Sim-sim.az Orxan İsmayılın “Yuxarıya” hekayəsini təqdim edir.
Sadiq başı mavi göylərdə üzən iri, ağ buludlara dirənmiş göydələnin fırlanan qapısından içəri girəndə sübhün erkən çağıydı. Otuz yaşlı, hamar dəyirmi sifətli, orta boylu, enli çiyinli gənc yeni düzəldiyi əmlak şirkətində çalışırdı. Ofisləri isə göydələnin otuz altıncı mərtəbəsində yerləşirdi. Vaxtlı gəlmişdi, bu isə o demək idi ki, muzeyi xatırladan sütunlu, ovalvari, kənarlarına metaldan və taxtadan düzəldilmiş heykəllər qoyulmuş giriş zalındakı keçmiş dövrlərə aid ayrı-ayrı predmetləri gözdən keçirmək, qədimliyin sirli çalarlarını özündə əks etdirən, gümüşü damarcıqları olan kimofeyn daşlarıyla, püstə rəngli peridotlarla bəzədilmiş yastı, uzunsov alətləri yaxından görmək imkanı vardı. Lakin Sadiqin maraq və diqqəti tamam başqa şeydə – göydələnin görünüşcə bir-birindən fərqlənməyən tunc qapılı liftlərindəydi. Altı liftin hər birinin işləmə prinsipi heyrətamiz dərəcədə qəribə, sirli şeylərin vurğunu olan bu gənc əmlakçı üçün isə başdan-başa müəmmaydı. Minib-düşənlərin istədikləri mərtəbəni irəlicədən seçmək imkanı yox idi, əvəzində liftlər müəyyən sırayla ən aşağı və ən yuxarı enib-qalxırdılar. Hər bir liftin hansı mərtəbədən nə zaman keçdiyi, neçə dəqiqəlik intervalla hərəkət etdiyi isə məlum idi. İnsanların üzərinə düşən vəzifə doğru istiqamətə səmt alan liftə minmək və ekranda mərtəbələrin sırasını göstərən rəqəmləri izləyərək enəcəkləri mərtəbəni qaçırmamaq idi. Öz mərtəbənə çatdıqda “Dayan” düyməsini basıb düşməliydin. Sadiq ilk dəfə liftə minəndə onda əlbəəl nəzərə çarpan qəribəliyi hiss etsə də, bu qəribəliyi təsəvvüründə daha aydın şəkildə canlandırmaq üçün yuxarılara qalxmağa və yenidən öz mərtəbəsinə qayıtmağa vaxt tapmamışdı. İndi isə iş vaxtından yarım saat əvvəl gəlmişdi; artıq hər zaman ona fayda verən, karına gələn həvəsini həyata keçirməsi üçün əlverişli məqam yaxalamışdı.
Qalxmaq vaxtı yetişən dörd nömrəli liftə Sadiq və liftçidən başqa daha iki nəfər mindi. Gözləri çalağan gözlərini xatırladan yasəməni rəngli büzməli pencəkli, qoca liftçi “Davam” düyməsini basdı. Qapısı bağlanan lift flsıltı və cırıltıyla yırğalanıb yuxarıya istiqamət götürdü. Sərnişinlərdən biri – əynində uzun və geniş qollu qara paltar olan yorğun sifətli balaca qadın on dördüncü, digəri – qarayanız, nazik, xaki şalvarlı kişi isə iyirmi yeddinci mərtəbədə düşdü.
Lift isə yuxarı qalxmaqdaydı.
Sadiqin baxışları liftçinin üzərində qərar tutdu. Həzin bir tövrlə:
– Bu göydələn neçə mərtəbəlidir? – deyə soruşdu.
Qocanın üçgünlük yuxa kimi bürüşük üzündə bic-bir təbəssüm zühur etdi. Bir anlığa barmağını alnına dirəyib fikrə getdi.
– Hmm, çoxdur…lap çoxdur. Amma burada neçə mərtəbənin olduğunu bilmirəm.
Sadiq qocanı ciddi bir heyrətlə süzərək:
– Bu necə ola bilər? – dedi, – Axı siz liftçisiniz, gündə, bəlkə də, əlli dəfə ən yuxarı mərtəbəyə qalxırsınız. İndi isə bildirirsiniz ki…
– Nə olsun?! – liftçi dik-dik onun üzünə baxaraq sözünü kəsdi, – Düzdür, mən ən yuxarıdakı mərtəbəyə qalxıram, amma oranın neçənci mərtəbə olduğunu bilmirəm.
Gənc əmlakçının ağzı heyrətdən açılı qaldı.
– Zarafat edirsiniz?
– Zarafat? Nə zarafat? – qoca qeyzləndi, – Mən ciddi deyirəm! Bütün günü bu metal qutuyla yuxarı-aşağı tüyünmək, daima eyni yerə bənd olub qalmaq adama can sıxıntısı gətirir. Onun dirəndiyi nöqtənin hansı mərtəbəylə uyğunluq təşkil etdiyindən mənə nə?
Qocanın sözləri havada asılı qaldı. Sualedici nəzərlərlə gənci süzüb ondan cavab gözləsə də, Sadiq kinayəli təbəssümlə gülümsəyib söhbəti yekunlaşdırdı.
İndi bəzi gümanlarını, lüzumsuz açıq fikirlərini dilə gətirməyin, cəfəng şeylər danışan sallaq çənəli qocayla öcəşməyin bir faydası yox idi, özü ən yuxarıya qalxaraq göydələnin neçə mərtəbədən ibarət olduğunu öyrənməliydi. Şüurunda götür-qoy edib bu cür də addım atmağa qərar verdi. İş vaxtına qədər geri qayıdardı, geciksəydi belə, onu heyrətləndirən, içini tərpədən sirrin içinə yetmək, öyrənmək üçün müdirindən məzəmmətedici sözlər eşitməyə hazırdı.
Öz mərtəbəsinə çatdıqda liftdən düşmədi. Qırx dördüncü mərtəbədə ayağında işləməli yarımboğaz çəkmələr olan boz gözlü, sarımtıl bığlı kişi təlaşlı bir qətiyyətlə liftə mindi.
Sadiq:
– Deyəsən, harasa tələsirsiniz. – deyə telefonunda saata baxan kişidən soruşdu.
– Ah, həm də necə! – kişi qalın səsiylə dilləndi, – Bu vecəyaramaz lift çox ləngdir. Dilxorçuluğa bir bax da. Gecikəcəyəm!
– Neçənci mərtəbəyə qalxırsınız?
– Yetmiş ikinci. Bəs siz? – Boz gözlü kişi bunu sadəcə nəzakət xatirinə soruşdu və Sadiq “Ən sonuncu mərtəbəyə” dedikdə onun üzünə baxmadı, bəlkə də heç onun cavabını eşitmədi.
Təhər-töhürünə, hərəkətlərindəki nigarançılığa baxıb belə mühakimə yürütmək olardı ki, ötüb-keçən hər bir dəqiqə onun üçün müstəsna dərəcədə dəyərli vaxtının yelə verilmiş anlarıdır.
Araya çökən sükut uzun çəkdi. Lift isə dartınaraq yuxarıya can atırdı.
Altmış yeddinci mərtəbəyə çatanda tosqun və şişmiş üzündən təkəbbür yağan oğlan liftə minib ehtiram və rəğbətdən doğmayan bir diqqətlə ətrafına nəzər yetirdi. Liftçi və boz gözlü kişi bu eyhamlı baxışlara əhəmiyyət vermədilər; birincinin düşüncələrini bir susqunluq sarmışdı, ikinci isə gecikməyinin hayındaydı. Sadiq kvadratvarı manjetli, qəhvəyi rəngli kostyumunun ciblərində eşələndi, xoşniyyətliliklə oğlanı süzüb:
– Yəqin siz də tələsirsiniz? – deyə soruşdu.
– Hardan bilirsən? – deyə oğlan izah gözləyici nəzərlərlə ona sual verənə baxdı.
– Çünki doqquzun tamamına çox qalmayıb və təxmin edirəm ki, sizin də iş vaxtınız bu saatda başlayır.
– Mən hələ işləmirəm, – oğlan yan-yörəsinə göz gəzdirib soyuq tərzdə dedi, – iş görüşməsinə gəlmişəm.
Bu an lift yetmiş ikinci mərtəbədə dayandı, boz gözlü kişi yerindən ox kimi götürüldü. Qapı bağlandı, lift hərəkətə gəldi.
– Hə-ə, belə. Bəs neçənci mərtəbəyə qalxırsınız? – deyə Sadiq oğlandan soruşdu.
– Doxsan birinci. Lakin axı bunun nə dəxli var? – şişkin üzlü oğlan qabalıqla dilləndi.
– Mən ən sonuncu mərtəbəyə qalxıram, – Sadiq dedi – gümanımca, doxsan birinci mərtəbə bundan çox aşağıda olmaz.
Bayaqdan bəri yerində heykəl kimi dik dayanıb qocasayağı mürgüləyən liftçi Sadiqin bu gümanını eşidəndə dirçəlib gözlərini təbii fərasətlə parıldatdı.
Oğlan:
– Bu bina neçə mərtəbəlidir ki? – deyib gözlərini əvvəlcə Sadiqə, sonra küt və laqeyd halda dayanan liftçiyə dikdi.
Sadiq çiynini çəkib qaşlarını çatdı, ardınca başıyla liftçiyə işarə etdi. Bununla bildirmək istəyirdi ki, bu sualın qəti cavabını tapmaq üçün liftçinin vasitəçiliyi zəruridir. Ya da özün ən yuxarıya qalxıb buranın neçə mərtəbədən ibarət olduğunu dəqiqləşdirməlisən – eynən onun etməyə çalışdığı kimi.
Oğlan bu dəfə diqqətli və nüfuzedici baxışlarla qocanı süzərək soruşdu:
– Ağsaqqal, de görək, ən sonuncu mərtəbə hansıdır?
Liftçi hövsələsi daralmış adam kimi səsini qaldıraraq:
– Bilmirəm! – dedi. – Mənim barəmdə hər nə düşünürsünüzsə, düşünün, ancaq mən mərtəbələrin dəqiq sayını bilmirəm.
– A kişi, sən ki liftçisən, düz demirəm? Belə deyil?
– Elə olmağına elədir, – qoca dedi, – amma mən…bilirsiniz… Necə deyim e? Məni bu göydələnin neçə mərtəbəli olması heç zaman maraqlandırmayıb. Maraqlanmadığım şeyləri isə, təbiidir ki, öyrənməyə can atmıram. Düz demirəmsə, qoy cənnət üzü görməyim! – liftçinin səsi titrədi – Öyrənmək istəyən zəhmət çəkib özü ən yuxarıya qalxsın.
– Mənim qalxdığım kimi. – Sadiq söhbətə qoşularaq dedi.
Oğlan dodaqlarını dişləyərək “Lap dəlixanadır e” – dedi. Sözünün dalını gətirmək istəyəndə lift doxsan birinci mərtəbəyə çatdı. O, acıqlı-acıqlı və istehzayla içəridəkilərə baxıb dəhlizə çıxdı. Həmin mərtəbədə yetkin sifəti ehtiraslı və gözəl olan sıx, qıvrım saçlı, uzun kirpikli, qövsi qaşlı bir qız liftə minib şux təbəssümlə içəridəkilərə “Sabahınız xeyir” dedi. İncə kətandan olan püstə rəngli jilet, mavi rəngdə şalvar geyinmişdi, ayağında uzunboğaz dəri çəkmələr vardı.
Sadiqin içində xoşsimalı qıza qarşı bir hərarət alovlandı, “Sizin də sabahınız xeyir!” – deyib qaynar baxışlarıyla onu öpüşlərə qərq etdi. Qız mənalı-mənalı onun üzünə baxdı, sonra isə bu atəşli baxışlardan qaçmaq üçün üzünü çevirdi. Qoca da xırıltılı, kal səsiylə qızı salamlayıb şəhadət barmağını “Davam” düyməsinə toxundurdu. Lift yırğalanıb yerindən götürüldü. Bir bahar səhəri təmizliyi və rayihəsiylə liftə girən nursaçan gözəl Sadiqin qəlbində məhəbbətə dair fərqli baxışlar yaratdı. Yeni məstedici duyğular dalınca qaçmaq üçün bundan yaxş fürsət ola bilməzdi. Qızı söhbətə cəlb etmək üçün nədən başlamaq gərəkdi? Əlbəttə ki, onun qalxdığı mərtəbəni xəbər almaqdan! Bu cür də etdi. Qız mülayimcəsinə:
– İki yüz üçüncü mərtəbəyə – dedi.
– İki yüz üçüncü! – Sadiq rəqəmləri uzada-uzada təkrarladı. – İki yüz üçüncü? Bu ki mümkün deyil. – qızı ciddi bir heyrətlə süzərək dedi.
Qız gülümsündü, əsmər çöhrəsində ağappaq dişləri parıldadı:
– Bəli, bəli, səhv eşitmədiniz, iş yerim məhz iki yüz üçüncü mərtəbədədir.
– Bizim ofisimiz isə otuz altıncı mərtəbədə yerləşir. – Sadiq dedi – İşimi-gücümü bir kənara qoyub ən sonuncu mərtəbəyə qalxmağa çalışıram. Bəs sizcə, mərtəbələrin sayının bu qədər çox olması qəribə deyil? – gözucu qızın əndamının cazibəli cizgilərinə baxaraq soruşdu.
Qız mənalı ifadəylə:
– Ola bilər, – dedi – amma bu göydələn çöldən baxdıqda o qədər də alçaq görsənmir.
– Orası elədir. – Sadiq təsdiqlədi. – Ancaq kim bilir, iki yüz üçüncü mərtəbədən yuxarıda hələ neçə mərtəbə var.
Bir ara ortalığa lal sükut çökdü. Sadiq gözlərini qızın gözəl və təravətli vücudundan çəkmədən baş verənləri düşünürdü. Qapıldığı duyğu onun qalan həyatının hər dəqiqəsini mənalandıracaq qüdrətdəydi. Bir tərəfdən də özünü liftin – müəmmalar yuvasının bu astagəl daşıyıcısının içində əsir qalan məhbus kimi hiss edirdi. Nə vaxtsa bir qadının cazibəsinin sehrbazlığına yoluxmuşdumu? Yaddaşını gücə salıb xatırlasaydı, orada ancaq və ancaq şirin sərgüzəşt kimi görünən qısamüddətli yaxınlıqları, bir-iki öpüş və zərif sözdən o yana keçməyən “sevgi münasibətlərini” görə bilərdi. Qara bəbəkləri əqiq daşı kimi bərq vuran qız hansı məziyyətləri ilə onun rəğbətini qazanmışdı? Axı onun heç adını da bilmirdi, tanışlıqlarının – əgər bunu tanışlıq saymaq olarsa – bir saatı da tamam olmamışdı, bununla belə, onu görəndən bəri keçirdiyi hisslər gənc əmlakçının qəlbinə yeni aləm bəxş etmişdi. Hələ onun səsi! Onun səsinin səmavi ahəngində, həzinliyində ifadə olunmaz bir məlahət duymuşdu. Yəqin ilk baxışdanca sevmək belə olur.
Lift yeknəsək fısıltısıyla hərəkətinə davam edirdi.
Sadiq qızın kübar və valehedici üz cizgilərinə baxaraq bayaqkı söhbəti yekunlaşdığı yerdən başlamağa təşəbbüs etdi:
– İki yüz üçüncü mərtəbə, eləmi?
Qız ifadəli və şövqlü üzünü ona tutub: – Çatmağıma az qalıb, beş dəqiqə gecikəcəyəm.
Bu, Sadiqin də gec qaldığından xəbər verirdi, ancaq indiki vəziyyətdə bunu düşünmək belə istəməzdi. Beynində cərgəylə düzülən suallara cavab axtarırdı; onun üçün ən vacib olan iki sualı cavablandıracaq şəxslər isə uzaqda deyildilər – sağ və sol böyründəydilər. Axı bu lift daha neçə mərtəbə geridə qoyacaqdı? Hər nə qədər özünü bilməməzliyə vursa da, bir çox bəhanələr quraşdırıb düzəltsə də, bu sualın cavabını yalnız gözlərində eyhamlı işartılar oynayan qoca liftçi bilirdi. Bəs, görəsən, o da qızı məftun edə bilmişdimi? Bu sualın cavabısa qızdaydı.
Nəhayət, lift iki yüz üçüncü mərtəbəyə çatdı və qız qəşəng gözlərini xüsusi bir şəfqətlə parıldadıb sevincsatan təbəssümlə “Sağ olun” deyərək çıxıb getdi. Sadiq pərişan halda onun dalınca baxdı. Arxasınca “Adınızı öyrənə bilərəmmi?” demək istədi, lakin niyəsə deyəcəyi sözləri dilinin ucundan qaytardı. Dərindən ah çəkib şaşqın halda yerində vurnuxdu. Liftçi “Davam” düyməsini basdı.
Qoca gəncin üzündəki hüznlü ifadəyə baxaraq:
– Bilirəm, – dedi – bunu biruzə etməyi şəninə sığışdırmasan da, məyus olduğunu anlayıram. Ona necə baxdığını öz gözlərimlə gördüm. Belə baxışlar qadınları ya acıqlandırır, ya da məftun edir.
Sadiq məlun-məlun liftçinin üzünə baxıb nəsə demək istəyirdi ki, qoca onu qabaqladı:
– Əgər yola davam etsən, ağlındakı bütün sualların cavabını tapacaqsan. Bütün bu sirr məzhəkəsi tüstü kimi dağılacaq. Dadından doymayacağın bir səyahətə hazırsanmı?
– Nədən danışırsınız? – gəncin üzündə köntöy bir maraq ifadəsi təzahür etdi.
Qısıq səsindəki titrəyişdən hiss olunurdu ki, həyəcanlıdır, bununla bərabər, şüuru maraq içində alışıb-yanır. Qoca isə birdən-birə dirçəlmişdi, danışığı, maneraları dəyişilmişdi. Onda bütün suallara hövsələsizcə, quru bir səslə cavab verən adamdan əsər-əlamət qalmamışdı, sanki bayaqdan bəri liftdə yaşananların lal-dinməz tamaşaçısı o deyildi.
– Göydələnin qalan beş liftinin olduğu kimi, – qoca iftixarla dilləndi, – dörd nömrəli liftin də mühüm və ifadə edilməsi çətin olan öz sirri var. Səbr edənlər, maraqları sönmədən işin gedişatını izləyənlər və sonuna qədər qalxmağı gözə alanlar bu sirrin üzərinə düşən pərdəni götürə bilərlər. Yalnız onlar! İndiyədək belələrinin sayı o qədər də çox olmayıb.
Sadiqin üzündə tər puçurlandı, boğazınadək düymələnmiş köynəyinin ən yuxarıdakı düyməsini açdı. Heyrət və təşvişlə liftçiyə baxaraq:
– O nə sirdir elə? – deyə soruşdu.
– Bundan sonra liftin qapısı hər mərtəbədə fərqli bir dünyaya açılacaq. – qoca vəcdlə dedi – İstədiyin mərtəbədə lifti dayandırıb həmin dünyalardan birinə ayaq basa bilərsən. Sənə zahirən mümkünsüz kimi görünən bu işin həqiqətdə mümkün olduğuna əmin olmaq üçün elə indicə lifti dayandır. Hə, indi! – gözləri təntənəylə işıq saçdı.
Sadiq başını silkələyib tərəddüd içində dayandı. Müəmmaların, başsındırmaların vurğunu olan coşğun fikirli cavan oğlan birdən-birə özünü belə bir hekayənin mərkəzində tapmışdı; bilmirdi ki, eşitdiklərinə tam bir etinasızlıqla yanaşsın, yoxsa özünü bütövlükdə ona qeyri-tanış olan bir qüvvənin ixtiyarına versin? Başını çevirib qeyri-təbii bir canlıya baxırmış kimi qocaya baxdı, aydın hiss olunan gərginliklə önə doğru bir addım atıb barmağını “Dayan” düyməsinə toxundurdu. Liftin qapısı açılanda Sadiq gözlərini bərəldərək “Ay Allah!” deyə qışqırdı. Həyəcandan bədəni lərzəyə gəldi, gicgahındakı damar tez-tez döyünürdü. Qoca isə qəti və özünə güvənən bir adam vəziyyəti almışdı. Qırışmış sifətində misilsiz sevinc və fərəh ifadəsi təzahür edirdi.
Bozumtul, ağ qıvrımlarla sürətlə axıb keçən qov kimi yüngül, mum kimi yumşaq buludların arasındaydılar. Sadiq bir qədər cəsarətlənib əliylə göy üzünün ənginliyində süzən saysız-hesabsız hava şarına işarə etdi:
– Gör nə qədərdirlər. – güclə eşidilən səslə dedi.
– Burada düşmək istəyirsənmi? – liftçi mülayim tonla soruşdu – Əgər belə bir fikrin varsa, səni aparması üçün şarlardan birini gətizdirə bilərəm.
Sadiq başını bulayıb “yox” cavabı verdi. Çöhrəsindəki heyrət çəkilməmişdi. Tərəddüd içində bir qədər gözlədikdən sonra “Davam” düyməsini basdı. Qapı bağlandı, lift yuxarı qalxdı.
Gənc əmlakçı qatı həyəcana bürünmüş halda yenidən lifti dayandırdı. Qapı açılanda başını irəli uzadıb heyrət içində donub qaldı. Qarşısında sıx yarpaqlı minlərlə ağacdan ibarət meşə vardı. Burada axşam idi, batmaqda olan günəşin qırmızımtıl şüaları gövdə və çətirləriylə bir-birindən fərqlənməyən ağacların başlarını parıldadırdı. Meşənin dərinliyindən quşların çoxsəsli, şən mahnıları eşidilirdi. Sadiq dərindən nəfəs alaraq havanın xoş, şirintəhər qoxusunu ciyərlərinə doldurdu, sanki bununla da ona gərəkli olan güc və enerji bədəninə qayıtdı. Varlığını liftçinin ona yönəlmiş baxışlarının məngənəsində hiss edəndə isə “Daha yuxarılara qalxmaq istəyirəm” – deyib davam düyməsini basdı.
Sadiq bir də lifti dayandırıb ətrafına nəzər salanda sevincindən tutuldu, gözlərində məmnuniyyət atəşi parladı. Qapı içində kölgələrin səssizcə gəzişdiyi geniş bir bağçaya açılmışdı. Ləklərdəki rəngbərəng ləçəklərdən ibarət qönçələr yüngül mehin təsirilə aram-aram tərpənir, hündür otlar ilanbalığı kimi qıvrılırdı. Bağçanı haşiyəyə alan nəm kollarda sərçələr qanadlarını çırpırdılar. Gənc və şux qamətli bir qız boynundan asdığı fotoaparatı çıqqıldadaraq çiçəklərin, pərvazlana-pərvazlana ora-bura qonan kəpənəklərin şəklini çəkirdi. Görkəmində bir aşiq məftunluğu və bəxtiyarlığı hiss olunurdu.
Sadiqin sifətinə işıq gəldi, səssizlik içində həyəcanla gözləyib qıza baxırdı. Qoca öskürdü və ehmalca gülümsünüb:
– Ehe! Bu ki odur –səni çaşdıran baxışların sahibi! Axır ki, liftdən düşməyinə dəyəcək bir yer tapdın. – dedi.
– Yolum buradamı sona çatır? – oğlan gözlərini qızdan çəkmədən soruşdu.
– Harada istəsən, orada da düşəcəksən! – liftçi bir az səsini ucaldıb dedi.
Qocanın səsini eşidən qız işini dayandırıb yumşaq addımlarla, quş kimi süzən yerişlə liftə doğru yol aldı.
Sadiq onlara yaxınlaşan qızı mehriban-mehriban süzüb şübhə yeri qoymayan bir əminliklə:
– Mən ən yuxarıdakı mərtəbəyə qalxmaq istəyirəm! –dedi.
– İndiyədək bir nəfər də həmin mərtəbəyə qalxmayıb. – liftçi dedi – Hər kəs özünə uyğun bir mərtəbə taparaq oradaca enib.
Bu vaxt qız liftin açıq qapısının önündə dayanıb vəcdlə oğlana baxdı.
Sadiq səsindəki sarsılmaz mətinliklə:
– Mən sonuna qədər gedəcəyəm! – deyib əlini liftdən çölə çıxararaq qızın biləyindən yapışdı. – Bəs siz mənimlə birlikdə sonsuzadək yuxarı qalxmağa hazırsınızmı?
Qız:
– Bunu eşitməyimə məmnun oldum. Yoxsa elə bilirdim, məni tamam unutmusunuz. – deyib gözlərini yerə dikdi, yanaqlarında bir cüt qırmızı ləkə əmələ gəldi.
Gənc oğlan yavaş və yüngül hərəkətlə qızı içəri çəkdi.
Liftçi “Davam” düyməsini basdı, lift yuxarıya qalxdı.
mart, 2023-cü il