Sim-sim.az Naiq Babayevin “Yaş cəviz balladası” hekayəsini təqdim edir.
Qara kalkotkasının üstünə sarı köynək geyinmiş oğlan uşağı atasının çalışma otağına girdi və ilk iş masanın üstündəki oxuma lampasını yandırdı. Çəkməcədə gizlətdiyi jurnalı götürdü. Jurnal nüvə silahları haqqındaydı, uşağın çətinliklə oxuduğu kril əlifbasında yazılmışdı.
Üç səhifə oxumuşdu, səhifəni çevirəndə dəhşətə gəldi, jurnalla eyni vaxtda gözlərini bağladı. Gördüyü şəkil göz qapaqlarına yapışmışdı. Radiasiya yanığına məruz qalmış insanın yaşıl, yosunvari ərimiş bud sümüyü. Görüntünü uzaqlaşdırmaq üçün ucu qırmızı, oxlova oxşar çubuğu götürdü, ətrafdakı qalaq-qalaq qutulara dəydirmədən vıyıldatdı. Yorulanda çəkməcədən bir dvd götürdü.
Qapının səsini eşidəndə yatırdı. Yuxusunda – həmin vaxt yuxu olduğundan xəbəri yox idi, heç olsun da istəməzdi – Qəzzəni Səlahəddin Eyyubinin hücumundan qoruyan xaçlı orduların komandanı idi. Qala divarlarının üstündə, qulağının dibidən keçən radioaktiv su toplarına fikir vermədən gəzişir, qapıya yaxınlaşan düşmənə ultrabənövşəyi dağ lalələri atılmasını əmr edirdi.
Anası əlini çiyninə qoyub silkələyəndə qala qapıları qırıldı. Səbəbini bilmədən divardan aşağı düşmüşdü və sonsuz boşluğa enərkən sümüklərinin əriyib yaşıllaşacağından qorxdu.
– Oyan Qeys, – deyirdi anası, – avtobus gələcək.
Anasına baxsa da, sonsuz boşluğu görürdü.
– Getmək istəmirəm, – Səsi heç eşitmədiyi qədər alçaq, yuxulu çıxmışdı. Səsini yadda saxlamağa çalışdı, növbəti cümləsini eyni tonda deyəcəkdi.
Anası daha bərk silkələyir, yığılan yatağın ayaqları əyilirdi.
– Dur, əsəbimnən oynama! – deyirdi, – dur, bir az da qardaşın ev üzü görsün!
– Cəviz yığmaq istəmirəm. Nənəmi də istəmirəm. – Səsini bəyənmədi, cır çıxmışdı.
– Qeys, dur da nolar, yorma məni. Qardaşın bir aydı ordadı axı. – Qeysin üstündəki ədyalı dartıb yerə saldı. – Dur deyirəm sənə!
Qeys əllərini dizlərinin arasına salıb büzüşdü, yastıq da götürüləndə bir əlini başının altına apardı. Gözünü bərk sıxsa da, anasının yanında ayaq üstə dayandığını, nəfəsini burnundan buraxdığını hiss edirdi. Qapının çırpılma səsini eşidəndə gözlərini açdı.
Divara asılan Həzrəti Əlinin qılıncı ay işığıyla parıldayır, kölgədə qalan digər yarısıyla əlbir olub ayı ikiyə bölürdü. Ayın qaranlıq üzünə baxırdı Qeys. Durub qılıncı götürmək, bütöv ayı görmək istəyirdi, amma anası oyaq idi, addım atsa döşəmə qıcırdayardı. Gözünü bərk yumub yuxunun davamını – Qəzzənin qurtuluşunu görmək üçün var gücüylə xəyal qurdu.
Ordulara başçılıq edir, əmrlər verirdi, amma yuxu qədər həqiqi deyildi.
Oyananda səhərə yaxın olanları xatırlamasa da, içindən, – səsini çıxarma, – deyirdi. Diqqətlə evi dinləyirdi. Saniyə əqrəbindən başqa səs eşitmədi. Onu da bir anlıq eşitmişdi. Bəlkə də, saniyə əqrəbi deyil, tavandakı əqrəblərdən biri idi.
Evə hopan səssizlik içinə qorxu salırdı. İçindən, – anam məni atdı. Bir də gəlməyəcək, – deyirdi.
Valideyn otağından gələn cırıltı səsi qorxusunu yox etsə də, yenisi yaratmaqda gecikmədi. Anası şüşələri silirdi, daha vacibi anası ancaq əsəbi olanda şüşə silərdi. Anasına görünmədən – cəzalandırılmadan yox olmaq istədi, amma birinci nəsə yeməli idi. Vaxtı az idi. Əl üzünü yumadı, barmaqlarının ucunda, titrək döşəməni oyatmadan mətbəxə keçdi.
Çay dəmlənməmiş, süd aşı, ya qayğanaq bişirilməmişdi. Soyuducuda tək pendir var idi. Sosiskalar gizli şkafların bilinməz gözlərinə qoyulmuşdu. Yemədiyi yağlı pendir tapmacanın açmasıymış kimi yuyulmuşdu.
Qəzetlə silinən pəncərə şüşəsi cırıldadıqca içindən, – bu evdə mənə yer yoxdu, – deyirdi, – anam məni istəmir. Nənəmə kömək eləyən, yaş cəvizləri yığanda əlinin yaşıllaşmasından xoşu gələn Samiri istəyir.
Gedəcək, bir də gəlməyəcəkdi. Bu dəfə həmişəlik. Niyyəti tam başa düşülsün deyə əvvəlki gedişlərindən fərqləndirdi; əynindəkiləri soyundu. Özünün olmayan heç nəyi yanında aparmaq istəmirdi. Növbə tumana çatanda qərarsız qaldı. Onu da çıxarsa heç yerə gedə bilməzdi. Tumanla da gedə bilməzdi. Qara kolkotkasını buna görə geyindi. Mayka və köynəyi niyyətini çatdırmaq üçün yetərliydi.
Ayaqyalın gedə bilməzdi. Tualet çəkələyini geyindi. Özünə söz verdi, “böyüyüb maaş alanda apardığım hər şeyin pulunu qaytaracam”.
Mərkəz istiqamətində uzanan yolda, tut ağaclarının kölgəsində gizlənərək irəliləyirdi. Arxasında qoyduğu hər kölgə aeroporta yaxınlaşdığını xəbər edirdi. Aeroportdan içəri girsə Bakıya çıxacağını düşünürdü. Orada, hər gələndə ona hədiyyə alan əmisini tapacaq, onunla yaşayacaqdı.
Tut ağaclarının bitdiyi yerə, butka formalı aptekə çatırdı. Aptekdə işləyən qonşuları Səidə xalaya görünməmək üçün başını aşağı saldı. Bir maşın yavaşladı və sürücü gözlərini bərəldib baxdı. Yavaşlamış maşın Qeysi ötüb sürət artıranda Səidə xalanın səsi eşidildi.
– Qeys, hara gedirsən?
Eşitdiyini bildirmədi, Səidə xala təkrar səsləyəndə dedi:
– Bazara gedirəm, ət alacam.
– Bala, paltarların hanı?
– Anam yuyub.
– Elə şey olar? Gəl görüm bura, soyuq olacaq.
Hava istidi, deyə fikirləşib, – Mən soyuğu xoşluyuram, – dedi.
– Qeys, bura gəl!
Qeys getmədi, Səidə ona yaxınlaşdı.
– Yenə evdən qaçmısan, hə?! Yazığın gəlmir anana? Hə?… Gəlmir? Hmm… İndi dümdüz evə qayıdırsan. Gözüm üstündədi, başqa yerə getdiyini görmüyüm!
Darvazanın yanındakı həyət hamamının üstünə dırmaşmışdı. Enli cəviz yarpaqlarının arasında üzü üstə uzanıb evə baxırdı. Evdən qaçalı saatlar olmuşdu. Anası harda olsa onu axtarmağa başlayacaqdı. Anasının hər yeri axtarıb onu tapmayanda ağladığını xəyal etdi. Yaxşı oldu, – deyirdi içindən, – yeməyimi hazırlayardı. Qarnı sancılırdı. Heç vaxt bu qədər ac qalmamışdı. Qardaşının dilini asfaltdan qopan parçayla parçalayanda, anası onu zirzəmidə yarım gün saxlayanda belə. Zirzəmidəki qovurmaları təzə qoyulmuş turşuyla yemişdi. İndi isə… Yayın sonu idi. Həyətdə yetişmiş heç bir meyvə qalmamışdı. Hamısını anasının zoruyla özü yığmışdı. Cəvizləri belə. Yadına düşdü ki, cəvizləri yığanda da anasını əsəbiləşdirmiş, ağacın təpəsindəkilərə dəyməmişdi. Ağacın təpəsinə baxdı. Cəvizlə dolu, ağırlıqdan qırılacaqmış kimi sallanan budağı gördü. Hava anasının görməyəcəyi qədər qaralanda dırmaşmağı qərarlaşdırdı. Ona qədər anasının onu axtarmasını izləyəcək, səsini çıxarmadan ağlamasını dinləyəcəkdi.
Külək yarpaqları yırğalayır, Qeysin yanaqlarına axan göz yaşını qulağına istiqamətləndirirdi. Gecə olsa da, anası hələ də onu axtarmamışdı. Həyətə də çıxmamış, bir dəfə, zəng gələndə salonda görünmüşdü. Qeys saymışdı, on dəfə çalandan sonra anası dəstəyi götürmüşdü. Sonra səssizlik; xışıldayan yarpaqlardan, arabir keçən maşınlardan başqa tam səssizlik.
Başı üstündəki cəvizləri görə bilmirdi, amma bir-birlərinə dəydiklərini hiss edirdi. Yaş qərzəkləri yumşaq olmasa səs də çıxarardılar. Tık-tık-tık, ya da çık-çık-çık… Çık-çık-çık daha qəşəng səslənir, deyə fikirləşdi, sərçə səsinə oxşayır. Kaş bir-birlərinə dəyib yerə düşəydilər. Ağaca dırmaşa bilmərəm. Cəviz ağacı qorxuludu. Yıxılan ölür, ya beli qırılır. Ağır ağacdı cəviz ağacı. İstəsəm dırmaşaram. Ən ucuna özü də. Çıx da, – dedi içindən, – acam axı.
Gözü yaşarır, görünməyən budaqlara baxdıqca qorxuya düşürdü. Ağaca baxmaqdan boynu qurumuşdu. Yan çevrildi, külək üzünə sığal çəkərkən yuxuya getdi.
Oyananda burnu tutulmuşdu. Tükləri biz-biz idi. Əlləriylə tüklərini yatırtmağa, üşüməsini keçirməyə çalışdı. Üşüməsi keçmir, tükləri yatmırdı. Evə get, – deyirdi eşitmək istəmədiyi iç səsi. Səs həm də deyirdi, – Cəviz ağacı ağır ağacdı. Gecələr karbon buraxır. Gecəni cəviz ağacının altında keçirsəm ölərəm.
İç səsini dinləyir, evə getsə, anasına nə deyəcəyini götür-qoy edirdi ki, evin qapısı açıldı. İçəridən çölə birinci sarı, isti işıq, sonra orta boylu, kök bir kişi silueti çıxdı. Atam məni axtarmağa gəlib, – dedi içindən. Kişi əyilib barmağıyla duflisini geyindi. Pilləkənləri aram-aram düşüb döş cibindən çıxardığı siqaretini yandırdı. Yanan siqaret Qeysin içinə üşütmə saldı. Soyuqdan üşümək kimi deyildi, tərlədirdi. Atası üç aya kökələ bilərdi, amma heç vaxt siqaret çəkməzdi. Anası açıq qapını bağladı. Kişinin silueti silindi. Siqaretin közü qaranlıq həyətdə görünən tək şey idi. Qeys bütün bunları gözlərini qıyaraq izləyir, titrəyirdi. Aşağı düşüb kişinin qarşısına dikəlmək istəyərdi, amma utanırdı. Kalkotka geyindiyi üçün deyildi, niyəsini bilmirdi.
Köz yerə düşüb balaca parçalara bölündü, qaranlıq közü söndürdü. Duflinin dabanı daş səkidə tıqqıldayır, səs Qeysə yaxınlaşırdı. Qeysin ürəyi sinəsini yumurqlayırdı. Kişi yaxınlaşdıqca yumruqların sürəti artırdı. Kişi hamamın qapısına çatanda nəfəsini tutdu. Ürəyinin səsinin eşidilməsindən qorxurdu. Kişi içəri girmək üçün tələsmirdi. Nəyisə xışıldatdı, ağzında çeynədi, çox keçmədən yerə tüpürdü; yəqin ki, yetişməmiş smarodinanın dadına baxmışdı. Qeys nəfəsini hələ də saxlayırdı. Nəfəsini saxladıqca ürəyi daha çox döyünürdü. Nəfəs tutmaqla ürək döyüntüsünün azalması arasında əlaqə olmadığını kəşf edəndə ağzını açdı. Möhkəm buraxmaq istəməzdi, amma nəfəsi bir andaca çıxmışdı. İçindəki hər şeyi özüylə apardığını hiss etdi buraxdığı nəfəsin. İçi boşalmış, beyni donmuşdu.
Kişi hamamın işığını vuranda Qeys iki-üç addım qədər süründü, atasının o gələnə qədər bağlamasını tapşırdığı deşikdən içəri baxdı. Kişi üzünü yuyur, yuduqca hönkürtüylə ağlayırdı. Başını qaldırıb aynaya baxanda Qeys birinci kişinin qanlı gözlərini, sonra burnunu, ağzını, çənəsini gördü. Kişinin əmisi olduğunu qavraya bilmirdi. Qavrayanda səs dedi, – atam gələ bilməyib, amma əmimi göndərib. Əmim də mən yatanda axtarıb məni. Tapmayıb deyə ağlayır. Anam da evdə ağlayır indi. Evə gedə bilərəm. Onsuz evə getməyə məcburam. Cəviz ağacı ağır ağacdı, gecələr karbon buraxır.
Əmisi şalvarını aşağı endirməmiş gözünü deşikdən çəkdi.
Anası salonda, ya mətbəxdə deyildi. Onun otağında, yəqin ki, yastığını qucaqlayıb ağlayırdı. Barmaq ucunda mətbəxə keçdi, üzləşməyə tələsmirdi. Qaz sobasının üstündəki qazan toyuq budu ilə dolu idi. Toyuqları qaba qoyanda anası gəldi. Qeys donub qaldı; anası gözü yaşlı deyildi, qəzəblə baxırdı.
– Neynəmək istiyirdin sən? De görüm mənə? O hamamın üstündə mısıb neyniyirdin?!
– Bilmirəm, ana.
– De görüm!
– Vurma, ana.
– Niyə danışmırsan? Öldürmək istiyirsən sən məni? İstiyirsən infarkt olum əsəbdən?
– Olma, nolar.
– Niyə susursan. Danış! Danış!
Silkələnmə bitib anası gedəndə toyuq budundan bir diş götürdü.
Anası mətbəx qapısına qədər gəlib Qeysin səhər çıxardığı paltarları tulladı və geri qayıtdı. Maykanı və köynəyi geyinəndə əmisi salona girdi. Qeysi görüb yanına gəldi, qucaqladı.
– Qorxma, atan da gələcək. Yaxşı?
– Yaxşı. Hədiyyə almısan mənə?
Cavab gəlmədi. Toyuğun budundan bir diş götürdü.
Üç bud yemişdi, Dördüncü əlindəydi. Əmisi eynəyinin altından baş barmaqlarıyla burnunu ovurdu .
– Hədiyyə alammadım sənə. Nənənin ölümü qəfil oldu. Tələsik gəldim.
Əmisi daha nələrsə deyirdi, amma o eşitmirdi. Nənəsi ölmüşdü və necə davranacağını bilmirdi.
Toyuğu əlindən buraxdı, əli toyuğu tutduğu formada havada asılı qaldı. Əmisi xəbəri olmadığını bildi, gözü yaşardı.
Toyuğu əlimdən salmaq yaxşı hərəkətiydi, – dedi içindən. – Əmisini qucaqlayıb ağlayırdı.
Öz yatağıyla birləşdirilən qardaşının yatağında əmisi yatmışdı. Qeys anasının yanında, atasının yerində uzanmışdı. Başqa yerdə yata bilmirdi. Çalışma otağına getsə, işığı vursa, jurnalları oxuyar, sıxılanda filmlərə baxa bilərdi, amma tərpənə bilmirdi. Anasının dediklərini, ardınca əmisiylə söhbəti yada saldı. Anası danış, demişdi. Əmisi sualını cavabsız qoymuşdu.
Səsimi itirmişəm, fikirləşdi, danışıram, amma səsim çıxmır. Səssiz adamam mən, – dedi içindən, – heç kim mən dediyimi eşitməyəcək. Bir mən eşidəcəm öz səsimi. Öz səsim necə çıxır görəsən?
Səs səs… Səs səs… Yadıma düşmür səsim. Amma mənim də səsim olmalıdı. Danışanda mən olduğum bilinsin gərək. Mən belə bilmirəmsə səsimi, başqaları necə biləcək məni? Səsim itib. Özüm də itəcəm. Hamama da çıxmıyacam, gedəcəm. Axtarmırlar, axtarmasınlar.
Yuxusunda Səlahəddin Eyyubiyə qarşı əsgərlərini ruhlandırırdı, amma iç səsiylə deyil, həqiqətən danışırdı. Əsgərlərin onun danışığına qulaq asmalarından, hər cümləsinin axırında urra, deyə qışqırmalarından bildi ki, yuxu görür.
Atası saçlarını tumarlayıb oyadanda hələ də çıxışına davam edirdi.