sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Oljas Süleymenov. Kumanın nəğməsi

16/03/2022 - 11:45
A A
Facebookda paylaş

Görkəmli qazax şairi, Qazaxıstanın Xalq yazıçısı və ictimai-siyasi xadimi; 1936-cı ildə Almatı şəhərində anadan olub; 1959-cu ildə Qazaxıstan Universitetini bitirəndən sonra təhsilini Moskvada, Qorki adına Ədəbiyyat İnstitutunun poetik tərcümə bölməsində davam etdirib; ədəbi yaradıcılığa şeirlə başlasa da, ona ilk şöhrəti “İqor alayı haqqında dastan”da türk elementlərinə həsr olunmuş linqvistik araşdırmaları və “Az i ya” kitabı qazandırıb; ilk poetik toplusu “Arqamaklar” 1961-ci ildə Almatıda nəşr olunub, həmin il yazdığı “Yer kürəsi, insana baş əy” poeması isə müəllifin adını bütün dünyaya tanıdıb; 1971–1981-ci illərdə Qazaxıstan Yazıçılar Birliyinin katibi olub; “Günəşli gecələr” (1962),  “Gündoğanın xoş çağı” (1964), “Meymun ili” (1967), “Gil kitab” (1969), “Göy adalar” (1973) və digər kitabların müəllifidir; əsərləri bir çox dillərə tərcümə olunub, kitabları Moskvada, Parisdə, Londonda, Nyu-Yorkda nəşr edilib; Qazaxıstanın “Otan”,  Rusiyanın “Dostluq”, Ukraynanın “V dərəcəli knyaz Yaroslav Mudrı”, Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenlərinə,  Türkiyənin “Türk dünyasına töhfəsinə görə” beynəlxalq mükafatına layiq görülüb;  adı dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil edilib.

 

KUMANIN NƏĞMƏSİ [1]

 

Əcdadlarım,

döyüş vaxtı yanımda olun,

bərk-bərk tutun qolumdan

çətin anımda.

 

Mən heç vədə

saymazyana ötüb-keçmərəm

çölün düzündə bitən

tək ağacın yanından.

 

Örkənimi asaram

əyri budaqdan,

İlk yıxılan olmaram

son döyüşdə mən.

 

Kim tanımır ki məni?!

Kim tanımır itiuclu qızıl nizəmi?!

 

Göydə bir ulduz axdı

bu gecə vaxtı

başım endi sinəmə,

qadına sədaqət andımı içib

ovcundan öpdüm yenə.

 

Nə bayquşu incidənəm,

nə də quzğunu,

qu quşuna toxunmaram

heç vədə.

 

Aruax!..[2]

Göstər mənə

Balatonun yolunu –

gözdən itib

həmişəlik çıxıb gedərəm,

kimsə bilməz

necə, nə cür, hardan ötərəm.

 

Dərin izlərim qalar

dalımca yalnız

yollarımdan ötüb-keçən

yolçular üçün.

 

Adladığım bütün yollar

yağışdan sonra

qoy görünsün düşmənlərə

dolu cam kimi.

 

Keşkə onlar

suya təşnə olmasınlar,

susuzluqdan yanmasınlar

mən yanan kimi!

 

URAL SAHİLİNDƏ CAN VERƏN YARALI MAXAMBETİN SON DÜŞÜNCƏLƏRİ

 

Mat qalmayım, neyləyim:

kefimin duru vaxtı nə istəsəm – göz üstə!

nə buyursam – baş üstə!

könlüm haçan yanıqlı, qəmli nəğmələr istər –

oxuyurlar mənimçün olmazın bir həvəslə!

 

Kefimin saz çağında

sevincindən, az qala, hamı göylərdə gəzir.

Yayın quraqlığında

Urala baxdığımda

sanıram yoxa çıxıb –

yerli-dibli quruyub suyu bütün dənizin.

 

Odur ki köç-köçəbə

şirnikdirib özüylə aparanda külfəti –

bu zülmü tək çəkirəm;

söz deməyə kimsənin hünəri çatmayanda

dilimdən qıfıl asıb şeirlər yazıram mən.

 

Mənə desəydilər ki:

“Sən ey qibleyi-aləm!

Bağışlamaq vaxtıdır, adamlara rəhm elə,

dünya çıxar ağ günə bircə təbəssümündən!”

 

Onda dərd eləməzdim, bəlkə, qəmlənməzdim heç.

 

Ya da boynunu burub,

gəlib desəydi mənə kişilər fağır-fağır:

“Sən ey qibleyi-aləm!

Qorxumuz yoxdu bizim,

Ural qurumayınca suyu boldu dənizin –

Sən nə qədər ki sağsan, deməli, biz də sağıq…”

 

And olsun Allaha ki, onda mən ölməzdim heç.

 

BATIR MAXAMBETİN QƏTLQABAĞI DUASI

 

Bismillah!

Uzaq yürüşlərdə mən

unudaram özümü,

Qanlı döyüşlərdəyəm

aylar-illər uzunu.

 

Lap boğaza yığıldım

bu acıqla, dərdlə mən,

Yəhər üstdə doğuldum,

qandal altda çərlərəm –

 

Məni şəhər uzunu it kimi hərləyərlər…

 

Unudaram çər dəyən

tərli atın iyini,

Zindanların car çəkən

çır hayını, küyünü,

 

Şaqqalayıb atarlar səhər məni tonqala

Və unudar əmgəyim qorxunc böyüklüyünü…

 

Unudaram –

nə sayaq əsirdi arvadlarım

önümdə zağ-zağ mənim;

Yalın qılınc kimiyəm,

fəqət kəsir pas məni.

 

Ürəyim –

xirtdəyimdə qəzəblənmiş ilantək.

Yox,

tükləri yonulmuş bir şunqardı ürəyim.

 

Unudaram hər şeyi:

döyüşü, yanğını da,

lap elə Tanrını da!

 

Unudular –

üz tutub güvəndiyim dualar…

 

Aruax!..

Ağappaq Ay

səhraları hərlənər –

və barxanlara[3] yortar maya dalınca nərlər.

 

Qazaxların qazanı buğlanır ağca südlə,

Gəmirir bir-birini darıxdığından itlər…

 

Zindanın dar küncünə

uzanmışam mənsə tək,

Dığırlanır ovcuma

Ay sonuncu qoğaltək…

 

PIÇILTI

 

Ah, necə doğur günəş

hər səhər

əzəmətli Misirin başı üstdə?!

Şəffaf örtüklər altda

gizlənir çılpaq üzlər.

Sayrışır al şəfəqlər

səhranın üzərində,

dünyanın üzərində.

– Nə üçün?

– Nədən ötrü?

– Heç nə, adi mənzərə.

– Heç nə, adi görüntü.

Üzür, üzür ehramlar

cavan qız döşləritək…

– Ay səni, karvanbaşı…

– Ay səni, karvanbaşı…

Yoxa çıxır kölgədə

dəvələr addımbaşı…

Kimdi bəs,

kimdi gələn

karvanla aram-aram?

Zəvvardı, yoxsa tacir

görəsən bu adamlar?

 

Nöqtələrə bənzəyən

qum üzəriylə

cavabları gizlədən

quyuya doğru…

 

NEÇƏ QADIN VARDI…

 

Neçə qadın vardı –

başı çiynimə çatan,

neçə qadın vardı –

boyu sinəmdən.

Amma könlümə yatan,

gözümü oxşayan tək biri vardı.

Sadəcə, ürəyimdən idi,

sadəcə, qəlbimə yatırdı.

 

Ona hər şey yaraşır –

gözlərindəki kədər də,

saçlarındakı ətir də;

dodaqlarının kəskin pıçıltısı da,

barmaqlarının zərif xışıltısı da.

Yaraşıq verir ona

buz kimi ağ dişləri,

yaşına yaraşmayan boyu,

elə otuz dördə çatan yaşı da.

 

Necə yaraşır, Allah,

necə yaraşır hamısı bu qadına.

 

QATARLAR GECİKİR…

 

Qatarlar gecikir.

Təhlükəlidir semaforun yaşıl işığı.

Sarı bir ulduz axdı

bu gecə vaxtı –

təyyarələr gecikir.

Çatır qaşlarını,

qıyır gözlərini qonur işıq –

vur-tut bir qamçılıq məsafədəcə

gecikir sənin məsləhətin.

Gələcəyin kölgəsi

portretin üstünə düşüb

bozardır bütün rəngləri –

gecikir, canım-gözüm,

gör neçə il gecikir

sənin nəvazişlərin!

Qara pianonun dilləri üstdə

köməyə tələsən

Listdən daha tez

qədim dastanların bağrından qopub

qaçır, var gücüylə qaçır çigitlər –

üç yüz il yubana-yubana…

 

FALÇI

 

Buyur keç otağıma,

qonağım ol, dərdləşək.

Qapı açırmış kimi

aç qəlbini, aç görək.

Çıxart, tulla kənara

ürəyinin toz basmış

nimdaş paltarlarını,

mənə elə inan ki –

sənə inana bilim.

Bəlkə, rəqqassan?

Onda

nə durmusan, rəqs elə!

Bəs deyincə atıl-düş,

evimi alt-üst elə –

tirlər sınsın, titrəsin,

yer-göy lərzəyə gəlsin!

Şairsənsə –

bəhs elə

Sədinin dastanından,

oxu, ruhum dincəlsin.

Mənim yuxuda sönmüş

ruhuma can ver, dirilt.

nəyə gərək atəşi

bu iri pəncərəmin?

 

Bir otağın işığı

yetər iki adama –

buyur, gendən adlama.

Keçib-getmə heç zaman

tənha, kimsəsiz evin

qapısını açmadan.

 

Çevirəni: Mahir N. Qarayev

 

 

[1] Kuman – Bizans dövründə qıpçaqlara verilən ad (müəllif)

[2] Aruax – ruh; ey ruhum (qazaxca)

[3] Barxan – qum təpəcik (qazaxca)

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az