– Bir işçinin adı, ya vəzifəsi səhv olanda bütün idarələrə zəng edirdim, – dedi qız, – işçinin nömrəsi olmurdu məndə. Kadrlar da həmişə məşğul olur.
Dizlərini qarnına yığıb divanda uzanmışdı.
Oğlan arxasındakı amerikan mətbəxdə limon sıxırdı.
– Özün deyirsən, – dedi oğlan, – sənlik deyilmiş. – Qırx millilitrə yaxın limon suyunu yarım kiloluq bankaya tökdü.
– Mən tapmalıydım onu. Dövlət vergi xidmətinin hansısa ərazi baş idarəsinin elektron xidmətlər şöbəsinin vergi uçotu bölməsinin rəis müavini kim kimov! Zəng eləməliydim ona. Bütün sadaladıqlarıma, axırda ona. Dəqiq bilməliydim rəis yox, müavindir.
– Bir müavinə görə belə oldu? – Oğlan dibinə çatdığı burbon viskisinin qapağını açarkən dedi. Fikri hazır etdiyi şəkər siropunun yanındakı yumurtada idi. O, viskini, ardınca şəkər siropunu bankaya tökəndə qız demişdi:
– Birinci deyildi. Xarici işlərə əmr göndərmişdim. Antverpen əvəzi Antverb yazmışdım. Çox danlamışdı rəis.
Oğlan qızı qucaqlamalı olduğununu hiss etdi. Əlində ikiyə böldüyü, sarısını ağından ayırmağa çalışdığı yumurta olmasa qucaqlayardı. Əvəzində yumurtanın bir yarısını digərinə əyir, geri qaytarır, digərini əyir, axan yumurta ağını bankaya istiqamətləndirirdi.
– Sənin yerinə mən olsaydım, bir ay da dözməzdim.
Yumurtanın ağı qabığa yapışmışdı, axmağı üçün bir az da əyəndə sarısı bankaya düşdü.
– Mən dözürdüm, hə? – dedi qız.
Qız görməsin deyə bankanı içindəki viskiylə birgə zibil qutusuna boşaltdı.
– Nolar, sonuncudur, birini də qır.
– Bəsdi də, bəsdi! Sözümü kəsib kokteyl düzəldirsən. Rahatımı da pozursan.
– Sonuncudur.
Oğlan bankanı yaxalayarkən qız soyuducunu açdı. Qapıya düzülmüş şəhər yumurtalarından deyil, qutuya yığılmış kənd yumurtasından götürdü.
Qız yumurtanın ağını sarısından ayırarkən oğlan limon sıxmış, butulkanın dibindəki viskini ölçmədən bankaya boşaltmışdı. Şəkər siropu əvəzi vanil siropu tökdü; belə daha tez təsir edəcəyini düşünmüşdü.
Bankaya yumurtanın ağı əlavə olundu. Buzsuz iyirmi saniyə, buzla on saniyə çalxalandı.
Ağ köpüyün üstünə “Angustura” dadlandırıcı damcıllatdı. Üç damcı.
Oğlan qızı öpdü.
– Sən olmasan neyniyərdim?
– Mənə dəyər veriləndə səhv eləmirəm, hə? Rəisim danlayırdı məni. Deyirdi bəlkə iş bilmirəm, əmrləri Günel yazır. Amma hamısını mən yazırdım.
Oğlan nə edəcəyini bilmədi. Möhkəm qucaqlasa, qızın ürəyi sıxılardı.
Axşam tərəfi sakit meh əsəndə tül pərdənin uzunluğu boyunca yırğalandığı, salonunda iki pəncərəsi olan evlərdən birində yaşayırdılar. Oğlan ayaqlarına qədər gəlib geri çəkilən pərdəyə baxırdı. Başı pərdəyə, bədəni qıza tərəf idi.
– Çıxaq balkona?
Qız buludlu göy üzünə, arabir görünən aya baxırdı.
Oğlan kokteylini yanında götürmüşdü. Yoldaşı dərdliykən içmək – zövq almaq istəmədiyi üçün bir qurtum da içməmişdi. Yoldaşı yenə dərdli idi; aya baxmağından bəlli idi, amma buzlar əriyirdi. Üzdəki köpüyü sömürdü. Üst dodağına ağ köpük və dadlandırıcının qəhvəyi rənginin qarışımı yayıldı. Yaladı. Damağında viski və vanilin quruluğunu, dadlandırıcının və limonun turşluğunu hiss edirdi. Dadlar növbəylə reseptorlarını oyadır, xoşbəxtlik verirdi. Yumurtanın dadı ən sonda gəldi. Halbuki gəlməməli idi; yumurtanın vəzifəsi köpük yaradaraq dadları birləşdirmək idi.
– Kənd yumurtası götürmüşdün canım?
– Mənə dan ulduzu de. Dan ulduzu.
– Dan ulduzum.
– Dan nədi bilirsən? Sübh tezdəndi. Mən, amma səhərlər yatıram. Günortaya qədər. Dan ulduzu deyiləm mən… Dan ulduzu belə ola bilmirəm.
– Olmağın lazım deyil.
Oğlan qızı möhkəm qucaqlamışdı. Sol əliylə özünə sıxarkən sağ əliylə saçlarından üzünə doğru sığallayırdı. Barmaqları yanaqdan saça qalxarkən islandı.
Oğlan qıza əyilməmiş qız oğlana baxdı.
– Dan ulduzu deyiləm mən, Dinarayam. Dinara… Dinarə yox. Adımı səhv deyəndə zəhləm gedir. Dinara, amma gözəldi.
– Elədi.
Qız oğlanın barmaqlarını aralayıb qolundan çıxdı.
– Mən tualetə gedirəm. Sən gülləri sula. Olar?
– Olar.
Oğlan içməli olduğunu hiss edirdi. Kənd yumurtası qoxan kokteyli başına çəkdi. Çəmkirib ağız büzdü. Sinəsinə qalxan bulanma keçsin deyə siqaret yandırdı. Siqaret ağzında mətbəxə getdi.
Krant xışıldayır, bulanıq su çaydana dolurdu. Bulanıq qazlı suya oxşayırdı. Krant xışıldamayanda su bəzən dupduru gələrdi. Oğlan səbəbini bilmək istəyirdi, amma kimdənsə soruşub, ya araşdıraraq yox; birdən-birə, nə vaxtsa su dolduranda özü tapsın.
Çaydan daşıb krant bağlananda xışıltı yerini iztirablı hıçqırıq və ağlamayla qarışan offuldamaya verdi. Səs hamamdan gəlirdi. Oğlan krantı açıb siqareti rakvinaya atdı. Kül rakvindakı burulğanda fırlanarkən qaçaraq girişə çıxmışdı.
Girişə ilk addımını atar-atmaz sürüşüb ombası üstə yerə düşdü. İki gün əvvəl qonaqları gəldiyi üçün döşəmənin “OrangeX” mebel yağıyla silindiyini xatırladı. Hamamın üç, uzağı dörd addımlığındaydı. Offullama da, hıçqırıq da kəsilmişdi. Yoldaşı düşdüyünü eşitmiş olmalıydı. Eşidib narahat olan başqaları da vardı. Döşəməyə yəqin ki, pol taxtasıyla “uşaq yatır” deyirmiş kimi iki dəfə vuruldu.
Portağal qoxan döşəmədən limon və kənd yumurtası qoxan əllərinə söykənərək qalxdı. Əlinin kənd yumurtası qoxmasını qəribsədi. Özü də kənd yumurtası götürmüşdü? Şübhəyə düşdü.
– Nolub sənə? Niyə ağlıyırsan?
Qız yarıçılpaq idi. Üzündən sinəsinə göz yaşıyla birlikdə bulanıq qazlı su axırdı.
Oğlan bulanıq qazlı suyu sildi, göz yaşı dinmirdi.
– Get burnumu fıxıracam, – dedi qız.
Qızın aralandığı rakvinaya yaxınlaşdı. Yumurta iyi çıxsın deyə əlini sabunladı. Köpükləri dırnaqlarının arasına keçirərkən qız əlini əlinə aldı, qarnına apardı.
– Buramda bir şey var, – dedi, – o ürəyimi sıxır.
Oğlan köpüyü qızın qarnına yaydı.
– İndi qarnımı yumalıyam.
Oğlan əlini duruladı. Əl-üz yuyan dəsmalla qurulayıb iylədi. Yumurta qoxurdu. Duş dəsmalını götürdü.
Qız köpükləri yumuşdu. Oğlanın uzatdığı dəsmalla qarnını və qarnından aşağısını qurulayırdı.
– Fıxırmıyassan?
– Get, yanında olmaz.
Qonaqlıqdan gəlmişdilər. Yatağın üstü paltar və asılqanlarla örtülmüşdü. Paltarları asılqana keçirib şkafdan asırdı. Paltarları asıqlana keçirib şkafdan asdıqca yoldaşını təskin edəcək bir şey axtarırdı.
Qız dəsmal belinə sarılı otağa gələndə oğlan ona baxdı.
Qız ona baxmırdı, baxış qaçırmışdı.
Oğlan ağzında və boğazında quruluq və yumurtanın tamını hiss etdi.
– Su istəyirsən?
– Olar.
On doqquz litrlik bidonun başına keçirilmiş USB akkumlatorlu ağ-qara elektrik pompasının altına fincan tutmuşdu. Su pompadan qabarcıqlar çıxararaq gəlirdi; bidonun dibi idi. Qabarcıqları köpüyə oxşadırdı. Köpüklər fincanın üzündə toplaşmamış yox olur, yerini yeni köpüklərə verirdi. Köpüklər yox olmamış içmək istədi oğlan. Yumurtanın kənd yumurtası qoxan köpüyünü suyun köpüyüylə yumaq. Yarısını içdi. Pompanın düyməsinə basanda bidon köpürdü; su bitmişdi.
– Yarımçıq süzdüm, səhər həkimə gedəssən. – Fincanı qıza uzatdı. – Gecə tualetin gəlməsin.
– Sağ ol, – dedi qız, – indi məni qucaqla. Arxanı çevirib yatma. Bütün gecə qucaqla.
– Əlim yumurta qoxur, – dedi oğlan, – narahat olmarsan ki?