Esse-monoloq
Vətən və torpaq nəğməsi ürəklərin və ağacların gül açması, nəğmə və poeziya hər xalqın yazılan tarixidir. Tarix və bayrağı qırmızı edən qandır. Bu qan həm daş, həm də can yaddaşıdır. Qanın yaddaşı millətə və bayrağa ötürülən ata sərvəti, ululardan, əcdadlardan gələn irs və varislikdir…
8 noyabr– gözümüzün giləsi Şuşanın əsarətdən qurtulan, azadlıqdan qutlanan günüdür. 8 noyabr həm də 8 may tarixini yadıma gətirir. O gün həm qanımızın, həm də canımızın yaddaşı olub. O günlər insanlar ürəklərindən, ağaclar çiçəklərindən solub. O günlər nəğmə Səsindən qalıb, poeziya Sözündən solub. O günlər şəhidlər Yer altından Yer üstünə al məşəllər yelləyib. Qan və can Yaddaşımızı oyaq saxlayıb məşəllər. O gündə qan olan lalənin köksü xallanıb. O gündə lalənin qanı içinə axıb, gözünü qaraldıb, lalə də gözündən solub…
O gün mənim olum günüm olub. O gündən ad günlərim, şad günlərim dayanıb. O gündən ürəyim arzumdan, əllərim gülümdən, nəğməm Səsimdən, şeirim Sözümdən qalıb. 28 il, 6 ay qanımın və canımın yaddaşı olub… Göz giləmiz, göz bəbəyimiz Şuşa – sədəf qoynunda indi yaz yagışından güc alıb, yox, yox, indi sədəf qan və can yaddaşından su alıb gövhər verib–necə ki, qəhrəman igidlərimiz ömründən-günündən, qanından-canından, diləyindən-gülündən olub, Yurd-azadlıq ağacını qanla suvarıb. İstiqlal verib, Şəhid olub, Yerlə Göyün qovuşduğu xəttdə ilğıma dönüb. İndi Vətən boyda böyüyən nakam ömürlər əmanət olub xalqın alın yazısına, yazılan tarixinə, bayraq və sərhədə dönüb, baş daşına, həm qan, həm də daş yaddaşına dönüb. Qanın yaddaşı millətə və bayrağa ötürülən ata sərvəti, əcdaddan gələn miras olub. İndi bu qorunan, qorlanan əmanət, ah… nə qədər yaxın, oyyy… nə qədər uzaqdır. Bu uzaqlığın həsrətə-hicrana dönən yanğısı, bir nəğmə, bir sevgi– bir pəri duvaqlı Leyli hər axşam çağı qapı ağzında durub ayrılıq bayatısı, bir layla, bir oxşama çağırır:
Deyirdin baharda görüşərik biz,
Bahar gəldi keçdi, sən gəlməz oldun!
Daşlaramı dəydi, sındı əhdimiz?
Aylar, illər keçdi, sən gəlməz oldun!..
Babalardan–çiyni yapınçılı qayalardan, niyyəti qu tükü, özü, sözü ipək nənələrdən, əli yüyrüyə, dili laylaya yetməyən gəlinlərdən, ah…atasız ğünlərin önünə çıxan körpələrdən, –nələrdən… nələrdən iraq olub. Ömür əmanəti bu ölməzlər, bu torpaq şahidləri, bu Vətən şəhidləri Yerlə Göyün uyuşduğu, qovuşduğu xəttdə ilğıma dönüb. Dünya həyatından, axirət dünyasına, odanın birindən o birinə adlayıb. Cənnətlər, behiştlər, nazlar, nemətlər, çaylar-irmaqlar, ğüllər, ətirlər, bağlar-bağatlar –əbədi həyat onların xidmətinə gəlib, şəninə-şövkətinə çevrilib…
9 noyabr– ay-ulduzlu, üç rəngi bayrağımız zəfərdən doğulub. Bu bayraq 8 noyabrla 10 noyabrı yerdən göyəcən, səmalar qoynunacan dalğalandırıb. AXC-nin bağrından qopub, yenməzlikdən ucalıb. Bu bayraq Göytürklərdən baş alıb, Qurdbaşlı bayrağın varisi olub. Harda əcdadımızın ayaq izi olubsa, oradan göyərib, oradan boy verib. Tarixdən nurani, zamandan pirani olub. Yenməzlikdən ucalıb. Əsgər yarağıyla tən olub. Yağıya əyilməyib. Yalnız uğurundan qutlanmış şəhid önündə alqış üçün enib. Ulu öndər yenidən ona tapınanda “yönü bayraqdakı üç rəngdən alıb”… Qalib Ali Baş Komandan estafet götürüb, bu müqəddəs bayrağın hüzurunda yerə diz qoyub, and içib, keşiyində durub, bunu özünə ən böyük vəzifə bilib…İndi bu bayraqlar hər bir əsgər əlindən sevinc qapıb hürr olan torpaqlarımızın qəlbilikləri üstündə dalğalanır. Öyünür. Söyünür.Ürək kimi döyünür. Qürurlanır!..
10 noyabr– Qələbə günümüzdür. 10 noyabr –İkinci Vətən müharibəsi, şanlı Qələbə günü tarixə qovuşub. Bu gün həm qanımızın qaynayan, həm də canımızın kama yetən çağıdır. Bu günlər insanlar ürəklərindən, ağaclar çiçəklərindən böyüyüb. Bu günlər bəxtimizin, taleyimizin çiçəyi çıtlayıb, nəğmə Səsindən, poeziya Sözündən dan yeri kimi ağarıb. Qanın, Əcdadın və Bayrağın bir olan yaddaşı Ulu, qalib və şərəfli Tarix yaşadıb bizlərə. Qalib Azərbaycan xalqı, Qalib Ali Baş Komandan və müzəffər Milli Ordu məmləkətimizə yeni güllər-çiçəklər, yeni şeirlər, nəğmələr, yeni arzular və ürəklər bəxş edib.
Yeni olan ilimizin, ayımızın, günümüzün, anımızın, yeni olan nəğməmizin, şeirimizin, yeni olan ruhumuzun, qanımızın, yaddaşımızın, yeni olan ürəklərimizin, arzularımızın, bələk körpələrimizin, uşaqlarımızın, yeni olan ağaclarımızın və çiçəklərimizin, Uca Haqqın, Ədalətin, dua və sənalarımızın yeni doğulan Azərbaycanı gəlib!
Səngər başında Ali Baş Komandanın fitrətindən, əsgər namusundan, qeyrətindən, xalqın qüdrətindən Vətən doğulub. Azərbaycan doğulub. Məsləkdən, İdealdan, İstiqlaldan doğulan Vətən! İndi Azərbaycan yeni hava, yeni nida ilə gəlir. Cəsur və məğrur gəlir. Açır yolu Azərbaycan! Dünyaya, diplomatiyaya, hüquqa yeni nəfəs gətirir, yeni nəfəs ötürür! Gəlir Böyük Azərbaycan! Köksümüz atlanır. Gözümüzdə Azərbaycan kainatı ulduzlanır. Biz vətəni başdan-başa Yer kürəsi olan türkləriz! Bayrağı al günəş, çadırı göy qübbəsi olan türklər! Müqəddəs Şuşamız, Laçınımız, Ağdamımız, Kəlbəcərimiz, Xankəndimiz– bütöv Qarabağımız kəməndə düşəndə, yalın əllərilə, düyünlənən yumruqlarıyla düşmənlə döyüşəndə ürəyimizdən yalnız bir səs, bir nida qopub: Nə yaxşı ki Türkiyə var! Nə yaxşı ki–Azərbaycan üçün sal daş, sərt qaya, – qoşa səngər var!
Qartal bayraqlarım qanadlandılar!
Hardasa tökülən qanı andılar!
Ərzi, beş qitəni Vətən sandılar!
Bənzər bəşəriyyət bir şux türküyə!
Yaşasın Planet, Atatürkiyə!
Yaşasın Azərbaycan–Türkiyə birliyi! Yaşasın Dədə Heydər–Atatürk böyüklüyü! Yaşasın İlham Əliyev– Rəcəb Tayyib Ərdoğan qardaşlığı!
Ulu dünya, bir ayağı yaralı, bir əli silahlı, çiyni şəhidli qisas döyüşündən qalmayan, qınından sıyrılan türk oğlunu, türk ərənini, türk ruhunu sən də tanı! Ulu dünya, bu Xalqı, bu Tarixi, bu Torpağı tanı, tanı!
İldırım buludun, Tufan dənizin, Cəsarət İlham Heydəroğlunun məni olub. Yetkin diplomatiyası, dövlət və Ordu quruculuğu qələbəsini təmin edib. İlham Əliyev tarixə görkəmli sərkərdə, qalib Ali Baş Komandan kimi düşüb. Babək, Cavanşir, Atabəy olub. Şah İsmayıl Xətayi olub, Nadir şah olub!..
Həsrət körpüsü ümid körpüsü olub. Azular yollara, yollar könüllərə, könüllər şəxsiyyətlərə, şəxsiyyətlər məmləkətlərə calanıb…
Yollar körpülərə qovuşur. Körpülər Xudafərinə, Xudafərin sərhədlərə qovuşur… Naxçıvan Zəngəzura, Zəngəzur Türküstana, Türküstan Turana qovuşur…
Qanın, Əcdadın və Bayrağın vahid yaddaşı ulu, qalib və şərəfli Tarix yaşadır bizlərə. Qalib Azərbaycan xalqı, Qalib Ali Baş Komandan və müzəffər Milli Ordu məmləkətimizə yeni güllər-çiçəklər, şeir və nəğmələr, arzular və ürəklər, qığırtısı-səsi təntənəli himn olan bələklər bəxş edir. Artıq Tarixin qovuşan zirvələrinə 8 noyabr, 9 noyabr, 10 noyabr gəlib. Bayramlar bayraqlara, bayraqlar bayramlara qovuşub. Vətənimiz kökündən-bağrından, İnsanlarımız ruhundan çiçəkləyib. Xalqımız fərəhli Tarix yaşayır!
Mən də bir ziyalı kimi Qalib Ali Baş Komandanımızı, mətin xalqımızı, müzəffər Ordumuzu Tarixi, Dünyəvi qələbə münasibətilə təbrik edirəm! Ölməz Şəhidlərimizə uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm! Yeni Azərbaycanın işğaldan qurtulmuş, qutlanmış şəhərləri, bölgələri günü-gündən dirçəlsin, çiçəklənsin! Yeni Azərbaycanın gələcək sabahları, axır-aqibəti xeyirlər, xeyirlər olsun! Amin!!!
Əlizadə Əsgərli
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru