Alaağız həvəslə Yasəməni dövrəyə alır, toruna milçək düşən hörümçək kimi ətrafında var-gəl edirdi. Onun həşərat davranışı Yasəməni əyləndirir, başını gicəlləndirirdi. Qız bu həngamədən, açıq havadakı sirk nömrəsindən əsla yorulmadan:
– Bir də, bir də, – deyə təkrar edirdi.
Qısa, ağ tüklərində qara-qəhvəyi ləkələr olan qamətli köpəyin hər hərəkəti, sıçrayışı, ayaqlarının nizamlı yerdəyişməsi onun qüsursuz əzələlərinin nümayişinə səbəb olurdu. Uzun, qırmızı dili bir dəqiqə belə ağzında hərəkətsiz qalmır, qanlı gözlərindən od, nəşə yağırdı. Dik qulaqlar, uzunsov burun, bəyaz muncuqların arasından buynuz kimi uzanan didici dişlər, ayaqların müşaiyəti ilə ləngər vuran həşəmətli quyruq, enli sinə böyük nəhəng qurğunun ayrı-ayrı hissələri, detalları kimi görünürdü. Bu qurğu sağlamlıq və vəfa rəmziydi. Həssaslıqla, tez-tez insaniləşən heyvani rəftarla, şad etmək, razı salmaq keyfiyyətlərilə proqramlaşdırılmışdı.
Evdən xeyli uzaqlaşmışdılar. Daş hasarların izlədiyi dar, boğanaq məhəllədən aralanıb genişliyə çıxmışdılar. Bura dərin dərənin açıldığı düzənliyi xatırladırdı. Bu düzənlik çınqıllıqdan, qurşağacan əhənglənmiş, ətrafında qıvraq çay daşlarından bəzəklər vurulmuş seyrək şam ağaclarından, kiçik xiyabanı xatırladan kol və çiçəklərlə örtülü səthdən ibarət idi.
Yasəmən kölgədə, taxtaları çopurlamış, çürümüş oturacaqda oturdu. Rəngi birdən avazıdı, gözlərinə qüssə qondu. Şadlığı, həvəsi bədəndən ayrılan ruh kimi qeybə çəkildi. Alaağız onun ayaqları altına uzanıb gözlərini döydü.
12 yaşlı arıq, qarayanız qız ağır xəstəydi. Həkimlər ömrünün sonuna 3, 6 ay kimi nisbi vaxt qoymuşdular. “Bu xəstəlik ağac qurdu kimidir – olacağı yerdən məmnundur, əsla ordan ayrılmaq istəmir”. – Həkimlərdən biri belə demişdi. Başqa bir həkim Yasəmənin xəstəliyini hər şeyi sora, şirəsini çəkən zəliyə bənzətmişdi. Bəli, zavallı qızcığaz sıxılmış nar kimiydi. Günü-gündən balacalaşırdı, sanki ölümə çathaçatda əriyib yox olacaqdı. Quru dodaqları, qırışıq qonur dirsəkləri, ovuc içi boyda alnı onun görünüşünə əlavə xəstəhallıq qatırdı. Hərdən gözlərində “zaman dayansın” əmri, bəlkə də xahişi, yalvarışı peyda olur, sonra bu ifadə naəlaclıqla, təslimçiliklə əvəzlənirdi. Yasəmən keçən hər günün heç bitməməsi, isti, canlı günortanın sərin, darıxdırıcı axşam mehiylə əvəzlənməməsi üçün hər şeyini qurban verərdi.
Yasəmənlə Alaağız evə qayıdanda günortadan xeyli keçmişdi. Onları Yasəmənin atası Fərhad, anası Vəsilə qarşıladı. Ata və ana köpəyə dişlərinin dibindən çıxanı dedilər. Hədələr, qarğışlar, ittihamlar qaynar su kimi Alaağızın üz-gözünü yandırdı. Alaağız süləngilikdə, Yasəmən ona baş qoşmaqda günahlandırıldı. Fərhad qalın bığını gəmirib köpəyə göz ağartdı, şəhadət barmağını havada yellətdi. Tükləri tökülmüş başını sağa-sola döndərib üstünə çəmkirdi. Vəsilə Yasəmənin qolundan tutub dincəlməli olduğunu dedi. Pilləkənləri qalxanda arxaya dönüb pıçıltıyla “qudurğan” deyib gözucu Alaağıza baxdı. Yoğun gövdəsini əvvəlki vəziyyətə qaytarıb qızıyla içəri girdi.
Növbəti gün qızla köpək ehtişamlı qaya kimi evə yaraşmayan balaca həyətdə vaxt keçirirdilər. Həyətdə bir neçə saxsı dibçək, içi boş boya qabları vardı. Evin irəli doğru uzanan şüşəbəndinin altına dəyirmi masa, ətrafına taburetlər qoyulmuşdu. Hasarın dibinə iki qapı, naxışlarla işlənmiş pəncərə çərçivələri, rəngləri tozdan zorla seçilən nazik şüşə dəstləri söykənmişdi. Həyətin hər tərəfində əzilmiş, tapdanmış, cırılmış vizit kartları görmək olardı. Bütün bunlar Fərhadın işiylə bağlıydı. O, sexini tərifləməyi, orada düzəldilmiş əl işlərini, özünün təbirincə desək, sənətkarlıq nümunələrini qonum-qonşuya, tanış-bilişə göstərməyi, uzun-uzadı zəhmətdən, fərasətdən danışmağı sevirdi. Vəsilə ərinin vizit kartlarını həzz və lovğalıq dolu canfəşanlıqla paylayır, ərini tərifləməklə, qonşulara yaxşı dolanışıq sahibi olmaqla bağlı moizələr oxumaqla gün keçirirdi.
Ərlə arvad xəstəxanaları dolaşıb, həkimlərə pul töküb bunun müqabilində iynə ucu boyda ümid, başqatan təsəlli qazanmışdılar. Artıq bezərək bu dəhşətli xəstəlikdən , ölüm-qalım yarışından həkimləri, baxıcıları, təsəlliverənlərı çıxarmaq qərarına gəlmişdilər. Hər şeyi Tanrının iradəsi müəyyən etməli idi.
– Mən səni hər şeydən, hamıdan çox istəyirəm.
Yasəmən Alaağıza bu sözləri ünvanlayanda başını qaldırıb şüşəbəndi dilən anasının kölgəyə bənzəyən siluetinə baxdı, sonra atasının az əvvəl çıxdığı darvazaya boylandı. Sarsılmaz və əminlik dolu səslə:
– Hə, hə, hamıdan çox, – deyə başını arıq dizlərinin üstə qoyduğu Alaağızın qulağına pıçıldadı. Alaağız da öz növbəsində başını qaldırıb hürməklə, qızın əllərini yalamaqla cavab verdi.
Onlar bir-birini şənləndirdilər, öz tamaşalarından xoşhallanıb qol-qanad açdılar. Birdən Yasəmənin ağlına hardansa yaxın keçmiş gəldi. Qəribə şeylər düşündü. “Kaş 8 yaşımda olardı. Alaağızla ilk tanışlığı yaşında. Atası ona küçüyü qucağına almağa icazə vermişdi. Anası deyinmiş, bütün itlərdə birə olduğunu demişdi. Yasəmən birənin nə cür şey olduğunu soruşduqda anası “uçan qarışqalar, adamın canına od salırlar” deyib Yasəmənin qucağındakı küçüyü dümsükləmişdi. Bu cavab Fərhadı güldürmüşdü. Yasəmən “uçan qarışqalar” deyib anasını yamsılamışdı. Vəsilə özünü saxlaya bilməyib gülmüşdü. Bu onların üçlükdə son gülüşləri olmuşdu. Hər halda, Yasəmən belə xatırlayırdı.
– Bilirəm, tezlikə öləcəm. Ən çox sənin üçün darıxacam, sənin üçün…
Yasəmən həsrətlə sevimli dostuna baxdı. Kədər içini yedi, boğazına ağrı çökdü. Ovqatını təlx edən nə varsa xəstəliyə qoşulub, əməkdaşlıq edib balaca bədənini didib-dağıdırdı.
Alaağızd dinməzcə Yasəməni süzür, baş verəcək dəhşəti duyubmuş kimi qulaqlarını şəkləyirdi. Havadakı faciə qoxusunu imsiləyib key kimi donub qalırdı. Həmin vaxt onun üzü kədərin, çarəsizliyin mücəssiməsinə dönürdü. Başını qaldıraraq ulamağa bənzər səs çıxarmağı bəlkə də onun bu kiçik qızın, ali varlığın sağalması üçün edilən duaydı.
Bir gecə Yasəmən yataqda sayaqlayırdı. Atası həkim çağırmışdı. Anası həkimin qızın qoltuğuna qoyduğu termometri tezliklə çıxarıb hərarətin dərəcəsini elan etməsi üçün səbrsizlənirdi. Yasəmən qapqara yanmışdı. Solğun gözləri tavanda eşələnirdi.
– 5 dəqiqə keçdi, yəqin baxmaq olar. – vəsilə səbrini basa bilməyib dilləndi.
– Bəli, – həkim gözlərini Yasəməndən ayırmadan cavab verdi.
Termometr əl dəyişdi. Onlar cihazı bir-birilərinə ötürüb 39,5 rəqəmini əyani şəkildə gördülər. Həkimin soyuqqanlılığı və təmkini dəyişmədi. Vəsilə “başıma xeyir… Can bala” deyib ah çəkdi. Fərhad tüksüz başını qaşıyıb susdu.
Yasəmən biraz özünə gələn kimi həkimi yola saldılar. Fərhad cibinə pul basdı, Vəsilə ərinin vizit kartını ovcuna qoydu. Həkim gedəndən sonra ərlə arvad ikilikdə təəssüf dəryasına qərq oldular.
Yasəmən səhəri gün də yataqdaydı. Zarıyır, Alaağızı görmək istəyirdi. Anası başını bulayıb:
– Olmaz, dincəlməlisən. – dedi.
Fərhad həyətdə üzü pəncərəyə dayanıb hürən itə təpindi. Alaağız özünü masanın altına verib pəncəsiylə döşəməni didişdirdi.
Nəhayət, Yasəmənin israrına dözməyib Alaağızı yanına buraxdılar. Yasəmən Alaağızın başını qucaqladı, boynuna sığal çəkdi. Sevimli köpəyi onun nəzərində uzaq diyardan gələn və bütün xəstəliklərin bilicisi olan təbib kimiydi.
Yasəmən yataqdan qalxdı. Onlar birlikdə əyləndilər, kədərləndilər.
Yasəmən xeyli yaxşılaşmış, bənizinə qan gəlmişdi. Dodaqları sulanmış, düşmüş çiyinləri canlanmışdı.
Qızlarının bu halı ərlə arvadı sevindirdi. Yasəmənin yaşayacağıyla bağlı ümid işartıları böyüyüb gözqamaşdıran oldu.
Son günlər Alaağız özünü qəribə aparırdı. Yorğundu, taqətsizdi. Hansısa qüvvə onun sağlamlığını da, məğrurluğunu da zədələmişdi. Ağappaq tüklərindəki sadiqlik və inam xəritəsinə oxşayan qəhvəyi-qara ləkələr eybəcərləşmişdi. Qızın ayaqları altda şonquyub nəzərlərini üzərində gəzdirirdi. Alaağız böyük öhdəliyi qanı, canı bahasına da olsa üzərinə götürmüş, möcüzə yarada bilmiş, bütün varlığından və hətta olmayanlarından məhrum olmuş yarımdirini xatırladırdı.
Vaxt keçir, Yasəmən gümrahlaşır, Alaağızsa əldən düşürdü.
Fərhad yeganə övladlarının həyata qayıtması münasibətilə silsilə qonaqlıqlar verirdi. Vəsilə qonaqlara ərini tərifləyir, dərd-sərdən uzaq olmağın yolu haqqında mühazirə oxuyurdu.
Yasəmən dostundan ayrılmır, dualarını onun yolunda səfərbər edirdi. Alaağız qızın açıq dizlərini, biləklərini yalayırdı. Bunu elə yanğıyla edirdi ki, sanki bu daddan özünə əbədi xatirə tədarükü yığırdı.
Alaağız öldü. Bir səhər oyandılar ki, Yasəmənin altına sərdiyi nimdaş donun üstündə canını tapşırıb. Yasəmən onun cansız bədənini son dəfə qucaqlamaq istəsə də, anası buna mane oldu.
Yasəmən xəstəlikdən tamam xilas olsa da, yaşamaq eşqi, ehtirası dəyişmişdi. Təkcə o, onu xilas edən qüvvənin – həqiq sevginin nə demək olduğunu anlaya bilmişdi. Onu yalnız təmiz hisslər dəyişə, yaşada, güldürə bilərdi.