Pol Tomas Anderson: “İşim yarısı sponsorlarla əlləşməkdir”
- Ssenari yazmağa başlamamışdan qabaq insanların reallıqda necə danışdığına fikir verirdiniz?
- Hə, 18 yaşında ssenari yazanda bunu edirdim. O vaxtlar yeganə məqsədim Deyvid Memeti təqlid etmək idi, çünki özümü inandırmışdım ki, real həyatda insanlar Memetin dialoqlarıyla danışırlar. Memetin real insanların dialoqlarına özünəməxsus şəkildə stilizə etdiyini başa düşməyim vaxt aldı. Memetin adı gələndə hamının yadına birinci dialoq düşür, ancaq məncə, onun əsas gücü hekayəni nəql etmək tərzindədir – köhnə və sağlam texnikadan istifadə edir. Məsələn, indiyə qədər yazılmış ən yaxşı ssenarilərdən biri olan “Oyun evi”ni yaxşı edən şey əhvalatın o cür qurulmasıdır.
- Sizcə, dialoq yazarkən ən çox nədə səhv edirlər?
- Bütöv cümlələr yazmaqda. Pis yazılmış dialoqda hər hansı bölünmə, yaxud üst-üstə düşmə olmaz, insanların real həyatdakı söhbətlərinə oxşamır bu.
- Dialoqlarınız yazı prosesində sizin iradənizdən çıxıb başqa istiqamətlərə gedirmi?
- Əlbəttə. Adətən səhnələrin hara gedib çıxacağını bilmədən yazıram, elə bil, improvizasiya edirəm. Səhnələrin öz yolunu tapması əladır, amma öz yolunu tapmayanda hər şey çox yorucu olur; çünki gedəcəkləri yeri diqtə edəndə effektiv olmurlar. Mən yazıçılığın “yenidən yazanda” ortaya çıxan şey olduğuna heç vaxt inanmamışam, yenidən yazmağa həmişə nifrət etmişəm. Yenidən yazmaq qorxaqlar üçündür! “Yaz getsin!” – həmişə belə düşünmüşəm.
- Bir hekayənin içində nələr olmalıdır ki, sizə maraqlı gəlsin?
- Müəyyən qəliblərə oturan, qaydalardan qırağa çıxmayan hekayələri sevirəm – “ilk səhnədə görünən silah axırda mütləq açılmalıdır” qaydası kimi. Ən sevdiyim rejissorlar da bu qaydaları bilən və onlara riayət edənlərdir, yaxud tamamilə “punk rock” tərzində işləyərək heç bir qaydanı vecinə almayanlardır – Fransua Trüfo kimi.
- Yazarkən mütləq riayət etdiyiniz vərdişləriniz varmı?
- Əlbəttə, özümü riayət etməyə məcbur hiss etdiyim şeylər var. Hər gün eyni saatlarda oyanmaq, yuxudan duran kimi hazırlaşmaq kimi vərdişlərim var. Adətən səhər tezdən yazıram və günümün 3-4 saatını yazmağa ayırıram. Ancaq bu qədər alınır, çünki yazarkən dayanmaqdan siqaret çəkirəm və siqaret çəkmək məni yorur. Siqaret çəkməyim batil inancdır, təxminən, uğur gətirəcək tipində. Çox güman ki, cəfəng fikirdir, amma belə düşünürəm.
- İnsanların “Bugi gecələri” ilə bağlı ən sevdikləri şeylərdən biri hekayəni obyektiv gözlə nəql etməsidir. Porno dünyasını daim pis şeylərin baş verdiyi bir yer kimi əks etdirmirsiniz, ancaq dünyanın ən yaxşı yeri kimi göstərmirsiniz. Kəsəsi, tamaşaçıya “Hekayə budur, özünüz qərar verin” deyirsiniz. Buna necə nail oldunuz?
- Məncə, işin gülməli tərəfi odur ki, film əslində müəyyən qədər ittiham edir. Bu, onun kassadakı uğursuzluğunu da izah edir. Bu xarakterləri sevirəm, pornoqrafiyanı da sevirəm, ancaq eyni dərəcədə ikrah da hiss edirəm. Buna görə də filmin birinci hissəsi əyləncəlidir, ikinci hissədə isə bütün əyləncələrin bədəli ödənir. Bu da mənim pornoqrafiyaya münasibətimlə bağlıdır, porno sektoru və xarakterlər də beləcə ittiham edilir. Bu cür hiss etdirmədən və dürüstcə alınmasının səbəbi odur ki, bunları fərqində olmadan etməyimdir. Mən yazarkən eyni vaxtda rolu oynayacaq aktyoru düşünürəm, səksən faizi xarakteri, iyirmi faiz fikrimdə tutduğum aktyoru yazıram və həmin aktyorlara zərər vermək istəmirəm.
- Mark Uolberqin metamorfozu xeyli inandırıcıdır. Metamorfozun başladığı məqamı göstərmək çətindir, ancaq xeyli inandırıcı şəkildə baş verir.
- Filmlərimdə ən sevdiyim şey başqa filmlərdə doxsan dərəcə dəyişən xarakterlərin iki dərəcəlik dəyişməsidir. Filmə baxanda həmişə belə şeylər fikrimdə ilişib qalır, çünki real həyatda heç kim o qədər sürətlə dəyişə bilməz; ən azından mənim ətrafımdakılar. İnsanlar yavaş-yavaş dəyişir. Kompüterin qarşısına keçib öz-özümə “İndi baş qəhrəman Dirkin dəyişəcəyik səhnəni yazacağam” deyə bilərəm, ancaq bunun əvəzinə reallıq faktorunu arxa plana atıb əyləncəli hissəyə fokuslanıram. Hekayə öz yolunu qət edərkən hansısa məqamda Dirk dəyişməyə başlayır. Bunu izah etmək çətindir, ancaq deyəsən əsas səbəb yazarkən özümə qıraqdan baxmamağımdır.
- Filmlərinizin səhv şərh olunmasından qorxmusunuz?
- Əlbəttə. “Buqi gecələri”nin ilkin nümayişi olanda, Balaca Billin arvadını iş üstündə tutub silah dalınca getdiyi səhnədə tamaşaçılar sevinmişdilər. Geri qayıdıb arvadını vuranda yenə sevindilər, mənsə qorxdum və özümü pis etdim. Xarakterləri, filmi və hər şeyi səhv qavradığımı düşündüm. Bill sonra özünü vuranda özümü bir az yaxşı hiss etdim, çünki gülməyi və alqışlamağı kəsmişdilər. Qəfildən bütün salona ölüm sükutu çökdü. Bunu görəndə, mən də tonumu dəyişdirdim və tamaşçıların içində zorakılıq olan səhnələrdə əylənməsinin qarşısını almaq məsuliyyəti hiss etməyə başladım. Əyləncəyə varam, ancaq güllələr ağrı verir. “Buqi gecələri”nin əsas ideyası da məncə budur: “hər şey əyləncəlidir, kiminsə canı yanana qədər.”
- Leonard Kohen bir dəfə demişdi ki, hər sənətçi, istər rəssam, istər bəstəkar, istər rejissoru olsun, eyni nəğməni təkrar-təkrar yazmaqla məşğuldur; ancaq işin gözəl tərəfi odur ki, bunu özü də bilmədən edir. Bu fikirlə razısınız?
- Çox güman ki, hə, mənim nəğməmim nə olduğunu anlamağım üçün hələ tez olsa da. Məncə, çəkdiyim iki film də öz başlanğıcını eyni mövzulardan və motivlərdən götürür, ancaq mən də iş prosesində bunun fərqində deyildim. İkisində də oxşar ata fiqurları, kiminsə yardım etdiyi gənc xarakterlər, qəribə ailələr, qəzavü-qədərlə bağlı ödəniləsi bədəllər var. “Taleyüklü səkkizlik” filminin əsas personajı Sidni film boyu əvvəllər etdiyi bir şeydən peşmandır. “Buqi gecələri” bu mənada “Taleyüklü səkkizlik” filminin əvvəlindən, sonradan bədəli ödəniləsi səhvlərdən danışır. Hekayə bitəndə Dirk də elədiklərini düzəltmək istəyir, başqa cür desək, Sidniyə çevrilir.
- “Buqi gecələri” yekunlaşandan sonra onun yaratdığı həyəcanı ötürüb yeni ssenariyə başlamağa necə nail oldunuz?
- Dediyim kimi, günün üç saatını yazıram. Ancaq nəsə yazmayanda özümə qıraqdan baxa bilirəm, həmin üç-dörd saatın axırında, yazmaqdan və siqaret çəkməkdən yorulanda “İndi növbəti işimi gözləyən xeyli insan var” deyə bilirəm. Buna görə yazı prosesim o cür düşüncələrin təsirinə düşmür. Bildiyiniz kimi: bir otaqda kompüterin qarşısında oturursunuz, başqa heç nəyi düşünmürsünüz. O cür fikirlər günün digər hissələrində beynimi məşğul edir.
- “Maqnoliya” və “Buqi gecələri”nin çox gözəl musiqiləri var. Musiqiyə qulaq asa-asa yazırsınız?
- Bəli, xüsusilə “Maqnoliya”da bunun təsiri daha çoxdur. Bu dəfə Eymi Mann mahnılarının müşayətilə yazdım, çox yaxın dostumdur və çox yaxşı musiqiçidir. Efirə çıxan mahnılarından başqa o dövr üstündə işlədiyi mahnıların demolarına da qulaq asmaq imkanım vardı. Müəyyən mənada, mahnılarından birini ssenariyə uyğunlaşdırdım. Mahnının adı “Deathly” (Ölümcül) idi, belə başlayır: “Madam ki, səninlə tanış olmuşam, məni bir də görməməyə etiraz edərdin?” Kiminsə sizin sevginizə qarşılıq verəcəyi ilə bağlı ümidinizin olmaması – bu sevgisizlik halı mənim üçün çox vacib və çox gözəl anlayışdır. Çox güman ki, Eymiyə bu filmin ilham pərisi olduğu üçün bir xeyli borcum var.
- Ötən iki ildə film sənayesiylə bağlı gəldiyiniz əsas qənaət nədir?
- Təəssüflə öyrəndim ki, yaxşı bir filmin ssenarisini yazıb çəkmək işimin yarısıdır, digər yarısı filmin sponsorlarıyla əlləşməkdir. Çünki filminiz nə qədər yaxşı olur-olsun, heç kim baxmayıbsa, onu heç bir mənası yoxdur. Bu, çox qəribədir, çünki film sənayesi filmləri sevməyən insanlarla doludur və nə qədər çox insanla tanış oluramsa, o qədər də uzaqlaşmaq istəyirəm.
- Sizcə, filmlər mədəniyyətə yön verir, yoxsa onu olduğu kimi əks etdirir?
- Məncə, mədəniyyətə yön verir, yəni təbii şəkildə mədəniyyətə qarşı məsuliyyət daşıyırlar. Bir rejissor kimi, bu məsuliyyətin ağırlığı mənim üçün hər gün dəyişir. Bu məsuliyyəti həddən artıq hiss etsəniz özündənrazıya, heç hiss etməsiniz xiyarın birinə çevrilirsiniz.
Tərcümə edən: Qismət