sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Orxan İsmayılov. İki şeir

03/11/2022 - 10:26
A A
Facebookda paylaş

Qataram

Mən bir miskin qataram.

Yaşadığım iztirabın hədsizliyi ilə,

Qonaqlarımın müştəbeh və riyakar mərhəməti ilə

Yol gedirəm uzaq-uzaq,

Səs salıram: taraq, taraq…

Cərgə-cərgə daş evləri,

tənəkə haşiyəli tikililəri

arxada qoyuram.

Nazla qıvrılan coşğun çayın üzərindən keçirəm.

Kül rəngli səma altında şütüyürəm.

Bəs hara tələsirəm?

Yırğalanır,

ləngər vurur,

əsim-əsim əsirəm.

Qanadlarım olsaydı, qanadlarım,

Onda həsrət qalmazdım

göy üzünün ənginliyinə,

azadlığın zənginliyinə.

Əvəzində kinli və yorğun baxışlı adamlar

ipə-sapa yatmayan balaca vəhşilərtək

yanaşırlar yanıma,

daraşırlar canıma –

  • vaqonlarıma.

Mən bir miskin qataram.

Hər gün dolub-boşalıram.

Buxovlar vurulub ayaqlarıma.

Günəşdə boz görünən ucqar kənd kimi

günü-gündən sozalıram.

Vaqon-vaqon azalıram.

Şüşəsiz pəncərələrimdən qarğa qanadı kimi

qapqara qaranlıq süzülür.

Elə bil, at payalarının çuxurlarıdır:

boş və dərin.

Mən bir miskin qataram.

Məhkumam bir cüt relsə.

Yol gedirəm uzaq-uzaq,

Səs salıram: taraq, taraq…

 

Tilsimli liman

 

Dalğaların eyni tutumda təkrarlanan nəvazişləri

Nəm, ilıq və ətirli külək

Mavi fəzada çığır-bağır salan quşlar

Sahildəki  yaş qum zolağı

Yalın ayaqlar altda xışıldayan qum

Liman.

Üfüqdə nəsə qaralır.

Gəmi! Gəmi!

 

Qürub şəfəqinin zəif parıltısında

Köpüklənib ağaran dalğaları yara-yara

Sahilə yan alan gəmi

Nisgilli, sızıltılı səslə fit verir.

Küt baxışlarım üstü örtülü yüklərə zillənir.

Görəsən, o nə daşıyır?

Bəlkə qadağan olunmuş ümidlər?

Dik dayanıb dinməzcə baxıram.

Kimsə yüngül bir məzəmmətlə dillənir:

“Sandıqların biri suya düşdü”.

Səninlə yaşadıqlarımız dörd bir yana səpələnir.

Hər dalğayla ümid gəlir, hər dalğayla ümid gəlir.

Hansı birini toplayım?

Biri gözlərimin önündə yellənir,

ayağından asılmış cəmdəklər kimi.

O biri pərvazlanır, parçalanır,

üzərimə dağılır.

Qov kimi yüngül ləçəklər kimi.

Başqa biri suda batır.

Üzə bilməyən nəhənglər kimi..

 

Kaş ki, bu nagahan gəmi

qara buludları yarıb çıxan ildırımlar sayaq

bu tilsimli limana soxulmazdı.

Onda mən də onun cazibəsinə qapılmazdım.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az