“Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov ADU-nun rektoru, akademik Kamal Abdullanın Xalq yazıçısı fəxri adına layiq görülməsi münasibətilə təbrik edib.
Sim-sim.az Əlövsət Ağalarovun xalq yazıçısı Kamal Abdullaya ünvanladığı təbrik məktubunu təqdim edir.
“Hörmətli Kamal müəllim,
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Xalq yazıçısı fəxri adına layiq görülməyiniz xalqımız, ədəbi ictimaiyyətimiz və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Bu münasibətlılə Sizi ürəkdən təbrik edir, can sağlığı və çoxsahəli fəaliyyətinizdə uğurlar arzulayıram!
Siz gəncliyimdən yaradıcılıq yolunu daimi izlədiyim, çoxsahəli və çoxşaxəli fəaliyyətə malik barmaqla sayılan ədib və ziyalılarımızdan birisiniz. İstər bədii nəsriniz olsun, təşkilatçılıq etdiyiniz sahələr olsun, istərsə də Dədəqorqudşünaslıq, türkdilli xalqlarla bağlı araşdırmalarınız, romanlarınız, hekayələriniz və ya poetik şeirləriniz, bir sözlə bədii yaradıcılığınızın bütün sahələrində uğurlarınız nümunə olmuşdur. Yaradıcılığınız ən çox gəncliyə xitab edir, bu baxımdan gənc yazarlara örnək olmusunuz. Siz eyni zamanda türk dünyasının ən böyük araşdırmacılarından birisiniz və bu fəaliyyətinizi sovet rejiminin qılıncının kəsdiyi ən qatı dövründə göstərmisiniz. İndi ortaq türk dili yaratmaq təşəbbüsləri ortaya çıxanda ilk ağlıma gələn ziyalımız Siz olursunuz.
Sizin «Yarımçıq əlyazma», «Sehribazlar dərəsi», «Unutmağa kimsə yox» və başqa romanlarınız, «Qərar», «İlişin qayıtmağı», «Son gəliş», «Dəvə yağışı» kimi çox sevdiyim hekayələriniz olduqca orijinal üslübda yazılmış əsl nümunələridir. Əsərlərinizin bir çoxu türk dilinə və müxtəlif xalqların dilinə çevrilərək xarici oxuculara da çatdırılıb. Vaxtilə Sizin «Yarımçıq əlyazma» əsərinizə Türkiyədə zərgər dəqiqliyi ilə qiymət verilməsi yaradıcılığınızın Asiyadan Avropaya körpü sala bilməsinə səbəb oldu.
Mən dəfələrlə xarici ölkələrdə, beynəlxalq kitab sərgilərində olarkən Sizin müxtəlif dillərə tərcümə olunmuş kitablarınızı kitab mağazalarında və sərgilərdə görəndə qürur duymuşam. Bir neçə dəfə almaq istəmişəm, satıcıdan kitab istəyərkən: «Var idi, satılıb» deyə aldığım neqativ cavabdan fəxr etmişəm.
Siz həm də Şərqdə ilk fəaliyyətə başlayan 95 yaşlı «Azərnəşr»in doğma müəlliflərindən-siniz. Müxtəlif dövrlərdə sizin kitablarınız nəşriyyatımız tərəfindən yüksək tərtibatda çap olunaraq geniş oxucu kütləsinə təqdim olunub. Bundan sonra da hələ uzun illər nəşriyyatımız Sizin əsərlərinizi oxucularımıza çatdırmağa hazırdır.
Əziz qardaşım, Sizi bir daha bu yüksək fəxri ada layiq görülməyiniz münasibətilə öz adımdan «Azərnəşr»in kollektivi adından səmimi-qəlbdən təbrik edirəm, can sağlığı və hər bir fəaliyyətinizdə yorulmadan çalışmağı arzulayıram.
Sizə böyük hörmətlə,
Əlövsət Ağalarov”