Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami və tarix” monoqrafiyasının ikinci nəşri çapdan çıxıb.

Monoqrafiyada Nizami Gəncəvinin yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə problemi müxtəlif rakursdan nəzərdən keçirilib və bunun şairin ideya-estetik qayəsinə xidmət səviyyəsi müəyyənləşdirilib. Akademik Teymur Kərimlinin ön sözdə qeyd etdiyi kimi, illər öncə aparılan araşdırmaya müəyyən korrektə və əlavələr edilib, dövlət müstəqilliyimizin daha da gücləndiyi bir şəraitdə, çağdaş təfəkkür işığında yenidən nəzər salınıb.

Yeni nəşrdə “Xəmsə”nin yazıldığı tarixi şərait”, “Xəmsə”də Məhəmməd peyğəmbərin obrazı: tarixi şəxsiyyət və dini ideal”, “Nizaminin məmduhları”, “Nizami yaradıcılığında antropomorf cizgilər kəsb etmiş Tanrı obrazı ilk tarixi şəxsiyyət kimi” sərlövhəli hissələr yer alıb. Monoqrafiyada “Xəmsə”də tarixi şəxsiyyət və mühit, hökmdar surətlərinin tarixi təkamülü, həmçinin “Xəmsə” poetikasının tarixi rolu, yaxud “Xəmsə”nin tarixi poetikası məsələlərinə aydınlıq gətirilib.

İnstitutun Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, nəşrə hazırlayanı Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur. İlk dəfə 2002-ci ildə nəşr olunan monoqrafiya dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yenidən işlənərək çap edilib.

Kitabın cildində Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlinin “Nizami” portretindən istifadə olunub.