Sim-sim.az Pol Osterin müsahibəsini təqdim edir.
– Mən müsahibəyə gəlməmişdən qabaq nə iş görürdün?
– Həmişəki şeylər. Səhər durdum. Qəzet oxudum. Bir fincan çay içdim. Sonra da yaxındakı kiçik ofisimə gedib altı saata yaxın işlədim. Sonra yenə bir az işim çıxdı. Anam iki il qabaq ölüb, onun eviylə bağlı işlər var idi. Bir-iki sığorta sənədini ləğv etməliydim. Buna görə bəzi sənədləri möhürlətmək üçün notariata getdim, sonra da bunları vəkilə göndərdim. Evə qayıtdım. Qızımın qiymət cədvəlinə baxdım. Yuxarı çıxıb kommunal çekləri ödədim. Məncə, adi bir gün idi. Kitab üstündə işləmək və gündəlik sıxıcı şeylərlə qarışıq gün.
– Mənimçün beş-altı saat yazmaq çox ağırdı. O qədər uzun yazmağa çalışanda başqa şeylər diqqətimi dağıdır, yazmaqdan daha cazibədar gəlir. Amma hələ yazmağa başlamamışdan görüləcək işlər varsa…
– Roman yazmaq – həm fiziki, həm də zehni olaraq – insanı öz içinə çəkən prosesdi. Ritmi qorumaq, gördüyüm işə köklənmək üçün hər gün yazmalıyam. Hətta mümkün olsa, bazar günləri də. Bazar günü ailəmlə bağlı bir iş olmasa, ən azından, günortaya qədər işləyə bilərəm. Səyahətə çıxanda fikrim dağılır. İki həftəlik gedirəmsə, qayıdanda əvvəlki ritmimi tutmaq üçün bir həftəyə ehtiyacım olur.
– Romana “fiziki” yanaşmağın xoşuma gəldi. Məndə də ardıcılllıq fetişi var. Özümə filan qədər səhifə, söz sayı, ya da vaxt təyin etmirəm. Mənimçün bir fetiş var, o da hər gün işləmək. Romanın səpələnib genişləməsində də fiziki özəlliklər var. Atletik xüsusiyyətlər. Sürəti əlində cəmləyə bilirsən.
– Yazmaq mənə görə fiziki bir işdi. Sözlər elə bil zehnimdən yox, bədənimdən çıxır. Əllə yazıram və qələm sözləri kağıza tökür. Sözlər yazılanda çıxardıqları səsləri eşidə bilirəm. Yazarkən beynimin içində duyduğum melodiya ilə uzlaşan cümlələr qurmağa çalışıram. Melodiyanı ürəyimcə tamamlamaq üçün çox işləmək, təkrar-təkrar yazmaq lazımdı. Bu musiqi fiziki qüvvədi. Sadəcə kitab yazmaq yox, elə kitab oxumaq da fiziki prosesdi. Dilin ritmlərində bədənin ritmləriylə uzlaşan nəsə var. Diqqətli oxucu kitabda dilə gətirilə bilməyən eyhamları öz beynində kəşf edir. Məncə, əksəriyyətin “fiction” dedikdə başa düşmədiyi də elə budu. Şeirin melodik olmasının istəyirlər. Amma nəsri başa düşmürlər. Publisistik yazıları – quru xəbərlər verən kobud, funksional cümlələri oxumağa o qədər öyrəşiblər ki, səthilikdən yan keçə bilmirlər.
– Buna görə də ağlımıza ilk təqdimatın doğurduğu kəskin narahatlıq gəlir. Daha çox da annotasiya oxumağa güclü tələbat yaranır. Nəticədə melodikliyin itməsi qaçılmaz hala gəlir. Sanki bədəni silmisən, daha sonra konturları çəkib içinə məzmun doldurmusan.
– Dünya o qədər dəyişib ki, yazıçılardan ortalıqda gəzib əsərləri haqqında danışmağı gözləyirlər. Səbəbini bilmirəm. Mənə çətin gəlir. Yenə də insan naşirlərinə, kitabını satmağa çalışanlara qarşı özünü borclu hiss edir. Kitablarımın təqdimatı üçün yerləri özüm seçməyə çalışıram. Tez-tez olmasa da, arabir işin içində olmaq istəyirəm. Mənə elə gəlir ki, bundan sonra rahat buraxacaqlar məni. Amma “Kəhanət gecəsi” romanım üçün qastrola çıxmadım. Enerjim tükənmişdi.
– Kazuo İşiquro bu haqda gülməli danışırdı. Elə bil, yazıçılar bunu həyata keçirsələr, sözü bir araya qoyub nəsə böyük bir səhv etmiş olarlar. “Məhkum dilemması” kimi. Birimiz qastrola çıxsaq, hamı bunu etməyə məcbur olacaq. Amma hamı rədd etsə…
– Zəngin təcrübəsinə arxalanaraq belə danışıb. Heç kimin bacarmadığını edib. İki il boyunca kitab qastrolunda olub. Hər yerə gedib. Kitabının nəşr edildiyi hər ölkəyə. Axırda öləcəkdi az qala.
– İşiquronun “Ovuna bilməyənlər”ini oxumusan?
– Oxumaq istəmişəm.
– Ən sevdiyim romanlarındandı. Heç cür təşkil edə bilmədiyi yaradıcılıq gecəsi üçün bir şəhərə gələn pianoçunun kafkaesk epik təsviridi. Başqa sözlə desək, kitab qastroluna çıxmış yazıçının bu günə qədər yazılmış ən uzun və təsirli şikayətidi.
– Kafkanın gündəliklərində hər kəsə pulsuz kitab oxuyan xəyali bir yazıçının təsviri var. O, səhnəyə çıxanda insanlar narahat olub darıxmağa başlayırlar. “Bir hekayə də…” deyir, “sadəcə bir hekayə”. Adamlar durub gedirlər. Hamı çıxanda qapını çırpır, yazıçı səhnədə dayanıb boş zala doğru yalvarmağa davam edir: “Son bir hekayə, sadəcə bir hekayə…”
– Roman yazmaq üçün vacib olan əhval-ruhiyyəni, elə bil, yenidən qazanmısan. Son iki romanındakı konsentrasiya səviyyəsindən və elə indidən yeni əsərə köklənməyindən hiss elədim. Yaxşı xəbərdi. Roman xüsusi diqqət tələb edir, sənlə razıyam. Buna görə də film dünyasında daha xoşbəxt olduğun dövrləri görmək istərdim.
– Film işlərinə təsadüfən girmişdim. Həmişə kinoya xüsusi sevgim olub. Hətta 19-20 yaşlarımda rejissor olmağı da düşünmüşəm. Amma bu yolu heç vaxt davam etdirməmişəm, çünki film sahəsinə uyğun xarakterin məndə olduğuna o qədər də əmin deyildim. O vaxtlar çox utancaq idim. İnsanların qarşısında danışa bilmirdim. Buna görə də düşünürdüm ki, səssiz, qaraqabaq bayquş kimi olacağamsa, aktyorlarla, komanda ilə, heç kimlə münasibət qura bilməyəcəyəm. Ona görə də bu fikirdən daşındım. Roman çap etdirməyə başlayandan sonra isə ironik şəkildə film dünyasına təmas edə bildim. Ayrı-ayrı adamlar kitablarımdan təsirlənib müəllif hüquqları və uyğun ssenarilər üçün məni axtarmağa başladılar və nəhayət, qarmağa keçdim.
– Son romanlarında kinodan qurğuya doğru incə keçidlər hiss etdim. Axırıncı iki kitabında sənət adamlarından bəhs etmisən. “İllüziyalar kitabı”nda baş obraz film prodüseridi, onun filmləri ilə bağlı uzun və çox gözəl təsvirlər var. “Kəhanət gecəsi”ndə də baş obraz romançıdı, hətta onun yazmaqda olduğu romanın bir hissəsini də oxuyuruq. Bəs maraq dairəndəki şeylərdə hər hansı dəyişiklik baş veribmi?
– Bir az aydınlaşdıraq. Filmlə məşğul olduğum dövrlərdə əsla romandan əl üzməmişəm. Ueyn Vanın iki filmi düz iki ilimi alıb. Fövqəladə bir şey idi. Bir müddətlik də olsa, otağımdan çıxmaq, insanlarla işləmək və yeni düşüncə yollarına səyahət etmək ən çox zövq aldığım şeylərdən idi. “Körpüdəki Lulu” filmində isə anlaşmazlıq var idi. Ssenarini Vim Venders üçün yazmışdım, amma iş elə gətirdi ki, rejissorluğu davam etdirə bilmədi. Əvəzində məcbur etdi ki, işi öz üstümə götürüm. Və bir də gördüm ki, ömrümün iki il yarımı gedib. Söz yox, bu da bənzərsiz təcrübə idi və nə yaxşı ki, özümü yoxlamışam. Daha sonra filmi çəkməkdən daha ağır olan qastrol məsələsi çıxdı. Elə bilirik, kitablar çətindi. Belədisə, onda filmlər öldürücüdü. Yaponiyada iki gün ərzində qırx müsahibə verdiyimi xatırlayıram. Bir-birinin ardınca uzun müsahibələr. O qədər tükənmişdim ki, hətta xəstələndim və gözümü açanda xəstəxanada olduğumu gördüm. Elə o anda qərarımı verdim. Film çəkməyi nə qədər sevsəm də, bu işi nə qədər yaxşı öyrənmiş olsam da, bütün zamanımı buna ayırmağa məcbur olduğumu başa düşdüm. Kinematoqrafiya hobbi kimi görüləcək iş deyil. Əgər bu yola davam edəcəkdimsə, gərək yazmaqdan əl üzəydim, bunu isə ağlımdan belə keçirmirdim. Seçimimin roman yazmaq olduğuna artıq əmin idim. Beləcə, heç də peşman olmadan, nikbin şəkildə kinematoqrafiyadan uzaqlaşdım. Artıq film sektorunda deyiləm. Amma “İllüziyalar kitabı”ndan, Hektor Mann və onun film karyerasından söz açsaq, deyim ki, Hektor obrazı hələ mən film işlərinə girişmədən beynimdə doğulmuşdu. 80-ci illərin sonu-90-cı illərin əvvəllərində bir gün ağ kostyumlu və qara bığlı görünüşdə ağlıma gəldi. Əvvəlcə, bu obrazı hara yerləşdirəcəyimi bilmirdim. Bir ara istədim onun səssiz filmləri haqqında hekayələr kitabı yazım. Hər hekayə ayrı filmdən bəhs edəcəkdi. Hazırkı roman formasına salana qədər illərlə beynimdə bu əhvalatla gəzirdim. İnsanlar roman haqqında danışanda deyirdilər ki, “Osterin film dünyasına girişməsindən sonra bu roman yazılıb”. Amma elə deyildi, bu roman hər şeydən əvvəl yazılmışdı. Kinematoqrafiya sektorundakı xırda macəram haqda isə onu deyə bilərəm ki, artıq orta yaşdan sonrakı dövrlərdə – qırx-əlli yaş arasından danışıram – çox az adamın yeni nəsə öyrənmək şansı olur. Daha əvvəl özümü sınamadığım bir işə girişmək mənimçün yaxşı təcrübə idi. Beş il roman yazmağa ara vermişdim və bunun çox köməyi oldu. Bu beş il ərzində yazdığım tək şey puldan bəhs edən xırda avtobioqrafik “Cibimdə siçanlar” əsərim oldu.
– Mən də elə bununla məşğulam indi. Roman yazmağa verdiyim ən böyük fasilə indiki dövrümdü. İlk təcrübələrimsə on səkkiz yaşında başlamışdı.
– Elə mənim də.
– O qədər də yaxşı deyildi, təbii ki. Amma o vaxtdan indiyədək hələ bu qədər fasilə verməmişdim. Son iki ildə gözləmədiyim qədər təqdimat keçirmişəm. Sonra bir hekayə, bir də esse kitabı hazırlamışam.
– Burda utanmalı heç nə yoxdu.
– Çox sağ ol. Amma meydançaya gəlib şporlu ayaqqabılarını geyərək qaçmağa öyrəşmiş bir atlet düşün. İyirmi ildi ki, bu rejimə vərdiş edib və sonra…
– Bir az korşalır, əlbəttə.
– Bu həm də darıxdırıcıdı. Heç nədən çəkinmədən şirin ədəbi ehtirasla dolub-daşan bir yazıçı dostum var. Tolstoyla boks yarışına çıxan Normal Meyler kimi adamdı. Bir söz demişdi, həmişə beynimdə fırlanır: “Keçmişə baxsan, görəcəksən ki, çox az yazıçı istisna olmaqla, qalanları ən uğurlu dövrlərinə otuz-beş əlli yaş arasında çatırlar. Gənclik enerjisiylə təcrübənin kəsişdiyi nöqtə”. Məndə isə bu hal qırx yaşımdan bir neçə il sonra başlayıb.
-Təsəlli üçün deyim ki, mən sənətdə heç bir qaydanın olmadığına inanıram. Hər kəsin fərqli yolu var. Bir dəfə Fransadakı naşirim mənə demişdi ki, bir romançı artıq iyirmi ildi ki, yazır və bu müddətdə böyük uğurlar əldə edib. İnana bilmirəm buna. Məsələ odu ki, heç işləməmək daha asandı. Düzdü, yazmaq ehtiyacdı və əksər hallarda həzz almaqdı. Amma eyni zamanda bəzən ağır bir yük və dəhşətli mübarizə də ola bilər.
– Bunu eşitmək xoşdu.
– Özümdən deyim. Yazmağa oturanda hökmən deyil ki, Co Luislə on raundluq yarışa çıxacaq boksçu kimi hiss edim. Barmaqlarımın ucunda girirəm otağa. Yeri gəlsə, işimi sonraya da saxlayıram. Təcili olmasa da, görəcəyim xırda-para işlərlə baş qatıram. Asta-asta gəlib qapıdan içəri girirəm. Yəni əlimdə revolverlə gəlmirəm iş stoluma. Belə olsaydı, həyəcandan gülləni öz ayağıma sıxardım.
– Otağa girməyindən danışdın, yadıma bir şey düşdü. Ümid edirəm, evinin möhtəşəm olduğunu desəm, narahat olmazsan. Sənin evin xəyalımda heç vaxt içindən çıxmaq istəməyəcəyim evdi. Mənlik olsaydı, bu evdə gözəl bir iş otağım olardı və bütün gün orda oturardım. Sənsə iş otağını lazım olanda evdən rahat çıxıb qaçacaq formada qurmusan. Məhz bu cür rahatlıq sayəsində yazıçı açılışa və genişlənə bilir.
– Bir az qarışıq məsələdi. Uşaqlarımla birgə yaşayanda ev tünlük idi, iş otağım yox idi, ona görə də özümə xırda bir studiya tapmışdım. Orda altı-yeddi il işləmişdim. Sonra bu evi aldıq. Əvvəllər bu mərtəbədə kirayənişinlər var idi, sonra köçüb getdilər, mən də bura yerləşdim. Uzun müddət burda rahat işlədim. Amma keçən il evdə təmirə başladıq. Ustalar, dülgərlər, santexniklər, elektriklər, rəngsazlar rəsmən evi işğal etmişdilər. Dəqiqəbaşı qapı döyülürdü, zəng gəlirdi. Hiss edirdim ki, işimə köklənə bilmirəm. Fikirləşirdim bəlkə də əvvəlki rejimimə qayıtmalıyam. Doqquz ay əvvələ qədər bu küçədə başqa bir otaq tutub orda məşğul olurdum. Müdhiş ev idi. Yoldaşım Sirinin möhtəşəm estetika anlayışının, ahəng və nizam duyğusunun məhsulu idi. Amma məncə, daha kobud və sərt yerlərdə mən daha yaxşı işləyə bilirəm. Kaliban (red. Şekspirin qəhrəmanı) kimiyəm deyəsən. Açıqlıq yerlərdə xoşbəxt oluram.
– Məndə isə fərqlidi. Olduğum yerlə bilavasitə bütünləşə bilirəm. İnsanlar haqlı olaraq düşünürlər ki, Bruklinə buralardan yazmaq üçün gəlmişəm. Amma əslində Bruklinlə bağlı kitablarımın çoxunu Torontoda “Saratoqa Sprinqs”də, ya da alman otellərində yazmışam. Bruklin haqda ən yaxşı yazılarım bir az uzaqdan, keçmişə baxaraq, darıxaraq yazılıb.
– Coys və Dublin kimi. Təsadüfə bax ki, hazırda mən də Bruklin haqda yazıram. Sonuncu kitabım “Kəhanət gecəsi” iyirmi iki il əvvəlin Bruklinindən bəhs edir. İndi isə müasir Bruklini qələmə alıram. Artıq qərar verdiyimə görə deməli, yeni romanın adını açıqlaya bilərəm: “Bruklin çılğınlıqları”. Bir növ komediya yazmaq cəhdidi. Əvvəllər müraciət etmədiyim janrdı deyə yazdığım hər sözə şübhəylə yanaşaraq əylənirəm, düşünürəm ki, nəticədə faydalı bir əsər olacaq. Ən azından, ümid edirəm.
– Səbrsizliklə gözləyirəm.
– İnsan özünü təəccübləndirməyə çalışır. Daha əvvəl etdiklərinin əksinə getməyə can atır. Əvvəlki bütün işlərini yandırıb yox etmək istəyir. Hər yeni işin özünü yenidən yaratmağa cəhdidi. Nəyinsə vərdişə çevrilməsi sənətçini məhv edir. Özünə meydan oxumalısan, keçmiş uğurlarını gözardı etməlisən, əvvəl etdiyin heç nə haqqında baş sındırmamalısan. Çox dəqiq fikirdi ki, dünya – hər yazmağa oturanda fərqli şəkildə yazıya ala biləcəyimiz qədər böyük və maraqlıdı.
– Nə olursa-olsun, səsin eyni səs olaraq qalacaq amma. Əvvəlki əsərlərini görməzdən gəlsən də, kitabların həmişə bütöv bir vahid kimi görüləcək.
– Şübhəsiz. Çünki insanın özündən qaçmaq üçün etdiyi bütün cəhdlər əbəsdi. Bu yolda kəşf edə bildiyin tək şey yenə də özün və keçmişi qalıqları olur. Əvvəl axır öz düşüncə tərzinin təkrarına qayıdırsan. Amma ən azından, dəyişməyə cəhd etməyin özü də təqdirəlayiqdi.
– Gülməlidi, çünki roman yazmağa başlayarkən bir şeydən əminəm ki, təkrar etməli olduğum şeyləri rahatlıqla rədd edirəm. Bruklin mövzusundan uzaq qaçıram. Valideyn-övlad münasibətlərindən uzaq qaçıram. Bir də fikir vermişəm ki, hər kitabım, bir-birindən nə qədər fərqli olsa da, ölümcül risklər daşıyırmış. Məsələn, əsərlərimdə bir insan başqasına silah çəkirdi. Ona görə də sonrakı dövrdə sadəcə emosional nöqtələrə üstünlük verməyə çalışdım.
– Haqlısan. İndiyə qədər özünə qoyduğun sədlərə təkrar baxanda daha da artırmaq istəyirsən. Hər sənətçinin öz sədləri var. Heç kim hər şeyi bacara bilməz. Mümkün deyil. Sənətin gözəlliyi də ondadı ki, müəyyən bir fəzanı, fiziki və zehni məkanı əhatə edə bilir. Hər səhifəyə bütün dünyanı sığışdırmağa çalışsan, xaos yaranar. Onsuz da sənət zəruri imkan yaradır ki, haqqında danışmalı olduğun tək bir şey üzərində fokuslanasan.
– E-mail və cib telefonu artıq iliyimizə qədər işləyib. Bu cür texnoloji yenilikləri əsərlərinə salmağa çətinlik çəkirsən? Müəyyən zaman kəsimindən sonra – bu müddət mənimçün 1978-1984-cü illər deməkdi – icad edilmiş texnologiyalar əsərlərdə öz əksini tapmır.
– Maraqlı sualdı. 80-ci illərin sonundan bəhs edən “İllüziyalar kitabı”nda faks aparatından yazmışam. Bəzi hadisələr də məhz bu faks aparatı vasitəsilə baş verir. Ona görə də texnologiyaları əsərlərimdə işlətməyə qarşı deyiləm. Hal-hazırda işlədiyim əsərdə e-mail və cib telefonlarıyla bağlı hissələr də var. Kompüteri olmayan azsaylı insanlardan biriyəm. Kompüterim yoxdu, e-maildən istifadə etmirəm və hələ ki, istifadə etmək fikrim də yoxdu. Qələmim və köhnə makinam mənə bəs edir. Amma yeri gəlsə, bu yeniliklər haqqında danışa da bilirəm. Roman elə bir şeydi ki, dünyada var olmuş və var olan hər şeyə qarşı qapılarını açıq saxlamağa məcbursan. Romanın əsrarəngizliyi də elə bundadı. Bu barədə özümə sərhəd qoymamışam. Heç vaxt “Bunu edə bilməzsən” demirəm.
– Təbii ki, mövzu ideoloji boykot deyil, sadəcə əsərlərə yeniliklərin daxil olması problemindən danışıram. Məsələn, özüm tez-tez e-maildən istifadə edirəm. Amma əsərlərimdə bundan yazsam, özüm öz əsərimə inanmamağa başlayacağam. Reallıqla uzlaşmır, elə bil.
– Bu problem illər boyu ayrı-ayrı adamlarla müzakirə etdiyim daha geniş və maraqlı məsələyə gətirib çıxarır. Texnologiyalara heyranlıq duyan insanlar var və həmişə belə deyirlər (hər halda, son yüz əlli ildə bu söhbət yaranıb): “Texnoloji yeniliklər düşüncə və həyat tərzimizi dəyişdirəcək. Başqa cür yaşayacağıq. Özü də təkcə maddi yox, elə mənəvi həyatımıza da təsir edəcək”. Bu cür fikirlərə sadə bir səbəbdən inanmıram – bizim bədənimiz var. Xəstələnirik, ölürük, aşiq oluruq, ağrını hiss edirik, kədərlənirik, əsəbiləşirik. İstər qədim Romada yaşa, istər müasir Amerikada, bunlar insanlığın dəyişməz xassələridi. Düşünmürəm ki, indiki insanlar teleqraf, radio, cib telefonu, təyyarə, ya da kompüterə görə əvvəlkilərdən fərqlənir. Yeddi-səkkiz il qabaq “Qüds Fondu” tərəfindən İsrailə dəvət olunmuşdum. “Mishchanot” adlı sənətçilər mərkəzində qalırdım. Gözəl yer idi. Əlli yaşındaydım və ömrüm boyu bu ideologiyaya qarşı çıxan bir yəhudi kimi hələ İsraildə olmamışdım. Uyğun zamanı gözləyirdim. Teddi Kollek məktub yazmışdı, üç-dörd həftə orda qalıb o binada yaşamaq təklifini, ürəyim nə istəsə yaza biləcəyimi eşidəndə fikirləşdim ki, artıq ora baş çəkməyin vaxtıdı. Siri və Sofi (red. Osterin həyat yoldaşı və qızı) də mənlə getdilər. Bir ara ölkəni gəzməyə də çıxdıq. Ölü Dəniz Perqamentlərinin kəşf olunduğu Kumran qəsəbəsinə getdik. Ordakı mağarada və ətrafında kitabələrdən və digər eksponatlardan əsrarəngiz muzey yaratmışdılar. Elə gözəl idi ki… Bu gün hansısa dükandan ala biləcəyimiz miniatürlərə bənzəyən boşqablar var idi. Quruluşları, bəzəkləri oxşayırdı. Bir fransızın, ya da italyanın bu gün bazara gedəndə əlində tutduğu səbətlərin eynisindən görmüşdüm orda. İnsan övladının minillər boyu inanılmaz dərəcədə oxşar həyat yolu keçdiyinə şahid oldum. Elə buna görə, indi də Homeri, Sofoklu, ya da Şekspiri oxuyanda mənə elə gəlir ki, elə özümüz haqda oxuyuram.
– İyirmi yaşlarımın əvvəllərini, 80-ci illərin sonunda San-Fransisko Körfəz Bölgəsində keçirmişəm. Kompüter sənayesindəki nəhəng sıçrayışlara, “Wired” jurnalının yaranmasına və ətrafında baş verən hər şeyə şahid olmuşam. Virtual reallığın həyatımıza girməsiylə elə hesab edirdik ki, artıq həyat əvvəlki kimi olmayacaq. Böyük rus kino nəzəriyyəçisi Vertovu oxusanız, görəcəksiniz ki, o da oxşar proqnozları yüz il əvvəl kino üçün demişdi. On il əvvələ qədər radionun icadı haqda da eyni şeyi deyirdilər.
– O dövrlərdə bu cür şeylər inqilab sayılırmış yəqin. Bütün dünya, bir-birini tanımayan insanlar artıq əlaqə saxlaya biləcəkdilər. Bir tərəfdən texnologiyaların təhlükələri də qaçılmazdı. Yeniyetmələr bütün vaxtlarını monitor qarşısında, hissləri korşalmış şəkildə və əsl həyatı yaşamadan keçirirlər. Məncə, böyüyəndə və əsl həyatın axarına düşəndə onlar da bizim kimi düşünəcəklər.
– Onlayn dünyanın yazılı formaya düşməsi də şirin bir ironiyadı. Ekstra savadlı, ya da vizual savadlı olmasını gözlədiyimiz sivilizasiya artıq yazışmalara vərdiş edib. Gah məktublarla, gah da gündəliklərlə.
– Dəqiq. Bu da bir növ ədəbiyyatın problemidi. Nəsillər boyu xeyli insan roman janrının öləcəyini proqnoz edib. Amma mən yenə də yazılı mətnlərin daim yaşayacağına inanıram. Bədii mətnlər insanların standart ehtiyaclarından biridi. Məncə, kino romandan əvvəl tənəzzül edəcək. Çünki roman dünyada iki yad insanın mütləq səmimiyyət içində görüşə biləcəyi azsaylı nöqtələrdən biridi. Oxucu və yazıçı əsəri birlikdə yazır. Oxucu kimi başqa insanların zehninə girirsən, bu zaman özünlə bağlı yeni nələrisə kəşf edirsən və bu səni daha canlı hiss etdirir.
– Qiraətin məhrəmliyi barədə fikriniz xoşuma gəldi. Bir roman nə qədər məşhur olursa-olsun, nəticədə qiraət fiziki proses olduğu üçün bunu kütləvi icra etmək mümkün deyil. Qiraət bir növ intim məsələdi. Bəlkə də masturbasiya kimi.
– Bir romanın bir oxucusu olur. Məsələnin kökü də budu məncə. Sadəcə bir adam var. Hər oxunuşda başqa bir adam.
– Romanın məni heyran edən tərəflərindən biri də digər bütün sənət sahələrini öz içində ehtiva etməsidi. Romanın dominant gücü var. Musiqini, şeiri, ya da filmi öz içində əridə bilir.
– Ya da rəsm əsərini.
– Bəli. Digər bütün sənət növlərinin məhrum olduğu xassələri özündə cəmləyə bilir. Çünki roman digər sənət növləri içində tərənnüm edilə bilməz.
– Məncə, bunun üçün ən uyğun söz ekfrasisdi – mücərrəd sənət əsərlərini təsvir etmək mənasında işlənən ritorika termini. Mənə maraqlı gələn bir şey var. Əsrlər boyu roman insanların kitab oxuduğunu təsvir etməyə köklənməyib. Kitabları və qiraət vərdişi dünyanın reallığı kimi göstərirəm. Eyni şey filmə də aid edilə bilər. Niyə də filmlərdən bəhs etməyək? “İllüziyalar kitabı”nı dərc etdirdikdən sonra dostum Hol Hartliyə bir nüsxəsini göndərmişdim. Sonra o dedi ki: “Bəlkə də yazılı filmlər əsl filmlərdən daha yaxşıdı. Yazılı filmləri sadəcə zehnində izləyə bilirsən, amma hər şey sən istəyən kimi olur”.
– Romançılar mükəmməl filmlər yarada bilirlər. Hər epizodunu qururuq. Səhnələr də istədiyimiz kimi alınır.
– Bir kitabda eyni paraqrafı dörd dəfə oxuya bilərsən. 300-cü səhifədə olanda 21-ci səhifəyə rahat qayıda bilərsən. Amma filmdə bu mümkün deyil. Tez-tez dala-qabağa gedir. Xüsusilə, çox sevdiyin filmi izləyəndə buna ayaq uydurmaq çətin olur. Yaxşı filmi əməlli-başlı izləmək üçün təkrar-təkrar baxmalısan. “Körpüdəki Lulu” filmində səhvim o idi ki, ssenarini roman kimi geniş yazmağa çalışmışdım. Nə baş verdiyini anlamaq üçün filmə gərək dəfələrlə baxasan. Filmin əvvəlində Hervi Keytelin küçədə gəzdiyi səhnə var, divarda qraffiti görünür: “Beware of God” (red. “Allahdan qorx”). Bu sözləri bir köynəyin üstündə görmüşdüm, xoşuma gəlmişdi. Disleksiya xəstəsi olan adam bunu “Beware of Dog” kimi də oxuya bilər. Sonrakı epizodda qəsdən uzaqdan eşidilən it hürməsi səsini qoymuşdum. O it mənimçün ilahi varlıq idi. Bu epizod Hervinin oynadığı rolun arxadakı küçədə meyit tapdığı anda baş verir. Heç kim, demək olar ki, heç kim orda nə demək istədiyimi başa düşməyib.
– Hürən itlə rastlaşan oxucu bunun məhz niyə həmin anda meydana gəldiyini anlamaq üçün baş sındırmalıdı. Romanda hər şey ayrıca seçilib yığılır, amma filmdə göstərilən bəzi şeylər görüntü və səslərin sürətinə görə təsadüfi ola bilər.
– Şübhəsiz.
– Bu arada, elə sən o epizoddan danışanda burda – Bruklində uzaqdan it səsi gəldi.
– Elədi.
– Ekfrasis barədə ən sevdiyin nümunə hansıdı? Yəni bir sənət əsəri içində başqa bir sənət əsəri.
– “Hərb və sülh”də Nataşanın operaya getdiyi və Tolstoyun bütün təcrübələrini dekonstruksiya etdiyi səhnə var. Bunu emosional, ya da bədii formada təsvir etməkdənsə, xam şəkildə və fiziki baxımdan göstərməyi üstün tutub: “Sonra kök bir qadın səhnəyə çıxdı və bəzi jestlər etməyə başladı. Sonra arxa planda “qonq” səsi gəldi, şimşək çaxdı, daha sonra sısqa bir kişi heç kimin başa düşmədiyi ariya oxumağa başladı”. Məncə, oxuduğum ən komik ekfrasis bu idi. Amma demək olar, ən yaxşı və gözəl nümunə indi ağlıma gəldi…
– Ən ideal nümunə budu.
– Mövzunu fırladıb ailəmə gətirməyə nifrət edirəm, amma Sirinin son romanı “Sevdiklərim” buna ən yaxşı misal ola bilər. Rəssamın əsərləri inanılmaz dərinliklə təsvir edilib və romanın qayəsini də elə o əsərlər tamamlayır. O qədər gözəl qələmə alınıb ki. Sənətin bu qədər ayrılmaz ola biləcəyini başqa heç bir romanda görməmişəm.
– Belə bir təsvir oxumuşdum, rəssam özü çərçivədən kənarda, demək olar, görünmürdü.
– Əsərin yanında rəssam özü xırda bir kölgədi. İllər boyu əsərlərin süniliyi məsələsi də mənə maraqlı gəlib. Yəni nəticədə kim kimi aldadır? Bədii əsərlərin xəyal məhsulu olduğunu bilirik. Mən də məhz bunu əsas götürərək öz əsərlərimin quruluşunu hazırlayıram. Cümlələri quru, akademik, psevdo-bədii formada yox, elə adicə formada işlətməyin tərəfdarıyam. Uşaq vaxtı üçüncü şəxsin dilində yazılmış əsərləri oxuyanda düşünürdüm ki, danışan kimdi? Kimə qulaq asıram indi? Əhvalatı kim nəql edir? Sonra kitabın üstündəki adı görürdüm. Heminquey, ya da Tolstoy. Bəs əsərin içində danışan həqiqətən də Heminquey və Tolstoy idimi? Bir əsəri niyə yazdığını əsaslandırmaq üçün kiçik priyomlardan istifadə edən müəlliflərdən xoşum gəlir. Məsələn, “Qırmızı damğa” romanı (red. Natalie Hotorn). Guya Hotorn əlyazmanı gömrük idarəsində tapır, sonrakı səhifələrdə görürük ki, artıq əlyazma çapa gedir. Təbii ki, oyundu hamısı. Sənət haqqındakı sənətdən bəhs edən sənət. Amma yenə də xoşuma gəlmişdi bu. Məncə, əsərlərimin çoxunu üçüncü yox, mən birinci şəxsin dilində yazmağımın səbəbi də budu.
– Bəs ilk başda belə olacağını düşünürdünmü? Mən də birinci şəxsdə yazmağa üstünlük verirəm, amma gənc yaşlarımda üçüncü şəxsin birincidən daha yaxşı olduğunu düşünürdüm. Elə bil, daha yüksək bədiilik qatırdı əsərə.
– Bəlkə də elədi. Amma mənim yüksəkliklə aram yoxdu. Yerə yaxın, demək olar, həyatla iç-içə olan hər şeyi sevirəm.
– Hansı şəxsdə yazacağına hansı mərhələdə qərar verirsən?
– Deyəsən, elə ilk başda. Təkcə bədii olmayan “Tənhalığın kəşfi” əsərimi yazanda ilişib qalmışdım. İlk hissəni birinci şəxsdə yazdığıma görə ikinci hissəni də o cür davam etdirdim. Sonra bir yerdə ilişdim yenə. Nə iləsə razılaşa bilmirdim. Yazdım, yazdım, yazdım, axırda məcbur olub dayandım. Əsəri qoydum qırağa, həftələrlə fikirləşdim ki, məni narahat edən nədi? Sonra başa düşdüm ki, problem birinci şəxsdə yazmaqda imiş. Üçüncü şəxsə keçməliydim. Çünki birinci hissədə başqa biri – atam haqqında yazmışdım. Onu öz nəzərimdən təsvir edirdim. İkinci hissədə isə əksərən özümdən yazmışdım. Birinci şəxsdə yazanda hiss elədim ki, özümü görməzdən gəlirmişəm. Üçüncü şəxsə keçərək özümə müəyyən məsafə qoymağı və özümə qıraqdan baxmağı bacardım, beləcə, əsər tamamlandı. Qəribə idi.
– Məsafə dedin. Mənə elə gəlir ki, əsərlərinin hər hissəsində rast gəldiyimiz, amma bir o qədər də əlçatmaz və haqqında danışılması çətin olan xüsusiyyət var – bir növ ehtiyatını qoruyursan.
– Bu sənə təəccüblü gələ bilər, amma özümü hədsiz emosional yazıçı kimi görürəm. Hər şey ən dərin hisslərdən, yuxulardan və təhtəlşüurdan qaynaqlanır. Amma yenə də nəsr əsərlərimdə şəffaflığa yer verməyə cəhd edirəm. Buna baxımdan, ideal şərtlər altında yazılmış əsər o qədər şəffaf ola bilər ki, oxucu ünsiyyət vasitəsi kimi dilin varlığını hiss etməz. Beləcə, oxucu səsin, əhvalatın, baş verənlərin birbaşa içində ola bilər. Haqlısan, ehtiyatımı qoruyuram, amma buna ehtiyat deməkdənsə, dəqiqlik deyərdim. Eyni zamanda, bildiyim ən dərin hisslərin kəşfinə doğru yol alıram: sevgi və ölüm. İnsanın kədəri. İnsanın yaşadığı sevinclər. Həyatı yaşanası edən bütün hər şey.
– Yox, demirəm ki, əsərlərində ürək yoxdu. Məncə, “Kəhanət gecəsi” ürək dağlayan, kifayət qədər duyğusal romandı. Heç də təəccüblü deyil. Yazını fərqləndirən şeylər mətnin dəqiqliyindən və həssaslığından irəli gəlir. Zamansız bir mühit hiss edilir.
– Bundan yüz il sonra da oxunacaq və oxucuların dəxlisiz detallarda ilişməyəcəyi əsərlər yazmaq istəyirəm. Sosioloq deyiləm, amma roman sosiologiya ilə sıx bağlıdı. Bədii ədəbiyyatı insanlara sevdirən də budu. Amma mən bu variantı seçməmişəm. Mənimçün psixologiya daha maraqlıdı. Dünya ilə bağlı hər hansı fəlsəfi sual üstündə işləmək xoşdu. Hekayələri ətrafımızdakı proseslərdən arındırmağa və emosional həyata daha da dərindən yaxınlaşmağa çalışıram.
– Eyni məsuliyyəti obrazlarının da boynuna qoyursan. Onlar da özləri və həyatları arasındakı bağı incələməyə çalışırlar.
– Fikrimcə, obrazlarımın heç biri istehlakçı tiplər deyil, yəni müasir həyatın zir-zibilinə və süniliyinə o qədər də baş qoşmayıblar. Əlbəttə, əsərlərimdə təkcə mücərrədlikdən danışmıram, sadəcə maddi həyata o qədər də yer verməmişəm.
– Məncə də. Əsərlərindəki ən müasir təsvirlərdə belə zamansızlığı hiss etmək olur.
– Hər sözün, hər cümlənin yerində olmasına diqqət ayırıram. Baxmayaraq ki, sırf gözəl görünsün deyə özümü gözəl paraqraflar yazmaq hissinə qurban verməmişəm. Heç vecimə də deyil. Amma hər bir sözün əsərin məhz hansı yerində işlədilməsinin mənası olmalıdı. Əsərin hər cümləsi onun özəyidi.
“The Believer” jurnalı, 2005-ci il
Söhbətləşir: Conatan Litem (Amerikalı yazıçı, esseist)
Tərcümə etdi: Mənsur Matt