiraflarıma heç kim qulaq asmadı. Gecə-gündüz içimlə danışıram. Həyata etiraz üçün saçımı qırxdırandan bəri qulağıma səslər gəlir. Eşidirəm, kimsə nəsə deməyə çalışır…
Telepuzik
– Ruzi, Hoşe olma, Ruzi. Hu Hu ol. Dirəşmə. Yalvarıram sənə, Ruzi…