Patrisiya Esteban Erles çağdaş ispan yazıçısı və jurnalisti. Qısa hekayələr müəllifi kimi tanınır. İşləri Saraqosa Universitetinin “Qısa Hekayə Mükafatı”, “XXII Santa Izabel de Araqon Təhkiyə Mükafatı” və “Dos Passos Mükafatına” layiq görülməklə yanaşı, bir sıra antologiyalara da daxil edilib. “Qara analar” romanı və “Mavi rus pişiyi” hekayələr toplusu xüsusilə məşhurdur. Sim-sim.az müəllifin “Oyun” hekayəsini təqdim edir.
Oyun
Hələ də cəzalıyam. Otağımın aralı qapısından boylanıb pilləkən boşluğundan gələn səsləri dinləyirəm. Anam sakit-sakit ağlayır, atam isə yüksək səslə doktor Okamponun məni göndərməyi tövsiyə etdiyi İsveçrə sanatoriyasıyla bağlı danışır. Onun addımlarını (ploploplop), zooparkdakı sarı pələng kimi dayanmadan hərəkət etdiyi üçün yaxınlaşıb-uzaqlaşan səsini dinləyirəm. Yəqin həmişə əsəbi olanda etdiyi kimi əlləri belində gəzir. Anam isə kresloda əyləşib ağlayır, ayaqlarını bərk-bərk sıxıb, ağ yaylığını əllərinin arasında top kimi yumrulayıb.
– Qərar verməlisən, Mersedes, – atam bunu deyəndən sonra sükut çökür.
Məni ora aparacaqlar. Bilmirəm, Laurita mənimlə gələcəkmi? Amma məni aparacaqlarından əminəm.
– Sən günahkarsan, – qapıdan çevrilib əsəbi-əsəbi deyirəm. Yataqda oturub gülən əkiz bacım Laurita çiyinlərini çəkir. O, bütün cəzalardan canını qurtara bilirdi; axı mən sadəcə onun dediklərini eləyirəm, amma o həmişə aradan çıxır.
Özünü pis aparan qızların göndərildiyi o iyrənc məktəbdə mənim saçımı keçəl qırxacaqlar, çuvaldan paltar geyindirəcəklər, siçanlarla, tarakanlarla dolu otaqda qalacam, yalnız kiçik pəncərənin qəfəsindən damlayan yağış suyunu içə biləcəm. Onlara düzünü demişdim, amma mənə inanmamışdılar. Qorxuram. Artıq mən də alçaq səslə ağlayıram (hihihi). Kokerimiz Casper də sevimli söyüdünün kölgəsində uzandığı yerdə əlimdə atamın kuboku ilə yaxınlaşdığımı görəndə buna bənzər səslər çıxarmışdı. Ötən il atam klub turnirində üçüncü olmuşdu, ona başında papaq, əlində qolf çubuğu olan bu yöndəmsiz, ağır bürünc fiquru vermişdilər. Düzü, yazıq Casperə heç bir qərəzim yox idi, lakin Laurita kuboku vitrindən götürməyi, ipdən tullanma oynadığımız kəndirin ucuna bağlamağı əmr etmişdi. Sonra da Casperin revmatizmdən əziyyət çəkdiyini, kəndirin o biri ucunu onun boynuna bağlamağın hamı üçün daha yaxşı olacağını pıçıldamışdı. Əvvəlcə həmişəki kimi razı olmadım. Amma Laurita məni “ölüm oyunu” ilə təhdid etdi.
Casper kor idi, artıq on iki yaşı olduğu üçün arxa pəncələrini güclə hərəkət etdirirdi. Onun fransız kralının pariki kimi qıvrım, böyük qulaqlarını sığallamaq üçün yanında diz çökəndə yavaşca zingildəmişdi. Yazığı qucağımda hovuzun kənarına gətirincə zingildəməyə davam edirdi. Sonra onun çırpınışlarını, suyun üzündə qalmaq çabalarını izlədim, tezliklə gücdən düşdü və dibə batdı.
Aşağıda hərəkətsiz yatan Casperə baxdıqda artıq onun o qədər də kədərli görünmədiyini düşündüm. O, itə yox, nəhəng qara bir hörümçəyin kölgəsinə bənzəyirdi. Bir saat sonra Laurita ilə birlikdə mənim yatağımda sakitcə uzanıb çox sevdiyimiz “Beşlik” kitabını oxuyurduq ki, bağdan anamın fəryadı eşidildi.
Əslində son vaxtlar sözə baxmayan Laurita idi. Amma atam bir kəlməmə belə inanmır, anam isə Lauritanı məni belə şeylərə məcbur etməklə günahlandırdığımı eşidən kimi ağlamağa başlayır. Əlbəttə, “ölüm oyunu”na dözməli olan onlar deyildi. Belə olsaydı, onlar da bacımın hər dediyini edərdilər.
– Bu oyuna nifrət edirəm, anacan, – etiraf etmişdim, – Laurita pis qızdır. Deyir ki, sözünə baxmasam, gözümün qabağında öləcək.
Amma anam heç nə anlamamış kimi gözlərini bərəldib mənə baxır, sevimli oyuncağı Otellitonun parçalarını əlində tutub pıçıltı ilə eyni sözləri təkrarlayırdı:
– Niyə belə elədin, Viktoriya, niyə?
O, kubalı nənəmdən qalan qara çini oyuncağı yerə çırpanda necə pis olduğumu təsəvvür belə etmir. Hətta bunu eləyə bilmək üçün gözlərimi yummalı olmuşdum. Bilirdim ki, toppuş əllərini sanki sevinclə yuxarı qaldırmış və hər an alqışlamağa hazır görünən bu şokolad rəngli oyuncaq anama öz anasından qalan son xatirəydi. Otellito qəşəng idi. Çox qəşəng idi. Ağzını açıb gülürdü, ağappaq dişləri görünürdü, təpəsində xırda, qıvrım qara saçları vardı. Əynindəki mavi rəngli sviteri və şalvarı Silviya nənəm toxumuşdu, inci düyməli kiçik papışlar da onun əl işi idi. Anam hər həftə onun geyimlərini əldə yuyurdu ki, şkafda tozlanıb qalmasın. Paltarlar kölgədə quruyanadək anam Otellitonu bir xəzinə kimi ağ dəsmala bükür, islaq bezlə onun qollarını, ayaqlarını, xoşbəxt qara sifətini ovuşdurur və Havanada yaşayarkən Silviya nənədən öyrəndiyi laylanı oxuyurdu.
Otellonun çilik-çilik olduğunu görəndə anamın necə inciyəcəyini bilirdim, onun da qəlbi parçalanacaqdı və heç kim bu parçaları birləşdirə bilməyəcəkdi. Amma mən yalvarsam da, mavi rəngli şüşə kürəciklərimi, oyuncaq evimdəki mis ayaqlı vannanı və xaç anamızın mənə hədiyyə etdiyi qızıl medalyonu təklif etsəm də, Laurita qollarını çarpazlayıb başını o yan-bu yana yellləmişdi.
– Nə qədər axmaqsan, – demişdi, – niyə içində öz saçım olan medalyonu istəyim ki? Ya oyuncağı qırırsan, ya da oynayırıq.
Bunu eşidəndən sonra fağır Otellitoya çatmaq üçün stolun üstünə qalxdığımı xatırlayıram. O, həmişəki kimi valideynlərimiz qoz ağacından olan şkafında, öz küncündə xoşbəxt-xoşbəxt oturmuşdu. Plitələrə zərblə çırpılsa belə, dodaqlarındakı gülüş yoxa çıxmadı, sadəcə yarı bölündü.
Pilləkanlardan anamın yorğun addımlarını eşitdiyim üçün qapıdan tələsik uzaqlaşıram. Yatağıma qaçdım və özümə yer eləmək üçün Lauritanı itələdim.
– Gizlət, anam gəlir, – dedim dişlərimi sıxaraq.
Biz hindistanlılar kimi bardaş qurub daş, kağız, qayçı oynamağa başladıq. Anam qapının yanında dayanır və iki dəfə yavaşca tıqqıldadır.
– Burdasan, Viktoriya? – onun səsi elə kədərli idi ki, “hə, ikimiz də buradayıq, sakitcə oynayırıq” cavabını verəndə səsim titrəyir.
Bilirəm ki, anam o tərəfdə hıçqırıqlarını boğmağa çalışır və içəri girməmişdən əvvəl əlini qapının qulpundan çəkmədən bir az gözləyir. Laurita və mən onu görəndə heç nə demirik, ağzımız qulaqlarımızda gülümsəyirik ki, sakitləşsin və hər şeyin qaydasında olduğuna inansın. Amma anam gülmür. O, kədərli ruha bənzəyir, saçı təmiz ağarıb, əyninə iki ölçü böyük olan çirkin qara rəngli paltarı qorxunc görünür. O, Lauritanın yatağında əyləşir və ürək formasındakı yastığı düzəldir. Sonra mənə baxır.
– Viktoriya. Axı niyə?
İkimiz də burdayıq. Amma həmişəki kimi təkcə mənimlə danışır və üzümdəki təbəssüm yoxa çıxır. Mən əsəbiyəm, çox əsəbiyəm. Mənə inanmağını istəyirəm və ona bir də ən başdan “ölüm oyunu” barədə danışmağa başlayıram ki, heç olmasa, yalan danışmadığımı görsün. Əsəbdən qıpqırmızı pörtürəm. Gözlərimi bağlayıram. Lauritanın ilk dəfə bu oyunu bir bazar səhəri kilsədən qayıdandan sonra başlatdığını deyirəm. Ondan sonra hər dəfə israrla bu oyunu oynamaq istəyir. Qaçaraq pillələrdən qalxdığımızı, bu vaxt atamın qonaq otağında qalıb qəzet oxuduğunu, anamın isə mətbəxdə aşpazımız Matildanı yoxlamağa getdiyini danışıram. Mən Lauradan bir neçə addım arxadaydım, o isə ölmək üçün ən sevimli yeri olan valideynlərimin yataq otağına tələsirdi. Laurita böyük yatağa sərələnib qolunu qaldırdı və mənə yataq otağının qapısını azca aralı qoymağı əmr etdi. Dediyini eləmişdim, bu oyun məni qorxutsa da, heç vaxt ona qarşı gələ bilmirdim. Anam susmağımı xahiş edir, amma ona fikir vermirəm. Bunun əvəzinə deyirəm ki, Lauritanın belə hərəkətsiz dayanmağına baxa bilməsəm də, əlimdən başqa heç nə gəlmir. Yatağın yanında dayanıb onun atlas yastığa səpələnmiş qara qıvrımlarına – özünü çaya atıb bütün qəzetlərə xəbər olan aktrisanın daşlaşmış saçlarını xatırlatmışdı – baxırdım. Laurita gözlərini yumanda içində sayrışan bütün parlaq ulduzlar söndü. İndi Laurita həmişəkindən daha çox gəlinciyə bənzəyirdi, onun burun dəliklərinə, qurumuş kirpiklərinə, eynən Silviya nənə kimi sinəsi üstə çarpazlanmış əllərinə (dəfn bürosunun işçisi hər şeyi qaydasına saldıqlarını və nənəmizə baxa biləcəyimizi deyəndə görmüşdüm) baxmağa qorxurdum. Anamızın bizə bazar günləri geyindirdiyi mavi ipək don artıq mənimkinə bənzəmirdi və lampa abajuru kimi hərəkətsiz görünürdü. Lauranın ağ uzunboğaz corab içindəki dizləri bir cüt çubuğu xatırladırdı, ayaqlarında təzə altlıqlı, qara laklı ayaqqabıları parıldayırdı.
Mən sağ qaldım, bacım Laurita isə öldü. Mən yatağın yanında dayanmışdım, gerçəkliklə oyun bir-birinə qarışıb ayrılmaz olmuşdu, mən sağ idim, əkiz bacım isə ölmüşdü. Hələ də yatağın yanında dayandığım və yarpaq kimi əsdiyim üçün özümü günahkar hiss edirdim, gözlərim dolmuşdu, özümü güclə saxlayırdım, bacım isə ayaqqabıları ilə uzanıb həmişəlik susmuşdu. Təəssüf ki, onun ayaqqabıları heç vaxt köhnəlməyəcəkdi. Qəfil şkafa tərəf qaçdım, qapısını açdım və içəridə gizləndim. Orada xeyli qaldım, nəhayət Laurita yerindən qalxıb gülməyə başladı, qışqıra-qışqıra axmaq və qorxaq olduğumu dedi. Mən cırnayıb qəzəblə özümü çölə atdım, havasızlıqdan yanaqlarım qızarmışdı.
Artıq əsəbi deyiləm, pomidor kimi qızarmış sifətimi, məni göstərib gülən, böyük yatağı təpikləyə-təpikləyə qəşş eləyib özündən gedən Lauritanı xatırlayıb gülürəm. Bütün bunları anama danışandan sonra anlayıram ki, mənə inanmayacaq, boşuna gözləyirəm. Anam köynəyinin qolundan qırışmış əl yaylığını çıxarıb yanağı ilə axan yaşları silir. Laurita qəzəbli gözlərlə mənə baxır. Mən ümidlə anama baxıram, o isə belə deyir (mənimlə danışdığını bilirəm):
– Əzizim, bacın ölüb. Başa düşürsən? Ölüb.
Amma mən nə “hə”, nə “yox” deyirəm. Dilini çıxarıb işarət barmağını gicgahına dirəyərək fırladan Lauritaya baxıram. Gülürəm. Hə, əlbəttə, ölüb, anam nə bilsin, axı.
İspancadan çevirən: İlahə Əkbər