Kəmalə Həsənova
Azərbaycan Dillər Universiteti, Magistratura şöbəsi, M20-102
e-mail:[email protected]
Açar sözlər: mifik düşüncə, təbiət və insan ayrılmazlığı, Xızır mifi, antoqonist mifoloji obrazlar,mücərrəd anlayışların obrazlaşdırılması, “Leyli və Məcnun” poeması
Key words: mythical thinking, inseparability of nature and man, the myth of Khidr, antagonistic mythology images, description of abstract concepts, poem “Leyli and Majnun”
Ключевые слова: мифическое мышление, неразделимость природы и человека, хидрский миф, антагонистические мифологические образы, изображение абстрактных понятий, стихотворение “Лейли и Меджнун”
“Mif” yunan sözü olub, hərfən “rəvayət, söyləmə” mənasını verib həm tanrılar və qəhrəmanlar haqqında əhvalatların məcmusunu, həm də dünya haqqında fantastik təsəvvürləri əhatə edir. K.Levi-Strosun “mif nə qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır” fikrindən də aydın olduğu kimi mif inamla bağlıdır. Çünki biz mifləri fantastik və uydurma olduğunu düşünsək də, hər bir mif öz dövrünün həqiqətləri hesab olunur.
F.Bayat “mif” anlayışını dəyərlər və məna paradiqmasında götürmüş və birinci paradiqmaya görə, həyatın və hadisələrin ümumiləşdirilmə modeli, ikinci paradiqmaya görə isə şüur növü olduğunu qeyd etmişdir. A.K.Bayburin tərəfindən isə “mif” anlayışını iki əsas mənası olan termin kimi – 1) sözlü təhkiyə mətni kimi; 2) dünya haqqında təsəvvürlər sistemi (dünya modeli) kimi ümumiləşdirilmişdir.
Mifologiyasız hər hansı bir mədəniyyətin mövcud olmadığını düşünən türk alimi Öcal Oğuz bu elmin mahiyyətini izah edərkən onu insan oğlunun öyrənmək ehtiyacının başlanğıc nöqtəsi olduğunu qeyd etmişdir. Mifik düşüncə insanın yaddaş arxetipində yer aldığından qədim dövrdən bu günümüzə qədər bir çox bədii əsərlərdə təbiətə tapınma (totemçilik), təbiətlə ünsiyyətə girmə (şamançılıq), varlıqların bir-biri ilə əbədi mübarizə aparmasına inam, mücərrəd anlayışların canlı varlıq kimi obrazlaşdırılmasını müşahidə edirik.
XII əsrin dahi söz sənətkarı Nizami Gəncəvinin ərəb əfsanəsi əsasında qələmə aldığı “Leyli və Məcnun” poemasında bir sıra mifik düşüncə eleməntlərinə rast gəlirik. Bunlardan birincisi, təbiət və insan ayrılmazlığının mifoloji elementidir. Əsərdə torpaq, günəş, külək və bitkilər canlı varlıq kimi obrazlaşdırılmışdır.
Küsufun gözündən günəş qorxaraq [ 3,səh:72]
***
Qaranlıq gecədən ağ səhər doğar [ 3,səh:90]
***
Sabah günəş doğub şölə salanda [ 3,səh:138]
***
Günəş səhər-səhər yuxudan durdu,
Çadrını göy rəngli gülşəndə qurdu. [ 3,səh:139]
***
Üzünü göstərdi ağ səhər yenə [3,səh:167]
Dahi şairin “Leyli və Məcnun” poemasından götürdüyümüz bu nümunələrdə günəşin insan kimi obrazlaşdırılması mifik düşüncədən irəli gələn ifadə tərzidir. Günəş və ayın doğması ilə bağlı astek mifinə görə, günəş və ay Teotihuacan iclasında dünyanı işıqlandırmağı təklif edən təkəbbürlü Tecuciztécatl və təvazökar Nanahuatzin tanrılarının adı ilə bağlıdır. Bir gün Nanahuatzin qorxmadan özünü atəşə atmış və qurbanından günəş doğulmuşdur. Bundan sonra Tecuciztécatl isə onu izləyərək aya çevrilmişdir.[5] Həm də dünya xalqlarının mifologiyasında günəşlə bağlı təsəvvürlərdə günəş ata, duman, bulud onun oğlanları, od-alov, şüa isə qızlarıdır. İnanca görə, Günəş ata uzaq səfərə çıxan kimi torpağın ixtiyarını qəddar köməkçiləri olan şaxtaya, qara verir ki, bu zaman insanlar onların əməllərindən təngə gəlib Ulu Günəşi çağırırlar. Herodot Qafqazda yaşayan prototürk tayfalarının Günəş Ataya tapındığını əsərlərində göstərmişdir.
Alır sorağını səba yelindən [3, s. 71]
***
Nə aparmışdısa, qaytardı külək [3, s. 110]
***
O müqəddəs qəbri öpərdi yellər [3, s. 251]
Əsərdə obrazlaşdırılmış külək mifik düşüncədə Yel baba adı ilə inanc tapmışdır. Bu mifik obraz qədimdə əkinçilərə taxıl sünbüldən çıxandan sonra onu sovurub buğdanı samandan təmizləməyə kömək edir, buna görə də, külək olmayanda əkinçilər “Yel baba” bayatısını oxuyur, hətta Yel babaya qurban da kəsirmişlər. Həm də külək mifik düşüncədə Allahın qəzəbini və xəbərdarlığını da bildirir. İnsanlar şiddətli külək əsəndə etdiyi hərəkətlərə görə tanrıların onlara qəzəbləndiyini düşünərək qurbanlar deyirlər. Yunan mifologiyasında isə titan Astreya ilə Eosun üç övladı Zefir (yeri qərb tərəfdən sovuran), Borey (şimaldan), Not (cənubdan) külək tanrıları hesab olunurdu. Başqa bir yunan mifində isə qorxunc məxluqlar olan Hey və Tartarın övladı küləyi atası qaranlıq diyara atır və orada çoxlu əzab-əziyyət çəkdiyindən əlinə imkan düşən kimi bütün canlılara pisliklər edir, yırtıcı heyvan cildinə girərək havada quşları udur, aşağı enəndə isə torpaqda əkilmiş məhsulları məhv edir, insanların azuqəsini əlindən aldığına inanılmışdır.
İpək paltarını geydi asiman,
Göy öz sırğasını taxdığı zaman [3, s. 72]
***
Ağacda qönçələr baxdı göz-gözə [3, s. 99]
***
Göylərin qulağı kar oldu bilsən [3, s. 113]
***
Nərədən torpağın bağrı söküldü [3, s. 117]
***
Dünyanın ağzı bir xurmaya oxşar
Əfsus öpüşündə acı tikan var. [3, s. 157]
***
Kim dağa sirrini söyləsə əgər,
Dağ eşitdiyini geriyə verər. [3, s. 158]
***
Havanın beynində toz donar, inan [3, s. 186]
Miflərdə gerçəklik canlandırılmış (ən adi əşyalar, cisimlər belə) və şəxsləndirilmiş obrazlar şəklində əks olunur. Beləliklə, insan ağlına gələn nə varsa, hamısı həssaslıqla ümumiləşdirilərək adi halından çıxarılır, fövqəltəbii məxluqlara, varlıqlara çevrilir. Bu cür mifik düşüncə tərzini yuxarıda poemadan gətirdiyimiz nümunələrdə aydın müşahidə edə bilirik. Gönçələrin göz-gözə baxması, dağın eşitdiklərini dilə gətirməsi, havanın beynində toz donması, dünyanın ağzı olması kimi fikirlər mifik düşüncə tərzindən gələn yanaşmalardır.
Poemada insan və təbiət ayrılmazlığın mifoloji elementilə yanaşı fələk, zaman, tale kimi mücərrəd anlayışların canlı varlıq kimi yanaşılıb obrazlaşdırmasını da müşahidə edirik.
Bədbəxt yaratmışdır insanı fələk [3, s. 63]
***
Bunu da çox gördü onlara zaman [3, s. 73]
***
Bəd övlad yaratdı məni zamanə [3, s. 79]
***
Talein ürəyi yanmırdı ona [3, s. 82]
***
Bir də gülməyəcək bəxtimin üzü [3, s. 157]
***
Çəkdiyi nərədən titrədi fələk [3, s. 231]
***
Vaxtın buxaxından, qulaqlarından [3, s. 232]
***
Bu gecə fələyin alnında dağdır [3, s. 233]
***
Fələk bu nalədən naləyə gəldi [3, s. 249]
***
Qəmindən fələyin üzü qaraldı [3, s. 252]
Dahi söz sənətkarı N.Gəncəvi əsərində obrazlarının yaşadıqları faciəvi həyatı qələmə aldığı zaman “tale”, “fələk”, “vaxt” kimi mücərrəd anlayışları mifik düşüncə ilə yanaşıb obrazlaşdırmışdır. Əsərdə Məcnunun naləsindən fələyin də nalə çəkdiyini, nərəsindən qorxub titrədiyini, qəmindən üzü qaraldığını müşahidə edirik. Həm də biz poemada Məcnun və Leylinin yaşadığı həyatın ən böyük günahkarını “tale”, “fələk” və “zaman” olduğunu görürük. Müəllifin bu cür yanaşması insan arxaik düşüncəsində yer alan mifik düşüncə ilə bağlıdır. Həm türk mifologiyasında, həm də yunan miflərində insanın öz talelərini dəyişdirməkdə heç bir azad iradəyə sahib olmaması, yəni başlarına gələn hər bir pis və yaxşı hadisənin Allahların istəklərindən asılı olması düşüncəsi “tale”, “fələk” və “zaman” mifik obrazların yaranmasına gətirib çıxarmışdır. İnsanların düşüncələrində bu obrazlar hər şeyin yaradacı olan Yaradanla eyniləşdirilmişdir.
Biz əsərdə “fələk”, “zaman” və “tale” kimi anlayışlarla yanaşı “eşq” mücərrəd məfhumunda obrazlaşdırılmış təsvirinə rast gəlirik:
Suvardı körpəni eşqin əlləri [3, s. 64]
***
Eşqə məhrəm olan rüzgar qəflətən
Götürdü pərdəni eşqin üzündən [3, s. 67]
***
Eşqin kəməndinə keçdi boğazı [3, s. 68]
***
Eşqin şilləsini dadmışdı, o da [3, s. 210]
Söz ustadının əfsanə əsasında qələmə aldığı poemada təbiət və insan ayrılmazlığı və mücərrəd anlayışların obrazlaşdırılmasıla yanaşı mifik düşüncədə geniş yer alan Xızır mifindən də istifadə etdiyini görürük.
Həyat bulağıyla Xızır yaşadı [3, s. 47]
***
Nizami, bu yolda Xızır kimi dur! [3, s. 62]
***
Ey zülmətdə qalan Xızır suyu, sən
İlk səhər şəminin pərvanəsisən. [3, s. 180]
***
Xızır ətəyidir qaldığın məskən,
Xızır suyu kimi dərmanım ol sən. [3, s. 181]
***
Qoca Xızır kimi iti gedərdi, [3, s. 200]
***
Günəş çeşməsindən Xızır kimi iç, [3, s. 202]
***
Xızırın çeşməsi səndədir, dilbər, [3, s. 209]
Azərbaycan ritual-mifoloji sisteminin aparıcı obrazlarından biri olan Xızır mifoloji obrazı yazın gəlməsi mərasimi ilə bağlı olub istilərin düşməsi, təbiətin oyanması ilə əlaqələnərək dirilik, oyanma, bolluq, bərəkət, səadət, xoşbəxtlik gətirən ilahi varlıq statusunu almışdır. Ümumşərq düşüncəsinin məhsulu kimi tanınan Xızır obrazı fərqli nişanələrilə diqqət çəkir: 1) Bir inanca görə, Xızır taleyi müəyyənləşdirən tanrı elçisidir. Buna görə də, insanlar yumurtanı arx qırağında, keçidlərdə, darvaza ağzında, eyvanın altında qara və qırmızı qələmlə birlikdə basdırıb Xızırın yazdığı tale yazısını görməyə çalışırlar; 2) “Dirsə xan oğlu Buğac xan boyu”nda da gördüyümüz kimi Xızır insanı yenidən həyata qaytaran, bəlalardan qurtaran ruhdur; 3) “Şəms və Qəmər” nağılında isə müşahidə etdiyimiz kimi Xızır möcüzəli doğuşa səbəb olan dərvişdir; 4) Gənc qız və oğlana bir-birilərini tanımadıqları və biri digərindən çox uzaqda yaşadığı halda, onlara yuxuda buta verərək iki qəlbi eşq atəşinə qərq edib həqiqi aşiqlərə çevirən, həm də sevən insana birdən-birə qeyri-adi istedad verən məhəbbət və sənət hamisidir; 5) Bir illik yolu bir göz qırpımında qətt edən, dara düşmüş qəriblərə əl tutan peyğəmbərdir. Yuxarıda poemadan gətirdiyimiz nümunələrdə “Xızır kimi iti get”, “Xızır çeşməsi”, “Xızır suyu” ifadələrində Xızırla bağlı mifoloji düşüncədə yer alan nişanələr əks olunmuşdur.
Qorxmuram divlərin böyüklüyündən. [3, s. 17]
***
Dolaşdı div kimi mağaralarda [3, s. 88]
***
Ayı əjdəhanın ağzına verdi. [3, s. 138]
***
Divlər yatağına gəl olma məhrəm, [3, s. 151]
***
Bir div olsan belə, anla ki, hər dev
Bir insan şəklində görünmək istər, [3, s. 152]
***
Bu divlər yatağı yer deyil, inan, [3, s. 157]
Azərbaycan foklorunun epik ənənəsində işlənən ən aparıcı antoqonist mifoloji obrazlardan olan “div” və “əjdaha” mifik obrazları nəhəng, qüvvətli, eybəcər və insanabənzər məxluqlar olub yeraltı aləmin sakinləri kimi göstərilir. Div obrazına “Məlikməmməd” xalq nağılının təsvirində geniş yer verilmişdir. Həm də əjdaha obrazı həmişə yaşayış məntəqələrinə gələn şirin suların mənbəyində duran, insanların nə göydən, nə də yerdən su əldə etmələrinə imkan verməyən obraz kimi təsvir olunması ilə birmənalı şəkildə bəlaların, quraqlığın, aclığın, xəstəliklərin səbəbkarı kimi mifik düşüncədə yer almışdır.
Son olaraq qeyd edə bilərik ki, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndisi olan Nizami Gəncəvinin ərəb əfsanəsi əsasında qələmə aldığı “Leyli və Məcnun” poemasında iki gəncin məhəbbətinin təsvirində mifik düşüncədən irəli gələn – təbiət və insan ayrılmazlığının mifik təsviri, Xızır mifi, antoqonist mifoloji obrazlar və mücərrəd anlayışların obrazlaşdırılması elementlərlə geniş şəkildə təsvir olmuşdur.
Xülasə
XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi ərəb əfsanəsi əsasında qələmə aldığı “Leyli və Məcnun” poemasının təsvirində mifik düşüncə elementlərindən geniş şəkildə istifadə etmişdir. Əsərdə təbiət və insan ayrılmazlığı, mücərrəd anlayışların obrazlaşdırılması kimi mifik düşüncə elementlərilə yanaşı şərq mifoloji düşüncənin məhsulu olan Xızır mifik obrazından və div və əjdaha kimi antoqonist mifoloji obrazlardan da istifə edilmişdir. Müəllif əsərdə obrazlarının yaşadığı fəlakətlərin günahını “fələk”, “tale” və “zaman” kimi mifik obrazlarla bağlamışdır.
Summary
Nizami Ganjavi, a prominent representative of 12th century Azerbaijani literature, made extensive use of mythical elements of thought in his description of the poem “Leyli and Majnun” based on an Arabic legend. In addition to mythical elements of thought, such as the inseparability of nature and human, the depiction of abstract concepts, the work also uses the mythical image of Khidr, a product of Eastern mythological thought, and antagonistic mythological images such as giants and dragons. In the work, the author connects the guilt of the disasters experienced by his characters with mythical images such as “destiny”, “fate” and “time”.
Резюме
Низами Гянджеви, видный представитель азербайджанской литературы XII века, широко использовал мифологические элементы мысли в описании поэмы “Лейли и Меджнун”, основанной на арабской легенде. Помимо мифических элементов мысли, таких как неразделимость природы и человека, изображение абстрактных понятий, в произведении также используется мифический образ Хидра, продукт восточной мифологической мысли, и антагонистические мифологические образы, такие как гиганты и драконы. В своем произведении автор связывает вину бедствий, пережитых его персонажами, с такими мифическими образами, как “судьба” и “время”.
Ədəbiyyat:
- Elçin Qaliboğlu (İmaməliyev). Yaradılış mifləri və Azərbaycan əfsanələri. Bakı: “Elm və təhsil”, 2020, 180 s.
- Qafarlı Ramazan. Mifologiya. 6 cilddə. II cild. Ritualmifoloji dünya modeli. Bakı: “Elm və Təhsil”, 2019, 432 s.
- Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı: “Lider nəşriyyat”, 2004, 288 s.
- Ramazan Qafarlı, professor. Xalq Cəbhəsi. 2018, 7 mart, s. 14.
- https://az.warbletoncouncil.org/mitos-de-mexico-1455
- http://mifologiya.az/mifologiya/mifin_struktur_seviyyeleri/mif_ve_semiotika/