Sim-sim.az tanınmış şair, tərcüməçi Nicat Məmmədovun mənsur şeirlərini təqdim edir.
STAN BRAKHAGE ÇƏKDİYİ FİLMƏ BAXIR
İdi. Heç nə qədər. Və yüz mümkündür. Uzunluq təvazökardır, parçalanmışdır. Gül səhifəni mənalandırıb. Maraqlıdır: muzeylər içində dərd-sər, skamyada bir-birilərinə toxunan bədənlər. Yazı geri unudulub. Yaradılışın arxeoloqlarında həm təsadüfün ideyası, həm də təsadüfi ideya var. Gül əleyhinə fani yarıqaranlıq tədricən oyulur. Fikrin şaqqıltısı eşidildi. Şəkildə qocanın həcmli monoloqu. Digərinin reallığı klassikanın uydurmalarına və güllələnməyə dözər. Axşam Əbədi Kimsə yarımboş oğlanlar kimi qırışıq yöndəmsizliyinə küləyi təslim etdi. Ziyarət, pəncərə, şaquli okean. Mənzərələr toqquşur, lakin məkan ağır deyil. Ayaqüstü sətirlər məcazlaşır sərt sıçrayışla. Səhər zibilliyə tullanıb. Dil yuxularının növbəti seriyası. Dustağın pusqudakı gözü canlanır, cismi fikirli-fikirli itaətkarlıqla dolanır. Şüurun maqması qiymətsizdir. Fəqət Kimsə bizi yol ayrıcına itələyir. Qədim brikoler Lotreamon batıq günəşlə kəsişir sallaqxanalarda, biz isə bu əsnada saysız-hesabsız isimləri palçıqlı şəhərin uçmuş divarlarına yazırıq və dəlinin öskürəyini həvəskar avanqard adlandırırıq. Axı Kimsə onun ağzına sığışır. Fəlsəfi kuklalarınızı oyadın, Şərq ifadə və imlalar vətəni kimi qalmasın. Qoca daxilindəki leksikonu qurdalayır. Yuvadakı rejissor züm-zümə edir aşıqliyin dadını. Anilyin işıq həqiqəti. Dəfn, yol, rəngli qoxu, aktyor nitqinin mırıltısı. Manifestimizin aydınlığını bəyan edən mifopoetik carçıların ağzından heçliyin səpintisi. İstəyirsiz ruhumuzu qurşağacan yararaq Spinozanı dərk edək? Müqəddəsdir əskik dostum. Rənglər isbat olunub. Sözlərdə dövran edən müjdə xəbərlərə çevrilir. Susursan? Profilindən artıqsan? Ki, olur. Xaos – gözəl atamız. Hər səhər yumurtayla ötürürük onu içəri. Boşboğazlıq. Qaranlıqda maska tərk edir qarabuğdayı sifəti və varlığın məktubları budaqların yellənən kölgəsini hifz edən bəbəklər üzərindən oxunur. Nədən saniyəvi yox, səliqəli çəkməliyəm? Ürək – sürüşkən üfunətli təşbeh. Quş mənaları yığardım xaçpərəst ağaclardan və sonsuzluqdan sərhəddi çıxdaş edən məxməri üfüqü böyütməzdim, şişirtməzdim. Ritm, qıvraq siluet, başqa dəqiqələr. Lapdan nəsnə səndən sızıb dostlarına doldu, parladı. Həyatınız barədə: soyadınızı lövbər kimi atın. Əks təsirə baxmadan diskursumla zəhərlən. Ölüləri necə və nəylə duyuruq? Göyərçinlər quruldayırsa bu barədə bilirmi? Beləcə ürpəşir uzun-uzadı etimologiyalardan dodaqların kənarı. Fikrim nitqimdən, gözüm fikrimdən böyükdür, genişdir. Kameranı götürüb veyillənirəm dimdik-dimdiyə və bir kadr aşkarladıqda hörümçək toruna əl atıram. Gerçək tanışlıq pul istəmir axı. Qadını arxadan sevib “mənimsən” deyə əsnəyir güclü kişi və onun dolanbac lüğəti damağa dirənir. Narahat müəllifin qarğa diskursu, rezin cümlələr. Kimsə olmalıyam və paslanmış güzgü otaqların boşluğunu mənimsəyəntək sənin yuxularını qorumalıyam. Damarlar musiqi ilə dolu. Qeyri-ixtiyari şiə şüurunla dolaşırsan kimsəsiz zamanlarda. Təəccüb? Qətiyyən yox. Və yenə yox. Yad sözlərlə ikiyə – damğalanır dodaqlar.
GİZLİ SİMMETRİYA
Ölülər xoşbəxtdir. Bizimlə vidalaşmaları – yalnız tətildir. Gülərüz şəkillər valideynlərindən qopub səs-küylü hərəkətə fikir vermədən baxışlarını uzağa zilləyir. Gecə beynin bir küncündə divar tikir. Səsində xırıltılı ulduzlar gizlənib. Həqiqəti gözlədikcə, irəlidə başqa izah verənlərin ağlından keçirsən. Vərdişlər yolu səhraya çevirir, ləpirləri geri qaytarır. Bəli, rəqiblər çevik təsəlli qədər əhəmiyyətli. Sentyabr qabağa qaçır, sərhəddən çıxır. Günəş həmişə ortada, uzaqları toplayır içinə. Bir düşünülmüşdü. İki mümkündür. Nöqtənin mahiyyətinə varmaq vacib. Dərinliklərə qaçılmaz baxmayın, çünki mərtəbələr mərkəzə aparır. Varlığın “amma”sı oxumaq üçün ekizləşir, göz bəbəklərinə qədər yaxınlaşır hərflər. Zərrəni sonunadək aç və mücərrəd səthi laqeyd-laqeyd bəslə. İfadələr məhv olur. Dilin qıtlığı nəyi axtarır? Tarixin söylədiklərini eşitmək üçün sükuta sığınır zaman. Çarpazlanmış qaranlıq düşüncə nüsxələrini muzey eksponatları kimi qoruyur. Uşaqlıq rəqs edən şəkilləri tutub qarşısında. Təxminən aydındır: kimsə harasa gedir. Lakin imza doğrudur. Dindarlar səliqəli barmaqlarını daşlara təslim edib qeyri-sabit məsihin zədələnmiş keçmişini incələyir. Şeirin məsaməli təbiəti qavrayış lövhəsində pozğun sözlərlə əks olunur. Allahın ziddiyyətləri camaat tərəfindən anlaşılmır, halbuki hər qurtum suda mütəmadi sevgi var. Həndəsə ilə yaralanmış məkan, budaqlarla ləkələnmiş mənzərə, şahmat fiqurlarının xəyalları. Diktatorlar nədən romantik? Hansı toxumu səpəcəyik? Nəcib qocanın içərisi hamar! O əvvəlcədən bütün boyalara səslənir ki, mükəmməl küçələrdə ruhun qəlibini bəzəsin. Qızlar istisna, yəni dizləri möhtəşəm. Dərinin qatına varır sənətkar. Xülasə çoxdan bəstələmişəm çətir qanadları, bütövləşdirirəm ağızla qələmi.
İKİLƏMƏ
Əşyalar məmnuniyyətlə ölür. Beynimizdə hətta? Qaranlıqdan izah göndərilir. Bildiklərimin hamısını yazmışam. İşığa bir damla belə qaşqabaq etməmişəm. İndi bilmədiklərimi yazıram: təsadüfün qığılcımları ilə. Unutqanlıq xiyabanında özünü yumub, özgəni açmış birisi hər məqamda sərbəstdir. Naməlum ərazilərdə gözəgörünməz qələm seyr edir atəşi. Yozulmuş dil zərrələri toplayıb söylədi: “heç hara baxmadan”. Parıldayır quş təsvirdə, içindəki sıçrayışı nəhəng havaya ətraflandıraraq. Damarlar, əllərin boşluğu, ehtimal nöqtələri. Saniyələr necə də soyuq! Əql dövran edərək aləmlər yaradır və həmən əsnada qulaqlar düşüşün dərinliyini ölçür. Müşahidələnmiş insanlar heykələ çevrilir. Qız – səssiz-səmirsiz obraz, bir topa gözəllik. Çılpaq cismin hönkürtüsü korlayır gözləri. Əlavə hisslər ağ lövhəyə yazılıb. Sinədəftər qapılar küləklə ruhlanıb, çünki axşamlar üçölçülü küyə uyğun olaraq kəsişir bir-biri ilə səthlər və məkanlar. İstiqamət – əyrilik. Mələklər ət yeyən insanlardan iyrənir. Və iş mənaya çatanda müqayisə köməyə gəlir. Tutqun şəhərin daxilindəki yağış zəka vərdişlərini gülünc hala salır. Onlar nə rəngdə? Bu, təşbeh deyil. Sadəcə dairələr olmaq və bir-birimizin içinə yaşamaq. Gəzəyən fikirlər, sürüşkən hisslər, bir sürü bədən. Düstur gecə kimi şərti və əhatəli. “Mən”im izdiham kimi. Minilliklərin mətni – susuzlamış aynalar, dilləri monoton və buzlu. Xatırlayıram gələcəyi, orada məktublar yandırılır konvertlərə baxmadan. İndi təxəyyülə bel bağlamadan bütün diqqətinizi saxta bağlayıcılarda toparlayın. Əbədiliyin pəncərəsindən biz hamımız əcnəbi. Bu dəfə hər şey fərqli. Konseptdəki bütün təsvirlərə rəğmən yavaş-yavaş birləşərək divarları dəlirik dəli baxışlarla. Siqaret yanında vaxt lazım, ortasında ağzın istəyi. Həyat barədə düşüncələr ölüm hesabına gəlir. Rəqəmlər günahsız. Yaxud əksinə. Amma kitabın quruluşu ümidsizliyə sürükləyir. Ətrafını gözləyənlə sanki bir növ oynar sözlər. Vurulmaq – əks-sədalı cinayət. Məhkumdur bu yeknəsəqlik kağız üzərində.
Ruscadan tərcümə – müəllif