İtaliyanın “Agenzia Nova”, “Giornale Diplomatico”, “Politicamente Corretto” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi barədə informasiyalar yayıblar.
AZƏRTAC xəbər verir ki, yazılarda dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin Azərbaycan-İtaliya dostluğunun rəmzi olaraq 2012-ci ildə Romanın “Villa Borgese” parkında ucaldıldığı qeyd edilib.
Bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Habelə vurğulanır ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Azərbaycanda Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Bundan əlavə, diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin yubileyləri Azərbaycanda hər zaman təntənə ilə keçirilib. Məlumatlarda dahi şairin 800 illik yubileyinin onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratdığı deyilir. Eyni zamanda, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə də xüsusi diqqət yetirdiyi, dahi öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığı qeyd edilib.