Sim-sim.az Orxan İsmayılın “Sirli təbəssüm” hekayəsini təqdim edir.
Qəsəbənin gözdən-könüldən uzaqda olmayan ”Palıdaltı” meyxanasının geniş, tör-töküntülü salonunda hər axşam olduğu kimi içki içilən, səs-küy salınan, bərkdən gülən adamların qəhqəhəsi eşidilən bir ab-hava hökm sürürdü. Müştərilərin əksəriyyətini isə adətən biri-birilərini tanıyan, uzaqdan-uzağa himləşən lətifəbaz, şən adamlar təşkil edirdi.
Yaxşı işıqlandırılmamış salonun dərin küncündə qoyulmuş dəyirmi taxta masanın ətrafında üç nəfər vardı. Masanın rəngini itirmiş səthi və üzərindəki cızıqlar illərin yorğunluğunu, xatirələrin ağırlığını əks etdirirdi. Taxtanın dərin dəlikləri keçmişin ağrılarına şahidlik edirdi; hər cızıq bir zamanlar burada yaşanmış əhvalatların səssiz şahidi idi.
Ezra orta yaşlı bir kişiydi, qüvvətli və geniş çiyinləri vardı, ifadəli, şövqlü sifəti sirr dolu görünüşə malik idi. Uzun, siçan rəngli xəz paltosu son dəbdə tikilmişdi. Sivri saqqalının altında gizlənən təbəssüm sanki içində gəzdirdiyi sirlərlə birlikdə onun üzündə rəqs edirdi. Xırda, boz gözlərində dərin bir müdriklik əks olunmuşdu.
Ezra ilə qabaq-qənşər əyləşən Uill ensiz sərt sifətli, nərmənazik bədənli, vüqarlı baxışlı bir cavan idi. Gözlərindən çəkingən, ehtiraslı heyranlıq və kədər oxunurdu. Uzun, qaytanlı çəkmələr geyinmişdi, düppədüz ayrıca malik şabalıdı saçları arxaya daranmışdı.
Cek masadakı üçüncü adam idi. Enli çiyinləri, uzun, gəmirçəkli burnu, metal rəngli soyuq gözləri vardı. Nizamsız düymələnmiş qara xovlu gödəkcəsi dəbdən uzaq və biçimsiz görünüşə malik idi. Gözlərində dünyanı başdan-başa gəzmək eşqində olan bir səyyah marağı əks olunmuşdu.
Bu üç kişi müxtəlif mözular ətrafında müzakirələr apardılar, ağıllı və düşüncəli mühakimələr yürütdülər, hökmlər verdilər. Dünyəvi söhbətlərini tamamlayıb daha şən məsələlərdən danışdılar. Arada fikirlərini lazımi dolğunluqla ifadə edəcək sözlər tapmayaraq dayandılar. Bəzi məqamda qəhqəhə ilə o qədər güldülər ki, lap dodaqları əyildi. Bəzənsə biri gözlərini tavana zilləyib fikirləşdi, dalğın-dalğın papiros çəkdi, o birinin üzünə ağrılı qüssə qondu, ağzının kənarlarında kədərli qırışlar əmələ gəldi, digəri dolğun və gəlişigözəl sözlərlə bu qəm dumanını dağıtmağa çalışdı.
Cızıldayan ləziz tikələrdən çəngələ taxıb ağızlarına apardılar, dili donduran, beyni dumanlandıran şərabdan qurtumlayıb stullarına çökdülər .
Ezra qədəhini qaldırıb yoldaşlarına baxdı. Üzündə olduqca sirli bir təbəssüm vardı. Səsinə melodik bir ahəng verərək:
– Dostlar! – dedi –Bir ovuc sirrin izlərini daşıyan yarım qədəh xoşbəxtliyin şərəfinə!
Uill qaşlarını çatıb diqqətlə və sualedici nəzərlərlə Ezraya baxdı.
– Yarım qədəh xoşbəxtliyin…hmm… bu nə deməkdir? – Uill soruşdu.
Ezra bir qədər sükutdan sonra bayaqkı sirli təbəssümüylə cavab verdi:
– Əgər izah etməli olsam, sehri itər.
Cek gözlərini qıyıb istehzayla güldü. Üzünü Ezraya tutub:
– Bax-a!- dedi – Başımızın üstündə gərilmiş göyə and içirəm ki, indiyədək belə qəribə söz eşitməmişdim. Dostum, bir qədər iltifat göstərib bunun mənasını da söyləsən, heç də pis olmaz. Amma sən, öz aramızdır, deyəsən, həmişə belə sirli olmağı sevirsən. Düz demirəmmi? Belədir, yoxsa yox?
Ezra xəfifcə gülümsəyərək şərabdan daha bir qurtum aldı. Başını mənalı-mənalı yırğalayıb dedi:
– Sirr, bəlkə də, həyatın dadı-duzudur. Hansısa bir macəranın, səyahətin içindəki həmin o gözlənilməzlik, qeyri-müəyyənlik… Hər şeyin üzdə olması, açıq, birbaşa deyilməsi insanı kütləşdirir, həyatı dadsızlaşdırır, balıq yağı kimi ürək bulandırır. Ancaq müəmmanın dumanlı yollarında addımlamaq, kəşf etmək, öyrənmək… Bax bu, həqiqətən də, həyata rəng qatır, parlaqlıq, nəşə verir. Biz hər vəchlə öz həyatımızı zinətləndirməyə və mənalandırmağa cəhd etməliyik; əlbəttə, buna yetəcək qədər sirrimizin olması əsas şərtdir.
Ezranın gözlərindəki parıltı daxilindəki alovu və həyatın müdrikliklə, təcrübəylə əhatələnmiş yollarını əks etdirirdi. Üzünün hər cizgisində qeyri-adi bir sərgüzəşt, hər qırışında dərin bir təcrübə gizlənmişdi. Dodaqlarında oynayan təbəssüm sanki böyük sirlərin və həyatın qeyri-müəyyənliklərinin izlərini daşıyırdı. Bu sirli təbəssüm onun daxili dünyasının dərinliklərinə, o naməlum diyarların içinə açılan bir pəncərə kimi idi.
Uill ovcunu çənəsinin altında yastıqlayıb yoldaşının sözləri barəsində düşündü. Bir qədər sükutdan sonra:
– Ah, sən haqlısan. – dedi – Həyatın sirlərlə dolu olması onun əsl gözəlliyi və xəzinəsidir. Qeyri-adi təcrübələr insan ruhunu qidalandırır, onu canlandırır. – Onun gözlərində uzaq üfüqlərə yönəlmiş bir həsrət var idi. Sanki bir andaca içində macəra tonqalı alovlanmışdı.
Cek təntənəli şəkildə qədəhini qaldırıb uca səslə dedi:
– Elə isə, yarım qədəhlik xoşbəxtliyə içək!
Bir-birinə çırpılan büllur qədəhlərin cingiltisi eşidildi.
Həmin gecə meyxanada gözlənilməz, bəlalı sonluğu olan bir çox hekayə danışıldı, hər biri bu səpkidə bir xeyli əhvalat nağıl etdi. Hərçənd, Ezranın sirri digərlərininkindən fərqli idi. Onun sirri təkcə danışdıqlarında deyil, üzündəki ovsunlayıcı təbəssümdə idi. Dodaqlarından tökülən sözlər sanki başdan-başa qəribəliklə dolu hekayələrin qaranlıq künclərindən axırdı, lakin əsl sirlər onun təbəssümünün arxasında gizlənmişdi. Heç kim bu təbəssümün mənasını başa düşməsə də, hər kəs onun cazibəsinə qapılmışdı.
Meyxanadakı görüş Ezranın sakit, lakin müəmmalı gedişi ilə başa çatdı. Onun silueti yoldaşlarının və içəridəki digər müştərilərin gözləri önündə ruh kimi bir andaca itdi; geridə yalnız sükut və maraq qaldı. Ezranın masadan ayrılması meyxanada sanki bir səssizlik küləyi əsdirdi. Salondakı nəşə və sirr tüstü buludu kimi dağıldı.
Uill salondakı digər müştərilərə tərəf dönüb:
– Ezranın hara getdiyini biləniniz oldumu? – deyə soruşdu.
Onlardan qəti bir cavab gəlmədi.
Müştərilər aylı gecənin içindən baş qaldıran meyxananın qapısından ikibir, üçbir çıxıb müxtəlif tərəflərə dağılırdılar.
Cek ağır addımlarla meyxanadan çıxdı. Yolboyu acı-acı fikirləşdi: “Ezranın gedişi ilə salondakı xoş ab-hava pərtliklə əvəz olundu. Bu qəribə adamdan geridə qalan yeganə şeylər isə dediyi sağlıq və sirli təbəssümün xatirəsi idi.”
Düz bir həftə Ezranın qəfil getməsi ilə bağlı söhbətlər havada asılıb qalmış duman kimi meyxananın salonunda dolaşdı. Uill hər fürsətdə digər müştərilərə Ezranın hara gedə biləcəyi ilə bağlı suallar verirdi; lakin hər sualla birlikdə mürəkkəblik daha da artır, cavablar isə axtardığı izin bulanıq sularında itib-batırdı. Cek isə səssizcə fikirləşir və dərin bir məyusluq hissi ilə meyxanadan ayrılırdı.
Ara-sıra Ezra barəsində yayılan dumanlı şayiələrdə əsas fikir bundan ibarət idi: o, qəsəbə həyatından bezmiş, burada artıq adam təsiri bağışladığını düşünmüş və ani bir qərarla xəbərsiz-ətərsiz köçmüşdü.
***
Bir axşam Uill və Cek növbəti dəfə meyxanada görüşüb Ezranın niyə getdiyini, arxasınca nələr buraxdığını müzakirə etdilər. Uill qırmızı şərabdan bir qurtum alaraq düşüncəli bir üz ifadəsi ilə soruşdu:
– Səncə, o, niyə getdi?
Cek qaşlarını çataraq:
– Bilmirəm, dostum, – dedi – amma Ezra, həqiqətən də, qəribə adam idi. Bəlkə də ondan geridə qalan şeylər də onu öz ağuşundan ayırmayan sirlərlə əlaqədardır.
Uill Cekin sözlərini düşünə-düşünə meyxananı tərk etdi. Onun içində qaranlıq bir sorğu-sual fırtınası oyanmışdı. Ezranın müəmmalı gedişi onun ağlının dərinliklərində gizlənmiş sirr pərdəsini qaldırmaq arzusunu alovlandırmışdı. Gözlərində qeyri-müəyyənliyin dərinliklərinə səyahət etməyə hazır qətiyyət atəşi yanıb-sönürdü.
***
Zaman, illərin axışı ilə amansızcasına ötürdü, lakin Uill və Cek hələ də Ezranın gedişini unutmamışdılar. O müəmmalı adamın buraxdığı xatirələr zamanın dərinliklərində hələ də təzə və heyrətləndirici idi.
Bir gün iki dost qəsəbədən 70 mil uzaqlıqda yerləşən limanın köhnə kafelərindən birində yenidən qarşılaşdılar. Bu gözlənilməz görüş keçmişin pərdələrinin aralanıb, unudulmuş bir səhnənin yenidən oynanıldığı bir an kimiydi Köhnə dostunu görəndə Uillin qəlbi sevinclə doldu və onu bərk-bərk qucaqladı.
Yer seçib oturduqlarında Uill soruşdu:
– Ezradan bir xəbər ala bildinmi? Görəsən indi haradadır? – gözlərində maraq dolu parıltı vardı.
Cek çiyinlərini çəkib kafenin üzərində kölgələrin rəqs etdiyi rəngini itirmiş divarlarına baxdı. Hər künc-bucağı dərindən və diqqətlə nəzərdən keçirdi, sanki daşların arasında gizlədilmiş hansısa nəsnəni axtarırdı.
– Ezra, o qəribə adam… – Cek dilləndi. Səsi qaranlığın dərinliyindən gələn bir pıçıltı kimi çıxdı. – Onun harada olduğunu heç kim bilmir. Ehtimallar içində çaşıb qalır və qəti heç bir şey təsəvvür edə bilmirəm. Bir külək kimi gəldi, hər birimizi ovsunladı və səssizcə yoxa çıxdı. Ümidvaram ki, o, sapsağlamdır!
Və həmin gün Uill və Cek Ezranın sirli təbəssümünü bir daha xatırladılar. Onun təbəssümü həyatın qaçılmaz müəmmalarını ifadə edirdi. Bəzi insanlar səssizcə gəlir və səssizcə gedirlər. Onlardan təkcə xatirələr qalır. Bu, həyatın içindəki kövrəkliyin və qeyri-sabitliyin təzahürüdür. Uill və Cek bu düşüncələrin təsiri altında hər anın dəyərini daha dərindən anlamışdılar. Bəlkə də, insanlar həyatın möcüzələrlə, sirlərlə dolu oyununda sadəcə fiqurdurlar, geridə qalan şeylər isə yalnız xatirələrin sonsuzluğudur.
Aprel, 2024-cü il