Nuri Bilge Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub.
Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Badırköy ərazisində anadan olsa da uşaqlığı ata yurdu olan Yenicədə keçib. Burada məktəbi bitirir və Boğaziçi Universitetinin “elekrotexnika” fakültəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Həmin illərin bir günü Nuri fotoaparat alır. Amma yaşıdlarından fərqli olaraq o, standart fotolardan qaçırdı. Qəfildən, xəbər etmədən insanları təbii halları ilə obyektivinə salmağı sevirdi. 17 yaşı olarkən o artıq sərhədi aşıb, tələbə dostu ilə Almaniya, İsveç, Niderlanda səyahət etmişdi. Nurinin axtarışları bu aralar daha da artmışdı. Ən pisi isə o nə axtardığını özü də dərk etmirdi. Tək bir insanın görməsi lazım olan işlərə meyl edirdi. Qrup, kollektiv arasında işləmək onluq deyildi. Bacardıqca insanlarla ünsiyyətdən qaçar, təkliyə çəkilər, saatlarca klassik musiqi, xüsusən Motsartı dinlərdi. Yalnızlıq onun sümüyünə kimi işləmişdi. Türkiyə ona dar gəlir, boğulurdu. Boğaziçidə onun rahatlığı üçün hər şey var idi. Elə klassik musiqiyə vurğunluqda buradan başlamışdı. Günü mütaliə, foto və musiqi ilə keçirdi, amma yenə də darıxırdı. Darıxqanlığı onu İngiltərəyə qədər apardı. Səyahətlər zamanı gördüyü mənzərələr, insanlar onun üçün ən gözəl hiss idi və bu hissi əbədi etmək üçün ona pul lazım idi. Ailəsinin göndərdiyi pul, özünün fotodan qazandıqları səyahətlərini davamlı etməsinə heç cür çatmırdı. Odur ki, Nuri İngiltərədə ofisiantlıq edib, növbəti səyahəti üçün pul toplayırdı. Adətən ən çox kitabdan təsirlənirdi. Oxuduqlarını canlı görmək istəyirdi. Həmin ərəfələrdə oxuduğu kitab Himalay dağlarının gözəlliyindən yazırdı. Nuri artıq qərar vermişdi. Hökmən Himalayı canlı-canlı görməliydi. Xeyli əziyyətdən sonra Nepala çatmağı bacarır. Himalayı o ki var gəzdikdən sonra Nuri qəti bir qərar qəbul edir. Ən yaxşısı Türkiyədi və onun axtardığı elə öz vətənindədi. Türkiyəyə gələr-gəlməz hərbi xidmətə yollanır. Nepaldan Türkiyəyə qayıtmaq ona asan başa gəlmir. Dehlidə almalarla qarın doyurmağa, turistlərin şəkillərini çəkərək pul toplamağa məcbur olur və nəhayət uzun ayrılıqdan sonra Türkiyə öz tərki-dünya dərvişinə qovuşur.
“Hələ kino bir xəyal kimi görünürdü. Sosiallığı çox sevməyən və qapalı xarakterimlə əlaqəli kinoya aid biri olmadığımı düşünürdüm. Kino foto kimi tək başına məşğul ola biləcəyiniz bir iş deyil. Təşkilati çətinliklər, insanları bir yerə yığmaq kimi məsələlər ağır və qarışıq bir şey kimi görünürdü. Fotoqrafiya ilə məşğul olmaq qərarı ilə Türkiyəyə qayıtmışdım. Hətta xaricdən çox ikinci əl bir neçə proffesional fotoaparat almışdım. Fikrim bu idi ki, Türkiyədə reklam fotoqraflığı ilə məşğul olum. Bununla da dolanışığımı təmin edim. Lakin bu iş də çox darıxdırıcı idi. Reklam dünyası mənə görə deyildi. Həm münasibətlər, həm reklamın məzmunu. Çünki reklam özü yalan üzərində qurulmuş bir şeydir. Məhsulu olduğundan daha yaxşı göstərmək məcburiyyətindəsən”.
Arıqlamış, saçı ağarmış, gözlərində uçurumlar qədər dərinlik olan Nuri artıq nə istədiyini dərk etmiş halda idi. Bu halda hərbi xidmət ona çox asan gəlir. Burda o Roman Polanskinin “Roman” adlı film dərsliyini oxuyur və bu kitabdan sonra özünün rejissor olacağına əmin olur. Amma kollektiv, qarmaqarışıq setləri düşünmək belə istəmir. Bütün hərbi xidməti dövründə beynində filmləri hansı tərzdə, necə çəkəcəyini düşünür. Amma ətrafı onun bu fikrinə bir qədər soyuq yanaşır. Hamı rejissorluğun necə çətin sənət olduğunu ona anlatmağa çalışır. Nuri bir qədər tərəddüd edir. Bu tərəddüd dövründə o Memar Sinan Univeristetinə daxil olur, amma 2 il sonra anlayır ki, o rejissor olmalıdı, vəssalam. Universitetlər sadəcə insanı gec-tez üzləşəcəyi problemlərdən uzaq saxlayan bəhanələrdən biridi. Bu əminliklə univesiteti yarıda buraxır, film sənəti ilə ciddi şəkildə maraqlanmağa başlayır.
Filmdə debütü aktyor kimi Mehmet Eryılmazın filmində olur. O aktyorluğa olan sevgisini anlayır. Amma bunu bildirmir, gizlədir. Çünki, ilk öncə rejissorluqdu. Elə məhz çəkildiyi kameranı Mehmetdən satın alan Nuri özünü sınamaq qərarına gəlir. İlk 35 mm’lik filmini 1995-ci ildə lentə alır. “Koza” filmi təxmini bir il müddətinə hazır olur.
Minimalist rejissor insanların unutduqları, bəzən önəm vermədiyi, bəzən utandığı bir çox amilləri öz filmlərində yada salır. İnsan düşüncəsini, hissləri diaqlosuz, heç bir mahnıya, kəlməyə ehtiyac olmadan tamaşaçıya yaşada bilir. Tamaşaçı və baş qəhrəman arasında ürək bağı yaradır. “Gözəl sənətdi, amma film deyil” deyənlər az deyil Nuri Bilge Ceylan filminə baxanlar arasında. Rejissor üslubuna görə onu İnqmar Berqman, Antonioni, Yasudziro Ozu və Andrey Tarkovski ilə müqayisə edirlər. 1990-cı ildə isə məhz Tarkovskinin “Ayna” filmini izləyərkən film yarıda buraxıb, zalı tərk etsədə, 4 il sonra isə Tarkovskinin eyni filminə baxıb olduqca təsirlənmişdi (“Uzak” filmində qəhrəmanlardan biri məhz “Ayna” filminə baxır. Nuri ustadına salam göndərir) Filmlərinə ssenariləri özü yazır və ən xırda detala qədər ssenaridə qeyd edir ki, çəkiliş meydançasında vaxt itkisi olmasın.
“Mənim həmişə alternativ qərarım olur. Rejissor çəkiliş zamanı əsas insandı. Mən görəndəki, çəkmək istədiyim alınmır, dəxli olmayan, lazımsız bir kadrı çəkməyi tapşırıram. Niyə? Çünki, mən əgər qərarsız görünsəm hamı ruhdan düşə bilər. Ona görə maksimum qərarlı görünürəm setdə. Həmin dəxilsiz kadr çəkilən zaman isə mən mənə lazımlı olan kadrları seçirəm.”
Dediyinə görə onun filmləri bir günə çəkilib, bir ilə montaj oluna bilər, çünki filmdə ən önəmli cəhət montaj və kadr seçimini sayır.
“İstənilən yerdə, məkanda gözəl kadr tutmaq olar. Əsas kameranın qoyulması üçün lazım olan o “qızıl nöqtəni” tapmaqdı.”
Çəkiliş meydançasında az insan olmasını sevir.
“Mən əvvəllər filmlərin çəkilişinə baxanda dəhşətə gəlirdim ki, burda kim nə edir? Rejissorun yanında 30 adam və meydançada insanlar ora bura qaçışırlar. Onların hər birinə pul ödənilir bu bir yana, mən həmin rejissorun yerinə heç olmaq istəməzdim. Mənim ilk tammetrajlı “Kasaba” filmini iki nəfər çəkib- mən və asistentim. Bir işi bir nəfər görə bilirsə niyə 10 nəfər də ona kömək etməlidi?!”
Mininmalizm haqqında:
“Bu gün hiss edirəm ki, hisslərimin kəskinliyi getdikcə korşalmaqdadır. Bunun yaşlanmağımla, ya içində yaşadığımız mədəniyyətlər çoxluğu təsiri ilə əlaqəli olduğunu anlaya bilmirəm. Bu yaxınlarda qəzetlərin biri yazmışdı. Səhv xatırlamıramsa bir buddist rahib gərəksiz lüks içində yaşadığımızı sübut etmək üçün bir il yalnız su içərək yaşamış və tibb işçilərini təəcübləndirmişdi. Sağlığında heç bir problem çıxmamışdı. Bu adamı təhlükəli eksperimentə vadar edən ağrını anlayıram. Hesab edirəm ki, oxşar ağrı məni də çox vaxt həyatımda və filmlərimdə oxşar eksperimentlərə məcbur edir. Əslində minimalizmə meyl bizim mədəniyyətdə var sayıla bilər. Ancaq modern dünya və kapitalizm bunu yox etmək üçün əlindən gələni edir. Qəsəbədə yaşayarkən anamın və xalamın danışdığı dil İstanbuldaki dildən – ədəbi dildən daha zəngin idi. Səslərdən davamlı yeni sözlər törəyərdi. Məlum vəziyyəti daha yaxşı ifadə etmək üçün yaradılan bu sözlər tək başına böyük bir bütünü tamamilə aydınlaşdırar və bu vəziyyət dinləyicilər tərəfindən qəhqəhələr və ya nidalarla mükafatlandırılardı. Yəni, yeni ifadə biçimləri tapmaq və özünəməxsus anlatım şəkli, təşviqedici bir rəftardır. İndi kinoda yeni dil formaları yaratmaq cəhdinin və ya sadələyinin tamaşaçı nəzərində bir mükafatı varmı? Eyni hekayələr eyni şablonlarla təkarlanmaqdadır. Bu baxımdan kinoda Ozuya rəğbətim var. Ozunun minimalizmi kinosunun hər tərəfinə işləyib. Texnikasına, mövzularına, formalarına. Ozu həmişə eyni filmi çəkir, həmişə eyni obyektivlə çəkir, eyni yüksəklikdən. Qəhrəmanlarının adları belə eynidir və eyni mövzulardan çəkir. İlk filmlərində çox yüngül irəliyə doğru sürüşdürmə fəndləri var olsa da, sonradan onlardan imtina edərək, formasını tam sadələşdirir. Bəlkə də bu səviyyəyə çatmaq rejissor üçün bir imtahandır. Rejissorların çoxu bu imkanları tapandan sonra kinolarını korlayıblar. Buna misal olaraq Kustiricanı, Jim Jarmuschu göstərə bilərəm. Bressonun bu barədə gözəl bir ifadəsi var: “İmkanların artdıqca edə biləcəklərin azalır”.
Filmoqrafiyasına baxış:
1. Koza (1995)
Koza filmi rejissorun debüt filmidi. 20 dəqiqəlik film “Kann festivalı”ında qısa filmlər arasında nominant olub. Nuri ilk filmdəcə tərzi ilə diqqətləri cəmlədi. Kamera səssiz olduğundan, səs filmə sonradan əlavə olunub. Filmdə əsas rolları Nurinin ata və anası ifa edib. Film simvollarla zəngindi. Bir növ insan düşüncəsi ilə uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq ilk baxışdan qarmaqarışıq bir film yaranıb. Rusiya istehsalı 35 mm’lik lent Nuri Bilge Ceylan tərəfindən çox ucuza alınıb.
“Öncə nə film çəkəcəyimi özüm də bilmirdim. Kameranı da ona görə satın aldım. İstədiyim zaman əlimin altında ola biləcək insanlara ehtiyacım olduğunda, ata və anamı çəkdim”.
2. Qəsəbə ( Kasaba ) 1997
“Qəsəbə” filmi ilə Nuri tammetrajlı film karyerasına start verdi. Məhz bu filmdən sonra onu Tarkovski davamçısı elan etdilər. Film avtobioqrafik sayıla bilər. Təqdimatı 1998-ci ildə Kannda baş tutdu və rəğbətlə qarşılandı. Nuri bu dəfə də yaxşı mənada təəccübləndirməyi bacarmışdı. Ağır dramatizmlə uzun kadrlardan ağ-qara film yaratmışdı. Filmdə olducaq gözəl kadrlar var ki, bundan sonralar bir çox rejissor bəhrələnib. Çox az büdcə ilə filmi 2 nəfərlə (özü və asistenti) böyük ustalıqla lentə alan Nuri artıq rejissorluq üçün doğulduğunu təsdiqləyirdi. Filmdə yenə rejissorun valideynləri, əmisi oğlu Mehmet Emin Toprak və yaxın dostu Müzəffər Özdəmir çəkilir. Bu film “İstanbul film festivalı”ında, “Berlin kinofestivalı”nda və “Köln film festivalı”nda mükafatlar qazanır.
3. May buludları ( Mayıs sıkıntısı ) 1999
Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın 3-cü (trilogiyanın son filmi) kimi yadda qalır. Bu filmdə də “Qəsəbə”də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olduğundan (150 min civarında “Efes” şirkətinin yardımı ilə çəkilib) açıqlanmağa ehtiyac duyulmur. “May buludları”, “Siyad mükafatları”nda, “Antalya”, “İstanbul”, “Ankara”, “Bueynos Ayres” və “İsgəndəriyyə” film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.
4. Uzaq ( Uzak ) 2002
Yenə Müzəffər Özdemir, Emin Toprak və Nuri Bilge Ceylan triosu Avropanı fəth edir. Bu dəfə Kannda “Jüri mükafatı” Nuriyə bu böyük filminə görə təqdim edilir. “Antalya”, “İstanbul”, “Ankara”, “Meksika”, “Çikaqo”, “Monpelye”, “Trieste”, “Beyrut” film festivallarında, “Siyad” və “Orhan Anburnu mükafatları”nda qucaq dolusu mükafatlar qazanır. “Uzaq” avtobioqrafiya kimi qeyd olunmasa da Nurinin həyatına bələd olan insan bu filmdə onu asanlıqla görə bilər.
Mükəmməl görüntüləri ilə Avropanın adlı-sanlı rejissorlarına meydan oxudu bu filmi ilə Nuri və illər sonra Kannda yenə alqışlar bir türk üçün coşdu. Yusuf Güney və Şerif Görenden sonra Nuri Bilge Ceylan vətənini layiqincə təmsil etmişdi. Həm də çox az büdcəsi olan filmlə. Film tənqidçilər tərəfindən də müsbət qarşılandı və hazırda da müxtəlif sorğularda son 20 ilin ən yaxşı 10 filmindən biri kimi qeyd olunur. Filmi ilə Kişiştof Keselevsi və Tarkovskidən təsirləndiyi aydın şəkildə hiss olunur.
Filmdə əsas rola görə Kann, Ankara və Antalyada “Ən yaxşı aktyor” olan Mehmet Emin Toprak “Ankara festivalı”ndan qayıdarkən yol qəzasında faciəvi şəkildə 28 yaşında ikən dünyasını dəyişir. Bu Nuri Bilge Ceylan üçün ağır faciə olur və rejissor bu itgi ilə uzun müddət barışa bilmir.
5. İqlimlər ( İklimler ) 2006
Dörd illik fasilədən sonra rejissor yenə iş başına keçir. Bu dəfə həm rejissor, həm əsas rol ifaçısı olaraq. Rejissorun tərəf müqavili öz xanımı, tanınmış fotoqraf Ebru Ceylan olur. Bu film Nurinin digital kameraya çəkdiyi ilk film kimi də yadda qalır. Filmdə görüntü o qədər mükəmməldir ki, bəyənməmək mümkünsüzdür. Filmdəki “hoqqalar” rejissorun necə gözəlliklərə və ustalığa malik olduğunu göstərir. Uzunluğu 7 dəqiqəyə (!) qədər olan kadrlardakı dramatizmi tamaşaçıya çatdırmaq çox nadir rejissora nəsibdir ki, bunlardan biri də Nuridi. Filmdə ssenari yenə ikinci plandadı və tamaşaçı yenə baş qəhrəmanın iç dünyasının öz düşüncəsində çözməlidi. Film “Kann”da, “Skip city”, “İstanbul”, “Antalya” festivallarında müxtəlif nominasiyalarda mükafat qazanır.
6. Üç meymun ( Üç maymun ) 2008
Bu film Nuri Bilge Ceylanın 5-ci tammetrajl filmidi. Film Fransa, İtaliya və Türkiyənin ortaq istehsalıdır. Bu dəfə rejissor tam yeni aktyor heyəti ilə işlədi və bu heyət onu “Kann”da “Ən yaxşı rejissor” və “Palma budağı”na nominant etdi. Film “üç meymun” fəlsəfəsi üzərində cərəyan edir. Rejissor tərzinə sadiqdir. Uzun və səssiz mükəmməl kadr yığınları və tamaşaçı ilə səssiz dialoqlar. Bu dəfə də görüntü göz oxşayır. Ercan Kesalla ilk iş birliyi məhz “Üç meymun”la başlayır. Amma xoşagəlməz bir şey baş verir. Ceylanla Türkiyənin ən böyük müəllif rejissorlarından biri Zeki Demirkubuz arasında soyuqluğun təməli qoyulur. Öz təsdiqini tapmasa da, belə bir məlumatlar dolaşırdı ki, Ceylan “Üç meymun”un ssenarisini Demirkubuzdan oğurlayıb.
7. Bir zamanlar Anadoluda 2011
Filmin təqdimatı rejissora doğmalaşan “Kann” festivalında oldu və film “Böyük Jüri mükafatı” qazanaraq, 2011-ci ilin ən yadda qalan filmləri siyahısında yer aldı. Ercan Kesalla iş birliyi rejissoru daha da dərinləşdirmişdi. Bir cinayətin izi ilə obrazların içinə enən, hər obrazı xırdalığına qədər təhlil edən, boşluq içində sual yaratmayan bir film ərsəyə gəlmişdi. Dostoyevskinin, Çexovun əsərlərinin təsiri filmdə aydın şəkildə görünürdü. Ceylan minimalist tərzi artıq ədəbi pritçalara, kino romanlara çevirməyə başlaması mesajını verirdi.
8. Qış yuxusu (Kış Uykusu) 2014
Nəhayət “Qış yuxusu” filmi. 2014-cü il “Kann” film festivalında baş mükafatı qazanan Ceylanın hələ ki son filmi. Rejissor bu dəfə də ədəbiyyat bazası ilə yola çıxıb “Otello” adlanan Kafka “Qəsri”ndə özündən yaşca kiçik xanımını qısqanan keçmiş aktyor Aydının, ərindən ayrılıb qardaşının yanında sıxıntılarla, insanlara qarşı inamsızlığı ilə hər an gedə biləcək potensialda yaşayan Neclanın, “Alçaldılmış və təhqiredilmiş”lər Hamdi və keçmiş məhbus qardaşı İsmayılın üzərində cərəyan edən film, filmdən çox görüntülü roman formasındadır.
Şahin Xəlil