Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınları tərk edirsiniz?
Quran, Şuəra, 165-166
İsa dedi : Bəlkə də, insanlar elə hesab edirlər ki, mən yer üzünə vüsal gətirmək üçün gəldim. Yanılırlar. Mən yer üzünə ayrılıq gətirmək üçün gəlmişəm.
Tomasın İncili
– Hardan başlayacaqsan?
– Ən başdan.
– Başla…
Atası yoxdu onun. Düz sözümdür, yoxdu. Bircə anası var; günəbaxan sarısı, uzun saçlı, gözəl Mariya. Birdə yaşlı babası. Ağappaq saqqalı yaxasına dirənib kişinin. Pişik sığallayan kimi sığal çəkir ona. Elə bil saqqalına yox, mahud parça kimi köhnəlib tiftiklənən xatirələrinə toxunur. Həlim-həlim gəzdirir əlini üzündə. Rusdular. Müharibə vaxtı kişi kənddə həkim işləyib. Sonra da, görüblər təkdi, tənhadı kənd camaatı yanına bir qız yaraşdırıb. O da lal-dinməzin biri. Kəlmə kəsmədən, qızın üzünü, boy-buxununu görmədən razılaşıb. Eləcə kül töküb qalıb burda. Həmin qadından da bir qızı olub. Deyilənə görə, qadın çox yaşamayıb. Özündən geriyə vur-tut boş dərman qutuları, birdə gözəllər-gözəli, ay parçası bir qız qoyub. O dediyim Mariya ki var, odur. Adamların dediyinə görə Mariya kəndin ən gözəl qızıymış. Masmavi gözləri, birdə upuzun, tale kimi biri-birinin içindən keçib düz qurşağınacan uzanan hörükləri. Cığırla yırğalana-yırğalana yerdikcə çiynindən asılan saçları saat kəfkiri kimi sağa-sola boylanırmış. Kəndin bütün oğlanları Mariyadan kəsirmiş, ancaq qadın indi elə bil pul kimi əldən ələ düşüb, təravətini, rəngini, gözəlliyini itirib. Bəmbəyaz üzündə vaxtsız qocalığın izləri həkk olunub. Vaxtında onu görmək üçün qapılarını min bir bəhanəylə döyən, özünü xəstəliyə vurub atasının qəbuluna düşən, çəpərlərindən boylanmaq üçün pəncələrinin üstündə dayanmağa vərdiş edən kişilər indi onu harda görsələr üzlərini çevirirlər yana. Ya yollarını dəyişirlər, ya da baxışlarının istiqamətini. Elə bil, ona baxmaqdan utanırlar. Təbii ki, bu utancın da mütləq ki, bir səbəbi var. Bu o vaxt baş vermişdi ki, Mariya iyirmisinə təzə girmişdi. Yazıçı olmaq istəyirdi qız. Rayon qəzetində hekayələri də çıxmışdı. Gənciydi, həvəsliydi, diriydi. Üzündən nur tökülürdü. Ağappaq bədəni, ətli, sallaq qolları, birdə düz sinəsinin üstündə xalı. Elə bil, dünyada gözəl olan nə varsa, Allah bu qıza yaraşdırıb yaratmışdı. Günlərin bir günü naməlum bir kişi onu həyətdə, güllü ərik ağaclarının arasında, yamyaşıl şehli yoncalığın içində yaxalayır. Bəkarətini əlindən alır. Mariyanın dili bağlanır həmin gündən. Elə qorxur ki, birdə danışa bilmir. Çox keçmir Mariyanın qarnı böyüməyə başlayır. Elə bil, içində kimsə şar kimi üfürür onu. Bədənində bir istilik böyüməyə başlayır. Xəbər vıyıltıyla kəndə yayılır. Atası uzun ağ saqqalını sığallaya-sığallaya ağac kimi bir yerdə kök salıb elə hey düşünür. Qoca düşündükcə, elə bil, saqqalı daha sürətlə uzanır. Uzanıb hər yanı tutur. Hər yan ağappaq tük olur. Kişi bu ağ tükü bir qəşəng gəlinliyə oxşadır. Sonra bu gəlinliyi Mariyanın əyninə biçməyə çalışır. Hər dəfə bu gəlinlik Mariyanın əyninə dar gəlir. Mariya da ağzına su alıb daş kimi susur. Evdən çölə addımını da atmır. İndi Sizə danışacağım hekayənin qəhramanı Mariyanın dünyaya gətirdiyi həmin atasız oğlandır.
***
– Yaxşı… İndi isə oğlana keç…
Məndən bir sinif aşağıydı o. Kəkələyə-kəkələyə danışırdı. Cümlələr dilində alabaydaq olurdu. Bir kəlmənin axırını gətirincə adamın ürəyi üzülürdü. Səssiz-sakit məktəb koridorunda əllərini arxasında birləşdirib həsrətlə adamlara baxanda onun necə şiddətlə darıxdığını hiss edirdim Bir gün, bəli, bir gün onu məktəbin toaletində gözlənilməz, biabırçı formada, oğlanla gördüm. Dizlərini yerə atıb işini görürdü. Səhəri eyni hadisəni oğlan bütün incəliklərinə qədər mənə danışdı. Mənə deyəndə hamıya. Danışanda da, birinin üstünə beşin, onun qoydu. Birlikdə necə toaletə girdilər, əlini necə qabağına apardı, toqqasını neçə açdı, şalvarını necə aşağı çəkdi və bunları edərkən üzündəki buz soyuqluğa necə məhəl qoymadı, heç tükü də tərpənmədən işini necə gördü? Danışılanların çoxu inandırıcı gəlməsə də, adam nədənsə bunların ucdan tutma hamısına inanmaq istəyirdi. Necə ki, heç təsəvvürümə də gətirməzdim gözlərim gizlin-gizlin, barmaq genişliyində bir deşikdən belə yöndəmsiz bir mənzərəni görsün, deməli, hər şey ola bilərdi.
– Yaxşı… Bəs sonra...?
Xəbər tüstü kimi bütün kəndi bürüdü. Adamların içindəki barmaqlar düz onun sifətinə tuşlandı.
Hələ bu hadisənin yeri soyumamış daha biri də baş vermişdi. Onsuz da seyrək görünürdü, bu hadisədən sonra birdə heç kim görmədi onu. Eləcə uzaqda öləziyib yox olan günəş şəfəqləri kimi çəkilib itdi. Məktəbin, arxa həyətində, köhnə, uçqun bir binada babası oğlanlarla yaxalamışdı onu. Kəkələyə-kələyə oğlanlara demişdi:
– Sizə gözün görmədiyi, qulağın eşitmədiyi, əlin toxuna bilmədiyi və insan ürəyinə sığmayan bir şey verəcəm.
Onların qarşısında soyunmuş və çılpaq qollarını bədənində gəzdirib şeytani bir gülüşlə musiqi zümzümə eləmişdi. Oğlanların heç biri bu sirli və vahiməli zümzüməni yığıb geniş çöllükdən ibarət olan zehinlərində musiqiyə çevirə bilməmişdilər. Sanki, hələ dünya qurulmamışdan bu zümzümə oğlanın çılpaq bədənlə gözləri heyrətdən böyümüş tamaşaçıların önündə rəqs etməyini və rəqs zamanı özünün də astaca çat-çat olmuş dodaqların arasından son nəfəs kimi çıxmağını gözləyirdi. Amma oğlanların deməyindən belə çıxırdı ki, nəvəsini bu halda görən kişi heç cınqırını da çıxarmamışdı, eləcə səssiz-sakit demişdi:
– Geyin əynini, tərpən evə.
– Sən olsan nə edərdin?
– …
– Yaxşı… Davam elə…
Kişi qeyzlə çıxmışdı həmin binadan. Arxasınca küləyi qalmışdı. O külək qəzəblə içəridəkilərin üzünə əsmişdi. Elə bil, üzlərindəki çaşqın ifadəni silib süpürmək istəmişdi. Bu hadisədən sonra onları evdən çıxan görməmişdilər. Cin kimi yoxa çıxmışdılar. Nə bir külək üzü görürdülər, nə bir günəş işığı. Qapanmışdılar dörd divarın içinə. Günlərin bir günü qapılarında yük maşını göründü. Bircə saata bütün veş-vüşlərini yüklədilər, köçüb getdilər. Bir günə elə yığışdılar ki, sabaha iz-tozları da qalmadı. Qonşumuz Qafar kişi qalın siqaretini tüstülədə-tüstülədə yad bir söhbətin ortasında möhürlü alnını qaşıyıb qulağıma pıçıldamışdı:
– Getməliydilər. Belə utancla buralarda qalmaq olmazdı.
– Niyə?
Birincisi ona görə ki, oğlanın elədiyi qələt adamlara yad deyildi. Ancaq nədənsə adamlar əvvəlki hadisəni gizləmək üçün çalışmışdı. Yəni, biri-birilərinin gözlərinin içinə baxa-baxa yalan demişdilər. Bir tərəfdən də kənd cammaatını ayaqda saxlayan elə bu yalan idi. İndiki hadisə isə saqqız kimi adamların ağzında gəzirdi. Kəlmə kəlməni gətirirdi. Söz sözdən törəyirdi. Yəqin, ona görə ki, əvvəlkilər bu işi belə profisional görmürdülər. Adamları yandıran oğlanın ustalığı idi.
Vəziyyət o yerə gəlmişdi ki, oğlanın anası da gəncliyində “üzdən iraq” çıxmışdı. Bunu çay içəndə burunları stəkana girən yaşlı kişilər zarafatla demişdilər. Hətta aralarından biri də tapılmışdı desin ki, onun işinə elə mən özüm baxmışam.
Bu şayələr necə yarandı, necə yayıldı, bilinmirdi. Kənd bu söhbətləri dilində o qədər var-gəl elədi ki, stül cavanlar həmin oğlana aşiq olmağa başladılar. Xüsusən, sonuncu hadisəni unuda bilmirdilər. Qollarını havada birləşdirməyi və şeytani bir gülüşlə zümzümə elədiyi o musiqi. Birdə, o cümləni unuda bilmirdilər. “Sizə gözün görmədiyi, qulağın eşitmədiyi, əlin toxuna bilmədiyi və insan ürəyinə sığmayan bir şey verəcəm”. Görəsən, nə idi o şey? Hardan tapmışdı onu? Sinələrində göynəyirdi oğlanın arzusu. Elə cavanlar vardı ki, bu onların ilk eşqiydi. Elə bilirdilər, dünya qurulandan mizan belədi, bundan sonra da belə olacaq. Kəndin qurtaracağında, hündür təpənin üzərində uzandıqca-uzanan və əbədiyyətə qədər genişlənən düzənliyə baxa-baxa oğlanlardan biri mənə demişdi:
– Zalımın balası ağlımdan çıxmır. Heç olmaya, bircə dəfə olaydım…
– Bəs qadınlar nə deyirdilər?
Mövzu haqqında bitib tükənməyən söhbətlər arvadların ehtirasını yaman coşdurmuşdu. Hətta, deyəsən, o “üzdən iraq” cavanı bir az da qısqanırdılar. Ərləri həmin oğlan haqqında danışmağa başlayanda şalvarlarının qabağını düzəldirdilər. Elə bil, aşağıda nəyisə sahmana salırdılar. Arvadlar bundan bərk narahat olmuşdular. Nə zaman ki, evdə oğlanın söhbəti cərəyan edirdi, həmin gecə kişilər özləri yerindəcə boşalırdı. Arvadlar bunu sonradan görürdülər və gördükləri zaman alt paltarını əllərinin arasında sıxıb yoxa çıxarmaq istəyir, “qara kağız” gəlmiş kimi baxıb-baxıb göz yaşı tökürdülər. Kişilərin beynində dolaşan bütün o naməlum fikirlər onları yandırıb cızdaqdan çıxarırdı. Bir zalımın əlində qalmışdılar. O zalımın fikri də, az qala ərlərini əllərindən alsın. Bir gün arvadlardan biri qeyzlə kişinin üstünə cummuşdu. Sonra yaxasından yapışmışdı.
– İndi neynim? Mən də mi, kişi olum, hə?
– Yox, səndən kişi olmaz.
– Oğlan haqqında bir az danış.
Doğrudan da, ondan kişi olmazdı. Həmin oğlan kimisi heç olmazdı. Hamı bilirdi ki, onun ağappaq, zərif bədəni var. Birdə ortasından biri-birinə qovuşub keçən qatar reysləri kimi gömgöy damarlar. Bədəni o qədər bəyaz idi ki, ani bir ehtiyatsızlıqdan ona toxunsan laxta-laxta qan yığışıb toxunduğun yeri gömgöy eləyərdi. Cavanlar oğlanın həyatında iz qoymağın necə asan olduğunu hələ o zamanlar dərk eləmişdilər. Gözlərinin altı qapqara olardı. Xırda çiyinləri vardı; az qala bir-birinə toxunsun. Uzun qolları balaca çiyinlərindən elə ümidsizcə sallanırdı ki, elə bilirdin gecələr qollarını şərf kimi bədəninə bürüyüb yatır. Sinəsinin ortasında da xal. Məhz o xalın üzündən öpəndə oğlan olurmuş əsl mələk. Bundan sonra dünyada nə istəsən, gözünü qırpmaz verərmiş. Hamı bu söhbətləri xırdalıqlarına qədər bilirdi. Hamı ayrı-ayrılıqda oğlanla olan cavanları sorğu-suala tutmuşdu Onu təpədən dırnağa beyinlərində anadangəlmə lümlüt canlandırmışdılar. Bəs eləməmişdi, beyinlərində canlandırdıqlarını hətta biri-birilərinə də danışmışdılar. Hamının təsəvvürü qarışmışdı, bir olmuşdu. Kimsə nəsə tapan kimi cumurdu bir yaxınının üstünə. Danışırdı, danışırdı. Pıçıltıyla nə var, nə ya yox qoyurdu ovcuna. Elə asta, həlim bir səslə danışırdı ki, elə bil xəbəri öz kobud səsindən qorumağa çalışırdı və istəmirdi danışdığı adamdan başqa bir kimsə bu xəbəri eşitsin.. Ancaq bir saata qalmaz öz dediyi xəbər ağızdan-ağıza, qulaqdan-qulağa gəzib dolaşır, onun da qulağına çatardı. Ancaq öz dediyindən bir xeyli fərqli formada. O da yeni xəbər eşitmiş kimi sevincək olurdu. Tələsik həyətin ortasında əzəmətlə dayanan göy tualetə sarı götürülürdü.
Axşamlar çayxanalar dolub daşardı. Kişilər yığışıb gələrdilər çayxanaya. Qulaqdan qulağa su kimi axıb yayılan xəbərlər çayxanada gölməçələnərdi. Neyləsələr də, oğlanın xəbərini çəkib canlarından çıxara bilmirdilər. Az qala şeyləri əllərində quruyub qalacaqdı. Oğlanın özü olmasa da, fikri onları ehtirasa gətirirdi.
Elə bil dünyada qadın yoxdu. Heç zaman qadın bədənindən bir gözəllik ummamışdılar. Adamlardan biri təəccüblə bir çiyin uzandığdakı adama demişdi:
– Qadın nədir?
– Qadın yoxdu.
– Doğrudan, qadın yox idi?
Əlbəttə qadın vardı, ancaq oğlanın isti bədəni qadın arzusunu yandırıb kül eləmişdi. Danışmağa bir söz yox, düşərdilər bir fikrin arxasınca sürünməyə. Sürünə-sürünə gəlib öz bədənlərinə çıxardılar. Özləri-özlərindən ehtirasa gələrdilər. Güzgünün qabağına keçib tüklü sinələrinə qələmlə xal çəkərdilər. Sonra həmin xalla oynaya-oynaya gecəni səhər edərdilər. Ancaq elə gecələr olardı ki, onun səhəri olmazdı. Yaşlı kişilərin yuxusu tarıma çəkilərdi, gözləri tavandan asılı qalardı. Oğlan adamların yuxusuna girərdi. Onu yuxuda kim görərdisə axşamkı qurultayın baş obrazı o olardı. Adamlar alov kimi onu dövrəyə alardılar. Siqareti sümürə-sümürə onu dinləyərdilər və bir zamandan sonra bu yuxu da həqiqətən baş vermiş hadisə kimi yaddaşa yazılardı. Adamlar bu yuxulardan öz təbii ehtiyaclarını ödəmək üçün istifadə edirdilər. Elə bil, dünya balacalaşmış, insanlar da yalnızlaşmışdı. Gözlərini yumub ləzzətlə o oğlanı düşünməkdən başqa heç bir zövqləri yoxdu.
– Bəs işləri kim görürdü?
İşlərin hamısı tökülüb qalmışdı. Bostanları alaq alıb aparmış, dövlət müəssələrində yazılmayan sənədlər tayalanmışdı. Bircə qadınlar ayıq-sayıqdılar. Nəşələnən kişilərin bütün işləri onların ixtiyarına keçmişdi. Dan üzü ağarmamış çayda balıq qutmağa qadınlar çıxırdı. Balıqlar min illərdir belə bir şeyə rast gəlmirdilər, elə bu səbəbdən, onların tilovuna keçən balıqların mirvari gözləri heyrətdən böyümüşdü. Kətman vurmağa, yer belləməyə, incil bağlarından şirəli meyvələri toplamağa qadınlar çıxırdı. Gilənar çiçəklərindən dərman hazırlamaq üçün iri qazanları çiyinlərində daşıyan qadınların sifətində qapqara his olmasaydı, elə bilərdin kişidirlər. Onlardan biri işin ortasında alnındakı təri silib yanındakı rəfiqəsinə demişdi:
– Kişi nədir?
– Kişi yoxdur.
– Doğrudan da, kişi yox idi?
Əlbəttə kişi vardı, ancaq kişilərdən bir əsər-əlamət qalmamışdı. Oğlanın zərif bədəni bütün kəndin gözündə müqəddəsləmişdi. Kişilər indi onun haqqında düşünəndə özlərini düzəldirdilər, üst-başlarını səliqəyə salırdılar. Gecələr çayxanada dövr edən söhbətlər, elə bil, əziz, hörmətli insanlar haqqında danışılırdı; həlim və asta-asta. Daha arvadlar da bu boyda iş-gücün arasında oğlanı sevməyə başlamışdılar. Elə bil, dünyadakı bütün kişilər o oğlana aid idi və bu bəşəri həqiqətin önündə heç nə etmək mümkün deyildi. Bu səbəbdən günlərin bir günü qadınlar saçlarını dibindən kəsdilər. Elə bildilər ki, saçlarını kəsdirməklə kişi olmaq mümkün olacaq. Daha sonra iri giləli döşlərinin arasında qələmlə xal çəkdilər. İndi kəndin qadınlı kişili bütün sakinlərinin sinəsində xal vardı. Bu xal nədənsə hamını ehtirasa gətirirdi. Kişilər bu xalı görəndə oğlanı düşünüb coşur, qadınlar da kişilərin gözlərindəki laxtalanmış ehtirası sezib özlərindən gedirdilər. Elə bilirdilər ki, kimdə bu xal varsa ona toxunan kimi adam birdən-birə dönüb Əliəddinin cini olacaq və tüstülü, dumanlı havanın içindən çıxıb üç arzunu qəbul edəcək.
***
– Və bir gün hər şey dəyişir.
Günlərin bir günü həmin xəbər it kimi adamların sümüyünü gəmirməyə başladı. Şəhərə iş dalınca gedən adamlardan biri oğlanı masaj salonun önündə görmüşdü.
– O xalı harda görsəm tanıyardım.
Adam oğlanın üzünü bircə dəfə də görməmişdi. Kənd içində dövr edən söhbətlərdən oğlanın bütün əlamətlərini başqaları kimi o da dua kimi əzbərində saxlamışdı.
– 28 may metrostansiyasının yaxınlığında işıqlı, gur musiqili masaj salonunda gördüm onu. Yanındakı kişinin qolundan dənizdə taxtaya yapışan kimi yapışmışdı. Gölzərimin qarşısında hündür bir “Cip” ə minib uzaqlaşdılar.
Hamı ondan oğlanın əlamətlərini soruşdu. Sanki, bununla beyinlərində qurduqları və illərlə dəyişib solğunlaşan, köhnə şəkil kimi rəngi qaçan xatirələri yenidən yoxlamaq istəyirdilər. Hər şey düşündükləri kimiydi. Sonra illərlə bir xəbər almadıqlarını, xəbər almadıqca ordan-burdan gələn şayələrin və yöndəmsiz qarabasmaların real hadisələr kimi beyinlərinə yazıldığını aşkar etdilər. Elə bil bütün yalan faktlar zamanla gerçəyə çevrilmişdi. Adamlardan biri yuxusunda onun saçlarını sarı görmüşdü. Oğlanı görən müəmmalı adam söhbətinin davamında demişdi:
– Elə bil, gövdəsinin üstündə günəş gəzdirirdi.
– Qərar?
Adamlar çox düşündülər, çox götür qoy elədilər. Bir avadlarına baxdılar, bir sinələrindəki xala. Gördülər oğlanı görməsələr sinələrindəki xal böyüyəcək, böyüyəcək axırda bütün bədənlərini tutacaq. Bütün kənd qapqara olacaq. Allahın kölgəsi idi bu qara xal, böyüdükcə Allah bir az da üz döndərirdi onlardan. Bu səbəbdən tələm-tələsik oğlanın arxasınca getməyi qərara aldılar.
Kəndin lopa bığlı, qarınlı kişiləri əlhavasına kostyumlarını geyindilər. Qalstukları boğazlarından düz toqqalarının aşağısına qədər sallarındı. Qalstukun ucu işarə kimi aşağını göstərirdi. Onun işarə göstərdiyi yer, yəqin ki, bütün sualların cavabı idi. Kişilər bu ağ, sarı kostyumları axırıncı dəfə oynamaqdan qollarında ağrılar yarandığı və günlərlə musiqi səslərinin kəsilmədiyi toylarında geyinmişdilər. Və illər bundan öncə ağ, sarı kasytumun üzərində qalstuk aşağıya necə köntöy formada sallanırdısa, indi də o cür sallanırdı.
Bir dəstə kişi yük kamazında şəhər çatdılar. Sonra oğlanın xəbərini gətirən müəmmalı adamın arxasınca düşdülər. Şəhər sakinləri onları ağ, sarı kastyumda görəndə elə bildilər ki, Sirkdə yeni tamaşaya hazırlıq işləri gedir. “28 May” metrosyansiyası civarındakı masaj salonlarından birinin qarşısında dayandılar. Burda bədənlərindən cansız gül qoxusu gələn tənha qadınlar yaşayırdı. Kişilərin sinəsi zıppazıp qalxıb yenirdi. Sinələrindəki xal ürək şəklinə dönmüşdü və elə bil xalın içindəki köpüklü ehtiras pıkka-pık qaynayıb bütün bədənlərinə sinirdi.
Oğlanın xəbərini gətirən kişi içəri keçdi. Onu iri sinəli bir qadın qarşıladı. Kişilər həyatlarında bu nəhənglikdə sinə görməmişdilər.
– Bu gün istirahət günüdür. Sabah gəlin.
Qadın bu cür dedi. Kişilər elə bildilər ki, səs onun döşlərindən gəlir.
Gecəni Zabitlər bağında keçirdilər. Səhərəcən siqareti siqaretin oduna yandırdılar. Səməd Vurğun küçəsindən günəşin gümüş qazan kimi parlatdığı dənizin üzü göründü. Yaxındakı Təzə bazara girib yaxşı bir kafe tapdılar. Nəyi var vurdular həmin kafedə. Araq bədənlərindəki alovu çıss eləyib söndürdü. Ancaq özləri də bilmədən daha böyük, ehtiraslı, çoşqun bir alova ayaq yeri qoydu. Adamların heyrətlə baxdığı kişilər axşamacan içdilər. Oğlanı düşündülər. O düşüncənin qabağında balacalaşıb, elə bil, cırtdan oldular. Bu balaca-balaca bədənləri yığıb birləşdirsən də, yenə bir adamlıq olmazdılar. Araq oğlanın üzünü kişilərin gözündə daha da böyütdü, işığa qərq elədi və yalnız bu zaman anladılar ki, illərdir ağıllarından çıxmayan o işinin ustası oğlan əslində necə gözəl, təmiz və munisdir. Oğlan kişilərin gözündə peyğambər nuruna boyanmışdı. Allahın ətəyindən zər tökülmüşdü çiyinlərinə. Bir müqəddəs olub çıxmışdı ürəklərinin başına.
– Cinayət anından danış.
Təxminən bir saat iyirmi beş dəqiqə on dörd saniyə sonra oğlanı küçənin ortasında zorlayacaqdılar. Burnunun kölgəsi üzündə titrəyən və bədəni gömgöy olan oğlan son nəfəsində hər şeyi yenidən, yenidən xatırlayacaqdı. Xatırladıqca dilindən yalnız həmin zümzümənin sədası, birdə o anlaşılmaz, müəmmalı cümlə oxunacaqdı. “Sizə gözün görmədiyi, qulağın eşitmədiyi, əlin toxuna bilmədiyi və insan ürəyinə sığmayan bir şey verəcəm”. İndilərdə yaşlanıb əldən düşmüş, gözləri çuxurlaşmış və üzündə dörd künc qırışlar yaranmış adamlardan biri mənə demişdi:
– Qollarını ikiyə açmışdı. Burnundan açılan qan onu öpən dodaqlara sürtünüb bütün bədəninə yayılmışdı. Öldüyünü sinəsindəki xalın soyumağından hiss elədik. Və tələm-tələsik ordan uzaqlaşdıq.
– Sən çıx bayırda gözlə. O biri şahidi çağır…