Piter C.Smit İntibah dövrü ədəbiyyatı üzrə mütəxəssis, Nottingem Universitetinin müəllimi, Britaniya Şekspir Assosiasiyası İdarə Heyətinin üzvüdür. Təqdim edilən bu esseni P.Smit fransız tarixçisi Roje Şartyenin 2012-ci ildə ingiliscə nəşr olunmuş “Kardenio – Servanteslə Şekspir arasında: itkin pyesin tarixçəsi” kitabına ön söz kimi yazıb.
Əlimizdə olmayan yazını oxumağın, müəllifi bilinməyən, mətni də qalmayan pyes haqqında təsəvvür yaratmağın bir yolu varmı? İlk dəfə 1612-ci ildə, ya da 1613-də İngiltərədə tamaşaya qoyulmuş, Şekspir (Fletçerlə birlikdə!) qələmindən çıxdığı 40 il sonra təsdiqlənmiş “Kardenio” adlı pyes bizi məhz belə bir sualla qarşılaşdırır. Pyesin süjeti Servantesin “Don Kixot”unda yer almış, işıq üzü görən kimi də köklü Avropa ölkələrində yayılmağa başlamış, tərcümə edilib səhnələşdirilmiş bir hekayətdən qaynaqlanır. Servantesin romanı İngiltərədə çox tez məşhurlaşmışdı, əsərin ingiliscəyə tərcüməsinin və “Kardenio” pyesinin ortaya çıxdığı 1612-ci ildən xeyli əvvəl də ondan bolluca sitat gətirilirdi.
Bu məsələnin bir çox fərqli tərəfləri var. Kitab çapı icad olunandan sonra İngiltərədə ən müxtəlif janr və üslublarda yazılmış əsərlər, sözün əsl mənasında, aşıb-daşırdı, buna qarşı tədbirlər görülməsi zərurətə çevrilmişdi. Pyeslər isə dövrün ədəbi iyerarxiyasında – “ən aşağı” deməyə qıymasaq – çox aşağı yerə qoyulduğu üçün, adətən, onların çapı lüzumsuz sayılırdı, bu da teatral həyatın faniliyi düşüncəsini daha da qatılaşdırırdı. Yox, əgər nə vaxtsa müəllifin bəxtinə məşhurluq düşürdüsə, uzun illər sonra pyeslərinin əlyazmalarını tapmaq, zamanın əl gəzdirdiyi, amma orijinala yaxın sayılan nüsxələrini tapıb bərpa etmək, bəzən də zədələnmiş səhifələri saxta sətirlərlə tamamlamaq üçün arxivlərə baş vurulurdu.
XVIII əsrdə “Kardenio” da məhz belə bir aqibətlə üzləşdi. Pyeslə bağlı əhvalat tədqiqatçılara məlum olduqdan sonra həm bu əsərin, həm də çağdaş meyarların əsasında dayanan digər dramaturji nümunələrin statusu məsələsi gündəmə gəldi. Roje Şartyenin “Kardenio – Şekspirlə Servantes arasında: itkin pyesin tarixçəsi” kitabı oxucuya həmin dövrdə bəzi mətnlərə nə cür “əsaslı əl gəzdirildiyi”ndən söz açır. Əsərləri dəyişdirib münasib şəklə salır, janrdan-janra keçirir, səhnələşdirəndə məğzini büsbütün təhrif edirdilər. Uzun zaman ərzində “Don Kixot”a həm hansısa birini götürüb ayrıca nəşr etdirmək, həm də səhnələşdirmək üçün çox əlverişli olan, üstəlik, baş qəhrəmanın taleyi, hadisələrin məntiqi baxımından heç bir sıxıntı törətməyən hekayətlər toplusu kimi yanaşılıb. Günümüzdə elm qəti qənaətə gəlib ki, İntibah dövrü dramaturgiyası özünün erkən inkişaf mərhələsində əsasən kollektiv yaradıcılığın məhsulu olub; müəllifi bilinməyən “Cənab Tomas Mor” pyesinin əlyazma nüsxəsi buna şəksiz sübutdur, çünki orada bəzən öz aralarında ziddiyyətə düşən bir çox müəllif dəsti-xəttinə rast gəlinir. Müasiri olan əksər məsləkdaşları kimi, Şekspir də “həmmüəlliflik” qaydasında, başqalarına məxsus süjetlər üzərində işləyirdi: əsərləri də, adətən, buna görə nəşr olunmurdu, çünki onları çap edəcək naşir tapılmırdı.
Roje Şartye müəllifi bilinən, ancaq mətni qalmayan pyeslərin sirrini araşdırır. Onun “itkin pyeslərin tarixçəsi”nə dair dəqiq təhlilində biri İntibah dövrünə, digəri Postromantizmə xas olan iki yanaşma əsas götürülür: təkbaşına yazıb-yaradan, hər əsərinə özünün təkrarsız, özünəməxsus üslubunu hopdurub onu ilk baxışdan seçiləcək səviyyədə hasilə gətirən dahiləri məhz bu iki tip yanaşma sayəsində tanıya bilirik. Amma bu fikir “Yelizaveta dövrü”nün və “Yakobit çağı”nın dramaturqlarına aid deyil. Onlar əksərən qarışıq məhsul ərsəyə gətirir, bir araya gəlib qədim və yeni ədəbi qaynaqlardan götürdükləri süjetlər üzərində işləyirdilər, əsərin müəlliflik hüququna isə teatr şirkəti yiyələnirdi.
Qeyd olunanlara onu da əlavə etməliyik ki, “Kardenio“nun itkinliyi özlüyündə qətiyyən sadə məsələ deyil. Başlıca əyani fakt 20 may 1613-cü il tarixli sənəddir; orada bildirilir ki, Kral sarayında göstərilmiş, tərkibində “Kardenio” adlı pyesin də yer aldığı tamaşa müqabilində Con Heminqsə 60 funt ödənilməlidir (xatırlatma: Heminqs və Kondell – Şekspirin seçmə əsərlər toplusunun ilk naşirləri) .
Servantesin birinci dəfə 1605-ci ildə işıq üzü görən “Don Kixot”unda Kardenio adlı gəncin başına gələnlər öz əksini tapıb: o, eşqdən havalanıb bir müddət Syerra-Moreno yaylasında tək-tənha dolanandan sonra, axırda sevgilisinə qovuşur. Görünür, 1613-cü ildən sonra pyes nadir hallarda tamaşaya qoyulub, amma yenə də zaman-zaman fərqli adlar altında səhnəyə yol tapıb. “Don Kixot”un İngiltərədə populyarlığı Corc Uilkinsin, Tomas Middltonun, Ben Consonun ardıcıl istinad və iqtibasları sayəsində birdən-birə yüksəlmişdi: onda hələ romanın 1612-ci ildə Tomas Şeltonun qələmindən cıxacaq ingilis versiyası ərsəyə gəlməmişdi. Şekspirin Con Fletçerlə birgə işi olan “VIII Henri” və “İki nəcib qohum”un yaranması da təxminən həmin vaxta düşür; bu baxımdan, Servantesin əsərindən qaynaqlanan pyesin də onların ortaq işi olması tamamilə ağlabatandır.
1653-cü ildə “Kardenio”nu nəşrlər reyestrinə daxil edən kitab taciri Hamfri Mosli “Əsərin müəllifi” qrafasında yazıb: “Cənab Fletçer. & Şekspir”. Bu, həmin pyesi Şekspir imzasıyla birbaşa əlaqələndirən, XVII əsrə aid yeganə sənəddir; burası da var ki, qeyddə Fletçerin ardından qoyulmuş nöqtə bəlkə də Şekspir adının oraya sonradan yazıldığına işarədir.
Ancaq 1728-ci ildə “İkiqat yalan, yaxud bədbəxt sevgililər”ə yazdığı önsözdə müəllif Lüis Teobald bildirir ki, onun bu əsəri Şekspirin uzun zaman öncə qələmə aldığı pyesinin təbdilindən yaranıb. Çox güman, Teobald “Kardenio”nun sarayda göstərilən tamaşalarından da, Moslinin “Kitab reyesri”indəki qeydindən də xəbərsiz olub. “Don Kixot”dakı Kardenio əhvalatının “İkiqat yalan…”da təkrarlanması, ilk növbədə, bunu ortaya qoyur ki, Teobaldın əsəri Fletçerlə Şekspirin itkin pyesinin xeyli sonrakı variantlarından qidalanıb.
Bu sual hələ də açıq qalır: “İkiqat yalan…”la bir vaxt saraydakı nümayişi müqabilində Heminqsə 60 funt yazılan pyes arasında nə kimi bağlılıq var?”
“Kardenio” heç vaxt çap olunmayıb. Əlyazması da qalmayıb.
İstənilən halda, Şartyenin adamı özünə cəlb edib həyəcanlandıran kitabı ədəbi əsərləri “ağ ləkələr”siz, naşı müdaxilələrsiz görmək ehtirasımızı körükləyir, teatral aləmin ötərgiliyinə rəğmən, bizi hələ də itkin sayılan, üzə çıxarılmasını gözləyən xəzinələrin axtarışına sövq edir.
Seyfəddin Hüseynli ruscadan çevirib