Poeziya etikadır, estetikanın doğuluşudur, ruhu azadlığına çatdırmaqdır. Ona yeni rəng qatmaq, təbiətini dəyişdirmək, içindəki azadlığı inqilabi prosesə çevirmək poetik düşüncəni köhnəlikdən xilas edib müasirliyə çatdırmaq üçün ən əlverişli üsuldur. Bədii əsərin yaradılması prosesində poetik lövhələrin birbaşa yaradılması, yəni improvizasiya etməsi müəllifin şifahi nitqi təmtəraqsız şəkildə şeirə çevirməsi hadisəsidir. Bu həm də bir növ müəllif eridusiyasıdır, sənətə, sözə böyük manera çərçivəsindən baxmaqdır.
Buna bədii mətnin təhlilində intellektuallıq deyirlər.
Poeziyanı başqa elmlərlə birləşdirib ümumiləşdirmək yenilikçiliyin meyarı olmaqla yanaşı, əkiz ruh prinsipini iddialaşdırmaq məsələsidir. Eynən bu misralar kimi:
Dünən elə bir kardioloq da bu haqda danışırdı,
dünyanın ən yaxşı ölümü imiş yatıb durmamaq.
Kənardan hamımıza sıradan misralar kimi görünən bu boyda nəhənglik. Bəli, məhz nəhənglik. Əvvəlcə özümüzə sual verək, niyə müəllif kardioloqun dünənki tarixdə danışmasını vurğulayır. Niyə kardioloqun dilindən dünyanın ən yaxşı ölümünü yatıb durmamaq adlandırır? Yəqin ki, çox adamın xəbəri var, xəbəri olmayanlar üçün qeyd edim ki, kardioloq ürək həkimidir. Ölüm də birbaşa olaraq ürəyin dayanması ilə bağlı bir hadisədir. Ürək həkiminin yuxu zamanı ürəyinin dayanması olduqca qorxunc və dəhşətli mənzərədir. Əlac edənin əlacsız vəziyyətdə qalması. Müəllif də ona görə dünəni xatırladır ki, sabah həmin kardioloq da olmaya bilər. Yəni “dünən” sözünün bu misrada ən azı bir günlük əhəmiyyəti var. Məqalələrin hansındasa qeyd etmişdim ki, söz şeirin tale məsələsidir. Bir neçə sözlə şeirin taleyini həll eləmək olar. Ona görə də yaxşı mətn ortaya qoymaq üçün sözə libas gözü ilə baxmaq lazımdır.
Mətləbdən çox uzaqlaşmamaq üçün bir nüansı nəzərə çatdırmalıyıq ki, Rəşad Nağı Mustafanın şeirlərinin əksəriyyətində tibbi terminlərdən istifadə olunma və tibblə əlaqələndirilmə var. “Xəstəxana dəhlizi” şeirindəki “fonendoskop” ifadəsi aydın şəkildə gənc şairdən daha böyük gözləntilərin aşılanacağını ifadə edir.
Unuda bilmək üçün,
bütün ağrıkəsici dərmanlardan atmışam.
Götür fonendoskopu,
qoy ürəyimin üstünə.
Nəfəs alım, saxlayım,
yoxla gör, unutmuşam?
Yuxarıdakı misralarda ən çox diqqəti çəkən “fonendoskop” sözünün şeirdə işlənməsidir. Bu artıq sırf istedada söykənən məsələdir. “Filan sözlər şeir sözü deyil” iddiasının aradan götürülməsidir. Müəllif eyni zamanda nəzərə çatdırmaq istəyir ki, istənilən sözü şeirdə işlətmək olar. Amma yerində, misraları rəndələməklə. Neologizmlərin poetik rəqsi. Bir növ də paralellik yaratmaq. Müəllif həm də sözdən yaxşı fiqur düzəltmək bacarığına malikdir. O, sözlə rəftarı gözəl bacarır, çalışır ki, elədiyi hər şey şeirin xeyirinə işləsin. Baxmayaraq ki, misralardakı sentimentallıq daha çox büruzə verir, amma tapıntı məsələsinə görə sentimentallığın aşırı dərəcədə olması bağışlanan haldır.
Yenidən xatırlatma
Bizim poeziyamızın müəlliflərinin demək olar ki, yetmiş faizi söz oyunu yaratmağa meyillidir. Hansısa fikrə şirinlik qatmaq xislətimizdən doğan bir anlayışdır. Bunu da aradan götürmək, deyərdim ki, mümkünsüzdür. Amma götürmək üçün cəhd etmək də vacib olmadığı qədər mənasızdır. Birdəfəlik bunu anlamaq lazımdır ki, poeziya tək poetikadan ibarət olmalı deyil. Onda gərək bütövlükdə poetik nəsrə də poeziya damğası vurmalıyıq. Şeirin musiqisi, söz oyunu, poetikası, bədii təsvir vasitələri və digər lazımlı materialları olmasa, o zaman onun nəsrlə heç bir fərqi də olmaz. Sərbəst şeirlərdə ən çox qarşılanan haldır, müəllif tək poetikadan ibarət mətnləri iddialı şəkildə şeir adlandırır.
Əgər müəllif söz oyunundan məharətlə istifadə etməyi bacarırsa və onun arxasında dayanan faktor tapıntıdırsa, mətndəki süjetin pozulmamasına xidmət edirsə, bu halda ifadə məqbul sayılır. Çünki istedad özü buna şərait yaradır. Eynən müəllifin müharibə mövzunda yazdığı şeirin misraları kimi:
Mən səni gözləyirəm….
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
İki hadisənin eyni anda baş verməsi və adam adı ilə ağac adının sintezləşməsi. Nəticədə yeniliklə bitən effektli söz oyununun yaranması.
Bir də çarəsizliyin ifadə tərzi. Çarəsizliyin ən yaxşı ifadəsi, deyərdim ki, budur. İtirdiyini səhifə-səhifə axtarmaq. Məsələn, bu misralarda kitabı sona çatdırmaq onun sonuncu səhifəsindən asılı deyil. Məktubun tapılması kifayət edir ki, kitabın sonuncu səhifəsini təyin etsin:
Nə qədər ki, sağdı sevdiyin adam,
sənə yazdığı şeirləri
səadətlə bu dünyasını dəyişənə qədər oxu.
Əgər səndən tez ölsə,
get evindəki bütün kitabları,
arasından məktub düşənə qədər oxu…