Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti “Azərbaycan 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib” başlıqlı məqalə yayıb.
AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzaladığı bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti Nizami Gəncəvinin irsi barədə danışarkən belə deyib: “Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami İli” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir”.
Gün ərzində qəzetin saytında ən çox oxunan 5 yazıdan biri olan məqalədə Prezident İlham Əliyevin fikirlərinə istinadla 2019-cu ilin Azərbaycanda digər dahi şair Nəsimi ili olduğu, Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairlərinin dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr verdiyi bildirilib.
Qeyd edilib ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən və Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Gəncə şəhərində 1141-ci ildə dünyaya gələn Nizami Gəncəvi Şərq intibahının ən böyük nümayəndələrindən biridir. Şair 5 poemadan ibarət “Xəmsə”si ilə sənət salnaməsi yaradıb. Böyük ədəbiyyat məktəbinin əsasını qoyan Nizami Gəncəvinin əsərləri nadir poetik yenilikləri və universal mövzuları ilə sərhədləri aşaraq, yaxın-uzaq ölkələrin ədəbiyyatına təsir göstərib. Dahi Nizami təkcə poetik istedadı ilə deyil, həm də dərin zəkası ilə fərqlənib.
Yazıda bildirilib ki, Nizami Gəncəvinin əsərləri bir çox dillərə tərcümə olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır. Şairin Azərbaycanın bir çox şəhəri ilə yanaşı, Moskva, Sankt-Peterburq, Roma, Kiyev, Pekin, Daşkənd və Kişineuda abidələri var.
Qeyd edək ki, çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə milyonlarla oxucusu olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.
AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.