Sim-sim.az Orxan İsmayılın “Korona Nərgiz” hekayəsini təqdim edir.
Bakının ən iri konsert zalının yanıb-sönən, titrək işıqların sayrışdığı hündür səhnəsindən aşağıda qaralan insan dənizinə fərəhlə tamaşa edən Nərgizin nəm, qara gözləri sevinc işartılarıyla yanırdı. O, ehtirasdan azğınlaşmış kütlənin alqış və sevgi ifadə edən harayı, qara kostyumlu mühafizəçilərin müşaiyəti altında arzularının məbədinə qalxmışdı ; artıq vaxt idi: izdihamın doyub-dolanmaq bilməyən yanğısını öz ifalarıyla söndürməli, dəniz fırtınasını xatırladan təlatümünə performansıyla yön verməliydi. Əndamlarına kip yapışan paltarlar geymiş cavan qızlar ombalarını yırğalaya-yırğalaya atılıb-düşür, divanə oğlanlar gəncliyin qatı həyatsevərliyi və coşğunluğu ilə əllərini irəli uzadaraq pop ulduzuna – böyük nüfuz və cazibə qüvvəsinə malik olan gənc qıza zahiri ehtiram nümayiş etdirirdilər.
Zalın cırıltı və tıqqıltıyla bağlanan şəbəkəli, naxışlı dörd qapısının hərəsinin önündə iki iribədənli, irisümüklü mühafizəçi ayaqlarını aralı tutub, əllərini arxasında çarpazlayaraq dayanmışdı. Səhnənin bir küncündəki söykənəcəyi güllərlə bəzədilmiş yelləncəkli stul, üçbucaq formasında qoyulmuş, rəngləri, işıq zərrəciklərini dumanlı əks etdirən tutqun güzgülər, günəşin qızılı halqasını xatırladan çilçıraqlar hansısa kor-koranəlik nəticəsində deyil, xüsusi məntiqlə yerbəyer edilmişdi. Sivriuclu saqqalı olan akkardyonçu, qızılı saçlı,sürməyi yubkalı iki bek-vokalçı, incə belli, mütənasib əndamlı rəqqasələr, skripkaçalanlar, balabançılar, parıltılı, yastı, dəyirmi, uzunsov alətli musiqiçilər – hər kəs hazır idi. Nəhayət, Nərgiz də hərəkətə gələrək sərasər üç addım atdı. Səhnənin tən ortasındakı uzun ştativə bərkidilmiş mikrofonu yuvasından çıxarıb vərdişi üzrə saçlarını iftixarla çiyninin üstünə aşıraraq incə büküşlü al dodaqlarından çıxan qətiyyətli, ifadəli səslə “Hə, hazırıqmı?” – deyib sol əlini qulağına apardı. Salondan qışqırıq, uğultu qopdu. Musiqi səslənən kimi çılğın və qızışqan fanatlar ikibir, üçbir rəqsə girişdilər. Nərgiz sağ əlini dimdik havaya qaldırdı, topuqlu ayaqqabılı ayaqlarını döşəməyə vuraraq tempi tutmağa başladı. Dərhal qolsuz, yaxalıqsız çəhrayı paltarlı rəqqasələr onu dövrəyə aldı. Cəld yerişlərlə, yüngül sıçrayışlarla sürətlə dəyişən, hərdən isə təkrarlanan pozalarda dayandılar. Onların sinxronluq yaradan qıvraq hərəkətləri vəhşi ehtirası təcəssüm etdirirdi.
Birdən-birə musiqinin ahəngi dəyişdi, uzun, cingiltili bir səsə çevrildi. Saatın zəhlətökən zəngi sükunəti alçaqcasına pozaraq, ədəbsizcəsinə saymazyanalıq göstərərək, qəfləti haray-həşiriylə göz qapaqları zorla aralanan Nərgizi gerçəkliyin qaçılmazlığından ayırıb əlyetməz bir uzaqlığa – mənəvi və ruhi ləzzət aldığı aləmə götürən sehrli yuxudan oyatmışdı və onun bu yaramaz əşyanın başına tutarlı bir yumruq ilişdirmək haqqı heç də az deyildi. – belə də etdi. Saatdan zingiltiyə bənzər qısa, boğuq bir səs qopdu, sanki öz nəzakətsizliyinə bəraət qazandırmaq istədi.
Nərgiz qəzəb və məyusluqdan qıpqırmızı qızardı, dilinin ucunda nəsə mızıldandı. Dirsəyi ilə saata toxunanda yüngülcə diksindi də. Şüuru bir müddət beynindəki qəribə fikirlərlə çəkişdi. Mücərrəd və çoxhədəfli bir qəzəb öz iti caynaqlarıyla onun varlığına nüfuz edirdi; bu qəzəbin cəngindən, qatmaqarışıq fikirlərin girdabından onu çəkib ayıra biləcək tək şey vardı – hər zaman karına gələn, ona mənəvi və emosional fayda verən həvəsi: özünə qulluq. Əsnəyib yorğanı üstündən götürdü. Yun gecə şalvarını yataqdan salladığı uzun ayaqlarından aşağı sürüşdürüb çıxararaq qısa, əyninə daram oturan tumanda lətif bir ədayla siyirməli şkafın üzərindəki böyük güzgünün önünə keçdi. Qızılı-qəhvəyi uzun saçları, incə burnu, balaca ağzı, qara gözləri olan qız gözəlliyinin güzgüdəki sevimli əksinə fərəhlə baxaraq təsirlənməli idi, lakin çılpaqlığına çox uzun-uzadı baxmaq ona görə deyildi. Bezirdi. Yorulurdu.
İlıq bir duş aldı. Yuxarıdan tökülən su şırnağı ağ, uzun boynundan, dolğun çiyinlərindən, nadir istixana meyvəsi kimi gözəgəlimli və girdə döşlərindən, qıvraq, dolğun yançaqlarından süzülüb kafel döşəməyə çırpılırdı.
Sonrakı proses Nərgizin vəcdə gətirmək, xoş təsir bağışlamaq anlayışına olan sədaqətinə və gözəllik haqda təsəvvürlərinə uyğun şəkildə davam etdi. Şəffaf-ağımtıl dərisinə krem sürtdü, uzun kirpiklərinə tuş çəkdi, sıx cərgəli saçlarına fenlə forma verdi. Geyimlə bağlı bir müddət qərarsız qaldı. Mənzilin alçaq, qəhvəyi tavanlı, qalın divarlı dağınıq yataq otağının dərinliyində paltar dəstlərini bir-bir geyinib-soyundu. Kaşemir şalvarla mavi, büzməli, mütənasib yaxalıqlı köynək? Yox, bu, doğru seçim deyil. Uzun, zərif corab, qısa ətək və ağ, nazik köynək? Yox, yox, o ki bank əməkdaşı deyil. Dar, ətəyapışan cins şalvar, tünd rəngli iplik qaytanla haşiyələnmiş, qara milləri olan sarı köynək və zövqlə tikilmiş qısa kətan pencək? Hə, hə! Köynəyini şalvarının içinə saldı ki, yanbızları daha qabarıq görünsün.
Şabalıdı altlıqlı darçını, uzunboğaz çəkmələrlə dəhlizlərin dövrələdiyi binanın daş pilləkənləri üzərində tıqqıltı sala-sala küçəyə çıxdı. Hələ evdəykən telefonundakı tətbiqlə çağırdığı sarı taksiyə minən kimi Şəhriyara mesaj yazdı. Şərtləşdikləri kimi saat on birdə studiyada olacaqdı. Şəhriyarın cavabı gecikmədi: “Əzizim, hər şey hazırdır, təkcə sən əskiksən”.
“28 May” metrostansiyasının yaşıl şüşəli divarları olan iri binasının qarşısında taksidən endi. Səsyazma studiyası on altı mərtəbəli plazanın dördüncü mərtəbəsindəydi. İri gövdəli, boz gözlü yaşlı sürücü aşağı sallanmış kürən bığının altında donquldanaraq plazanın önündən keçən yolda tıxac olduğunu bildirmişdi, bu halda qalan məsafəni dolama yolla ayaqla getmək daha əlverişli görünürdü. Nərgiz saçlarını çiyninin üstünə aşıraraq şəstlə və tələsmədən addımlamağa başladı.
***
Uzun, qırmızı “BakuBus”ların arxa-arxaya düzüldüyü, maşınların seyrəlib-sıxlaşdığı döngəli yolda təkərlər vəhşi səslə ciyildəyirdi. Rəhmsizcəsinə uğuldayan motorların boğuq səsi, ensiz ixrac borularından çıxan ağ-göyümsov, qara tüstü ətrafa yayılırdı. Yolun o üzündə ucalan Dövlət Neft və Sənaye Universitetinin sarımtıl binasının geniş çərçivəli pəncərə şüşələrinin səthinə xəfif, şəffaf duman çökmüşdü. Bir neçə pəncərədən solğun işıq süzülürdü.
Bakıda, bu küləkli və fərəhsiz şəhərdə dəyişkən yaz havası hökm sürürdü. Çoxmərtəbəli binaların ucları şəhərin sinəsinə çökən tutqun dumanda görünməz olurdu. Tez-tez yağan soyuq, vahiməli yağış yollarda keçilməz,lehməli gölməçələr əmələ gətirirdi.
Metronun çıxışından bir-birinə sürtünə-sürtünə uzun taqımlarla sivişən gövdələr, dalğalanan başlar müxtəlif istiqamətlərə səmt alırdılar: ağzolaqlı piyada keçidini adlayıb “28 Mall”ın barelyeflərlə bəzədilmiş işıqlı vestibülündən içəri dürtülən saçları boyanmış, qədd-qamətli qızlar da vardı, gurultulu, ciyiltili səslərin başağrıdan əks-sədasını taxdığı qulaqlıqlardakı musiqilərin həlim, qulağayatan və ahəngdar ritmi ilə unutduran oğlanlar da.
Tindəki dönərxananın qənşərində növbə tutanlar asta hərəkətlərlə vurnuxurdu. Dilənçilərin sədəqə diləyən nəğməsi ara-sıra işə yarayır, ötüb-keçən bəzi şəhər sakinlərinə ovsunlayıcı təsir göstərirdi. Sərvaxt parkovşiklər yolun hər iki tərəfində əyri-üyrü park edilmiş avtomobillərin sahiblərindən aldığı qəpiklərə köntöycəsinə baxıb ciblərinə qoyurdu. Yaşıl iş paltarında bir-birinə iki damcı su kimi oxşayan qadınlar uzun saplı süpürgələrlə toz qaldıra-qaldıra yol kənarlarını süpürürdü.
Kələ-kötür daşlar döşənmiş səkidə qarabaş, qarapaltarlı kişilər itələşə-itələşə qabağa – dördkünc, yonulmuş taxtadan olan piştaxtaya doğru dartınırdılar. Onların manatlıq, ikimanatlıq lotereya biletlərindən böyük pullar qazanmaq arzusu hər xırda uduşa görə sevinib ruhlanan, özünü və cibindəkiləri bütövlükdə bu ayaqüstü şans oyununa həsr edən xəstə həvəskarları gördükdə daha da artırdı. İzdiham seyrəlmir, ondan qopan uğultu bir dəqiqə belə səngimirdi. Əyilmiş donuq sifətlər, hiddət və həqarət ifadə edən ah-vaylar, qəzəbdən əsən əllər, gəmirilən dodaqlar, niftət dolu bərəlmiş gözlər təbəssümün nura boyadığı çöhrələrlə, şən və hərarətli səslərlə qarşılaşdırılmayacaq dərəcədə çox idi.
Balacaboy, yoğun kişi arxasını gurlayan kütləyə çevirib sağ əlinin baş və şəhadət barmaqları arasında tutduğu metal beşqəpikliklə sol əlindəki biletin bürünc rəngli örtüyü olan xüsusi xanasının üzərini pozaraq onu gözlərinə bir qədər də yaxınlaşdırıb qızılı sütunlardakı müxtəlif məbləğləri ifadə edən ədədlərlə tutuşdurdu. Heç nə qazana bilmədiyini anlayıb qəmli-qəmli köks ötürdü.
Solğun, bozsifət gənc çevik hərəkətlə izdihamın içindən çıxaraq aldığı bileti yoxlamağa başladı. Elə ilk cəhdindəncə razı qaldı. Məmnun-məmnun gülümsünüb bir qədər də yana –mobil aksessuarlar mağazasının ağımsov mərmərdən olan pilləkəninə tərəf çəkildi. Pilləkənin dəmir məhəccərinə dirsəklənib xəyala daldı. O, vacib qərar verməyə, ciddi seçim etməyə məcbur olan adamlar kimi öz içində vurnuxur, elə indicə baş verənləri hafizəsində götür-qoy edirdi. Nəhayət, bozsifət gənc dikəlib cilovlanmaz bir ehtirasla özünü izdihama pərçimlədi.
***
Nərgiz plazanın revolver qapısından içəri girib tunc qapılı liftlə yuxarı qalxdı. İşıqlı, səsli-küylü otağa daxil olan kimi hündür arxalıqlı oturacaqda qıçını qıçının üstünə aşıraraq oturan Şəhriyarı gördü. Alıcı gözləri qıza sancılan kişini təsvirəgəlməz bir heyrət bürüdü və tez dikəlib onu özünəməxsus bir ədayla qollarının arasına alaraq sinədən çıxan səsiylə:
- Oh! Gözəlim, möhtəşəm görünürsən! – deyib zəfəran qırmızı rəngli, ətirli yanaqlarını öpdü.
Qız ağızucu təşəkkür edib süni nəzakətə onu özündən araladı. O, gicgahında və alnında kim bilir hansısa macəraların iz qoyduğu çapıqlar olan arıq, solğun çöhrəli, seyrək, itmil saqqallı, zövqsüz tikilmiş ədabaz geyimli bu kişini çoxdan tanısa da, onu sevə, xarakterinin xırdalıqlarına vararaq müsbət cəhətlərini üzə çıxara bilməmişdi. Axı bu danışqan, şöhrətpərəst və lovğa insanı necə sevmək olardı? Onun hərəkətlərindəki məlum ədalar, dözülməz özündənrazılığı bütün səmimi və rəğbət oyadan cəhətlərini kölgədə qoymurdumu? Belə kişilər öz kişilik cazibələriylə həddən-ziyadə qürrələnərək hər bəyəndikləri qadını özlərinə tabe etmək, doğru yoldan sapdırmaq həvəsində olurlar. Heç də təsadüf deyildi ki, Şəhriyardan iki dəfə evlilik təklifi almışdı və bu gözlənilməz, naqolay təkliflərə lal bir üzrxahlıqla mənfi cavab vermişdi. Nərgiz ömür-gün yoldaşı seçimində başqa nöqteyi-nəzərin tərəfdarı idi. Bu izdivacın hər ikisinə məyusluq gətirəcəyinə şəkk-şübhəsi yoxuydu.
- Həyatım, əla bir mahnıyla səni məşhur edəcəyik. – Şəhriyar gəlişigözəl sözlərlə danışırdı – Bu mahı dillər əzbəri olacaq. Hə, hə! Bəxtin yaman gətirib.
Zahirən inandırıcı təsir bağışlayan bu sözləri eşidən Nərgiz məmnun bir görkəm aldı. Şəhriyar gözlərini parıldadaraq təntənəli ahənglə nitqinə davam etdi:
- İndi birlikdə mahnını dinləyəcəyik. Sözlərə fikir verəcəksən və sonra səni içəriyə alıb oxutduracağıq. Hə-ə, hər kəs hazırdırmı?
Studiyanın əməkdaşları şən və şaqraq səslə “Hazırıq” – dedi. Şəhriyar aparatın düyməsini basdı, mahnı səsləndi.
“Hərarətin bədənimi isitsin
Gözüm qaynar gözlərinə sataşsın
Öskürəndə üzünü yan eyləmə
Qorxma, təki səndən mənə bulaşsın –
Korona, korona, korona”.
Mahnının nəqarəti beləydi, studiyadakılar ağız-ağıza verərək onu təkrarlayırdılar. Bu sözlər ikrah oyadan təmas kimi Nərgizin canına üşütmə saldı. Bəli, o, məşhur pop ulduzu olmaq istəyirdi, istəyirdi ki, milyonlarla pərəstişkarı olsun. Bəs koronavirus epidemiyasının dünyanın üzərində xəyalət kimi ucaldığı bir vaxtda belə mahnıyla məşhurlaşmaq şərin səcdəgahına xidmət etmək olmazdımı? Gənc qız öz xəyallarını həqiqətə çevirmək üçün çırpınırdı və bu mahnı onun şöhrətini ərşi-əlaya qaldıra bilərdi. Şəhriyar mahnının sözlərini elə seçmişdi ki, sanki insanlar bu virusdan ürkməməli, cəsarətləriylə onu dalana dirəməli və ərköyüncəsinə inadkarlıq edərək yoluxanlarla ünsiyyətlərini və təmaslarınıı kəsməməlidirlər.
Nərgiz üçüncü təkrardan sonra artıq mahnını əzbərləmişdi. Şüşə arakəsməli otağa daxil olub oxumağa başladı. Aparat onun səsini qeydə alırdı. Şəhriyar və studiyanın digər əməkdaşları şüşənin arxasından ona etimadla və xoşbəxt nəzərlərlə baxırdılar. İçəridən çıxanda hamı bir ağızdan ifanın möhtəşəm olduğunu söylədi. Şəhriyar qalın səsinə uyuşmayan incə bir həssaslıqla qızın şəninə gözəl sözləri ard-arda yağdırdı. Nərgiz də fərəhli və qayğısız əhval-ruhiyyədəydi.
Studiyadan çıxanda günortadan keçmişdi, seyrək, iri damcılarla yağış yağırdı. Plazanın qarşısındakı boş taksiyə əyləşdi. Dombagöz, qalınqaş sürücü radioda xəbərlər proqramına qulaq asırdı.
- Bacı, görəsən bu merət bizə də gəlib çatacaq? Deyirlər Çin xoşu gəlməyən ölkələrə göndərir. Bizlə bir dərdi yoxdur, amma yenə də… – sürücü ön güzgüdən qızı marıtlasa da, ondan cavab gəlmədi. Söhbəti şən və xoş mövzuya yönləndirmək cəhdləri də bir nəticə vermədi.
Ortalığa çökən sükut uzun sürdü. Maşın darısqal, əyri-üyrü küçələrdən keçir, yol boyunca uzanan işıq dirəkləri bir-bir arxada qalırdı. Nərgiz ürəyində yeni mahnısının sözlərini təkrarlayırdı: “Qorxma, təki səndən mənə bulaşsın – korona, korona, korona”.
Pəncərələri qalın pərdələrlə örtülmüş dar və mebelli mənzilindəki axşam yeməyində bir fal qara çörək və az mayonezli, yüngül salatla kifayətləndi. Kiçik qurtumlarla çayını içdi. Televizorla qabaq-qənşər qoyulmuş oyma dəstəkli tumac kresloya yayxanıb kanalları bir-bir dəyişməyə başladı. Enli çiyni, kvadrat formalı çənə sümüyü olan kişinin səsinin hökmlü və nüfuzedici ahənginə biixtiyar qulaq verdi. İxtisasca infeksionist olan bu şəxs Səhiyyə Nazirliyinin rəsmisi idi və o, təmsil etdiyi qurumun adından danışırdı: “Dövlətimiz koronavirusla bağlı bütün mübarizə tədbirlərini planlaşdırıb, mövcud vəziyyət hərtərəfli dəyərləndirilib. Bilməlisiniz ki, bəzi sadə qaydalara riayət etməməyiniz vəziyyəti müstəsna dərəcədə ağırlaşdıracaq. Necə ki… Iııı… xaricdən ölkəmizə gələnlər iki həftə müddətində karantində saxlanılacaqlar…”
Nərgiz öyrəndi ki, artıq Avropadan gələn bir nəfərdə koronavirus testinin nəticəsi müsbət çıxıb və bu, ölkədə ilk yoluxma faktı kimi qeydə alınıb. “Əgər Çinin balaca bir şəhərində bu ölümcül virusa ilk yoluxan zavallıların bütün hüquqları əlindən alınsaydı, insani olan hər şeydən məhrum edilərək kimsəsiz ərazidəki rütubətli zirzəmi həyatına məhkum edilsəydilər, hər şey fərqli ola bilərdi. Buna nə ad qoyardılar qoysunlar; uzaqbaşı deyəcəkdilər ki, bütün bəşəriyyətin xilası, firəvanlığın fəlakətlə əvəzlənməməsi üçün beş-on yoluxucu xəstəlik daşıyıcısı çinliylə qeyri-insani rəftar edilib, başqa sözlə, onlar köməksiz-filansız qoyularaq dəhşətli çarəsizlik hissi və labüd ölümlə üz-üzə buraxılıblar. Ədalət və sabitlik vəhşi üsulla bərqərar olunub. Bununla da hər şey bitəcəkdi. Əvəzində insanlar nə etdilər? Yoluxmuş xəstəni müalicəyə aldılar. Guya iki həftəyə sağaldıb buraxdılar yoluxmayanların arasına. Beləcə, virus xəstədən həkimə keçdi, şəhərdən kəndə yayıldı, ölkəbəölkə dolaşdı. İndi isə hər kəs – etiraf etsələr də, etməsələr də – çarəsiz ümidsizlik və nigaranlıq içindədir. Qırmızıburun məmurların nikbinlik aşılayan vədlərdən ibarət mətnləri əzbərləyib camaatın önünə çıxmasıyla, sadədil bir əminliklə danışmalarıyla bir şey dəyişməyəcək. Ümid Allahadır – bu müşküldən təkcə o baş çıxara bilər…” Telefonun zəngi Nərgizin başındakı dumanlı fikirləri dağıtdı. Şəhriyar heyrətamiz ilham və şövqlə danışırdı: “Narka! Narka! Narka! Sənə şanslı olduğunu demişdimmi? Hə? Gözün aydın, axır ki, koronavirus Azərbaycana gəldi! Bununla da sənin mahnın partlayış yaradacaq”.
Koronavirusun Şəhriyarı cəlb edən bütün tərəfləri Nərgizdən ötrü nifrətamiz idi. Ona görə könülsüz, ağızucu cavablarla söhbəti tez yekunlaşdırdı və onun məşhurlaşmaqla bağlı əvvəlki mülahizələrini ən xırda detallarınacan təkrarlamasına imkan vermədi.
***
Tezliklə ölkədə karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı yayılan söz-söhbətlər fəryad olub qulaqları cırmaqladı. Hətta bildirilirdi ki, həftənin müəyyən günləri evdən çölə çıxmaq qadağan olunacaq. Virusa yoluxanların ümumi sayı yüzü adlamış, xəstəlikdən ilk ölüm halları baş vermişdi. Artıq mütəxəssislərin məsələyə münasibəti nəzərəçarpacaq dərəcədə dəyişmişdi və onlar televiziya kanallarında öz fövqəladə mühüm məsləhətlərini və tələblərini sakit tərzdə ifadə etmirdilər. Qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maska taxmaq tövsiyə olunurdu. Palatalarda süni nəfəs aparatına qoşulmuş, sıxılmış dodaqlarının qanı qaçmış, iradəsi özündə olmayan ağır bədənləri sadə, monofunksional xəstəxana çarpayısına sərilmiş xəstələr nümayişkaranə şəkildə göstərilərək onlara baxanları vahimələndirirdi. Hərgah bu xəstəliyə heç vəchlə inanmaq istəməyənlərin, onun sirli və mübhəm tərəfinə rişxəndlə, etinasızlıqla yanaşanların sayı da kifayət qədər çox idi. Bir təbəqə də inanmaqmı-inanmamaqmı dilemması qarşısında qalanlardan ibarət idi – özləri-özləriylə ixtilafda olanlardan, müxtəlif çoxsaylı düşüncələri, dumanlı, alayarımçıq təsəvvürləri ümumi əsas üzərində birləşdirərək vahid nəticəyə gələ bilməyənlərdən. İnanmayanların fikirlərinin qayəsi beləydi: dünyanı idarə edənlər (Görəsən kimdir onlar?) hər gün yeni bir kələk düzəldirlər və koronavirus həngaməsi də həmin kələklərdən biridir. Başqa sözlə, bəşəriyyət heç bir real, kədərləndirici bədbəxtliyə düçar olmayıb. İnananlarsa inanmayanların məzəmmətlərinin əsassızlığını xəstəliyin əlbəəl gözə dəyən ağır nəticələri (deyirdilər, virusun insanın canına çökməsiylə onu boğaraq gözlərini hədəqəsindən çıxarması, həyatın bütün cismani ləzzətlərindən və nəhayət həyatın özündən məhrum etməsi bir olur)ilə sübut etməyə çalışırdılar.
Vəziyyətin mürəkkəbliyindən dolayı bəzi məhdudlaşdırıcı qərarlar qəbul olundu. Virusun yayılma sürəti bilavasitə nəzərə alınaraq tədricən ətraf aləmlə ünsiyyət azaldılmalıydı. Əgər insanlar əvvəllər çoxluğun, birgəliyin harmoniyasından zövq alırdılarsa, indi məcburən (cərimələnməmək naminə!)azlıqda, tənhalıqda rahatlıq (ən əsası sağlamlıq) axtarmalıydılar. Beş-on nəfərlik dəstələrlə birlikdə dolaşmaq olmazdı.
***
Nərgizin “Korona” adlı mahnısı keçən günlər ərzində bir xeyli məşhurlaşmış, trendə çevrilmişdi. Artıq arzulanan şöhrətin tutqun dəbdəbəsi olduqca yaxın görünürdü. İnsanlar onu “Korona Nərgiz” kimi tanımağa başlamışdı. Cəmiyyət tərəfindən qiymətləndirilmək hissi Nərgizin qəlbinə yeni aləm bəxş etsə də, bu cür tanınmaq, adının belə bir dəhşətli virusla qoşa səslənməsi onun ruhunu həyəcan içində qovururdu. Bəzən ağlına hakim kəsilən mövhumatçı düşüncələrin təsiri altında titrəyirdi. Sonra özünü ələ alaraq dərin bir sakitlik içində fikir dəryasına qərq olur, cari vəziyyətinə dair qənaətbəxş izahat tapmağa çalışırdı.
Şəhriyarla görüntülü danışıq zamanı da Nərgiz dolaşıq və tutqun əhval-ruhiyyədəydi. Telefonun uzunsov ekranından Şəhriyara dikilən baxışları mülayim, ancaq gərgin idi. Hətta ağzının kənarlarında kədərli qırışlar da əmələ gəlmişdi.
- Əzizim, bu nə sifətdir? Bu xəstəhallıq nədir belə? Sən artıq məşhursan! – Şəhriyar heybətli bir təntənə ilə danışırdı. – Koronadan qorxmaq hardan çıxdı… Pis fikirləri başından at. Korona yalnız miskin xilqətləri məhv edə bilər, bizim üçünsə əsl xilas yoludur. Öz yeni səadətimizi onda tapacağıq. Başını bulama! Qulaq as… bundan sonra sən Korona Nərgizsən. Bu ayama üzərinə elə möhkəm yapışıb ki, istəsən də onu qopara bilməzsən. Artıq məşhurluq həyatına qədəm qoymusan. Fişənglər başının üstündə fışıltıyla açılıb. İrəlidə pulla, əyləncəylə dolu günlər gözləyir bizi. İncə barmaqların daş-qaşlı üzüklərlə dolacaq, böyük, əzəmətli evlərdə yaşayacaqsan. Məşuqlar…
- Şəhriyar! Yetər artıq! – Nərgiz çəmkirib onun sözünü kəsdi. – Sənə nə olub?
- Mənə nə olub? Mənə heç nə olmayıb. Başını itirən sənsən. Ürküb ehtiyat etdiyin, səni hüznə, kədərə bələyən şey sənin qurtuluş mənbəyindir. Səni bir hiss qorxudur – dəhşət hissi. Lakin həqiqətdə əsl dəhşətin nə olduğunu bilmirsən.
Nərgiz qızğınlıqla danışan kişinin ekranda yaxınlaşıb-uzaqlaşan şövqlü, ifadəli sifətinə baxmaqdan yoruldu. Telefonu dolabçanın üzərinə qoyub xırda addımlarla otaqda obaş-bubaşa gəzişdi. Ovqatındakı səksəkə zərrə qədər də azalmamışdı. Kresloda şax oturan Şəhriyarsa yerindən qımıldanmırdı da.
- Mən indi ancaq sənin balaca otağının nəmdən şişmiş divar kağızını, qəhvəyi tavanını görürəm. Məşhur müğənninin evi belə olmamalıdır. O, yoxsul, yekrəng həyatla barışmamalıdır. Sən isə deyirsən ki… Sənin psixoloji vəziyyətin ən səriştəli psixoloqları belə heyrətə gətirər. Əlinə bu cür imkan düşüb, bundan istifadə etməlisən, etməsən, o kədər yuvasında gözdəndüşən və unudulan müğənni həyatı yaşamağa məhkumsan.
- Nə etməyimi istəyirsən? – otaqda vurnuxan Nərgiz soyuq bir tərzdə soruşdu.
- “Korona”ya klip çəkəcəyik.
- Yo-ox!
- Axıra kimi qulaq as.
- Dedim ki, yox!
- Bu klip mütləq çəkiləcək. – Şəhriyar səsini qaldırdı. – Bəsdir özünü öz təşvişində haqlı sandın. Klipin ideyası hazırdır, bütün səhnələri xırdalıqlarına qədər fikirləşmişəm.
Nərgiz telefonu əlinə götürüb küt və laqeyd halda ekranda üzü qızarmış, düymələri parıldayan köynəyinin yaxalığı tərdən islanmış Şəhriyara baxdı, çapıqlı alnındakı tanış ifadəni nəzərdən keçirdi. Şəhriyarın öz biliyi, təcrübəsi və ağlıyla doğru yol göstərmək istəyi o qədər güclü idi ki, istər-istəməz onunla hesablaşmalıydı. Hətta Nərgizin inamsızlığı və məyusluğu hissolunacaq dərəcədə azaldı, baxışlarındakı narahatlıq yavaş-yavaş yox oldu. Sifətindəki solğunluq və üzgünlük maraqla əvəzləndi.
- Necə bir ideya fikirləşmisən? – Ekranda nəm dodaqları parıldayan qız soruşdu.
- Xəstə bir insanı qucaqlayacaq, üzündən, gözlərindən öpəcəksən. – Şəhriyar dedi.
Şəhriyarın bu sözləri Nərgizin qulaqlarında dəlilik təzahürləri kimi səsləndi. Gözlərini şaşqın halda qırparaq:
- Axı bu nə deməkdir? – deyə soruşdu.
Şəhriyar sözlərini ağzında uzada-uzada təkrarladı.
- Paho! Mənim əcələ tərəf çapmaq fikrim yoxdur.
- Narka! İnsanlar səndən çılğınlıq və dəlilik gözləyir. Mahnının sözlərində…
- O iyrənc sözlərin hər birinin arxasında ölüm dayanıb. – Nərgiz onun sözünü kəsdi.
- Sözlər insanlara inamı və qorxmamağı aşılayır. İndi isə sən koronanın o qədər də təhlükəli olmadığını əyanilik təəssüratı yaradaraq göstərməlisən. Yoxsa onlar öz inanclarının zavallı qurbanına çevrilə bilərlər. Qorxma, o həqiqi xəstə olmayacaq. Biz onu qrimləyib xəstə görkəminə salacağıq.
Şəhriyar klipin bütün detallarını xüsusi maraq və vurğunluqla birər-birər sadaladı. Bütün bunlar Nərgizə heç bir məntiqə sığmayan dəhşətli təşəbbüs təsiri bağışlayırdı. Bu mahnını oxumaqla düzəldilməsi qeyri-mümkün olan bir naqisliyə yol vermişdi – buna əmin idi. Ancaq yaşadığı çətin və qüssəli həyat, ehtiyacın ac bir it kimi hər yerdə onu qarabaqara izləməsi, fasiləsiz uğursuzluqlara məruz qalması onu çox bezdirmişdi. Buna görə də ən qısa müddətdə pis fikirlərin doğurduğu təlaşı, ağır və indiki halda lüzumsuz görünən həyəcanı üzərindən atmalı, Şəhriyarın məşhurlaşmaqla bağlı mühakimələrinin qətiliyinə etibar etməliydi.
***
Klip çəkilişləri ərəfəsində Şəhriyar naxoşlayıb yorğan-döşəyə düşdü. Nərgiz onun telefonun ekranında gördüyü solğun görkəmindən sarsılıb qaldı. İsrarla həkim çağırmasını tələb etdi, bu cür vacib məsələlərdə həmişə səhlənkarlıq göstərdiyini dedi. Şəhriyarın qurumuş boğazından qısa gülüş qopdu. Boğuq-boğuq öskürürdü və hiss olunurdu ki, yüngül titrəməsi də var. Ölgün, sönük gözlərindən məyusluq, ümidsizlik oxunurdu. Çöhrəsinə yorğunluq həkk olunmuşdu. Buna baxmayaraq, soyuqdəyməyə tutulduğuna və iki-üç günə sağalacağına əmin idi.
Ertəsi gün Nərgiz xəbərsiz-ətərsiz Şəhriyarın şəhərin qurtaracağında yerləşən binadakı darısqal, kiçik mənzilinin qapısının önünü kəsdirdi. Taqətsiz halda qapını açan Şəhriyarı gördükdə sifəti dəhşət və heyrətdən əyildi, özünü saxlaya bilməyib tükürpədici fəryadla qışqırdı. Odun parçasına oxşayan xəstənin görkəmi onun ürəyinə soyuq bir ürpərti saldı. Gözlərindən müti bir ümidsizlik oxunan Şəhriyar qızdırmanın təsiri altında qatmaqarışıq şeylər danışırdı.
Nərgizin zənglə çağırdığı təcili yardım artıq yarım saat idi ki, gəlmək bilmirdi. Şəhriyar xırıltısı artmış səsiylə “Boğuluram” – deyib dərindən nəfəs almağa çalışdı, sonra isə sönük gözlərini otaqda təlaşla vurnuxan qıza zilləyərək yarıciddi-yarızarafatla “Qorxma, təcili yardım gələnədək nəfəsim çatar” – dedi. Nərgiz qızdırma içində qovrulan xəstənin sümüyü çıxmış yanaqlarını, isti alnını yaş əski parçası ilə silir, üsulluca başını tumarlayırdı. Ölümün miskin qaranlığı ifadəsiz sifəti mərhəmət hissiylə səyriyən zavallı kişinin zəif cismini yavaş-yavaş içinə çəkirdi. Nəfəsi tədricən daha da ağırlaşırdı, sanki onurğası məngənə olub ağciyərlərini sıxırdı.
Şəhriyar Nərgizin onu qucaqlamasını və bunu telefonla çəkməsini xahiş etdi. Xəstənin istəyi qızda xoşagəlməz bir təəssürat oyatsa da, onun bu fikrinə zahirən ehtiram göstərməyə məcbur oldu. Xəstəliyin eybəcər hala saldığı kişi ekranda çəhrayı rəngli, parıltılı ipək parçadan paltar geymiş ucaboylu, şahanə qızın yanında tutqun bir qaraltını xatırladırdı. Şəhriyarın hərəkətlərindən fövqəladə bir niyyətinin olduğu sezilirdi. O, təngnəfəs halda bir neçə xoş söz söylədi, bu sözlər onun ağzından xoşbəxtlik və asudəliyə çağırış arzuları kimi tökülürdü. Axırda isə boğuq və qeyri-əmin səslə:
- Bu görüntülər sənin klipində yer alacaq…birlikdə… Birlikdə baxıb o ki var güləcəyik. – dedi.
Nərgiz üzünü turşudaraq etiraz etmək istədi, lakin Şəhriyarın bu halı onun üzərində bəzi mənəvi öhdəliklər qoymuşdu, ona görə könülsüz-könülsüz başını tərpətdi.
***
Şəhriyar koronavirus xəstələrinin müalicə olunduğu modul tipli xəstəxanaya yerləşdirildi. Ciddi nəfəs alma problemi olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Nərgizin virus testinin nəticəsi neqativ çıxmışdı, baxmayaraq ki, yoluxmuş şəxslə təmasda olmuşdu. Test verdiyi xəstəxanada onu tanımışdılar, hətta kök, ağsifət tibb bacısı “A-a! Korona Nərgiz!” – deyərək heyrətini ifadə etmişdi. Kinli bir hissin sarsıtdığı gənc müğənni onun üzünə belə baxmamışdı. Tibb bacısı dodaqaltı deyinərək qarnını irəli gəbərdə-gəbərdə oradan uzaqlaşmışdı.
Şəhriyarın halından bir xəbər öyrənə bilməyən Nərgizin iztirabları tükənmək bilmirdi. Dərin intizar içində donub qalmışdı. Tez-tez Şəhriyarın təkidi ilə telefonla çəkdiyi görüntülərə baxır, heç nə ifadə etməyən təbəssümlə gülürdü. Onun haqqında kədərlə və virusa saymazyana münasibətindən dolayı qəzəblə düşünürdü. Xatirələr xəyalında nizamsız olaraq bir-birini əvəz edir, oynaq bəbəkli gözlərindən yaş süzülürdü.
Nərgiz bir neçə gün sonra öyrəndi ki, Şəhriyar reanimasiyada nəfəs yetməzliyindən keçinib, halsız-heysiz bədəni vüqarlı bir təmkinlə əcələ təslim olub. Cismani mövcudluğu əbədi olaraq onu tərk edib! Karantin qaydalarına uyğun olaraq dəfn mərasimlərinin keçirilməsinə qadağa qoyulmuşdu və koronavirusdan ölənlər xüsusi qaydada (daha dərin məzarlarda və infeksiyanın torpağın üzərinə çıxmasının qarşısını almaq məqsədi ilə digər tibbi öhdəliklər yerinə yetirilərək) torpağa tapşırılırdı.
Nərgiz rütubətli bir yaz səhərində Şəhriyarın Keşlə qəbiristanlığında yerləşən məzarını ziyarət etdi. Yüngül meh əsir, xırda buludlar səmada aramla uçuşurdu. Qəbiristanlığın yeknəsəq, kədərləndirici cizgiləri yerə saçılan solğun işığın altında daha cansıxıcı təsir bağışlayırdı. Xəfif külək yaxasına matəm lenti taxılmış qara paltarının qırçınlarını oynadır, şlyapasının altından çıxan arxaya daranmış, yumşaq saçlarını dalğalandırırdı.
Şəhriyarın hələ üstü götürülməmiş qəbrinə qüssəylə nəzər saldı, saralmış yanaqlarından yaş axdı. Onun ensiz, kinayəli üzünü, coşğulu və təsəlliverici danışıqlarını, kəskin mühakimələri qarşısında öz zəifliyini necə hiss etməsini, istəməyərək də olsa fikirləri və qərarlarıyla hesablaşmasını yadına saldı. Həm də elə şeyləri xatırladı ki, bunlar başdan-başa Şəhriyarın arzularından, bir göz qırpımında qurduğu planlardan ibarət idi. Bəli, şöhrət düşkünlüyü onların hərəsində bir cür təzahür etmişdi – Şəhriyarın fikirləri Nərgizdə əzablı, cismani ikrah hissi oyadırdı, əvəzində isə təcrübəli kişi məşhurlaşmaq həvəsində olan gənc qızın ifrat ehtiyatkarlığına qatı bir məzəmmətlə yanaşırdı. Hərgah onların fərqli baxış bucaqları eyni amala xidmət edirdi.
İndi təxəyyülünü zəbt etmiş bu qorxunu yenməyin əsl zamanı idi. Ən böyük qurbanını vermişdi, daha bundan sonra köməksiz və bədbəxt görkəmdə olmağa, həyatın xiffətini çəkməyə gərək yoxdu. Şəhriyarın istəyini – “Korona”ya klip çəkilməsini – tez bir zamanda yerinə yetirəcəkdi. Bunu hıçqırıqla onun qabarıq məzarına da pıçıldadı. Artıq insanlar onu məftunluq və pərəstişlə dinləyirdilər, bu isə cazibədar və cəfalı qadının yuxusundakı nəhəng, izdihamlı konsert salonunun hündür səhnəsinə çıxaracaq əsas şərt idi. Ancaq buna qədər insanlığı çətin bir sınaq gözləyirdi – şəh ruhların fitnəsi kimi dünyaya yayılan epidemiyadan tezliklə xilas olmaq. Qoy Allahın rəhmi və mərhəməti fağır bəndələrinin üzərində olsun!
(iyun, 2022-ci il)